1.2.2.Valyuta sistemi: anlayışı, strukturu və təkamülü

Dünya birliyində valyuta münasibətlərinin nizam­lanması dünya valyuta sisteminin genezisi çərçivəsində hə­yata keçirilirdi. Dünya valyuta sistemi beynəlxalq val­yuta-iqtisadi münasibətlərinin dövlətlərarası razılaşmalarla bərki­dilmiş təşkilat formasıdır. Istənilən başqa sistem kimi valyuta sistemi də özündə bir sıra elementləri birləşdirir:

  • valyutanı;
  • konversiya edilmə şərtlərini;
  • valyuta paritetini;
  • dəyişmə kursunun rejimini;
  • valyuta məhdudiyyətlərini, valyuta nəzarətini;
  • beynəlxalq valyuta likvidliyinin tənzimlənməsini;
  • dövriyyədə beynəlxalq kredit vasitələrinin istifadə olun­ma qaydasını;
  • beynəlxalq hesablaşma qaydasını;
  • valyuta bazarının və qızıl bazarının rejimini;
  • valyuta münasibətlərini idarə edən və tənzimləyən or­qan­­ları.

Valyuta dövlətin və ya dövlətlər qrupunun sərhəd­ləri xaricində və daxili bazarında dövr edən pul vahididir. Bu nöqteyi - nəzərə görə, valyuta aşağıdakı mənala malikdir:

  • ölkənin pul vahidi və onun tipi (kağız, qızıl, gümüş);
  • xarici ölkələrin pul nişanları;
  • xarici pul vahidləri ilə ifadə olunmuş və beynəlxalq he­sablaşmalarda istifadə olunan kredit və ödəniş va­sitələri;
  • regional pul vahidi və ödəniş vasitəsi.

Valyutaların müxtəlif əlamətlərə və meyarlara görə təsnifatı cədvəldə göstərilmişdir.
Cədvəl 1.1
Valyutaların təsnifatı


Meyarlar

Valyuta növləri

Valyutanın statusu

 

Milli
Beynəlxalq
Regional

Dünya valyuta bazarında dövretmə dərəcəsi

Əsas
Ikinci dərəcəli
Ekzotik

Tətbiq edilmə rejimi

 

 

Sərbəst konversiya edilən
Qismən konversiya edilən
Xaricdən konversiya edilən
Daxildən konversiya edilən
Konversiya edilməyən

Digər valyutaların kurslarına münasibət

Güclü (möhkəm)
Zəif (yumşaq)

Maddi – cismani forma

Nağd ,Qeyri-nağd

Ölkənin valyuta ehtiyatlarına olan münasibət

Ehtiyat
Sair

Valyuta əməliyyatlarının növü

Müqavilə qiymətinin valyutası
Ödəniş valyutası
Kredit valyutası
Klirinq valyutası
Veksel valyutası

Valyuta sisteminin növbəti elementi konversiya edilmə şərtləridir. Konversiya edilmə – rezidentlərin və qeyri-rezi­dentl­ə­rin sərbəst şəkildə, heç bir məhdudiyyət olmadan milli valyutanı xarici valyutaya mübadilə etmək və real, maliyyə aktivləri ilə sövdələşmələrdə xarici val­yutadan istifadə etmək qabiliyyətidir. Konversiya edilmə əla­mətinə görə aşağı­da­kı­ları fərqləndirirlər:

