Gözdəymə

Deyirlər ki, şeytan insanın daxilindədir və gözlər vasitəsilə bədənə daxil olur. Ona görə gözləri şər qüvvələrin “giriş və çıxış qapısı” hesab edirlər. Bizim  “nəzərlənmə, “gözdəymə”, “gözə gəlmə” kimi qəbul etdiyimiz inanc başqa xalqlarda “şeytan göz” və ya “şeytan baxışı” adlandırılır. Körpəsinə yeni paltar geyindirən ana bazarda alış-veriş edərkən bir qadın onun körpəsini oxşayır. Evə qayıdandan sonra körpə özünü pis hiss edir. Anaya elə gəlir ki, körpəyə bazardakı qadının nəzəri dəyib. Əslində indiki halda körpəni oxşayan qadının heç də pis niyyəti yoxdur. Əsas səbəb nəzəri dəyənin pis niyyəti deyil, qısqanclığıdır.

Gözdəymə - bu və ya digər dərəcədə hamıya aid olan, insanın baxışları və sözləri ilə ətraf mühitə etdiyi müəyyən mental energetik və informativ təsirilə hadisələrin gedişatını dəyişən, canlı və ya cansız predmetlərə neqativ təsir göstərən fövqəltəbii bir fenomendir.

Uşaqlarda Şaxta baba, Keçəl, Kosa və s. kimi nağıl qəhrəmanlarına daha çox inanc olur, lakin yaş artdıqca onun azaldığını müşahidə edirik. Gözdəymə inancı isə bunun tamamilə əksinədir. Gözdəymənin arxasındakı güc baxışın ruhla bütövləşməsidir. Baxış danışmaqla müqayisədə daha təsirlidir və  daha çox sirayət edir. Çox vaxt qarışıq bir yerdə, yaxud arxadan kiminsə bizə baxdığını hiss edirik.

Qədim dövrdə yaşayanlar suda, şüşədə əks olunan görüntülərin öz ruhları olmasına inanır, üzbəüz dayandıqları adamın  gözlərinin içində öz əkslərini görəndə təhlükədə olduqlarını, ruhlarının həbs edildiklərini düşünürdülər. Qorxunun dünya miqyasında ümumi bir inanca çevrilməsini indiki İraq ərazisində yaşamış qədim şumerlərlə əlaqələndirirlər. Şumerlərin inancına görə, bəzi insanlarda baxışları ilə suları qurutmaq, hətta kimisə öldürmək qabiliyyəti var. Məsələn, göz dəyən uşaqların ishal olması, anaların və süd verən heyvanların südünün kəsilməsi, meyvə ağaclarının quruması və s. Həmin misalların  hamısında maye itkisi və quruma vardır. Bu inanc şərqdə Hindistana, qərbdə Portuqaliya və İngiltərəyə, şimalda Skandinaviyaya qədər yayılmışdı. Afrikanın cənub səhralarında yaşayanlarda belə inanc yoxdur. Şərq ölkələrində isə mavi gözlü insanların daha çox bəd nəzər sahibi olduğunu düşünürdülər. Mavi gözə malik olanların azlığı bəlkə də bununla izah edilir.

Qədim Roma imperiyası dövründə bəzi tayfalar pis nəzər “hakimiyyətinə” malik idilər. Xüsusilə Skif və Pont dövlətlərindən olan tayfalarda həmin xüsusiyyətlər daha güclü idi. İndiki dövrdə qaraçı tayfalarında həmin xüsusiyyətlərin olduğu güman edilir. Şərqdə doğuş keçirmiş qadınları, gəlin köçən qızları bəd nəzərdən qoruyardılar. İnsan daha çox həyatının mühüm anlarında – toy günü, müəyyən xəstəlikdən sağaldıqdan sonra, fiziki və zehni yüklənmələr zamanı gözdəyməyə meyilli olur. Yaxın Şərqdə, Qərbi Afrikada, Cənubi və Orta Asiyada, Aralıq dənizi sahillərində yerləşən Avropa ölkələrində, Amerikada, Rusiyada və təbii ki, Azərbaycanda gözdəyməyə inam böyükdür.

