Azərbaycan klubları Avrokuboklarda

Hamımıza məlumdur ki, ölkəmiz futbolda hələ də inkişaf etməyib və həmişə adımız zəif komandalar arasında çəkilir, püşkatma mərhələlərində ölkəmiz bizim kimi zəif ölkələrlə bir sırada durur. Amma bir sevindirici hal var ki, get-gedə futbolumuz inkişaf etməkdədir, zəif, həm də çox zəif sürətlə olsa belə. Bunu əsasən futbol klublarımızın avrokuboklarda iştirakında görmək olar. Yadımdadı, ən azı 10 il bundan əvvəl Şəmkir klubunun Çempionlar Liqasında mərhələ keçməsini bütün ölkə bayram edirdi, çünki bu müstəqil ölkəmizin tarixində ilk belə hadisə idi. Mən də ikinci mərhələnin ilk görüşü ərəfəsində yaxşı ki Bakıda qonaq idim, qohumlarımın baş-beynini xarab elədim və məni stadiona oyuna baxmağa apardılar. Təəssüf ki ayağım düşmədi və Şəmkir (səhv etmirəmsə) 1-4 hesabı ilə məğlub oldu. Bu oyundan sonra 2009-cu ilə qədər bir neçə dəfə yığma komandamızın və klublarımızın xarici komandaları ilə oyunlarına getdim. Həmin oyunlarda əksər hallarda məğlub olduq, birində isə bərabərlik qeydə alındı. Onda da həmişə deyirdim ki, bizim futbolçulara mənim ayağım düşmür. Amma sən demə günah mənim ayağımda deyilmiş, çünki oyunçularımız oynaya bilmirlərmiş.


Mən artıq futbolçularımız məğlubiyyətinə vərdiş olmuşam, amma hər oyuna imkan daxilində baxıram, həmişə də ümid edirəm ki, bu dəfə biz qalib gələcəyik. Amma təəssüflər olsun ki, çox hallarda ümidim puç olur. Amma keçən il isə, futboçularımız, daha doğrusu, Qarabağ komandası məni və hamımızı çox sevindirdi. Bizim futbol üçün keçən il sevindiyim qədər sevindiyim bir hal yadıma gəlmir. Yadıma gəlir, Qarabağın Norveç nəhəngi Rosenburqla oyunu zamanı tez-tez telefondan livescore-a girib hesaba baxır, hesabın hələ də 0-0 olduğunu görüb sevinir, dua edirdim ki, bizimkilər məğlub olmasınlar. Elə də oldu və Qarabağ səfərdən lazımı nəticə ilə qayıtdı. Cavab oyununda isə, iyulun 23-də, Ağdamın Qarabağ klubu Ağdamın işğalı günündə Rosenburq üzərində möhtəşəm qələbə qazandı və stadionda minləri, ekran qarşısında isə milyonları sevindirdi. Qarabağın uğuru Honka üzərində də davam elədi, 4-cü mərhələ isə Tvente səddini keçə bilmədi. Məhz Qarabağın bu uğurları minlərlə azarkeşi stadionlara tökürdü. Heyətinin böyük əksəriyyəti milli oyunçulardan ibarət olan Qarabağdan fərqli olaraq legionerlərə külli miqdarda pul xərcləyən Bakı, İnter, Xəzər Lənkəran isə bizləri məyus etdilər. Düzdü, Bakı ilk mərhələdə zəif rəqibinə qalib gələrək mərhələ adladı, amma sonrakı oyunlara bir ad vermək olar, fiasko. (Ötən illərdə dəfələrlə mərhələ keçən və bizə sevinc yaşatan Nefçini də unutmayaq).

 

Analoji hadisələr bu il də təkrarlanmaqdadı, Qarabağ milli oyunçularımzla uğurlarını davam etdirir, digər klublarımız isə legionerlərlə hələ yerlərində sayırlar. Amma keçən ilə nisbətən bir az irəliləyiş var. Bakı, öz səhlənkarlığının qurbanı oldu – hər iki oyunda qələbə, nəticədə isə məğlub. Xəzər Lənkəran zəif rəqibinə məğlub olmasa da, qalib də gələ bilmədi və əlviə Avroliqa. İnter isə bu dəfə bir az təqdirəlayiq oyun nümayiş etdirdi. İlk oyunda Polşa nəhənginə məğlub olmasına baxmayaraq cavan oyununda eyni hesabla qalib gəldi və oyun penallara qədər uzandı. Həmin oyunun penallaşmaları isə Azərbaycan futbolu üçün keçirdiyim ən həyəcanlı dəqiqələr idi. Amma təəssüf ki, 11-ci penalda, oyunun qəhrəmanlarından olan qapıçımız Lamayanın zərbəsini rəqib qapıçının qaytarmasıyla İnter də Avrokuboklara vəda etdi. Çox şükür ki, Avrokuboklarda hələ də bir təmsilçimiz var və hamımızın ümidi onadı. Bizə bu qədər sevinci yaşatdıqları üçün Qarabağın bütün futbolçularına və Baş məşqçi Qurban Qurbanova təşəkkürlər və uğurlar! 