  • sərbəst konversiya edilən valyutalar – digər val­yuta­lara sərbəst və qeyri-məhdud şəkildə mübadilə edilən valyu­talardır (Amerika dolları, ingilis funt sterlinqi, yapon ienası, avro, Kanada dolları və s.);
  • qismən konversiya olunan valyutalar – rezidentlər üçün valyuta məhdudiyyətlərinin tətbiq olunduğu və mü­badilə əməliyyatlarının ayrı-ayrı növləri üzrə məh­du­diyyətlərin tətbiq olunduğu ölkələrin valyutalarıdır. Qismən konversiya olunun valyutalar yalnız bəzi xarici valyutalara mübadilə olunur və bu, beynəlxalq ödəniş dövriyyəsinin bütün növləri üzrə baş vermir;
  • qapalı (konversiya edilməyən) valyutalar – milli val­yutaların xarici valyutalara mübadiləsinin qadağan olun­duğu, milli və xarici valyutaların gətirilməsinə və çıxar­dılmasına, alqı-sat­qısına və mübadiləsinə məhdu­diy­yət­lə­rin və qadağa­la­rın tət­biq olunduğu, valyuta tənzim­lən­məsinin digər üsulla­rı­nın tətbiq olunduğu ölkə valyu­talarıdır.

Milli valyutanın konversiya olunma dərəcəsi ölkə tərə­fin­dən BVF Nizamnaməsinin VIII maddəsindəki şərt­lərin yerinə yeti­rilməsi ilə nizamlanır. Bu maddə ödəniş ba­lansının cari hesa­bı üzrə məhdudiyyətlərin ləğvini, val­yuta kurslarının çoxsay­lılı­ğı­nın ləğvini, diskriminasiyalı valyuta tədbirlərinin həyata keçiril­mə təcrübəsinin ləğvini nəzərdə tutur. Monetar hakimiyyət cari əmə­liy­yatlar üzrə valyutanın daxili (rezi­dentlər üçün) və xa­ri­ci (qeyri-re­zidentlər üçün) konversiyasını təmin edəndən sonra kapi­talın hərəkət hesabı üzrə məhdu­diyyətlərin aradan qaldı­rıl­ma­sı yolu ilə milli valyutanın bütünlüklə konversiya edilməsinə nail olur.
Valyuta pariteti milli valyutanın digər valyutaya və ya digər mala (əvvəllər qızıla) nəzərən qanunvericiliklə müəy­yənl­əş­dirilmiş münasibətini təmsil edir. Əgər valyuta kursu valyuta bazarında müəyyənləşirsə, paritet qanun­vericiliklə müəy­yənləşir.
Nominal dəyişmə kursunun valyuta bazarında döv­lə­tin nizamlanmış iştirak payı ilə müəyyənləşdirilmə me­xanizmi dəyiş­mə kursunun rejimi və ya valyuta rejimi adını almışdır.
Dörd əsas valyuta kursunu fərqləndirirlər: qeyd edil­miş, məhdudiyytləri olan və üzən (aralıq), sərbəst üzən və sa­bit.

  • Qeyd olunmuş valyuta kursu – milli valyutalar ara­sında rəsmən müəyyənləşdirilmiş elə münasibətdir ki, ondan bu və ya digər tərəfə 2,25%-dən çox olmayaraq müvəqqəti kənara çıxmanı nəzərdə tutur.
  • Məhdudiyyətləri olan üzən (aralıq) kurs – milli val­yu­talar arasında rəsmən müəyyənləşdirilmiş elə müna­si­bətdir ki, valyuta kursunun müəyyənləşdirilmiş qaydalara uyğun şəkildə kiçik dəyişmələrini nəzərdə tutur.
  • Sərbəst şəkildə üzən valyuta kursu – belə kurs tələb və təklifin təsiri ilə sərbəst şəkildə dəyişilir və dövlət müəyyən şərtlər daxilində valyuta intervensiyaları yolu ilə onlara təsir göstərə bilir. Adətən, istənilən hüdudlarda də­yişə bilən valyuta kursunu üzən valyuta kursu hesab edirlər. Həm də bu hüdudlar qanunvericiliklə müəyyən­ləş­dirilmir.
  • Sabit valyuta kursu – stabil iqtisadiyyat şəraitində dar hüdudlarda müstəqil şəkildə dəyişən kursdur.

