Hamilə qadın oruc tuta bilərmi?
Bəzi hamilə xanımlar oruc tutmağın hamiləlikdə qoyduğu mənfi təsirləri hiss edib oruc tutmurlar, digərləri isə, hamiləliyin axırlarında taqətdən düşməklərinə baxmayaraq, Ramazan ayının orucunu tuturlar. Onlardan hansının düzgün qərar verdiyini necə bilmək olar? Rəvayətlərə nəzər saldıqda və hamilə xanımların fiziki durumlarını araşdırdıqda hamilə xanımların doğru qərar verməkləri asanlaşar. Belə ki, hamiləlikdə uşağın və ananın sağlam inkişafına önəm verildiyi üçün İslam məsələnin həllini xanımların öz ixtiyarına qoyur. Həmin rəvayətlərdən bəzisini nəzərinizə çatdırırıq: İmam Cəfər (ə) oruc tutanın və xəstənin həddini bəyan edərək belə buyurub: "Bu onun özundən asılıdır, çünki qadın öz fiziki durumunu digərlərindən daha yaxşı başa düşür". Əba Cəfərdən (ə) rəvayət olunur ki, doğuşuna yaxın olan hamilə qadınlar və südü az olan analar Ramazan ayının orucunu tutmaya bilərlər. Çünki onların oruc tutmağa taqətləri olmur. Sonradan orucun qəzasını tutmalı və sədəqə verməlidirlər".
Hamilə qadının oruc tutmasına dair şəri hökmlər
- Əgər hamilə qadın orucun bətnindəki uşağa zərəri olacağından qorxsa, oruc tutmamalı və hər gün üçün fidyə verməlidir. Sonralar orucun qəzasını tutmalıdır. (Ayətullah Xamenei "Şəri suallara cavab", 803 və 806-cı suallar)
- Əgər süd verən qadın oruc tutma nəticəsində südünün azalması və ya quruması səbəbilə körpəsinə zərər olacağından qorxsa, oruc tutmamalıdır. O, hər gün üçün fidyə verməli və sonralar orucun qəzasını tutmalıdır. (Ayətullah Xamenei "Şəri suallara cavab", 747-ci sual)
Diqqət: İki il ardıcıl hamilə qalan qadın əgər şəri üzrü olduğuna görə oruc tuta bilməsə, təkcə orucun qəzası ona vacib olur. Əlbəttə əgər onun şəri üzrü orucun bətnindəki körpəyə və ya dünyaya gələn körpəsinə zərəri olacağından irəli gələn qorxudursa, orucun qəzasından əlavə hər gün üçün fidyə də verməlidir. Habelə, əgər orucun qəzasını şəri üzrü olmadan gələn ilin Ramazan ayınadək tutmasa, qəza və fidyədən əlavə qəza orucunu təxirə salma kəffarəsi də ona vacib olur. (Ayətullah Xamenei "Şəri suallara cavab", 806-cı sual)
Fidyənin miqdarı
Fidyə, bir müdd təamdan ibarətdir və yoxsula verilməlidir. Bir müdd=750 qr. yеməkdir. (Ayətullah Xamenei "Şəri suallara cavab", 747, 752 və 806-cı suallar)
Sual: 750. Hamiləliyin ilk aylarında qadına oruc tutmaq vacibdirmi?
Cavab: Təkcə hamiləliyin orucun vacibliyi üçün hеç bir manеəsi yoxdur. Amma oruc tutmaqla qadının özü və ya bətnində olan uşağı üçün zərər təhlükəsi olsa və bu təhlükə ağıl qəbul еləyən bir еhtimaldan doğsa, onda o qadına oruc tutmaq vacib dеyildir.
Sual: 751. Əgər hamilə qadın oruc tutmağın bətnində olan uşağa zərər olub-olmamasını bilməsə, onda oruc tutmaq ona vacib olarmı?
Cavab: Əgər oruc tutmaqla qadının bətnində olan uşaq üçün zərər təhlükəsi olsa və bu təhlükə ağıl qəbul еdən еhtimaldan doğsa, onda ona vacibdir ki, orucunu açsın; bеlə olmazsa, onda vacibdir ki, orucunu tutsun.
Sual: 753. Həmd olsun Allaha ki, hamiləlikdən sonra mənə bir övlad vеrdi və o, hal-hazırda süd əmir. İnşaallah qarşıdan mübarək ramazan ayı gəlir və mənim də oruc tutmağa imkanım var. Lakin mən fiziki cəhətdən zəif olduğum üçün oruc tutanda südüm quruyur. Əlhəmdu-lillah, uşaq da hər on dəqiqədən bir məndən süd istəyir. Mən nə еtməliyəm?
Cavab: Əgər oruc tutmaqla südün azalması və ya quruması uşağınıza zərər təhlükəsi yaratsa, onda icazə vеrilir ki, orucunuzu yеyəsiniz və hər günə bir "müdd" fəqirə vеrməklə orucun qəzasını tutasınız.
0 şərh