Gözdəymədən qorunmaq üçün dini, ənənəvi və qeyri-ənənəvi üsullar var. Belə üsullardan biri üzərində talisman gəzdirməkdir (məsələn, gözmuncuğu taxmaq kimi). Talisman əks neqativ informasiya verən əşyadır və ənənəvi bir vasitədir. Yəhudilərdə xamsa balığı, italyan və yunanlarda çılpaq təsvir edilmiş falliklər gözdəymə əleyhinə talisman hesab olunur.

Zəiflik, əsnəyərkən çoxlu göz yaşının ifraz olunması, çox vaxt işin düz gətirməməsi, heç bir səbəb olmadan temperaturun yüksəlməsi, heç bir səbəb olmadan müxtəlif materialların əldə cırılması, qabların qırılması, yerə düşüb sınması və s. gözdəymənin əsas əlamətləri  sayılır. İndiyə qədər belə narahatlıqlar xəstəlik kimi qəbul edilmişdir, lakin onun nədən yarandığı öyrənilməmişdir.

Nevroloqlar bəzi insanların mənfi enerji yükünə malik olduqlarını və onu yaydıqlarını söyləyirlər. Bunun nəticəsində özümüzü halsız, könülsüz, həvəssiz və qəmgin hiss edirik. Bəzi insanlar gözmuncuğu sayəsində bir sıra narahatlıqlardan uzaq olur və pis gözdən, bəd nəzərdən qorunduqlarına inanırlar. Əslində elm bunun ciddi bir əhəmiyyəti olmadığını təsdiq edib.

Bioenerji ilə gözdəymə arasında əlaqə varmı?

Beyin hüceyrələrindən yayılan elektromaqnit dalğaları beyindən bədən xaricinə yayılarkən bir hissəsi bədəndə qalır. Biz əl və ayaqlarımızla enerjini hiss edə bilirik. Çünki beyindən gələn enerji orqanizmin ən son nöqtələrində toplanır və çoxlu enerjinin yığılmasına şərait yaranır. Bizim bir-birimizlə ünsiyyətimiz zamanı həmin enerji müxtəlif istiqamətlərə paylanır. Onu iki hissəyə ayırmaq olar: xaricdən alınan enerji və orqanizmin verdiyi enerji.

İnsanlar nə üçün başqalarını həmin enerjiylə narahat edə bilir? Enerjiyə sahib olanlar kimlərinsə zərər görməsini istəmir, qarşısındakı insanın yaraşıqlı, gözəl, ağıllı və s. əlamətləri ilə daha da qabarır. Nəzər dəyəndə narahatlıq, halsızlıq, yorğunluq və bədəndə ağrılar başlayır. Enerji bədəndə yığılıb qalarkən narahatlıq yaradır. Hər kəsin özünün  enerjisi var və bu da narahatlığa səbəb olur. Öz üstün keyfiyyətlərini düşünən kəs beynin buraxdığı enerji ilə özünü narahat edir. Buraxılan elektromaqnit dalğalarının qarşısı alınmadığı üçün təbabət həmin narahatlıqları indiyədək qəbul etməmişdir. İstər-istəməz suallar yaranır: necə ola bilir ki, bəziləri bu enerjidən daha çox təsirləndiyi halda, bəziləri ona biganədir?  Eyni mikroorqanizmin təsirinə məruz qalanlardan kimlərsə xəstələnir, kimlərsə yox? Bu, bədən müqaviməti ilə izah edilsə də, insanların həmin enerjidən fərqli təsirə məruz qalmasının səbəbi tam aydınlaşmamışdır.

Nəzəri dəyən insanı necə təyin etməli?

Bəd nəzəri olan insanları müxtəlif əlamətlərə görə təyin edirlər. Məsələn, Rusiyada və digər keçmiş postsovet ölkələrində çəp, çuxura düşmüş, parlaq, qara və qəhvəyi gözlərə, qaçan baxışlara, qaşqabaqlı simaya malik, Almaniyada isə qalın çatma qaşlıları, şərqdə isə mavi gözlərə sahib olanları bəd nəzərli hesab edirlər. Hətta görkəmli rus rəssamı İlya Repin 1877-ci ildə “Bəd nəzərli kişi” portretində parlaq gözlərə və qəddar baxışlara, qalın və çatma qaşlara malik adam təsvir etmişdi.