Nəzərdən keçirilən valyuta kursları cədvəl 1.2-də göstəril­miş­dir
Cədvəl 1.2
Valyuta kursunun rejimi

Qeyd olunmuş

Rəsmi  dollarlaşma
Valyuta komitəsi
Bir valyutaya bağlanma
Zənbil kompozitinə bağlanma

Aralıq

Təshih edilən valyuta kursu
Sürünən (sürüşən) qeydiyyat
Sürünən dəhliz
Sürüşən dəhliz
Məqsədli zonalar

Üzən

Idarə olunan («çirkli»)
Müstəqil («təmiz»)

Stabil

Dəyişmə kurslarının çoxsaylılığı

Valyuta nəzarət sistemi ölkələr arasında valyuta dəyər­lərinin müxtəlif formalarının yerdəyişməsinin tən­zimlənməsi üzrə tədbirlər toplusunu təmsil edir. Valyuta məhdudiyyətləri valyuta dəyərləri ilə bağlı əməliyyatlarda qadağalar, limitləş­mə, nizama salma, ləngimə və ya onların sərəncamları şəklində istifadə olunur. Valyuta nəza­rətinin və valyuta məhdudiy­yətlərinin əsas məq­sədləri kimi aşağı­dakıları göstərmək olar:

  • iqtisadi təhlükəsizliyin təmin edilməsi;
  • xarici iqtisadi əlaqələrdə inkişafın stimul­laş­dı­rıl­ma­sı;
  • ölkənin valyuta ehtiyatlarının formalaşması;
  • ölkənin beynəlxalq öhdəliklərinin yerinə yeti­rilməsi.

Valyuta məhdudiyyətləri aşağıdakı faktorların nə­zərə alınması ilə tətbiq olunur:

  • ölkənin iqtisadi inkişaf səviyyəsinin və onun valyuta bazarının nəzərə alınması;
  • ödəniş balansının vəziyyəti;
  • rəsmi qızıl-valyuta ehtiyatlarının səviyyəsi və dina­mi­kası;
  • milli pul vahidinin dönmə rejimi;
  • idxalın həcmi və ona olan tələb;
  • Iqtisadi üstünlüklər;
  • milli istehsalın qiymət və həcmlərinin səviyyəsi.

