Camaat namazları

Məsələ 1408: Vacib namazları, məxsusən gündəlik namazları camaat ilə qılmaq müstəhəbbdir. Sübh, şam və xiftən namazlarını məscid qonşuluğunda olanlara və məsciddə verilən azanın səsini eşidənlərə daha çox aidiyyəti var.
Məsələ 1409: Mötəbər rəvayət də vardır ki, camaat ilə qılınan namaz, fərdi namazdan iyirmi beş dərəcə əfzəldir.
Məsələ 1410: Etinasızlıq üzündən camaat namazına hazır olmamaq caiz deyildir. İnsanın üzrsüz olaraq camaat namazını tərk etməsi də düzgün deyildir.
Məsələ 1411: İnsanın səbr edib, camaatla namaz qılması müstəhəbbdir. Müxtəsər qılınan camaat namazı, uzun qılınan münfərid namazdan daha üstündür. Həmçinin camaat namazı, vaxtın əvvəlində münfərid olaraq qılınan namazdan daha üstündür. Amma fəzilətli vaxtdan qeyri-vaxta qılınan camaat namazının, fəzilətli vaxtda qılınan münfərid namazdan daha üstün olması məlum deyildir.
Məsələ 1412: Camaat namazı başladığı zaman, namazını fərdi qılmış olan şəxsin, ikinci dəfə namazını camaatla qılması müstəhəbbdir. Əgər sonradan, fərdi qılmış olduğu namazın batil olduğunu anlayarsa, ikinci dəfə qıldığı camaat namazı ilə kifayətlənə bilər.
Məsələ 1413: Əgər imam və ya məmum camaatla qıldığı namazı təkrarən camaatla qılmaq istəyərsə, bunun müstəhəbbliyi yəqin olmasa da, savab ümidlə (yəni rəcaən) yerinə yetirilməsinin maneəsi yoxdur.
Məsələ 1414: Namazının batil olmasına səbəb olacaq qədər vəsvəsəyə düşən şəxs, əgər yalnız camaatla qıldığı zaman vəsvəsədən rahat olarsa, namazı camaatla qılmalıdır.
Məsələ 1415: Əgər ata və ya ana öz uşağına namazı camaatla qılmasını əmr edərsə, namazını camaatla qılması ehtiyat-müstəhəbbdir. Əlbəttə əgər atanın və ya ananın ona olan əmr və nəhyi uşağına olan məhəbbətdən irəli gəlirsə, belə ki, ona qarşı çıxmaq onlara əziyyət olmasına səbəb olursa, uşağın ona qarşı çıxması, ana və ataya ağ olacaq qədər olmasa belə, haramdır.
Məsələ 1416: Müstəhəbb namaz (ehtiyata əsasən) heç bir şəkildə camaatla qılına bilməz. Amma yağış yağması üçün qılınan istisqa namazı camaatla qılına bilər. Həmçinin vacib olub, sonradan başqa bir səbəbə görə müstəhəbb olan bir namazı (məsələn; Həzrət İmam-Zamanın dövründə vacib olub, sonralar o Həzrət qeyb olduqdan sonra müstəhəbb olan Fitr və Qurban bayramı namazlarını) camaatla qılmaq caizdir.
Məsələ 1417: İmam camaat gündəlik namaz qılarkən, gündəlik namazların hər hansında ona iqtida etmək olar.
Məsələ 1418: Əgər camaat özünün və ya ölmüş bir şəxsin gündəlik namazlarının qəzasını qılırsa, ona iqtida etmək olar. Amma əgər öz namazını və başqasının namazını ehtiyatən yenidən qılırsa, ona iqtida etmək caiz deyildir. Amma əgər məmum da namazını ehtiyatən yenidən qılırsa və imamın ehtiyat etməsinə yol verən səbəb, məmumun ehtiyatına yol açan səbəbi ilə eynidirsə, ona iqtida edə bilər. Bu halda məmumun ehtiyat etməsinə səbəb olacaq ayrı bir səbəbin də ortaya çıxmaması gərək deyildir.
Məsələ 1419: Əgər insan bilməsə ki, imamın qıldığı namaz gündəlik vacib namaz, yoxsa müstəhəbb namazdır, ona iqtida edə bilməz.
