Təərrüf - İranın ədəb-ərkan qaydaları

BBC müxbiri yazır ki, baqqal dükanından tutmuş nüvə danışıqlarınadək iranlılar hər yerdə özlərinə məxsus ədəb-ərkan qaydalarına riayət edirlər. «Befərmayid» deyir Fatimə və əlinin amiranə işarəsi ilə mənim bir az da yeməyimi istəyir.
Mən qənirsiz iranlı ev sahibəsi, onun anası, iki qızı və bir oğlu ilə döşəmədə — mükəmməlcəsinə kamil İran xalçasının üstündə açılmış süfrənin kənarında əyləşirəm və özümün təərrüf təcrübəmi ilk dəfə olaraq işə salmalıyam.
Mən doğrudan da ağız suladan balıqlı səbzi plovdan yemək istəyirəm, amma bilirəm ki, ədəb-ərkan qaydalarına görə «hə»dən əvvəl bir neçə dəfə «yox-yox» deməliyəm. Təərrüf (mərifət sözü ilə eyni kökdəndir) dünyasında nəzakətlilik namus məsələsinə çevrilir. Onun naminə insanlar qəbul etmək istədiklərindən imtina edir, ürəklərindən gəlməyən sözləri deyir, niyyətləri olmadan kimisə dəvət edir, pis xəbərləri saxta ümidlə əvəzləyirlər. Belə etməklə onlar «kaş olaydı»nı olmuş kimi qəbul edirlər. Bir dəfə mən Tehranda taksi sürücüsünə güc-bəla ilə bazarlaşdığımız 250 min rialı verirdim. Qəribədir ki, o pulu almaqdan imtina edirdi.
«Yox almaram» deyirdi gülə-gülə. Mən peysərimi qaşıya-qaşıya təkid edirdim. O isə pulu almaqdan imtina edirdi. Nəhayət yorulub taksidən düşdüm. Düşündüm ki, «qoy belə olsun». Amma dostum Rza izah etdi ki, sürücü sadəcə təərrüf edirmiş.
İranda yaş və gənclər arasında münasibətlərdə təərrüf əsas yer tutur.
"Əlbəttə ki, o sizin pulu verəcəyinizi gözləyirdi — deyirdi Rza, — O pulu almaq istəmədiyini deməklə sizə öz mərifətini nümayiş etdirirdi. Onun təərrüfü qurtaranadək gözləmək, nə qədər kobud görünsə də pulu ödəmək lazım idi. Nəzakət nəzakət yerində, amma haqqı ödəmək lazımdır".Bu söhbət məni yamanca tutdu. Fikirləşirdim ki, görəsən o sürücü hələ də gülümsəyirdimi? Baqqal dükanında alış-veriş etməkdən tutmuş nüvə danışıqlarına qədər hər işdə adamların davranışını məhz bu təərrüf adlanan qaydalar diqtə edir.
Bu fenomen konsepsiya baxımından ümumən pozitiv bir amil olsa da, sui-istifadə niyyəti olduqda mənfi çalar ala bilər. Məsələn kimsə kiminsə səxavətindən mənfəətlənmək üçün fürsətlənmək istəyər. Belə davranış İran cəmiyyətində mənfi hal kimi qarşılanır, çünki təərrüf lütfkarlıq ifadə etməkdən daha çox təkəbbürü pərdələyir. «Təərrüfün əsas funksiyalarından biri də təvəzökar görünmək istəyidir, — deyir Minnesota Universitetinin antroplogiya professoru William O Beeman, — Adamlar başqalarının statusunu yüksəltməklə öz statuslarını aşağı salmağa çalışırlar».
Alimin fikrincə, paradoksal olan budur ki, İran kimi təbəqəli cəmiyyətdə…belə davranış sabitlik yaradır, çünki hər iki tərəfin bərabərliyini təsdiq edir. İranı başqa Yaxın Şərq ölkələrindən fərqləndirən onun adət-ənənələrdə, dil və ədəbiyyat da daxil zəngin incəsənət növlərində ehtiva edən fars kimliyidir.
Rumi, Firdovsi, Hafiz və Ömər Xəyyam həm Şərqdə, həm də Qərbdə hörmət edilən şairlərdir və iranlılar öz irsləri ilə fəxr edirlər.
«Novruz — yəni fars yeni ili bizim ən mühüm bayramımızdır. Biz fars dilini qoruyub saxlamışıq. Biz qanımız və ruhumuzla farsıq və bu dəyişə bilməz» — deyir Rza.
«Təərrüf İran xalqının mahiyyətidir. Bizim mədəniyyətimizdə adamın özünü birbaşa ifadə etməsi nəzakətsizlik kimi görünə bilər, — deyə izah edir İran rəssamı Fəriştə Nəcəfi, — İranlılar üçün nəzakətli sözlər həmişə çox mühümdür. Ola bilsin bu ona görə belədir ki, fars ruhunun içində bol poeziya var».
Başqa bir fars ənənəsi qonaqpərvərlikdir. İranda qonaq qiymətli cəvahir kimidir.
Millətlər qapısı - Persepolis İranın fars kimliyini təcəssüm etdirir
Adamlar hətta özlərində kasad olan nəyisə sizinlə bölüşməyə, özlərinə almağa qıymadıqlarını sizə almağa hazırdırlar və təərrüf dediyimiz də elə budur. Bu münvalla çaya dəvət, iranlılnın evində gecəni qalmaqla nəticələnə bilər. Kimdənsə yolu soruşsan, təzə bir dost tapa bilərsən. Çünki həmin adam yolu sənə izah etməkdənsə, qabağına düşüb səni özü ora aparacaq. İranlılar həqiqətən də nəzakətlidirlər, lakin onların səmimi dəvətləri və nəzakətli jestlərinin çox incə hüdudları var.
«Sən adamlardan təərrüf göstərməməyi xahiş edə bilərsən, — deyir öz çarpayısını mənə vermiş Fatimə, — Qulaq asa da bilərlər, qulaq asmaya da. Bu da elə bir növ təərrüfdür». Həqiqət budur ki, təərrüf — təərrüf kimi görünməməlidir. Bunun təərrüf olduğu nə qədər az hiss olunsa, demək o qədər uğurlu alınıb. Əgər nədənsə şübhəlisənsə, həmişə başqalarının ehtiyaclarına öz ehtiyaclarından əvvəl bax. Bu elə bir hissdir ki, axırda özü özünü hasilə gətirir.
 
Mənbə: .bbc.com
 

0 şərh