Valyuta nəzarətinin əsas tələbi valyuta qanun­veri­ci­liyi­nə riayət olunmasıdır. Bu qanunvericilik, bir qayda olaraq, kapi­talın hərəkəti ilə əlaqədar olan (ödəniş balan­sının struk­turu üzrə) əməliyyatların və cari əməliyyatların yerinə yetiril­mə­sinə nəzarət üzrə tədbirlər kompleksini nəzərdə tutur. Val­yu­ta nəzarətinin və valyuta məhdu­diy­yətlərinin forma­ları uy­ğun olaraq bu əlamətə görə cari (mal sövdə­ləşmələri və «görünməz» sövdələşmələr) və maliyyə (kapitalın ixracı, idxalı və neytral sövdələşmələr) forma­larına bölü­nürlər.
Beynəlxalq valyuta likvidliyi dedikdə dövlətin müəy­yən­ləşdirilmiş müddət ərzində özünün xarici öhdəlikləri üzrə cavab verə bilmək qabiliyyəti başa düşülür. Likvid­liyin hesablanması üçün dövlətin qızıl –valyuta ehtiyatlarını illik idxalın və xarici borcun cəminə bölmək lazımdır.
Dövriyyənin beynəlxalq kredit vəsaitlərinə gə­lincə, onlar uni­fi­ka­siya edilmiş beynəlxalq normalara uyğun şəkil­də nizama salınır. Cenevrə konvensiyaları (veksel və çek) bu qəbil­dəndir. Beynəlxalq hesablaş­ma­ların nizama salınması sənədli akkreditivlər və inkasso üçün Unifikasiya edilmiş qay­da­lara uyğun şəkildə milli və dünya valyuta sistemləri səviy­yəsində həyata keçirilir.
Valyuta bazarı və qızıl bazarı rejimi milli və bey­nəl­xalq tənzimlənmə obyektidir. Valyuta münasi­bət­lə­rinin ida­rə­etmə və tənzimlənməsi ilə bağlı milli orqan­la­rın fəaliyyəti milli və bəzi hallarda beynəlxalq qanun­ve­riciliklə nizama salınır. Mərkəzi banklar, maliyyə nazir­lik­ləri və başqaları bu institutlara aid edilir.
Valyuta sistemləri ehtiyat aktivlərin növlərinə görə təs­ni­fatlanırlar. Beynəlxalq hesablaşmalardakı disba­lans­lar məhz onların köməyi ilə aradan qaldırılır. Birinci val­yuta kon­fran­sına qədər dünya birliyindəki hakim rol Böyük Britaniyaya məxsus idi. O, bu hakim rolunu öz müs­təmləkə regionlarına qoyduğu investisiyaları sayəsində və hazır məhsulların ixracat­çısı, xammalın idxalatçısı kimi müstəsna vəziyyətinə görə sax­laya bilirdi.
Birinci dünya valyuta sistemi dedikdə, hüquqi cəhət­dən 1867-ci ildə Paris konfransındakı dövlət­lər­arası razılaş­ma ilə qeydiyyata alınmış və 1914-cü ilə qədər mövcud olmuş qızıl-pul standartı başa düşülür. Valyuta rejiminin fəaliyyət mexa­niz­mi qızıl nöqtələr hü­dudunda kurs dəyiş­mə­ləri formasını alırdı. Bazar kur­sunun paritetdən–qızıl tərkibinə əsaslanan paritetdən aşağı düşmə halında borc­lu­lar beynəlxalq öhdə­lik­lər üzrə xarici valyuta ilə deyil, qızılla hesablaşmağa üstünlük verir­dilər. Birinci Dünya müharibə­sindən başlayaraq, hərbi kompaniyaların iştirakçıları banknotların qızıla müba­diləsini dayandırmış, mövcud valyuta sisteminin böhranı üçün təkan yaratmışlar.
Qızıldeviz standartının deklarasiyası 1922-ci ildə Genuya konfransında baş verdi. Bu konfransdan sonra qızıl­la yanaşı həm də sərbəst şəkildə metala konversiya edilə bilən xarici valyutalar (devizlər) istifadə olunmağa başladı. Müharibələrarası dövrdə (1930-cu illər) qızılın dövriyyədən çıxarılması və qızıl standartının dağılması baş verdi. Bu isə valyuta rejiminin əvəzlənməsinə gətirib çı­xardı. Empirik təd­qi­qatlar göstərir ki, 1919-cu ildən baş­la­yaraq dünya bir­li­yində «idarə olunan qızıl standartı» rejimi üstünlük təşkil etməyə başladı. Bu rejimdə mərkəzi bank­lar valyuta şok­la­rından qaçmaq üçün və ödəniş balans­la­rının balanslaş­dırılması üçün monetar siyasətin alət­lərin­dən istifadə edir­di­lər. 1929-1933-cü illərin depres­siya­la­rının qızğın çağında bir çox ölkələr qızıla qarşı qey­diy­yatdan imtina etməli və milli valyutaları deval­vasiya etməli oldular. Bununla belə üzən kurslar sistemininə keçid ten­densiyası da müşahidə olu­nur­du.
