Yunan fəlsəfəöncəsi dövrü

Yunan fəlsəfəöncəsi dövrü mifoloji və dini dünyagörüşləri ilə səciyyələnir. Mifoloji dünyagörüşü inkişafın ilkin mərhələsi, dünyanı dərketmə üsulu və ictimai düşüncəsinin formasıdır. Mifologiya qədim cəmiyyətlərin əfsanə və əsatirlərindən ibarətdir. Orada tanrılardan, igidlərdən və başqa əfsanəvi personajlardan söhbət açılır. Həm də bu əsatirlərdə daha da dərin düşüncəvi problemlərə toxunulurdu.
Mifologiyanın özəlliyi dünya ilə insanın, düşüncə ilə emosiyaların, obyektlə subyektin fərqlərinə varılmama-sındadır. Bu anlayışlar əsatirlərdə fərqləndirilmir.
Əsatirlər (miflər) ibtidai düşüncədən doğur. Onlar bütünlüklə yunanların və başqa dünya xalqlarının dünyagörüşünün formalaşmasında böyük rol oynamışdır. Bütün bu xalqlar əsatirlərin vasitəsi ilə mənəviyyatlarını və mədəniyyətlərini formalaşdıra və dəyərlər sistemlərini yarada bilmişdirlər. Əsatirlər incəsənət, poeziya, musiqi və ədəbiyyatın inkişafına təkan vermişdir.
Dini dünyagörüşü də qədim yunan fəlsəfəsinin yaranması yolunda önəmli amillərdən biri olmuşdur. Dində varlıq dünyəvi və səmavi olmaqla ikiyə bölünür. Səma-viliyin önəmi daha böyükdür. Qədim yunan dininin əsasında tanrılara və başqa mifik xarakterlərə inanc dururdu. Onlar insanın və bütün varlığın işlərinə qarışmış, onları yönəltmiş, qanunlar qoymuşdurlar. İnsanın bütün həyatı, düşüncə və davranışları onlara inancla bağlı idi. Eyni zamanda, qədim Yunanıstanda təktanrılığa keçid əlamətlərinə, ənənəvi dinin tənqidinə də rast gəlmək mümkündür.
Qədim yunan dinində bütün təbii və ictimai hadisələr sayları çox olan tanrılarla əlaqələndirilirdi. Yunanların düşüncəsində bu tanrıların hər birinin özlərinə məxsus fəaliyyət sahələrinin olduğu inancı yer alırdı. Yunan pan-teonunun başında Zeus  adlı tanrı dururdu. Yunanların inanclarına görə tanrılar Olimpus dağında yaşayırdılar və insanların həyatına təsir edirdilər. İnsanların borcu isə onlara ibadət etmək idi. Bunun üçün tapınaqlar (məbədlər) və başqa müqəddəs yerlər fəaliyyət göstərirdi. Orada tanrıların heykəlləri qoyulur, onlara dualar oxunur və qurbanlar kəsilirdi. Bunların əvəzində isə insanlar tanrılardan müəyyən istəklərinin yerinə yetirilməsini tələb edirdilər. Nə qədər çox ibadətlər, nəzirlər və qurbanlar verilirdisə, tanrılar da əvəzində o qədər çox nemətlər verməli idilər. Bundan başqa yunanlar müqəddəs daşlara da tapınırdılar, kütləvi dini mərasimlər həyata keçirdirdilər.
Tanrılara xidmətçi olan kahinlər ibadətlər təşkil edirdilər. Orakl (lat.4 oraculum) adlanan kahinlər də var idi. Yunanlar inanırdılar ki, onlar tanrılardan gələcək haqqında xəbərlər alır. Orakllardan ən tanınmışı Delfi şəhərində yerləşən Apollon tanrısının məbədində (tapına-qında) idi.
Qədim yunan dininin hər hansı bir vahid təlimi, müqəddəs kitabı ya da mərkəzi olmamışdır. Hər yerin öz adətləri var idi. Ümumiyyətlə, yunanlar Yaxın Şərq millətləri kimi təəssübkeş dindar olmamışlar, onlar Şərq xalqlarından fərqli olaraq həyatlarında daha da sərbəst idilər. Onların əsas əxlaqi dəyərləri igidlik və ədalət olmuşdur. Bu sərbəstliyin də fəlsəfənin yaranıb inkişaf etməsində böyük rolu olmuşdur. Sonralar isə yunan dini dünyagörüşü Romaya da təsir etmişdir.
