25. Minimal əmək haqqı barəsində qanunlar

MINIMUM-WAGE LAWS
Friksion işsizlik ilə tanış olduqdan sonra vakansiyaların sayı ilə iş almaq istəyənlərin sayı arasındakı uyğunsuzluq nəticəsində meydana çıxan işçi qüvvəsinin struktur artıqlığının nəticələrinin təhlilinə başlayırıq. Struktur işsizliyi daha yaxşı anlamaq üçün minimal əmək haqqı haqqındakı qanun­ların məşğulluğun səviyyəsinə necə təsir etməsini aydınlaşdıraq. Minimal əmək haqqının təyin edilməsi artıq işçi qüvvəsinin olmasını təyin edən əsas amillərdən olmasa da o, yüksək işsizlik səviyyəsi olan əhali qruplarına əhəmiyyətli təsir göstərir. Bundan əlavə, minimal əmək haq­qının rolunun təhlili bizim araşdırmaların münasib ilkin nöqtəsidir. Bundan çıxış edərək biz işsizliyin mahiyyəti haqqında ümumi nəticələr əldə edəcəyik.
Aşağıdakı şəkil minimal əmək haqqının bazar iqtisadiyyatındakı rolunu əks etdirir. Əməyin minimal ödənilməsi haqqında qanunun təsiri nəticə­sin­də onun həcmi tarazlıq nöqtəsinin səviyyəsindən yüksək olduqda işçi qüv­və­sinin təklifi yuxarı qalxır, ona olan tələbat isə enməyə başlayır. Nəticədə tələbata nisbətən təklifin artıqlığı əmələ gəlir. Işə düzəlmək istəyənlərin sayı mövcud vakansiyaların sayından çox olduqda işsizlik əmələ gəlir.

Şəkil 25.3. Tarazlaşdırılmış səviyyəni üstələyən əmək haqqı

Minimal əmək haqqı haqqında qanunları 6-cı fəsildə nəzərdən keçirdiyimizə görə biz bu problem üzərində müfəssəl dayanmayacağıq. Lakin qeyd etmək lazımdır ki, onlar işsizliyi əmələ gətirən əsas səbəblər deyildirlər, belə ki, müasir iqtisadiyyatda fəhlələrin əksəriyyətinin əmək haqqı qanunla təyin edilmiş minimumdan yüksəkdir. Bu qanunların tətbiqi çox vaxt az təcrübəli və aşağı ixtisaslı işçilərin, ilk növbədə yeniyetmələrin maraqlarına toxunur. Minimal əmək haqqı haqqındakı qanunlar işsizliyin məhz bu kateqoriyadan olan işçi qüvvəsi arasında mövcudluğunu izah edir.
25.3. saylı şəkildəki misal daha ümumi nəticə çıxarmağa imkan verir: tarazlaşdırılmış səviyyənin əmək haqqı vasitəsilə hər hansı bir şəkildə yüksəldilməsi işsizliyə səbəb olur. Minimal əmək haqqı haqqında qanun­ların mövcudluğu əmək haqqının məhz «çox yüksək» olduğunu göstərən səbəblərdən biridir. Irəlidə gələn iki paraqrafda biz tarazlaşdırılmış səviyyənin əmək haqqı vasitəsi ilə yüksəlməsinin səbəblərini – həmkarlar ittifaqının fəaliyyətini və effektiv əmək haqqını təhlil edəcəyik. Onların fəaliyyət mexanizmi 25.3. saylı şəkildə göstərdiklərimizlə eynidir. Lakin onlar işçilərin daha geniş təbəqələrinə toxunurlar.
Burada biz durmalı və qeyd etməliyik ki, tarazlaşdırılmış səviyyədən yüksək təyin edilmiş əmək haqları ilə əmələ gələn struktur işsizlik öz mahiyyətinə görə friksion işsizlikdən əhəmiyyətli dərəcədə fərqlənir. Iş yerlərinin axtarışı zərurəti əmək haqqının əmək bazarında tələb və təklifin tarazlaşdıra bilməməsinin nəticəsi deyildir. Friksion işsizlik zamanı insanlar öz istəkləri və vərdişlərilə ən yaxşı tərzdə uyğun olan iş axtarırlar. Əksinə, əmək haqqı tarazlaşdırılmış səviyyədən üstün olduqda işçi qüv­vəsinə olan tələb təklifdən aşağı olur və insanların qeyri-məşğulluğu onunla izah edilir ki, işsizlər yeni iş yerlərinin yaranmasının intizarında olurlar.

 

0 şərh