Ədviyyatlar

Ədviyyatlar deyəndə bitkilərdən hasil edilmiş, müxtəlif yeməklərə — xörəklərə, şorabalara, şərbətlərə əlavə edilən özünəməxsus yeyinti maddələri nəzərdə tutulur. Ədviyyatlar hazırlanan bitkilər dünyanın əksər ölkələrində, ağaclar isə tropik ölkələrdə bitir. Ədviyyatlar emal yolu ilə bitkilərin yarpağından,  toxumundan,  meyvəsindən, qabığından, kökündən alınır. Çox hallarda tər bitki özü elə ədviyyat rolunu oynayır.
Ədviyyatlar tünd, şirin, turş, kəskin, acı və sairə xüsusiyyətlərə malikdir. Ümumiyyətlə, 100-dən çox ədviyyat mövcuddur. Keçmiş Sovetlər məkanında, o cümlədən Azərbaycanda ən çox tanınmış ədviyyatlar zəfəran, istiot, darçın, sarıkök, zəncəfil, hil, vanil, cövüz, mixəkdir.
Ədviyyatlardan istifadə olunmasının tarixi beş min ildən çoxdur. Çin, Hindistan, Şri-Lanka, İndoneziya kimi ölkələr ədviyyatın beşiyi sayılır.
Marko Polo yazırdı ki, Sumatra adasında bol ədviyyat vardır. Başqa bir məlumatda isə deyilir ki, Tibetdə elə ədviyyatlar var ki, dünyanın əksər ölkələrinin aşpazları nəinki ondan istifadə etmiş, hətta onun özünü belə görməmişlər.
Xörək hazırlanmasında ədviyyatların geniş istifadəsi qədim Misir, Assuriya, Babilistan, Finikiya, daha sonralar Yunanıstan və Romanın adı ilə bağlıdır.
Qədimlərdə ədviyyatlardan təkcə yeməyə əlavə etmək üçün istifadə olunmurdu. Onlardan müxtəlif dərmanlar və ətirli məlhəmlər də hazırlanırdı. İçində ədviyyatlardan hazırlanmış məlhəm olan qablar on illərlə xoş ətir saçırdı.
Öz xörəklərinə ədviyyat vurmaqda qədim Mayya hinduları da seçilirdi. Onlar vanil, keşniş, istiot, adaçayı kimi ədviyyatlardan il boyu gen-bol istifadə edirdilər.
Ədviyyatların verdiyi dad, qoxu yeməkləri ləziz etməklə, iştahanı açır, xörəklərin çeşidinə bir «əlvanlıq» gətirir.

SARIMSAQ

Təbabətdə çoxdan məlumdur ki, kəskin qoxulu bu bitkinin sağlamlıq üçün böyük əhəmiyyəti vardır. Beləki, sarımsaq həm iştah gətirir, həm də mədədə həzm prosesini yaxşılaşdırır. Bununla yanaşı o, mədə-bağırsaq xəstəlikləri zamanı özünü ağrı azaldıcı, ağrıkəsici və bakteriya öldürücü vasitə kimi aparır. Sarımsaq hipertoniya, ateroskleroz, qrip və tənəffüs yolu xəstəliklərinə qarşı mübarizədə də bu və ya digər şəkildə köməyimizə gəlir.
Şərq aləmində sarımsaq qədimdən dərman kimi işlədilir. «Geoponika»da yazılıb ki, «… kim sarımsaq yeyirsə, onda bağırsaq qurdu olmur. Sarımsaq sidikqovucu vasitədir, diş ağrısını azaldır, onu əzib yaraya qoyanda yara sağalır».
Elm müəyyən etmişdir ki, sarımsaq və ondan hazırlanmış dərmanlar bəzi bakteriyaların inkişafının qarşısını alır. Bunun səbəbi sarımsaqda olan fitonsid maddələr, həmçinin allisin və disulfid adlı kükürdlü birləşmələrlə bağlıdır.
Sarımsaq yabanı surətdə İtaliyada və Cənubi Fransada bitir.
Sarımsağı lazımi şəraitdə saxlamayanda o qaralır, korlanıb zay olur. Sarımsağı qurutmaq və ya əzib toz halına salmaqla bu qiymətli neməti daha yaxşı saxlamaq olur. Onu bəzən duzla qarışdırıb «sarımsaqlı duz» alır və xörəyə tökürlər.

İSTİOT

Keçmiş zamanlarda həkimlərin belə bir fikri geniş yayılmışdı: «Elə bir adam tapılmaz ki, istiotun bütün xassələrini saya bilsin. O, bir çox dərmanların tərkibinə daxildir».
İstiotun iki növü var: göyərti kimi istifadə edilən şirin istiot və ədviyyat kimi istifadə edilən acı istiot. Hər ikisinin vətəni Amerikanın tropik qurşağıdır. Ümumiyyətlə, istiotun 70-ə yaxın cinsi, 2000-ə yaxın sortu məlumdur.
Avropalılar istiotla 1494-cü ildən Vest-Hind adasında tanış olublar. Avropaya əvvəl acı (XV əsrin axırında), sonra isə şirin istiot (XVI əsr) gətirilib. Onu ilk dəfə İspaniyada, sonralar isə İtaliyada və Əlcəzairdə əkib-becəriblər.
Göyərti istiotunun İspaniya, Bolqarıstan və Macarıstanda sənaye miqyasında məhsulu yığılır.
Acı istiot XV əsrdə Amerika Hinduları tərəfindən süfrədə geniş istifadə edilirdi. Bunun 3 min ilə yaxın, yəni hinduların «ink» mədəniyyətinin yaşı qədər tarixi vardır. Peru hindularının istiotdan pörtülmüş, qaynadılmış, qızardılmış xörəklərdə müntəzəm istifadə etmələri barədə tarixçi Qarsilaso da xəbər verir.
Hazırda acı istiot dünyanın bir sıra ölkələrində geniş miqyasda yetişdirilir.Acı istiotdan sənaye yolu ilə (toz istiot və ya qırmızı istiot) — «paprika» istehsal edilir.Rusiyada acı istiot XVIII əsrdə məşhur olub. Onu ən çox Samarada əkib-becərirdilər.

Müəllif Mətləb Əlizadə Nuruş oğlu,Yusif Quliyev Eyyub oğlu ƏRZAQLARIN MƏNŞƏYI kitabı

 

0 şərh