Təxminən miladdan öncə VII — VI yüzilliklərdə Yunanıstanda Orfizm adlanan bir din yaranmışdır. Onun təlimində kifayət qədər fəlsəfi görüşlər də olmuşdur. Orfizmin adı mifik igid, musiqiçi və incəsənətin rəmzi olan Orfeus'la bağlıdır. Əfsanələrə görə o, çay tanrısı Oyaqros və Kalliope adlı müzun oğlu idi. Olimpus dağının yanında bir qəsəbədə yaşayırdı. Sonra Misirə səfər etmiş, bir müddət orada yaşamış və kahinlərdən elm öyrənmişdir.
Orfeus bir neçə döyüşlərdə iştirak etmiş və igidlik göstərmişdir. O tanrı Dionisusa deyil, günəş tanrısı Apol-lona tapınmışdır. Apollon da onu sevmiş, ona qızıl lira bağışlamışdır. Onun vasitəsi ilə heyvanları əhliləşdirmək, qayaları tərpətmək kimi möcüzələr göstərmək olurdu. Beləliklə, Orfeus ən mükəmməl musiqiçi və incəsənət adamı olmuşdur.
Orfeus Evridike  adlı bir meşə nimfi ilə evlənmişdir. Ancaq, az sonra Evridike ölmüşdür. Onu sevən Orfeus onunla yenidən birləşmək üçün yeraltı məkana düşmüş və tanrılarla anlaşaraq az qala Evridikeni oradan çıxarda bilmişdir. Ancaq son anda Ev-ridike tanrıların qoyduğu şərti pozmuş və yeraltı məkandan çıxa bilməmişdir. Bundan sonra Orfeus həyatının sonuna qədər ona sadiq qalmış və ölümündən sonra Evridike ilə yeraltı məkanda birləşmişdir. Orfeusun ölümü haqqında çoxlu əfsanələr vardır. Bu rəvayətlərdən birinə görə, onu tanrı Dionisusun sevgililəri olan mainadalar onların sevgisini rədd etdiklərinə görə parçalamışdırlar.
Orfizm dini cərəyan kimi miladdan öncə VI yüzillikdə yaranmışdır. Bu dinin yazılı ədəbiyyatı da olmuşdur. Məlumdur ki, orfizm yunanların ənənəvi dini baxışlarından fərqlənirdi, onlarla rəqabət aparırdı. Bu dinin təlimində ilk fəlsəfi fikirlər də olmuşdur. Bu da orfiklərin dünyanın yaranması haqqında təsəvvürlərində özünü göstərmişdir.
Orfizmin kosmologiasına görə öncə əbədi zaman olan Xronos  var idi. Ondan qarışıqlıq və efir yaranmışdır. Sonra Xronos onlardan özündə dünyanı əhatə edən yumurta yaratmışdır. Bu yumurtadan işıq və sevgi tanrısı olan hermafrodit Fanes çıxmış və o, tanrıları və bütün canlıları doğmuşdur.
Tanrılardan biri Dionisus olmuşdur. Titanlar onu parçalayıb yemişdirlər. Ona görə də, baş tanrı Zeus onları ildırımla yandırmışdır. Titanların külündən isə insanlar yaranmışdır. Ona görə də onların ikili təbiəti vardır. Biri insanların şər olan titanik, digəri isə xeyir olan dionisik təbiəti mövcuddur. Ona görə də insan həyatının məqsədi titanik təbiətə qalib gələrək dionisik həyat yaşamaqdır.
Bu baxımdan da orfiklərin dini ayinləri olmuşdur. Onlar bədənin təmizliyinə riayət etmiş, ət və paxla yeməmiş, çoxlu dualar oxumuşdurlar. Onların inancına görə insan titanların Dionisusa qarşı etdiyi cinayətin daşıyıcısıdır və buna görə də günahkardır. Ancaq, orfik həyat tərzi insanı dünya həyatının əzablarından qurtara, ruhuna isə azadlıq verə bilər.