 Xüsusilə Şərq xalqları nəzərdən ehtiyat edən və qorxan hesab edilir. Məsələn, Türkiyədə və Azərbaycanda taksilərdə, evlərin divarlarında, hətta təyyarələrdə gözmuncuğu adlanan talismanlara tez-tez rast gəlinir. Maraqlıdır: görəsən, gözmuncuğu asılmış təyyarələrdə bədbəxt hadisələrin baş verməsi barədə hansısa bir statistik göstərici mövcuddurmu? Bəlkə bu məlumatın özünü də gözdəyməyə görə gizli saxlayırlar?

Heç kəs başqasının yad baxışlarının ona zillənməsini sevmir və bundan narahat olur. Bəlkə bu halın baş verməsi insanı gözdəymədən qoruyan psixoloji bir müdafiədir?

Uşaqların gözü dəyə bilərmi?

Təbii ki, sualın cavabı birmənalı deyil, burada fərdilik mövcuddur və özünü dərk edən, xeyir və şəri, yaxşını-pisi ayırd etməyi bacaran uşağın gözü dəyə bilər. Gözdəyməyə daha çox meyilli olanlar altı ayı tamam olmamış körpələr və hamilə qadınlardır. Həmin dövrə qədər olan körpələrin bioenergetik sahəsi tam formalaşmadığına görə onlar pis nəzərə qarşı müqavimət göstərə bilmir, bunun qarşılığında sadəcə ağlamaqla kifayətlənirlər. Müsəlman ölkələrində uşaqların sayını anadan soruşmaq qeyri-etik və qeyri-düzgün hesab edilir. Əgər soruşularsa, onlar çox vaxt göz dəyməmək üçün “5” söyləyirlər. “5” rəqəmi müsəlman aləmində magik rəqəm hesab edilir. Hindistanda analar uşaqları bəd nəzərlərdən qorumaq üçün onların alın və yanaqlarına ləkə şəklində öz gözlərinə çəkdikləri kölgələrdən yaxırlar.

Gözdəymənin mexanizmi

Gözdəyməyə inam hələ də mübahisəli olaraq qalır, onun elmi tərəfləri sübut edilməmişdir. Hətta XX əsrin 70-ci illərində ABŞ-da etnoqraf, antropoloq, tarixçi-alim və həkimlərin iştirakı ilə keçirilən simpoziumda yekdil bir qərara gəlinməsə də gözdəyməyə inamın paxıllıq, həsəd və qısqanclıqdan irəli gəlməsi fikri ifadə edilib. Həm də sivilizasiyanin hansı mərhələsində olsaq da etiraf etməliyik ki, biz hələ bəşəriyyətin bir çox qanunlarını bilmirik. Canlı aləmin biofiziki prosesləri haqda nəzəriyyə gözdəymənin mexanizmlərini öyrənir. Nəzəriyyəyə görə, gözdəymə elektromaqnit şüalanmanın neyron-bioloji təsir effektidir. Lakin həmin nəzəriyyə rəsmi elm sahəsi kimi təsdiqini tapmamışdır.

Gözdəymə islam dinində də mövcuddur, onun xürafat olmadığı, əksinə, bir gerçəklik olduğu ifadə edilir. Hədisi-şərifdə buyurulur ki, “Nəzərdən Allaha sığının. Həqiqətən nəzər haqdır” (İbn-i Mace). “Nəzər insanı qəbrə, dəvəni qazana qoyar” (Feyzü’l Qədir). “Taleyin qarşısına bir şey keçsəydi, bu mütləq nəzər olardı” (Tirmizi).

 

MƏSLƏHƏT

Gözdəymədən qorunmanın yolları

 Problemləri öz gücünlə həll etməyə çalışmaq;

 Düşünülməmiş addımlar atmamaq;

 Pis şeylər arzu etməmək;

 Ciddi olmaq;

 Kimisə tərifləyəndə mütləq emosiyalarsız olmaq, “Allah qorusun!” deməyi unutmamaq;

 Kiməsə şəxsi planlardan bəhs etməmək;

 Özünü pis hiss etdikdə də özünü zəif göstərməmək;

  Dağınıq fikirli olmamaq;

  Səhv hərəkət etdikdə onu ətrafınızdakılara büruzə verməmək;

  Maraq dairənizi artırmaq;

  Müsbət auralı insanların əhatəsində olmaq.

HERBA FLORA jurnalı

 

0 şərh