Ərik və şaftalı

Ərik qədim mədəni meyvə növlərindən biridir. Orta Asiyada-Fərqanə vadisində aparılan arxeoloji qazıntılar nəticəsində yaşı 7-8 min ilə çatan ərik çəyirdəkləri tapılmışdır. Bu onu göstərir ki, həmin ərazi əriyin ən qədim vətənidir. 2500 il bundan əvvəl Orta Asiyada yüksək keyfiyyətli bol ərik məhsulu yığılırmış. Toplanmış məhsuldan başqa ölkələrə də göndərilirdi.
Yüksək keyfiyyətli ərik növünün əldə edilməsində qədim Soqdianada (Orta Asiya) yaşayan taciklərin böyük xidməti olub. Bu bitkiyə böyük diqqətin əsas səbəblərindən biri onun əhali üçün şəkər mənbəyi olması ilə bağlı idi. Qurudulmuş ərik şəkəri əvəz edirdi. Ərəblər Soqdiana əriyini Aralıq dənizi sahillərinə aparıblar.
Ərik çinliləri təqribən 6 min il bundan əvvəl cəlb edir. Rəvayətə görə başqa ölkələrə ərik burdan yayılmağa başlayıb.
Yeni eranın başlanğıcı ərəfəsində Çin sərkərdəsi Çanq-Kinq İrana səfəri zamanı özü ilə ərik aparır. Buradan ərik Şərqə və Qərbə — Misir, Kiçik Asiya, Qafqaz, Yunanıstan və İtaliya ərazilərinə yayılır.
Qədimlərdən ərik Zaqafqaziyada da xüsusi diqqətlə yetişdirilmişdir. XIX əsrdə Azərbaycanda Ordubadda bağçılığın inkişafı bütün Zaqafqaziyada diqqətəlayiq yer tuturdu. Bağ meyvələri içərisində Ordubadın dadlı əriyi məşhur idi. Məhsuldar ərik bağlarının hər hektarından 4 tondan çox meyvə yığılıb qurudulurdu.
Afrika qitəsinə ərik 1720-ci ildə aparılıb. XIX əsrin ikinci yarısında onu Avstraliyaya da aparıblar.

Diodor yazır ki, Misir şaftalısının çox yaxşı dadı vardır. Onun məlumatına görə İran şahı Kambis Efiopiyanı əsarət altına alanda (529-522-ci illər) bu meyvəni oradan gətirmişdir.
Şaftalının vətəni Çindir. Çindən Orta Asiyaya, oradan isə İrana yayılmışdır. Yunanlar da onu İrandan öz vətənlərinə aparmışlar. Romalılar onu yunanlardan bizim eranın I əsrində götürmüşlər.
Şaftalı Zaqafqaziyaya bizim eradan əvvəl düşmüşdür. Tarixçilərin yazdıqlarına görə bu meyvə İrəvan xanlığına VIII-VII əsrlərdə gətirilmişdir.

Müəllif Mətləb Əlizadə Nuruş oğlu,Yusif Quliyev Eyyub oğlu ƏRZAQLARIN MƏNŞƏYI kitabı

Həmçinin bax:

 

0 şərh