Orfizmə görə əsl həyat ölümdən sonra başlanır. Orada ölənlərin ruhu həyatda etdiyi əməllərə görə cavab verir. Orfiklər ruhların bir bədəndən digərinə köçməsinə də inanırdılar. Sonralar orfizm Roma imperiyasında dirçəlmiş və müəyyən qədər yayılmışdır. Bu dini təlimin prinsipləri pifaqorçular, platonçular və digər düşünürlərin fəlsəfəsi görüşlərinə təsir etmişdir.
Qədim Yunanıstanın fəlsəfəöncəsi ənənəsində dastanlar da böyük rol oynamışdır. Onları şairlər və ədiblər yazırdılar. Onlardan biri Homer  olmuşdur. Onun kimliyi haqqında bilgilər olduqca azdır. Hətta, onun anadan olduğu yer də dəqiq bilinməməkdədir.
Homer “İliada”  və “Odisseia” adlanan dastanların yazarı olmuşdur. Onlarda yunanların mifoloji və dini dünyagörüşü əks olunmuşdur. Bu dastanlarda insan həyatı və tarixi olaylar mifik varlıqların və tanrıların həyatı ilə bağlılıqda təsvir olunmuşdur. Olumpus dağında yaşayan tanrılar savaşlarda və başqa hadisələrdə tarixin gedişinə və insanların həyatına qarışmış, başqa mifoloji varlıqlar isə insanlarla birlikdə müxtəlif hadisələrdə iştirak etmişdirlər. “İliada”da Troya savaşı ilə bağlı hadisələrdən, “Odisseyada” isə bu savaşdan sonra Odisseus (yun. Oöuoöevç) adında bir igidin vətəninə qayıtması zamanı rast gəldiyi hadisələrdən söhbət açılmışdır. Hər iki dastan sonralar formalaşan antik və Avropa ədəbiyyatının formalaşmasında böyük rol oynamışdır. Homerin əsərlərində fəlsəfi baxımdan əhəmiyyətli məqamlar yoxdur, bu əsərlər yunanların qədim inanclarını və dünyagörüşünü əks etdirir.
Bununla bərabər fəlsəfəöncəsi yunan ədəbiyyatının ilklərindən biri də Hesiodos (yun. Ha'ıoöoç, m. ö. VIII -VII yüzilliklər) olmuşdur. O Aeolis bölgəsində anadan olmuş, sonra Beotiada yaşamışdır. Rəvayətlərə görə ona şairliyi nimflər vermişdirlər. Hesiodosun günümüzə çatmış əsərlərindən biri “Əməklər və günlər”dir. Bu əsərdə onunla vərəsəlik məsələləri barəsində məhkəməyə çıxan qardaşı Persusa nəsihətlər verilir. Ona deyilir ki, pulla alınmış hakimlərə ümid bəsləməsin, işlərini öz əməyi ilə yerinə yetirsin. Daha sonra burada əkinçi və gəmiçilərin əməyindən söhbət açılmışdır. Bu əsərdə ilk tarixi inkişaf mərhələləri də təsvir edilmiş, insanlığın öncə “qızıl dövrdə” yaşaması, sonra isə durumunun ağırlaşdığı və həyatın çətinləşdiyi barəsində fikirlər irəli sürülmüşdür. Əsərdə çoxlu nəsihət, deyim, atalar sözləri və miflər də vardır.
Hesiodosun daha bir tanınmış əsəri “Teoqonia” adlanır. Bu əsərdə o yunanların arasında tanrılar haqqında dolaşan müxtəlif rəvayətləri sistemləşdirməyə, onları məntiqi ardıcıllığa gətirməyə çalışmışdır. Bu dastan yunanların ilk mifoloji əsərlərindən biri hesab edilir.
Əsərdə tanrılar, titanlar, igidlər haqqında bəhs olunur. İlk olaraq Qarışıqlıq olmuşdur. Ondan Gecə, yer tanrıcası Qaia, yeraltı məkan Tartarus və sevgi tanrısı Eros yaranmışdır. Gün gecədən doğmuşdur. Qaiadan göy tanrısı Uranus və dəniz Pontus yaranmışdır. Sonra Qaia Uranusla evlənmişdir. Bu evlilikdən titanlar adlandırılan ilk tanrılar, təpəgözlər və əlli başlı div olan hekatonxeirlər doğulmuşdurlar. Bundan sonra müxtəlif nimflər və başqa mifoloji varlıqlar yaranır. Tanrılar zaman-zaman bir-biri ilə hakimiyyət uğrunda savaşmışdırlar. Öncə titanlar Uranusu devirmiş, sonra isə onlara Zeus qalib gəlmişdir. Bundan sonra titanlar Tartarusa atılmış, Zeus isə baş tanrı olmuşdur. Apollon, Artemis, Hermes və başqa məşhur tanrılar ondan törəmişdirlər. Dionisus və Herakles isə Zeusun insan cinsindən olan arvadlarından doğulmuş oğulları idilər.
