Bazedov xəstəliyi

Xəstəlik qalxanabənzər vəzinin hipertrofiya, hiperplaziya və hiperfunksiyası ilə müşayiət olunub qana tiroksin və triyodtironin hormonunun artıq miqdarda daxil olması ilə xarakterizə olunur. Xəstəliyə qadınlarda kişilərə nisbətən çox təsadüf edilir. Əsasən 20-50 yaşlarda baş verir.
Etiologiyası. Xəstəliyin etiologiyasında sinir-psixi faktorlar əsas rol oynayır. Kəskin psixi gərginlik xəstələrin 80%-də qeyd edilir. Zobun əmələ gəlməsində kəskin və xroniki infeksion xəstəliklərin də rolu böyükdür. Məsələn, qrip, angina, qızılca, revmatizm və s. Bəzən isə xəstəlik endokrin vəzilərin fəaliyyətinin pozulması fonunda da inkişaf edə bilər (hipofiz, cinsiyyət vəziləri və s.)
Patogenez. Xəstəliyin patogenezində əsas şərt qalxanabənzər vəzin hormonlarının artmasıdır. Oksidləşmə-fosforlaşma prosesi pozulur və enerji ATF şəklində toplana bilmir, istilik şəklində ayrılır. Bunun nəticəsində xəstələrdə dəri səthinin daimi isti tərlə örtülməsi və kəskin əzələ zəifliyi qeyd olunur. Zülal, karbohidrat və yağ mübadiləsində dəyişiklik əmələ gəlir, hiperqlikemiya, əzələ zəifliyi, arıqlama baş verir, monoaminooksidaza fermentinin fəallığı pozulur – adrenalinə həssaslıq artır, taxikardiya, bəzən qan təzyiqinin artması müşahidə olunur.
Kliniki gedişi. Xəstəlik ürəkdöyünmə, göz almasının önə çıxması, yoğun boyunluluq, əzələ zəifliyi, həyəcanlılıq, ağlağanlıq, arıqlama, tərləmə, yuxunun pozulması, ishal, dəri nəmliyi ilə başlayır. Qalxanabənzər vəzi diffuz və düyünlü böyüyür, hərəkətli olur.
Qalxanabənzər vəzinin 5 böyümə dərəcəsi ayırd edilir:
  1. Vəzi əllənir, gözlə görünmür.
  2. Vəzi yaxşı əllənir, udqunma vaxtı görünür.
  3. Vəzi gözlə yaxşı görünür.
  4. Böyük ur boynun görkəmini dəyişir.
  5. Vəzi həddindən artıq böyüyür və boynun konfiqurasiyasını kəskin dəyişir.
Diffuz və ya toksiki urun (zobun) 3 ağırlıq dərəcəsi var:
I – yüngül forma: bir qədər arıqlama, tərləmə, ürəkdöyünmə (1 dəqiqədə 90-100 vurğu); əsas mübadilə +30%-ə qədər olur.
II – orta ağırlıqlı forma: xəstəliyin bütün simptomları qeyd olunur – arıqlama, gözün önə çıxması (1 dəqiqədə 100-120 vurğu); əsas mübadilə +30%-dən +60%-ə qədər olur.
III – ağır forma – simptomlar daha qabarıq olur, həddindən artıq arıqlama baş verir, taxikardiya (1 dəqiqədə 120-dən yuxarı); əsas mübadilə +60%-dən çox. Ağır formada daxili orqanlarda fəsadlar baş verir – ürək çatışmazlığı, səyirici aritmiya, qaraciyərin zədələnməsi qeyd olunur.
Zob zamanı gözün parıltısı artır, göz alması ikitərəfli, bəzən birtərəfli önə qabarır. Diffuz toksiki ur zamanı daxili orqanlarda dəyişikliklər olur: ürək-damar sistemi tərəfindən taxikardiya, sol mədəciyin böyüməsi, zirvədə sistolik küy eşidilir. Sinir sistemi tərəfindən həyəcanlılıq, bədənin və ətrafların titrəməsi, yuxusuzluq, ağlama qeyd olunur. Diffuz toksiki urun xüsusən ağır formasında – başqa endokrin vəzilərin fəaliyyətində pozğunluq baş verir, belə ki, qadınlarda menstrual sikl pozulur, hətta kəsilə bilər, kişilərdə cinsi zəiflik qeyd olunur.