Rəşad Sadıqovun Rosenburqa vurduğu möhtəşəm qol. Keçən ilin bu günü.




Dünən keçirilən Qarabağ-Portadovn qaşılaşmasının icmalı. Oyuna baxa bilməmişdim, Əfran İsmayılovun qoluna baxanda isə gözlərim doldu (yəqin Azərbaycan futbolunun gələcək vəd etdiyini düşündüyümə görə)

 

8 şərh

Voogar
Mən dünən Qarabağın oyununda oldum. Çox sevindirici haldır ki, artıq futbolçularımızda özünə əminlik var. Bu biz azərkeşlərə sirayət edir. Yadıma gəlir bizim klublarımızın əvvəllər qalib gələndə stadionu yarım saat tərk etmirdik. Amma dünən hamı rahatca evinə getdi. Hətta bəzi azərkeşlər oyunun son 10 dəqiqəsinə  baxmayb getdilər. (Bu artlq başqa mövzudur). P.S. Bakının timsalın da bir daha sübut olundu ki, legionerlər Azərbaycan futbolunun inkişafına ləngidir.
r9perviz
Keçən il yadıma gəlir, qalib gələn kimi hamı stadiondan çıxıb qalibiyyəti küçələrdə bayram edirdi. Bunun özü sevindirici haldı.
Bakıya dünənki oyunun ilk dəqiqələrindən ümidim vardı, ilk hissədə də ümidimi doğrultdular, amma sona qədər davam edə bilmədilər.
Qarabağınsa oyununa baxa bilməmişəm, amma yuxarıdakı icmaldan gördüm ki, oyunçular bir-birlərini qəşəng başa düşürlər, amma Azərbaycan futboluna xarakteristik olan hal hələ də Qarabağda mövcuddu, çox qol epizodunu boşa xərcləyirlər.
Voogar
Azərbaycan futbolunun vuran ayaqlara ehtiyacı var. Ən sevindirici odur ki, biz artıq qol buraxandan sonra da udmağı bacarırıq.
r9perviz

Son qeyd etdiyin məqam çox sevindirici haldı. Bunu artıq Qarabağın simasında iki dəfə görmüşük.

Elvin85
Turan-Fənərbağça dueli ilə başlamış avrokubok macəramızı ilk gündən bu günədək təqib edirəm, mənimçün millinin və klubların Avropa oyunları hətta çempionlar liqasından daha maraqlıdır. Son bir neçə ildə futbola böyük pullar qoyuldu. Sadəcə bu pulları xərcləməyi bacarmayan rəhbərlər xərclədi deyə inkişaf pulların miqdarına adekvat olmadı. Amma ildən ildən artıq məşqçi və rəhbərlik daha keyfiyyətli mütəxəssislərə həvalə olunduğundan nəhayət ki inkişaf aşağı sürətlə də olsa reallaşır. Artıq klublarımızın səfər qələbəsi, 2 tur keçməsi adi hal sayılır. Heç şübhəm yoxdur ki, 4-5 ilə klub reytinqimiz UEFA reytinqində 2-ci 10luğun astanasında olacaq.(hazırda 37ciyik 53 ölkə arasında, 4-5 il əvvəl 45-50ci yerlərdə vurnuxurduq)
r9perviz

Əslində oyunçulara çoxlu pullar xərclənir, amma əcnəbi oyunçulara və onlar da gəlib klublarımıza Avrokuboklarda elə də kömək edə bilmirlər. Amma halbuki bu pullar uşaq futboluna xərclənməlidi. Düzdü, uşaq futboluna pul xərclənir, amma lazım olduğundan çoooox az.
Reytinqimiz artıb, amma daha da arta bilərdi. İnter, Xəzər Lənkəran və Bakı klubları bu il, həmçinin də keçən il onlardan gözləniləni etsəydilər, daha çox reytinq xalları qazanardıq.

bankir
Ən əsas məsələni Pərviz qeyd etdi: uşaq futbolu.Afrikalıya vətəndaşlıq verib azərbaycanlı etməklə futbol inkişaf etməz.Onun əvəzinə uşaq futboluna ciddi fikir vermək lazımdır.10 il əvvəl uşaq futboluna yaxşı pul ayrılsaydı indi Çempionlar Liqasından sısimiz gəlirdi.
r9perviz
Eybi yox, 10 il əvvəl verməyiblərsə, heç olmasa indi versinlər ki, tezliklə səsimiz də çempionlar liqasından gəlsin.