Məsələ 1420: Camaat namazının səhih olması üçün, imamla məmum arasında və eyni zamanda, imamla başqa məmumlar arasında vasitə olan məmumla o biri məmumlar arasında bir şeyin fasilə olmaması şərtdir. Fasilədən məqsəd, onları bir-birindən ayıran bir şeydir. İstər pərdə, divar və ya bu kimi görməyə mane olmayan bir şey olsun, istər şüşə kimi görməyə mane olmayan bir şey olsun, fərq etməz. Belə ki, əgər namazın bütün və ya bəzi hallarında imamla məmum arasında və ya bağlantı vasitəsi olan məmumla o biri məmumlar arasında bir fasilə olarsa, camaat namazı batildir. Amma irəlidə izah olunacağı kimi, qadın bu hökmdən müstəsnadır.
Məsələ 1421: Əgər birinci sıranın uzun olmağına görə sıranın ikinci tərəfində dayanan kəslər imamı görməsələr, iqtida edə bilərlər. Həmçinin, əgər o biri səflərdən birinin uzun olduğuna görə səffin iki tərəfində dayananlar özlərindən qabaqkı səffi görməsələr, iqtida edə bilərlər.
Məsələ 1422: Camaatın sıraları məscidin qapısına qədər çatarsa, qapının qarşısında səflərin arxasında duran şəxsin namazı səhihdir. Həmçinin onun arxasında iqtida edənlərin də namazı səhihdir. Hətta iki tərəfdə olub, başqa bir məmum vasitəsi ilə camaatla bitişik olan şəxslərin də namazları səhihdir.
Məsələ 1423: Sütunun arxasında duran şəxs sağ və ya sol tərəfdən başqa bir məmumun vasitəsilə imamla birləşməsə, iqtida edə bilməz.
Məsələ 1424: İmamın durduğu yer məmumun durduğu yerdən gərək hündür olmasın. Amma əgər imamın yeri çox az miqdarda hündür olsa, eybi yoxdur. Həmçinin əgər bir yer mayili vəziyyətdə olarsa, belə ki, imam da onun yüksək tərəfində dayandıqda yer çox mayili olmayıb, düz deyilə biləcək şəkildə olarsa, eybi yoxdur.
Məsələ 1425: Məmumun yeri imamın yerindən hündür olarsa, eybi yoxdur. Amma əgər «toplaşıblar» deyilməyəcək qədər hündür olarsa, camaat namazı səhih deyildir.
Məsələ 1426: Bir sırada duranların arasında müməyyiz bir uşaq fasilə olarsa, onun namazının batil olduğu bilinməyənə qədər, iqtida edilə bilər.
Məsələ 1427: İmamın tərkbirindən sonra əgər birinci sıranın namaza hazır olmaları və təkbir demələri yaxın olsa, sonrakı sırada dayanan şəxs təkbir deyə bilər. Amma ehtiyat müstəhəbb odur ki, birinci sıranın təkbiri qurtaran kimi səbr etsin.
Məsələ 1428: Qabaq sıralarda bir sıranın namazının batil olduğu bilinərsə, arxadakı sıralarda iqtida edilə bilməz. Amma onların namazının səhih olub-olmadığı bilinməzsə, iqtida edilə bilər.
Məsələ 1429: İmamın namazının batil olduğunu, məsələn; imamın dəstəmazlı olmadığını bilən bir şəxs, imamın özü bunu bilməsə belə, ona iqtida etmək olmaz.
Məsələ 1430: Məmum, namazdan sonra imamın adil olmadığını və ya kafir olduğunu, yaxud başqa bir səbəbdən namazının batil olduğunu, məsələn; dəstəmazsız namaz qıldığını bilərsə, namazı səhihdir.
Məsələ 1431: Namazda ikən imama iqtida edib-etmədiyindən şəkk edərsə, əgər bəzi nişanələr vasitəsilə iqtida etdiyinə xatircəm olarsa, məsələn; imamın Həmd və surəsini dinləmək kimi, məmumun vəzifəsi olan bir halda, namazını camaatla tamamlamalıdır. Əks təqdirdə, namazını münfərid niyyəti ilə tamamlamalıdır.
