Taxta və şüşə qablar

İnsanın ən çox istifadə etdiyi taxta tutum çəllək olmuşdur. Belə çəlləklərdə müxtəlif ərzaqlar saxlamaq mümkündür. Xüsusi ağac növlərindən düzəldilmiş çəlləklərdə keyfiyyətli şərab və konyak saxlamaq üçün istifadə etmişlər. Ona görə şərabçıların fikrincə «şərabı yetişdirən çəlləkdir». Məsələ burasındadır ki, yalnız zəngin meşə ərazisi olan xalqlar çəllək hazırlamaq imkanına malik olmuşlar.  İlk  şərab  çəlləkləri  birinci  əsrdə Qalliyada meydana gəlmişdir.
Plininin məlumatlarına görə, İtaliyanın Alp dağları ətəklərində yaşayan yerli camaat şərabı taxta çəlləklərdə saxlayırdılar.
İlk çəlləklər aztutumlu olmuş, lakin sonrakı dövrlərdə 300-1000 dekalitr və daha artıq həcmli çəlləklər düzəldilmişdir.
Rusiya meşələrlə zəngin olduğundan qədimdə müxtəlif tutumlu taxta çəlləklər düzəldilib istifadə edilmişdir. Burada çəlləyi bəzən ağac gövdəsinin içini oymaqla da düzəltmişlər. Rusiyada çəlləklərdən, müxtəlif məqsədlər üçün, məsələn, dən, ət, balıq, şoraba və içki saxlamaq üçün istifadə edilmişdir.
XIX əsrdən taxta çəlləklər Dağıstanın Kizlyar rayonunda şərabçılıqda geniş istifadə edilməkdədir.
Taxtadan böyük həcmli qablar hazırlamaqla bərabər, kiçik qablar, nimçələr, parçlar və s. hazırlamışlar. Məsələn, Skandinaviyada orta əsrlərdə pivəni taxta parçlardan içərmişlər.

 

Şüşənin meydana gəlməsi tarixi çox qədimdir. Eramızdan 16-18 əsr əvvəl ilk dəfə Misirdə şüşəni kəşf edib ondan bəzək əşyası kimi muncuqlar hazırlamışlar. Lakin şüşədən qablar, tutumlar ilk dəfə eramızdan əvvəl I əsrdə İsgəndəriyyədə hazırlanmışdır. Burada istehsal olunan qablar Romaya gətirilirdi. Bu vaxt Neronun hakimiyyəti dövründə Romada özündə stəkan istehsal edən şüşəqayırma müəssisələri açılırdı.
O zaman İspaniyada və Qalliyada şüşəbişirən mahir ustalar yetişirdi. Şüşədən stəkan, butulka, piyalə, nimçə və sairə əşyalar istehsal edirdilər. Yeni eranın başlaması ilə şüşənin bişirilməsi və ondan qablar hazırlanmasının sirləri Avropa və Şərq ölkələrinə yayılırdı. Orta əsrlərdə şüşəqayırma mahir sənətkarlıq nümunəsinə çevrilirdi. Venesiya sənətkarlarının yaratdığı şüşə əşyalar əsl «incəsənət» əsərləri sayılırdı. Məişət üçün şüşə qabların kütləvi istehsalı isə Qərbi Avropada XIII-XIV əsrlərdə başlanmışdı. Bu zaman stəkanlar, butulkalar və sairə məişət əşyaları istehsal edilirdi.
Rusiyada şərab butulkaları istehsalına XVII əsrin axırında başlanmışdı.
Şüşənin yeyinti sənayesində tətbiqi əvəzedilməzdir. Şüşə sənayesi meydana gələndən sonra küllü miqdarda xammalın olması yeyinti məhsulları üçün qablar istehsalına geniş imkanlar açdı. Səbəbi də odur ki, şüşənin istehsalı üçün küllü miqdarda xammal var idi, digər tərəfdən isə şüşə neytral material olduğundan təmasda olduğu qida maddələri ilə kimyəvi reaksiyaya girmir, iyi və dadı yoxdur, temperatur dəyişmələrinə davamlıdır, sıxılmaya dözür, maddələri keçirmir, asan yuyulur və ondan dəfələrlə istifadə etmək mümkündür.

Müəllif Mətləb Əlizadə Nuruş oğlu,Yusif Quliyev Eyyub oğlu ƏRZAQLARIN MƏNŞƏYI kitabı

Həmçinin bax:

 

0 şərh