Xəstələr vaxtında və lazımi müalicə almazsa, tireotoksiki böhran inkişaf edə bilər. Tireotoksiki böhran zobun ən ağır fəsadı sayılır. Böhrana səbəb qanda tireoid hormonların həddindən artıq olması və böyrəküstü vəzin nisbi çatışmazlığıdır. Belə halda hətta xəstə ölə də bilər.
Zob zamanı xalq təbabəti üsulları
  1.  Arpanı qaynadıb süzür, suyuna bir qədər qətran əlavə edib həll olana qədər qarışdırırlar. Alınan məhlulla pambığı və yaxud parçanı isladıb şiş urların üzərinə qoyub bağlayırlar. Bir neçə dəfədən sonra urlar yumşalmağa başlayır.
  2.  Kişmiş, zəfəran, yumurta sarısı, kətan (zəyərək) toxumu eyni nisbətdə götürülür, döyülür, qarışdırılır. Alınan məhlulu urların üstünə yaxıb sarıyırlar. Müalicə arasıkəsilmədən davam etdirilsə yaxşı nəticə verir.
  3.  Bənövşənin ləçəklərini və yarpaqlarını döyüb onu eyni miqdarda arpa unu ilə yaxşı qarışdırmaq lazımdır. Qarışığı urun üzərinə yaxıb bağlayırlar və bu qarışıq urları əritməkdə məşhur məlhəm sayılır.
  4. Eyni miqdarda təzə kartof və kök şirəsi qarışdırılır. Bundan gündə 3 dəfə hər dəfə 0,5 stəkan içmək zob zamanı təsirli vasitə hesab olunur.
  5. Güldəfnə ilə ənciri döyüb bişirirlər. Alınan məlhəmi urun üzərinə qoyub bağlayırlar. Bir neçə dəfədən sonra urun üstü açılır, tədricən sağalır. Yatmadan öncə SEDATİV çayı qəbul etmək məsləhətdir.
  6. Eyni miqdarda xına kərə yağı ilə qarışdırılır, ona arpa ununun xəmirini əlavə edib yoğururlar. Bu xəmiri urun üzərinə sürtdükdə və bu müalicəni ardıcıl apardıqda ur əriyir.
  7. Su bibəri bitkisinin yarpaqları islatma şəklində xaricə istifadə edilir.
  8.  Solmazçiçəyi çiçəyi, damotu otu, istiotlu nanə yarpağı, zəncirotu kökü, zəyərək toxumu, aptek çobanyastığı çiçəyi, kövrək murdarça qabığı, səna yarpağı, yovşan otu və dağtərxunu çiçəyi bərabər nisbətlərdə qarışdırılır. Qarışıqdan 1 xörək qaşığı götürülüb üzərinə 1 stəkan qaynar su əlavə edilib 20-30 dəqiqə dəmdə saxlanılır. Süzüldükdən sonra alınmış maye gün ərzində kiçik qurtumlarla yemək fasilələrində daxilə qəbul edilir.
  9.  4 hissə ağ qaytarma kökü, 3 hissə pişik pəncəsi otu, 2 hissə qaraqınıq otu, 2 hissə istiotlu nanə yarpağı, 1 hissə bədrəncotu və 1 hissə damotu otu qarışdırılır. Qarışıqdan 2 xörək qaşığı götürülüb üzərinə 500 ml qaynar su əlavə edilib bütün gecəni dəmə qoyulur. Süzülmüş dəmləmədən 1/2-2/3 stəkan gündə 3 dəfə yeməkdən əvvəl daxilə qəbul edilir. Qəbul müddəti 2 aydır. 2-3 aydan sonra kurs təkrar oluna bilər.
HERBA FLORA jurnalı
 

0 şərh