Məsələ 1432: Əgər məmum namaz əsnasında üzrsüz olaraq, infirad (tək) olma niyyətini edərsə, camaat namazının səhih olması işkallı, lakin namazı səhihdir. Amma əgər fərdi namaz qılanın da vəzifəsinə görə əməl etməsə, məsələn; rükunu artıq etmək kimi fərdi namaz qılanın namazını, hərçənd səhvən olsa belə batil edən bir iş görsə, namazı batildir. Ancaq bəzi hallarda fərdi niyyəti edən şəxs, fərdi namaz qılanın vəzifəsinə uyğun əməl etməmiş olsa belə, namazı səhihdir. Məsələn, əgər namazın əvvəlindən fərdi olma qəsdi olmasa, qiraət etməsə, amma rükuda olduğu zaman bu qəsdə düşərsə, bu təqdirdə namazını fərdi qəsdi ilə tamamlaya bilər və onu yenidən qılması lazım deyil.
Məsələ 1433: Əgər imam Həmd və surəni oxuduqdan sonra, məmum bir üzr səbəbindən münfərid niyyəti edərsə, Həmd və surəni oxuması lazım deyildir. Amma əgər Həmd və surə tamamlanmazdan qabaq münfərid niyyəti edərsə, ehtiyata əsasən imamın oxuduğu qismi də oxuması lazımdır.
Məsələ 1434: Əgər camaat namazı əsnasında fərdi niyyəti etsə, ikinci dəfə camaat namazı niyyət edə bilməz. Amma əgər fərdi niyyəti edib-etməməsinə tərəddüd etsə və sonra namazı camaatla bitirmək qərarına gəlsə, onun camaat namazı səhihdir.
Məsələ 1435: İnsan namaz əsnasında münfərid niyyəti edib-etmədiyindən şəkk edərsə, münfərid niyyəti etmədiyinə qərar verməlidir.
Məsələ1436: Əgər imam rükuda olan vaxt iqtida etsə və imamın rükusuna çatsa, imamın zikri tamam olsa da, namazı səhihdir və bir rükət hesab olur. Əgər rüku qədər əyilsə və imamın rükusuna çatmasa, namazını fərdi niyyəti ilə tamam edə bilər.
Məsələ 1437: İmam rükuda ikən, iqtida edib, rükuya qədər əyilir və imama rükuda yetişib-yetişmədiyindən şəkk edərsə, əgər bu şəkki (rükunun tamam olmasından sonra şəkk etmək kimi) məhəlli keçdikdən sonra meydana gəlmişdirsə, zahirə əsasən qıldığı camaat namazı səhihdir. Əks təqdirdə, namazı münfərid niyyəti ilə tamamlaya bilər.
Məsələ 1438: İmam rükuda ikən iqtida edər və rüku miqdarı qədər əyilmədən qabaq, imam rükudan başını qaldırırsa, fərdi niyyəti edib namazı tamamlamaq və ya imamla birlikdə mütləq qürbət qəsdi ilə səcdəyə gedib, sonra ayağa qalxdığı zaman, təkbirətul-ehram və ya mütləq zikrdən hansını söyləyərsə, ona sayılması qəsdi də yenidən təkbir alaraq, namazını camaatla tamamlamaq arasında ixtiyar sahibidir.
Məsələ 1439: Əgər bir şəxs namazın əvvəlində ya Həmd və surə əsnasında iqtida etsə və təsadüfən rükuya getməzdən əvvəl imam rükudan baş qaldırsa, onun namazı səhihdir.
Məsələ 1440: İmam, namazın son təşəhhüdünü oxuyarkən, camaat namazının savabına çatmaq istəyən şəxs, gərək niyyət və təkbirətul-ehramdan sonra otursun və təşəhhüdü mütləq qürbət qəsdi ilə imamla oxusun, amma salamı deməsin və gözləsin, imam namazın salamını deyəndən sonra qalxsın və təzədən niyyət və təkbir demədən Həmd və surəni oxusun və onu namazının əvvəlinci rükəti hesab etsin.
