Nar,gavalı,portağal,limon

NAR

Azərbaycan narın vətənlərindən biridir.
Bunu keçən əsrin 40-cı ilində Gəncə ətrafında tapılmış nar ağaclarının qalıqları sübut edir. Hazırda Azərbaycanda narın bir sıra həm yabanı, həm də cır növləri bitir.
X əsr ərəb səyahətçisi Əbu-Dülaf yazırdı ki, «ar-ras» (indiki Araz çayı) boyu qəşəng nar yetişir. Beləsini mən heç bir ölkədə görməmişəm. Orada valehedici əncir də vardır.
Nar Azərbaycandan Ərəbistan, Yunanıstan, İran, Əfqanıstan, Misir və başqa ölkələrə üz tutub.
Qədimdən narın istifadəsi çox geniş olub. Beləki, ondan şirə çəkmiş, şərab, sirkə hazırlamış, dəri aşılamaq üçün qabığından maye hasil etmiş, qabığından və çiçəyindən moruğu rəng əldə etmiş, toxumlarından isə yağ almışlar. Qədim Misirdə nar dənələrindən şərbət hazırlamışlar. Bundan əlavə, narın qabığından müalicə məqsədləri üçün istifadə edilmişdir.
Hippokrat narın qabığını dizenteriyaya qarşı tətbiq edən loğmanlardan biri sayılır. Keçmiş dövrün məşhur həkimləri nar ağacı qabığının və kökünün qurdqovucu olduğunu göstərmişlər.
Nar romalıların da sevdiyi meyvə olmuşdur. Roma alimi və yazıçısı Varron belə bir fikir irəli sürüb ki, yetişmiş narı qumun içində yaxşı saxlamaq mümkündür.

 

O gözəl çənəli almaya bax bir,
Nardan soruşur ki, «kefin necədir»?
Parça-parça olan ciyərindən nar
Yaralı qəlbinə qan damızdırır.

Nizami Gəncəvi

GAVALI

Gavalının 35-dən çox növü məlumdur. Vətəni Qafqaz və Kiçik Asiyadır. Onun ən qədim məskənlərindən biri Dəməşq şəhəridir. 2400 ildir ki, Dəməşq şəhərinin sakinləri bu meyvənin dadını bilir.
Rəvayətə görə, səlib müharibələri zamanı avropalılar Dəməşqə hücum edir, lakin onu ala bilmirlər. Avropaya — vətənlərinə qayıdan döyüşçülər özləri ilə gavalı aparırlar. Bu hadisə ilə bağlı xalq arasında belə bir kinayəli məsəl də yaranıb: Döyüşçülər bu şəhərə ona görə yaxınlaşdılar ki, özlərilə Dəməşq gavalısını aparsınlar.
Gavalı müstəqil bitki kimi deyil, alça ilə göyəmin təbii hibridi kimi əmələ gəlib təkamül etmişdir. Bir fərziyyəyə görə bu «sevgi» Qafqaz meşələrində baş vermişdir, çünki həmin bitkilər burada yanaşı bitir. Onların «ittifaqı»ndan da yeni meyvə meydana gəlmişdir.
Azərbaycanda turş gavalıdan «lavaşana» adlanan yayma hazırlayırlar. Onun tərkibi S vitamini ilə zəngindir.

PORTAĞAL

Bizim eranın əvvəlində portağal Hindistan bağlarının yaraşığı olub. Ərəblər oradan onu Suriyaya, Misirə və Afrikanın şərq sahillərinə qədər yayıblar. Avropaya portağal səlib müharibələrindən sonra gedib çıxıb.
Portağalın vətəni Çindir. Onun bəzi dillərdə işlədilən apelsin adı çin alması mənasını verir. Portuqaliyalılar bu meyvəni 1518-ci ildə Avropaya gətirir. Bu da, onun Aralıq dənizi ölkələrində yayılması üçün başlanğıc olur. Elə həmin ildə də portuqaliyalılar portağalı Amerika qitəsinə aparırlar.
Bizim «portağal» sözü, çox güman ki, portuqaliyalıların bu meyvənin yayılmasında göstərdiyi xidmətin müqabilində ümumbəşər təşəkkürünün ifadəsidir.

LİMON

Limonun vətəni Hindistandır. O, altı əsr bundan əvvəl Şimali Hindistandan Mesopotamiyaya aparılıb. Limon haqqında ilk yazılı məlumat Teofrastə məxsusdur.
Yunanıstana limon ilk dəfə Makedoniyalı İsgəndərin Hindistan səfərində olan əsgərləri tərəfindən gətirilib.
İtaliyaya isə limon IV əsrdə başqa ölkədən-uzaq Midiyadan düşüb.

Müəllif Mətləb Əlizadə Nuruş oğlu,Yusif Quliyev Eyyub oğlu ƏRZAQLARIN MƏNŞƏYI kitabı

 

0 şərh