Demoqrafik keçid mərhələləri

Dünya əhalisi təbii artım hesabına çoxalır. Təbii artımın sürəti müxtəlif ölkələrdə fərqlidir. Doğulan və ölənlərin sayının az olması təbii artımın I tipi, doğulanların sayının çox, ölənlərin sayının az olması isə II tipi üçün səciyyəvidir.
BMT-nin hesablamalarına əsasən, XXI əsrin sonunda Yer kürəsində əhalinin sayı 11 mlrd, nəfərə çatacaq. Bir çox alimlərin fikrincə, əhali sayının bu həddi təbii ehtiyatların tükənməsinə, kənd təsərrüfatında yararlı torpaq sahələrinin deqradasiyaya uğramasına, dəniz və okeanlarda olan canlı aləmin kəskin azalmasına səbəb olacaqdır. Bunlar isə sosial, iqtisadi və ekoloji problemlərin yaranması və müxtəlif regionlarda insanların həyat səviyyələrinin aşağı düşməsi ilə nəticələnə bilər. Region və ölkələrdə demoqrafik göstəricilərin — demoqrafik keçiddoğum, ölüm və təbii artımın səviyyəsi sosial-iqtisadi inkişafdan asılı olaraq dəyişir. Bu, demoqrafik keçid adlanır. Demoqrafik keçid 4 mərhələdən ibarətdir.
I mərhələ. İbtidai cəmiyyət üçün səciyyəvidir. Yüksək doğum, yüksək ölüm və təbiətdən asılılığın güclü olması nəticəsində təbii artımın aşağı olması xarakterikdir. Müasir dövrdə Yeni Qvineya adasında, Amazon və Konqo hövzələrinin rütubətli ekvatorial meşələrində yaşayan, ovçuluq və yığıcılıqla məşğul olan qəbilələr hələ də demoqrafik keçidin I mərhələsindədirlər. İlkin mərhələni keçmiş ölkələr bəzi hallarda yenidən geriyə qayıdır. Bu hər hansı fəlakətli təbiət hadisəsi və ya siyasi vəziyyətlə əlaqədar olur. Məsələn, Somalidə baş verən vətəndaş müharibəsi ölkəni demoqrafik keçidin birinci mərhələsinə qayıtmasına səbəb olmuşdur.
II mərhələ. Bu mərhələdə doğumun yüksək göstəriciləri saxlanılır, lakin səhiyyənin inkişafı sayəsində ölümün səviyyəsi azalır. Nəticədə əhalinin təbii artımı yüksəlir. Demoqrafik keçidin bu mərhələsi əhali artımının ənənəvi tipi də adlandırılır. Bu mərhələdə əhalinin sürətli artımı demoqrafik partlayışla müşayiət olunur. Avropada II mərhələyə keçid XIX əsrin əvvəllərində baş verdiyi halda, Afrika, Asiya və Latın Amerikasının bir sıra ölkələrində bu proses hələ də davam edir.
III mərhələ. Ölümün səviyyəsi əvvəlki mərhələdə olduğu kimi qalır, doğumun səviyyəsi isə aşağı düşür. Bu, iqtisadiyyat və səhiyyənin inkişafı, yaşayış səviyyəsinin yüksəlməsi, uşaqlara ayrılan xərclərin artması, qadınların aktiv ictimai fəaliyyəti ilə bağlıdır. Hazırda Latın Amerikasının əksər ölkələri demoqrafik keçidin bu mərhələsindədir. Bu ölkələrdə sənayenin inkişafı ilə əlaqədar iqtisadiyyat və əhalinin məşğulluq strukturlarında köklü dəyişikliklər baş verir.
IV mərhələ. Doğum və ölüm arasında fərqin azalması təbii artımın aşağı düşməsinə səbəb olur ki, bu zaman əhalinin sayı sabitləşir. Əvvəlki mərhələdə başlayan proseslər davam edir. Bu, İEÖ-lərin əksəriyyəti üçün xarakterikdir. Bəzi ölkələrdə isə hətta əhalinin təbii azalması da müşahidə olunur.


Müəllif: Nərminə Seyfullayeva,Zaur İmrani,Yelena Şabanova
Mənbə:Coğrafiya 11 Ümumtəhsil məktəblərinin 11-ci sinfi üçün Coğrafiya fənni üzrə Dərslik
 

0 şərh