Beynəlxalq valyuta sisteminin növbəti tarixi forması «dollar standartı» sistemi idi. Bu, qızıl-deviz standartının fak­tiki davamı idi. Bu zaman rəsmən müəyyənləşdirilmiş pari­tet­lərdə valyuta kursu ABŞ dollarına nəzərən qeyd olunurdu (BVF nizamnaməsinə görə +-1% və Avropa val­yuta razılaş­masına görə +-0,75%). ABŞ dolları isə qeyd olunmuş kurs üzrə qızıla konversiya olunurdu (troya unsiyasına 35 dollar). 1944-cü ildə keçirilmiş Bretton -Vud konfransında Amerika dolları ilə yanaşı ingilis funt sterlinqi də ehtiyat valyuta statusunu əldə etmişdir. Lakin artıq 1950-ci illərdə ingilis funt sterlinqi dünya pulları rolunu oynamırdı. Konfransın əhəmiy­yət kəsb edən hadisəsi Bey­nəlxalq Valyuta Fondunun və Beynəlxalq Yenidənqurma və Inkişaf Bankının yaradılması idi. Sistem özünün daha yüksək inkişafına 1959-cu ildə nail olmuş, 1971-ci ildə fəaliyyətini dayandırmışdır. ABŞ dollarına qarşı qeydiyyat rejimini dərhal tətbiq etmək bütün ölkələrə müyəssər ol­ma­mışdır. Belə ki, Fransa 1948-ci ilin yanvarında milli valyutanı devalvasiya etmək və inzibati rejimi (valyuta kurs­larının çoxsaylılığı) tətbiq etmək məcburiyyətində qal­mışdır. 1946-cı ildə BVF-nin 40 üzvündən 13-ü, 1962-ci ildə isə 82 üzvündən 15-i inzibati rejimdən istifadə edir­dilər. 1970-ci illərin əvvəllərində beynəlxalq əməliy­yat­larda dolların rolu azalmışdır. Dövlətlərin mərkəzi bankları isə ABŞ dollarına qarşı müəyyənləşdirilmiş pariteti mü­dafiə etmək iqtidarında deyildilər. 1971-ci ilin mayından başlayaraq, Almaniya üzən dəyişmə kurslu rejimə keçdi. Fransa 1971-ci ilin avqustunda yenə də inzibati rejim tətbiq etdi. Britaniya isə elə həmin ayda bağlılığı dayan­dı­raraq 1972-ci ilin iyun ayından funta sərbəst üzmək imkanı verdi. Vəziyyətdən çıxış yolu axtaran BVF üzvləri 1971-ci ilin dekabrında kurs dəyişmələri hüdud­larının pari­tetdən hər bir tərəfə 2,25%-ə qədər geniş­lənməsi ba­rədə razı­laşdılar. Bretton-Vud sisteminin iflası elə həmin ilin sonunda ABŞ dollarının 1934-cü ildən bəri birinci deval­va­siyası oldu. Dünya birliyinin yeni razılaşmaya eh­tiyacı var idi. Bu razılaşma ayrı - ayrı ölkələrdəki böhranın qlobal əhə­miyyət kəsb etməsinə mane olmalı idi.
Maliyyə arxitekturasının islahatlarla dəyişdirilməsi Yamaya valyuta sisteminin (1976) deklarasiyasında əks olundu. Bu deklarasiya hər bir dövlət üçün valyuta reji­minin sərbəst seçimini rəsmi şəkildə müəyyənləşdirdi. Elan olundu ki, qızıl valyuta kurslarının hesablama nöqtəsi və dəyər ölçüsü olmaq qabiliyyətini de-yure itirir. 1970-ci illərin axırlarında, xüsusilə əsrlərin qovuşuğunda Avropa ölkələrinin iştirakı ilə regional valyuta sistemi, həmçinin vahid regional valyutanın – avronun tətbiqi mühüm əhəmiyyət kəsb etdi.
Dünya iqtisadiyyatının müasir vəziyyəti hər bir dövlət üçün optimal valyuta sisteminin yoxluğunu təsdiq edir. 70-ci illərin neft şoku, 80-ci illərin borc böhranı, 90-cı illərdəki valyuta-maliyyə sarsıntıları, BVF-nin dayanıqsız siyasəti  - bütün bunlar mövcud dünya valyuta sisteminin gə­lə­cək fəaliyyətini və dəyişikliklərin təkmilləşdirilmə im­kanını sual altına qoydu.

 

0 şərh