İnsanların yaradılması haqqında Hesiodos heç nə yazmamışdır. Ancaq, onun adına yazılan bəzi yazılarda onları Prometeus adlı bir titan torpaqdan yaratmış, yunan tanrıcası Afina isə onlara nəfəs vermişdir. Öncə tanrılar insanları sevməmiş, onları incitmişdirlər. Hətta, Zeus insanlara odu belə verməmiş, onu gizlətmişdir. Ancaq Prometeus onu oğurlayıb insanlara vermişdir. Buna görə də, Zeus qəzəblənərək Pandora adında qadına bir qutu verərək onu insanların yanına göndərmişdir. Ancaq yolda Pandora qutunu açmış və dünyaya şər və bədbəxtliklər yayılmışdır. Bundan sonra insanlar tanrılara ibadət etməyə başlamış və münasibətlər düzəlmişdir.
M. ö. VII yüzillikdə Krit adasında Epimenides adlı bir müdrik insan yaşamışdır. Onun haqqında deyirdilər ki, o çoxlu möcüzələr göstərmişdir. Bir rəvayətə görə gənc yaşlarında Epimenides bir mağarada yuxuya getmişdir. Ayıldıqdan sonra geri qayıdanda isə görmüşdür ki, doğma şəhəri dəyişmişdir. Sonra bilinmişdir ki, o 57 il yatmışdır. Elə o zaman da ona özəl biliklər verilmişdir. Bundan sonra Epimenides tanınmış və siyasətlə məşğul olmuş, kahinlik etmişdir.
Epimenides ilk dəfə insanlar tərəfindən iddia edilən fikirlərdə daxili ziddiyyətlərin olmasına fikir vermişdir. O, bir kritlinin “Bütün Krit sakinləri yalançıdır” iddiası haqqında düşünərkən belə qərara gəlmişdir ki, bunu deyən özü yalançıdır. Əgər bütün kritlilərin yalançı olduğunu iddia edən özü də kritlidirsə, deməli onun dediyinə inanmaq olmaz. Çünki belə olarsa o, özü də yalançı olur. Beləliklə, buna bənzər iddiaların daxilində ziddiyyət vardır və onlara “antinomiya” deyilir. Sonralar isə Zenon və Eubulides kimi filosoflar buna bənzər ziddiyyətlərin çoxlu örnəklərini ortaya çıxara bilmişdilər.
Yunan fəlsəfəsinin yaranmasında “Yeddi müdrikin” (yun. Ol enTa ffotpoi.) çox böyük rolu olmuşdur. Bu insanlar öz müdriklikləri ilə seçilmiş, yunan ictimai fikrində dərin iz qoya bilmişdirlər. Tarixçilər «Yeddi müdrik» kimi Fales, Pittakus, Bias, Solonun adını qeyd edirlər. Qalan üç nəfərin adları isə müxtəlif şəkildə verilir. Məsələn, Platona görə («Protaqoras» dialoqu) onlar Kleobulos, Mison, Xilon'dur. Başqa müəlliflər Misonu deyil, Perianderi müdrik kimi göstərmişdirlər.
Diogenes Laertius isə bir çox müdrik insanların adlarını çəkmişdir ki, onların arasında həmin «Yeddi müdrik» sayılanlar da ola bilərdi. Onların hamısı m. ö. VII — VI yüzilliklərdə yaşamışdılar.

