Çay içkisinin tarixi

Çinlilər çayı təqribən 4 700 il bundan əvvəl kəşf etmişlər. Lakin onun süfrələrdə sabit yer tutması xeyli sonra olmuşdur. Çay rütubət və günəş xoşlayan, kol şəkilli ağacdır. O, torpaqdan, həm də havadan nəm çəkməyi xoşlayır.
Çayın vətəni Hindistanın Assam ştatı, Çin və Hindi-Çin sayılır. Yabanı çay kollarına 1825-ci ildə Hindistanın, Birmanın, Vyetnamın və Laosun dağlıq yerlərində təsadüf edilmişdir. Çinlilər onu mədəniləşdirməyə təqribən 350-ci ildən başlamışlar. Lakin çaydan geniş istifadəyə iki əsr sonra başlanmışdır. X əsrdə çay bütün xalqların milli içkisinə çevrilib.
Çay Yaponiyaya IX əsrin əvvəllərində, 828-ci ildə isə oradan Koreyaya aparılıb. Çay ən çox XIX əsrdə inkişaf tapıb. 1824-1900-cu illərdə İndoneziya, Vyetnam, Hindistan, Seylon, Zaqafqaziya və İranda geniş çay plantasiyaları salınıb. Daha sonralar Afrikada və Amerikada da çay bitkisinə geniş meydan verilib. Hazırda çay istehsalı sənayesi 30-dan çox ölkəni əhatə edir.
Çində 780-cı ildə «Çay haqqında risalə» adlı kitab çapdan çıxmışdır. Həmin risalədən oxuyuruq: «Çayı adamlar bərk susayanda, bürkü və ya isti havada, başı ağrıyanda, gözləri bulaşanda, əl-ayağı ağrıyanda və bədənində süstlük hiss edəndə içirlər, onu aram qurtumlarla içəndə heç də yaxşı qırmızı şərabdan az həzz vermir».
çayın vətəni Çindir
Çay Azərbaycanın dərman bitkiləri kitabına salınmışdır. Həqiqətən, kütləvi qida məhsulu olmaqla bərabər, onun orijinal dərman xüsusiyyətləri də vardır. Çayın bu xüsusiyyətləri hələ qədimdə qeyd olunmuşdur. Təbabət tarixi qeyd edir ki, çay kökəlmənin qarşısını alır, podaqra xəstəliyinə tutulmağa qoymur, orqanizmdən duzların və zəhərli maddələrin çıxarılmasına kömək edir və sairə.

Bizim dövrün təbabəti isə təsdiq edir ki, çay qanın törənməsini yaxşılaşdırır, ürək-damar sistemini bərkidir. Yaponiya alimlərindən T.Uqay və E.Xayaşinin apardığı tədqiqatlara görə, çay hətta orqanizmin stronsium-90 elementindən zəhərlənməsinə maneçilik göstərir və orqanizmin bu elementə müqavimətini artırır.
Bundan başqa, çay xəstə və yorğun gözə yüngülləşdirici təsir göstərir, müxtəlif növ ürək bulanmalarında (hamiləlik dövründə, dəniz xəstəliyindən və sairə səbəblərdən yaranan) onu çeynəyərlərsə, adamın halı yaxşılaşar, toz halında yanmış dəriyə səpərlərsə, ağrını azaldar və s.

Rusiyada çay yaxşı qarşılanır. 1638-ci ildə rus səfiri Vasili Starkov bir monqol xanının təkidiylə rus çarına 64 kiloqram çay gətirir. Gətirilmiş çayın əvəzində isə səfir monqol xanına xəz verməli olur. İçki çarın və boyarların çox xoşuna gəlir və çox keçmədən çayı xaricdən Rusiyaya idxal etməyə başlayırlar.
A.Vyurkovun «Köhnə Moskva haqqında hekayələr» kitabında belə deyilir: «Çayı moskvalılar səhər, günorta və mütləq saat dörddə içərdilər. Bu vaxt Moskvanın hər bir evində samovar qaynayardı. Çayxanalar və traktirlər insanla dolu olardı və şəhərdə insanların fəaliyyəti müvəqqəti olaraq dayanardı. Onu axşamlar, qüssə üz verəndə, işsizlikdən və «elə-belə» içərdilər. Südlə, limonla, mürəbbə ilə içərdilər, ən başlıcası odur ki, onu məmnuniyyətlə içərdilər, özü də çayı moskvalılar tünd xoşlardılar, yaxşı dəm almış və dodaqları yandıran çayı. El arasında deyildiyi kimi, «açıq», içərisindən Moskva görünən çayı heç bir moskvalı bəyənməz, ondan nəzakətlə imtina edərdi».

Rusiyada ilk çay kolları 1833-cü ildə, 1940-cı ildə Suxumi və Quriya ətrafı ərazilərdə əkilir. 1864-cü ildə Gürcüstan çayı məşhurlaşmağa başlayır. Artıq çay plantasiyaları azlıq edirdi. 1915-ci ildə Gürcüstanda cəmi 500 desyatin — (l desyatin= 1,09 hektar) çay sahəsi əkilir və buradan 150 tona yaxın çay yığılır.
Azərbaycanda çay ilk dəfə 1896-cı ildə əkilib. Bir neçə ildən sonra bu təcrübə gözəl bəhrə verib. Azərbaycanın Lənkəran zonasında çayın əsl inkişaf dövrü 1937-ci ildən başlayır. Həmin il Azərbaycanda çay fabriki fəaliyyətə başlayıb və ilk məhsulunu buraxıb.

Çay Asiyadan Avropaya portuqaliyalılar tərəfindən ilk dəfə 1517-ci ildə gətirilib. Hollandiyanın çayla tanışlığı 1602-ci ildə başlayıb. 1664-cü ildə Ost-Hind şirkəti ingilis kralına, o zaman üçün çox dəyərli sayılan iki funt (906 qram) çay hədiyyə göndərir. Bundan sonra çay İngiltərənin yüksək cəmiyyətinə yol açır.
III Georqun ilk hakimiyyəti illərində ingilis ailələrində çay içilməsi geniş yayılır. XVIII əsrin axırında o, ingilislərin ənənəvi içkisinə çevrilir.
Hazırda Şri-Lanka və Hindistanda dünyanın ən yaxşı çay sortları yetişdirilir. Hindistanın sənaye miqyaslı çay plantasiyalarının 190 ilə yaxın yaşı vardır. Şri-Lankada çay plantasiyaları 1873-cü ildən salınmağa başlanmışdır.
İngilislər Amerika qitəsinə çayı ilk dəfə 1704-cü ildə aparmışlar.
Müəllif Mətləb Əlizadə Nuruş oğlu,Yusif Quliyev Eyyub oğlu ƏRZAQLARIN MƏNŞƏYI kitabı
 
 

0 şərh