Məsələ 1441: Məmum gərək imamdan qabaqda dayanmasın. Hətta vacib ehtiyat odur ki, əgər məmum çox olsa, imamla bir sırada dayanmasınlar. Amma əgər məmum bir nəfər olsa, onun imamla bərabər dayanmasının eybi yoxdur.
Məsələ 1442: Əgər imam kişi, məmum isə qadın olsa, belə ki, qadınla imamın arasında və ya o qadınla imama bitişik olan digər bir kişi məmumun arasında pərdə və ya pərdəyə bənzər bir şeyin olmasının eybi yoxdur.
Məsələ 1443: Namaza başladıqdan sonra, imam və məmum arasında və ya məmumla, onun vasitəsi ilə imama bağlı olan başqa bir məmum arasında pərdə və ya başqa bir şey fasilə olarsa, camaat namazı batil olur və məmum fərdi vəzifəsinə görə əməl etməlidir.
Məsələ 1444: Vacib ehtiyat odur ki, məmumun səcdə yerinin və imamın durduğu yerin arasında iri bir addımdan artıq fasilə olmasın. Həmçinin, əgər insan qabağında duran məmum vasitəsilə imamla bağlansa da, müstəhəbb ehtiyat odur ki, məmumun dayandığı yer yaxud onun qarşısında dayanan şəxsin yeri, səcdə halında olan insanın bədəninin ölçüsündən artıq olmasın.
Məsələ 1445: Əgər məmum sağ və sol tərəfində duran şəxsin vasitəsilə imamla bağlansa və qabaqdan imama bağlı olmasa, vacib ehtiyata əsasən gərək sol və ya sağ tərəfində iqtida etdiyi şəxslə iri bir addımdan artıq fasilə olmasın.
Məsələ1446: Əgər namazda imam ilə məmum arasında yaxud imama bağlı olan məmum arasında iri bir addımdan artıq fasilə qalsa, o şəxs tək olur və namazını fərdi qəsdi ilə davam edə bilər.
Məsələ 1447: Əgər birinci sırada dayananların hamısının namazı başa çatsa və dərhal başqa bir namaz üçün imama iqtida etməsələr, sonrakı sıranın camaat namazı batil olur, hətta dərhal iqtida etsələr də, sonrakı sıranın camaat namazının düzlüyü camaat namazının düzlüyü mübahisəlidir.
Məsələ 1448: Əgər şəxs ikinci rükətdə iqtida etsə, Həmd və surəni oxumaq lazım deyildir, amma qunut və təşəhhüdü imamla oxumalıdır. Müstəhəbb ehtiyat odur ki, təşəhhüd oxuyanda əl barmaqlarını və ayağın pəncəsini yerə qoyub dizlərini qaldırsın və gərək təşəhhüddən sonra imamla qalxıb, həmd-surəni oxusun. Əgər surəni oxumağa vaxtı yoxdursa, Həmdi tamam edib özünü rükuda imama çatdırsın. Əgər Həmdi deməyə vaxtı yoxdursa, Həmdi kəsib imamla birlikdə rükuya gedə bilər. Amma bu zaman ehtiyat müstəhəbb odur ki, namazı fərdi niyyəti ilə tamam etsin.
Məsələ 1449: Əgər imam dörd rükətli namazın ikinci rükətində olarkən bir şəxs ona iqtida etsə, gərək namazın ikinci rükətində (bu zaman imam üçüncü rükətdə olur) iki səcdədən sonra oturmalı və təşəhhüdü vacib miqdarında deyib qalxmalıdır. Əgər şəxsin üç dəfə təsbihat deməyə vaxtı yoxdursa, gərək bir dəfə desin və rükuda özünü imama çatdırsın.
Məsələ 1450: Əgər imam üçüncü və ya dördüncü rükətdə olur və imama iqtida etməyən şəxs, iqtida etdiyi təqdirdə, Həmdi oxuyub rükuda imama çata bilməyəcəyini bilərsə, vacib-ehtiyata əsasən səbr etməli və imam rükuya gedəndən sonra iqtida etməlidir.