«Yeddi müdrik» hesab edilən insanlar həyatın təcrübəsindən bəhrələnərək hikmətli sözlər və kəlamlar demişdirlər. Bu da onların müdrikliklərindən irəli gəlirdi. Bu əxlaqi kəlamlar xalqın yaddaşında qalmış, nəsillərin tərbiyə edilməsində böyük rol oynamışdır. Onların fərqləndirici xüsusiyyətlərindən biri də odur ki, bu kəlamlarda dini və mifoloji məzmun olmamışdır. Bu da o zaman ənənəvi yunan dünyagörüşünün böhran keçirməsindən xəbər verir. Burada tanrılar və igidlər aləminə qarşı qnome'lər (yun. yväpn — fikir) adlanan qısa aforizmlər şəklində verilmiş müdrik ifadələr yer almışdır. Bununla da əsatirlər və dini inanclardan asılı olmayan dünya -görüşünün əsasları qoyulurdu ki, bu da fəlsəfənin yaranması üçün çox vacib amil olmuşdur. «Yeddi müdrikin» qnomelərinin nümunələri bunlardır:

  • «Görkəminlə deyil, əməlinlə seçil» (Fales);
  • “Yeni dostları qazanmağa, köhnələri rədd etməyə tələsmə” (Solon);
  • “Sözü yalnız yeri gələndə de” (Bias);
  • “Hər şeyi qədəri ilə et, həddi aşma” (Pittakus); “Verdiyin sözü pozma” (Periander);

“Bədən və ruhun sağlam olmalıdır” (Kleobulos); “Dilin ağlının önünə keçməsin” (Xilon). Daha bir qədim yunan müəllifi Siroslu Ferekides  olmuşdur. Suda ensiklopedik lüğətinə görə o, finikiyalılardan elm öyrənmiş, sonra yunanların “yeddi müdriklərindən” biri olan Pittakusun öyrəncisi olmuşdur. O, orfizmə çox yaxın idi. Ferekides “Beş kitab” (yun. nevTE^uxoç) adlanan əsərində öz teoqonia və kosmologiasını vermişdir. Onun əsərlərindən bəzi fraqmentləri günümüzə gəlib çatmışdır. Ferekides həm də Pifaqorun müəllimi olmuşdur.
“Beş kitabda” tanrıların və dünyanın yaranması təsəvvürləri Hesiodosun “Teoqonia”sından fərqlənir. Ferekides antik dünya təsəvvürlərini sadələşdirmək fikrinə düşmüşdür. Bunun üçün o, bir çox tanrıları bir-biri ilə eyniləşdirərək və adlarına yeni məzmun gətirərək onların sayını azaltmışdır. Bu da mifə əsaslanan yunan dünyagörüşünün böhrana uğramasının göstəricisi idi.
Hesiodosa görə hər şeyin başlanğıcında sularla eyniləşdirilən Qarışıqlıq (Xaos) durur. Feredides isə dünyanın başlanğıcını maddə ilə deyil, tanrılarla bağlayırdı. Belə ki, Zas (Zeus) — Xtonia (Qaia) — Kronos (zaman) üçlüyü əbədi olmuş, yaradılmamışdırlar. Burada Zeus həm də məhəbbət təcəssümü olan Erosla eyniləşdirilir. Onlar birlikdə vəhdət təşkil edən ilk tanrılardır. Bu üçlük hava, su və odu yaratmışdırlar. Sonra bu ünsürlərdən tanrılar, yarıtanrılar, demonlar21 və başqa mifoloji varlıqlar yaranmışdır. Qeyd edilən tanrılar, yarıtanrılar və demonlar ikinci dərəcəlidirlər. Bir zaman qara qüvvələr Zeusa qarşı üsyan etmiş, ancaq yenilərək tartarusa22 atılmışdırlar. Zeus isə Olimpusda baş tanrı olaraq möhkəmlənmişdir.
Ferekides həm də ruhun ölməzliyini, onun bir bədəndən başqasına köçməsini iddia edirdi.
 
Epixarmus da fəlsəfəöncəsi dönəminin ən görkəmli nümayəndələrdən biri idi. O, qədim dövrün müəlliflərindən bir olmuşdur. Pifaqorun mühazirələrində iştirak etməsinə  baxmayaraq onu pifaqorçulara aid etmirlər. Bəzi tarixçilər onu “Yeddi müdrikin” biri hesab edirdilər.
Epixarmusun İtaliyanın cənubunda anadan olduğu güman edilir. O, çoxlu komediya janrında əsərlər yazmış, bu janrın yaradıcılarından biri hesab edilmişdir. Dövrümüzə onun “qnome”lər adlanan qısa müdrik ifadələri gəlib çatmışdır. Bundan başqa, onun təbiət və təbabət haqqında zamanımıza çatmayan əsərləri də olmuşdur.
