Elektrik qarşılıqlı təsiri

Cisimləri bir-birinə sürtməklə onların səthlərində maddənin mühüm xassələrindən biri olan elektrik yükləri yaranır. Bu halda deyilir ki, cisimlər elektriklənir. Elektrik yükləri isə ətraflarında elektrik sahəsi yaradır. Elektrik sahəsi – fiziki sahənin növlərindən biri olub cisimlərin elektriklənmiş hissələrinin toxunma olmadan bir-birinə məsafədən təsir göstərmələri ilə hiss edilir.
Elektrik yüklərinin iki növü mövcuddur: müsbət elektrik yükü (+) və mənfi elektrik yükü (–). Eyni işarəli elektrik yükləri birbirini itələyir, müxtəlif işarəli elektrik yükləri isə bir-birini cəzb edir.
Elektrik qarşılıqlı təsiri
Araşdırmalarda elektrik sahəsinin mövcudluğunu və təsirlərini müşahidə etdiniz. Belə ki, iki eyni şarı yun parçaya sürtdükdə onlar arasında elektrik yüklərinin paylanması baş verir. Yun parçanın sürtünən hissəsindən elektronlar şarların sürtünən hissəsinə keçir. Nəticədə elektron itirən parça müsbət, artıq elektron əldə edən şar isə mənfi yüklərlə elektriklənir (a).
Hər iki şar eyni işarəli yüklərlə elektrikləndiyindən itələnir (b). Şarları bir-birinə sürtdükdə isə onlardan biri müsbət, digəri mənfi yüklə elektriklənir. Müxtəlif işarəli yüklərlə elektriklənən şarlar bir-birini cəzb edir ©.
Beləliklə, elektrik qarşılıqlı təsiri elektriklənmiş cisimlərin yüklərinin işarəsindən asılı olaraq ya itələmə, ya da cazibə xarakterli olur.
 
 
 
Müəllif: Mirzəli Murzuqov, Rasim Abdurazaqov, Rövşən Əliyev
Mənbə: Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün Fizika fənni üzrə Dərslik
 

0 şərh