Məsələ 1451: Əgər üçüncü ya dördüncü rükətdə imam qiyam halında ikən iqtida etsə, gərək Həmd və surəni oxusun. Əgər surə üçün vaxt yoxdursa, gərək Həmdi tamam etsin və rükuda özünü imama çatdırsın. Əgər Həmdi də tamamlamağa vaxtı yoxdursa, onu tərk edib imamla birlikdə rükuya gedə bilər. Amma bu zaman fərdi qəsdi edərək, namazını tamamlaması ehtiyat-müstəhəbbdir.
Məsələ 1452: Surə və ya qünutu tamamladığı təqdirdə, rükuda imama yetişə bilməyəcəyini bilən bir şəxs, qəsdən surə və ya qunutu oxuyar və rükuda imama yetişə bilməsə, onun camaat namazı batil olur və münfərid vəzifəsinə görə əməl etməlidir.
Məsələ 1453: Surəni oxumağa başlayarsa və ya tamamlayarsa, rükuda imama yetişəcəyinə əmin olan bir şəxsin, çox çəkməyəcəyi təqdirdə surəyə başlaması və ya başlamışdırsa, tamamlaması daha yaxşıdır. Amma əgər imama uyğunlaşır deyilməyəcək qədər çox çəkərsə, başlamamalı və başlamışdırsa, tamamlamamalıdır.
Məsələ 1454: Surəni oxuyub, imamın rükusuna çata biləcəyinə yəqini olan şəxs surəni oxuyub rükuya yetişməzsə, namazı səhihdir. Bu şərtlə ki, onun imama tabeliyi aradan getməsin.
Məsələ 1455: İmam qiyamda ikən, məmum imamın hansı rükətdə olduğunu bilməsə belə, ona iqtida edə bilər. Amma imamın sonradan birinci və ya ikinci rükətdə olduğunu anlasa belə, qürbət (Allaha yaxınlıq) qəsdi ilə Həmd və surəni oxumalıdır.
Məsələ 1456: İmamın birinci və ya ikinci rükətdə olduğu zənni ilə Həmd və surəni oxumaz və rükudan sonra üçüncü və ya dördüncü rükətdə olduğunu bilərsə, namazı səhihdir. Amma əgər rükudan qabaq bilərsə, Həmd və surəni oxumalı və əgər vaxt yoxdursa, 1451-ci məsələdə söylənilən göstərişə əsasən əməl etməlidir.
Məsələ 1457: İmamın üçüncü və ya dördüncü rükətdə olduğunu hesab edərək Həmd və surəni oxusa, belə ki, rükudan qabaq və ya sonra, birinci və ya ikinci rükətdə olduğunu bilərsə, namazı səhihdir. Əgər Həmd və surəni oxuduğu zaman bilərsə, onları tamamlaması lazım deyildir.
Məsələ 1458: Müstəhəbb bir namazı qılarkən, camaat namaz qılmağa toplaşarsa, namazı tamamladıqda camaata çatacağına əmin deyildirsə, müstəhəbb namazı tərk edib, camaat namazına məşğul olması müstəhəbbdir. Hətta əgər camaat namazının birinci rükətinə çatacağına əmin olmasa belə, yenə də eyni şəkildə əməl etməsi müstəhəbbdir.
Məsələ 1459: Əgər üç rükətli ya dörd rükətli namazı qılan zaman camaat cəm olsa, üçüncü rükətin rükusuna getməyibsə və namazı tamam qılıb camaata çatacağına arxayın deyilsə, müstəhəbbdir ki, müstəhəbbi namaz niyyəti ilə namazını iki rükətli qurtarsın və özünü camaata çatdırsın.
Məsələ 1460: Əgər imam namazı bitiribsə və məmum təşəhhüd ya birinci salama məşğuldursa, niyyəti fərdi etmək lazım deyil.
Məsələ 1461: İmamdan bir rükət geriyə qalan bir şəxs, imam son rükətin təşəhhüdünü oxuyarkən, əllərinin barmaqlarını və ayaqlarının pəncəsini yerə qoyub, dizlərini qaldıraraq, imam namazın salamını verincəyə qədər səbr edib, sonra qalxması daha yaxşıdır. Əgər bu halda münfərid qılmaq niyyəti etmək istəyərsə, bir maneəsi yoxdur.
Müəllif Ayətullah Əl-Üzma Seyid Əli Sistani
Əsərin adı İzahlı Şəriət Məsələləri
 

0 şərh