Gümüş (pritça)

— Mən bir şeyi başa düşmürəm: kasıbın yanına kömək üçün gedirsən, o xoşhallıqla səni qarşılayır və bacardığı qədər kömək edir. Varlının yanına gedirsən — o sanki heç kimi görmür. Sənin dərdlərini eşitmək belə istəmir. Doğrudandamı, bütün bunlar ancaq pulun təsirindəndir?
— Pəncərədən bax, sən orada nə görürsən?
— Uşaqlı bir qadın yolu keçməyə çalışır, maşınlar imkan vermir.
— Lap yaxşı. İndi isə güzgüyə bax. Bəs güzgüdə nə görürsən?
— Eh, orda nə görə bilərəm ki?! Əlbəttə yalnız özümü!
— Bax məsələ də bundadır. Pəncərə də, güzgü də şüşədən hazırlanıb. Lakin şüşəyə bir az gümüş əlavə etmək kifayətdir ki, sən ancaq özünü görəsən.