Nikola Tesla

Tesla 1856-cı ildə Yuqoslaviyanın Xarvata şəhərində anadan olub. O, Qrats politexnik institutunu (1878) və Praqa universitetini (1880) bitirmişdir. Tesla Parisdə Tomas Edisonun kompaniyasında (1882-84), sonra isə ABŞ-a mühacirət edərək Edisonun zavodlarında işləmişdir. O, radiotexnika və elektrotexnika sahəsində ən məşhur alim və ixtiraçı olub.
Tesla Budapeştdə teleqrafçı işləməyə başlayarkən birinci olaraq teleqraf aparatını təkmilləşdirir.
O, maqnit sahəsinin fırlanması hadisəsini öyrənərək 1888-ci ildə öz ixtirasını elan edərək göstərir ki, iki və daha çox fazalı cərəyanla da fırlanan maqnit sahəsi almaq mümkündür. O, çox fazalı, xüsusilə iki fazalı maşınların müxtəlif konstruksiyalarını işləyib hazırlamışdır. Yüksək gərginlikli cərəyan sahəsindəki ixtiralarına və kəşflərinə görə Tesla dünyada məşhurlaşır.1891-ci ildə N. Tesla yüksək tezlikli cərəyan transformatoru ixtira edir ki, «Tesla transformatoru» adı ilə praktikada geniş tətbiq olunur.
N.Tesla elektrik enerjisi və siqnallarını naqilsiz uzaq məsafəyə verilməsi problemi üzərində də işləmişdir. O, yüksəktezlikli cərəyanı məsafəyə vermək üçün 1899-cu ildə birinci radiostansiya və radio qülləsi qurur. Tesla öz transformatoru ilə yüksəktezlikli cərəyanın insan orqanizmasına təsirinin zərərsizliyini müəyyən etmişdir.
Tesla çoxfazalı generator, mühərrik və transformator qurmuş və cərəyanın məsafəyə ötürülməsi və paylanması, sxemlərini hazırlamışdır.
1896-cı ildə Niaqar su elektrik stansiyasında N.Teslanın sistemi ilə hazırlanmış ikifazalı, hər birinin gücü 3680 kvt olan 10 generatordan istifadə edilmişdir.
N.Tesla 1899-cu ildə Koloradoda gücü 200 kvt olan radiostansiya və Lonq-Aylendə hündürlüyü 57,6m olan radioantenası qurmuşdur.
N. Teslanın ixtiralarının çox hissəsi yüksək gərginlik və yüksək tezlik texnikası sahəsindədir. Tesla tərəfində yüksək­tezlikli rəqslərin tədqiq olunması radionun ixtira olunması üçün birinci həlledici addım idi.
O, ABŞ-da işləyərkən gəmi modeli düzəldir və onu uzaq məsafədən idarə etməyin mümkün olduğunu göstərmişdir. Tesla 1917-ci ildə elektromaqnit dalğalarının köməyi ilə dənizdə gəmilərin və sualtı qayıqların yerini müəyyən etməyin mümkünlüyünü isbat etmişdir.
Tesla 20-ci əsrin 30-cu illərində yüksək gərginlikli elektrostatik generatorun köməyi ilə atom nüvəsini parçalamağın mümkünlüyünü öyrənir. Tesla olduqca işgüzar alim olub, həyatı boyu hər günün 20 saatını işləmişdir.
Tesla 1000-ə qədər kəşf və ixtira etmiş, onlardan 800-nə patent almışdır. Maqnit induksiyası vahidi N.Teslanın şərəfinə «Tesla» adlandırılmışdır.
Hazırda Tesla transformatoruna fizika kabinələrində rast gəlinir ki, onun köməyi ilə elektrodsuz borularla maraqlı təcrübələr nümayiş etdirilir.



 

Mənbə Görkəmli fiziklər kitabı
Müəllif Fərhad Hacıyev

loading...

0 şərh