Epixarmus hər şeyi ikilikdə (dualizmdə) təsəvvür edirdi. Onun təliminə görə maddi və düşüncə ilə qavranılan başlanğıclar vardır. Maddi başlanğıc od, hava, yer və sudan ibarətdir. Ona görə maddi başlanğıc dəyişkəndir. Düşüncə ilə qavranılan başlanğıc isə müxtəlif ideyalardır ki, onlar hər şeyin formasını təşkil edir. O başlanğıc dəyişkənliyə uğramır və hərəkətsizdir.
İnsan təbiəti də ikilidir. Bir tərəfdən onun maddi, başqa tərəfdən isə ilahi (onun ruhu) əsası vardır. İnsan diri ikən onlar birlikdədirlər, ölüm baş verən kimi isə ayrılırlar. Bədən məhv olur, ruh isə varlığını davam etdirir. Əslində isə insanın “Mən”ini təşkil edən ruhdur. Bədən isə onun zindanıdır. Ona görə də ruhu təkmilləşdirmək lazımdır ki, insan şəhvətlə dolu həyat sürməsin.
Qnomelərinin birində Epixarmus insan xasiyyətləri haqqında düşünür. Yalnız şər insanlar yoxdur, çünki hamıda həm yaxşı, həm də pis xüsusiyyətlər vardır. Sadəcə bəzi adamlarda pis cəhətlər yaxşıları üstələyir. Onlar naqis adamlardır. Başqalarında isə yaxşı cəhətlər daha çox olur. Onlar isə müsbət insanlardır. Beləliklə, ən yaxşı insan o kəsdir ki, onun yaxşı xüsusiyyətləri, mənfi xüsusiyyətlərini üstələsin.
Başqa bir qnomesində isə Epixarmus demişdir ki: “Ölü olmaq qorxulu deyil. İnsanları ölmək anı qorxudur”.
 
Mövzu ilə əlaqəli suallar:
    1. Mifoloji və dini dünyagörüşü nədir?
    2. Yunan dininin özəllikləri nədən ibarət olmuşdur?
    3. Orfizmin əsatirləri və dini-fəlsəfi təliminin əsasında hansı müddəalar durur?
    4. Homerin “İliada” və “Odissea” dastanlarının ümumi məzmunu nədən ibarətdir?
    5. Hesiodosun əsərlərində nədən bəhs edilir?
    6. Ferekidesin dünyanın yaranması haqqında təsəvvürləri necə olmuşdur?
    7. Epimenidesin antinomiyası nədən ibarətdir?
    8. Yeddi müdrik kim idi, onların fəaliyyəti nədən ibarət olmuşdur?
    9. Epixarmusun fəaliyyəti və dünyagörüşü necə olmuşdur?

Ədəbiyyat:
1. Cicero. Tusculan disputations / Translated by Andrew P. Peabody. Boston: Little, Brown, and Company, 1886.
2. Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915.
3. Kirk G., Raven J., Schofield M. The Presocratic Philosophers. Cambridge University Press, 2003.
4. Гесиод. Теогония (О происхождении богов). М.: Библиотека античной литературы, 1963.
5. Лосев А. Ф., Сонкина Г. А., Тахо-Годи А. А., Тимофеева Н. А., Черемухина Н. М. Античная литература. М.: Просвещение, 1986.
6. Маковельский А. О. Досократики. Минск: Харвест, 1999.
7. Мещеряков Б.Г., Мещерякова И. А., Введение в человекознание. М.: Российский гуманитарный университет, 1994.
8. Орфики // Античные писатели. Словарь. СПб.: Лань, 1999.
9. Фрагменты ранних греческих философов / Составитель А. В. Лебедев. Ч. 1: От эпических тео-космогоний до возникновения атомистики. М.: Наука, 1989.
10. Эпименид // Энциклопедический словарь Брокгауза и Ефрона: в 86 т. (82 т. и 4 доп.). СПб., 1890 -1907.
11. Эпихарм. Гнома 165 // Душенко К. Мысли и изречения древних с указанием источника. M.: Эксмо, 2007.
 
 
 
Müəllif: AYDIN ƏLİZADƏ
Mənbə: Antik fəlsəfə tarixi. Ali məktəblərin tələbələri üçün dərs vəsaiti. Bakı-2016, 288 s. İSBN -5-89968-061-X
 

0 şərh