Çıxıqlar

ÇIXIQ - oynaqla birləşən sümüklərin uclarının fizioloji mütəhərriklik həddindən qeyri-normal və uzun müddət yeridən çıxıb oynağın funksiyasının pozulmasıdır. Travma nəticəsində baş verən (daha tez-tez olur) çıxıqlar; oynaqların və oynaq səthlərinin düzgün inkişaf etməməsi nəticəsində baş verən anadangəlmə çıxıqlar; vərəm və ya distrofik proseslə əlaqədar olan patoloji çıxıqlar; tük travmatik çıxıqdan sonra bağ aparatının zəifləməsi nəticəsində baş verən adi çıxıqlar ayırd edilir. Həmçinin tam və ya yarım çıxıq da ayırd edilir. Yarımçıxıqda oynaqların səthləri bir-birinə qismən toxunur. Çox vaxt çıxıq zamanı oynaq kapsulunun bağ aparatı qırılmış, bəzən damar və sinirlər zədələnmiş olur. Travmatik çıxıqlarda bəzən sümük çatları olur və sümüklərin kənarları sınır.

Çıxıqların simptomları: oynaqlarda bərk ağrılar. Oynağın tamam və ya qismən işləyə bilməməsi, oynağın deformasiyaya çox uğraması və konfiqurasiyasının dəyişməsi; onun çıxmış tərəfi yumşaq toxumaları başqa yerdən vurub çıxarır, oynağın özündə isə çökəklik əmələ gəlir. Çıxıq tərəfin oynaq çuxuruna görə vəziyyətindən asılı olaraq ətraf qısalır, yaxud uzanır. Hətta heç bir ağırlaşması olmayan çıxığı belə xəstəxanada ancaq həkim yerinə salmalıdır. İlk yardım şina və ya sarğı qoyub tərpənməyə qoymamaq, ağrıkəsici dərmanlar vermək və ixtisaslı yardım göstərmək üçün təcili olaraq xəstəxanaya çatdırmaqdan ibarətdir. Müalicə üç mərhələdən ibarətdir: oynağın yerinə salınması, yəni onun normal anatomik nisbətlərinin bərpa edilməsi. Qısa müddət təsbit edilməsi və funksional müalicə. Çıxıqları ilk saatlar yerinə salmaq lazımdır, çünki nə qədər tez salınsa, bir o qədər yaxşı yerinə düşür. Bir neçə gündən sonra çıxığı yerinə salmaq çətin olur, 2-3 həftədən sonra isə köhnəlir və cərrahi yolla yerinə salmaq lazım gəlir. Çıxığı yerli anesteziya ilə, yaxud ümumi narkoz altında yerinə salırlar (əzələlər çox gərgin olub çətinlik törətdikdə). Çıxığı yerinə saldıqdan sonra oynaq nahiyəsini 8 - 10 gün müddətinə bərk sarıyır, sonra isə masaj, müalicə gimnastikası edir və fizioterapevtik proseduralara başlayırlar. Oynağın çətin hərəkət etməsi və sarğını düzgün qoymamaq, yaxud uzun müddət təsbit edilməsi nəticəsində kapsulun yerindən çıxması kimi halların qarşısını almaq lazımdır. Nəzərə almaq lazımdır ki, qıçı həddindən artıq işlətmək əzələlərin, kapsulun bir daha zədələnməsinə səbəb olar, sonra isə çıxıq həmişəlik qalar.
 

0 şərh