Müstəqil filosoflar

Yunan fəlsəfəsinin ilk dövrlərində bir çox filosoflar heç bir fəlsəfi məktəbə bağlı olmayaraq müstəqil şəkildə fəaliyyət göstərmişdirlər. Onlardan biri də Heraklit olmuşdur. O, indiki Türkiyənin ərazisində yerləşən antik dünyanın mədəni mərkəzlərindən biri hesab edilən Efesdə anadan olmuş və orada yaşamışdır. Rəvayətlərə görə o, abid həyatı yaşamış, “Təbiət haqqında” adlı kitabın müəllifi olmuşdur. Onun yalnız bəzi fraqmentləri günümüzə gəlib çatmışdır.
Onun fəlsəfəsinin əsasında dünyanın dəyişkən olması ideyası dayanır. Bu barədə Heraklitin “İki dəfə bir axara girmək olmaz kimi məşhur ifadəsi də vardır. Platon Heraklitin bu ifadəsini «Kratilles» dialoqunda işlətmişdir.
Heraklit həm də dialektikanın əsasını qoyan filosoflardan biridir. O qeyd edir ki, dünyada hər zaman varlıqlararası mübarizə müşahidə edilməkdədir. Bir varlıq başqasını yox etməyə çalışır və bunu edərkən o özü üçün həyat qazanmış olur. Beləliklə, soyuq-isti, qaranlıq-işıq kimi dualistik anlayışlar bir-biri ilə ziddiyyət və mübarizədədirlər. Bu kimi qarşıdurmaların nəticəsində inkişaf və dəyişikliklər baş verir. Çünki, bu ziddiyyətlər olmasaydı dünyada durğunluq müşahidə edilərdi. Eyni zamanda, bu ziddiyyətlər bir-biri ilə vəhdətdədir. Məsələn, qaranlıq olmasaydı işığın, soyuq olmasaydı istinin nə olduğu bilinməzdi.
Heraklit hesab edirdi ki, dünyanın əsasında ilk maddə durur. Onun fikrincə bu maddə oddur. O, odun şölələnməsində varlığın dəyişkənliyini və formasını dəyişdirdiyini görürdü. Heraklitə görə hər şey oddan yaranır və oda qayıdır. Ona görə bu proses daim təkrarlanmaqdadır. Bu səbəbdən də Heraklit qeyd edirdi ki, əgər bu dünya məhv olarsa odun şölələnməsi nəticəsində başqa dünya yaranar. Odun ən çox cəmləşdiyi yer günəşdir. Araşdırmaçılara görə Heraklitin bu baxışları Zərdüştiliyin təsiri altında formalaşmışdır.
Heraklitə görə dünyada olan dəyişkənlik “yuxarı və aşağıya doğru hərəkətdir”. Belə ki, od qatlaşaraq suya, sonra isə bərkiyərək torpağa çevrilir. Bu məhz aşağıya doğru hərəkətdir. Digər tərəfdən yer və sudan buxarlanma baş verir və bu da yuxarıya doğru hərəkətdir. Göründüyü kimi bu fikirlərdə hər şeyin dairəvi hərəkətdə olması və maddələr mübadiləsi ideyaları ortaya çıxır.
 
Buxarlanma “qaranlıq” və “işıqlı” olur. İlin fəsilləri, gündüzün gecə ilə dəyişməsi kimi olaylar bunun nəticəsidir. Gün və yay “işıqlı”, gecə və qış isə “qaranlıq” bu-xarlanmalardan doğur.
Heraklitə görə dünyanı heç kəs yaratmamışdır. O əbədidir, hər zaman hərəkətdədir. Ancaq onu idarə edən bir prinsip var, bu da “Loqos”dur. Loqos qanunauyğunluq, mütləq qanun, fələk, tale və alın yazısıdır. Hər şey, hətta tanrılar belə ona tabedir.
Heraklitə görə həqiqətin meyarı kütlələrin razılaşdığı fikir ya da ayrı-ayrı adamların rəyi deyil. Həqiqət Lo-qosdur. Bizim fikirlərimiz onun bir hissəciyidir. Ona görə həqiqət hər kəsdə vardır. Ancaq, köz oddan uzaq düşəndə sönən kimi, fərdi düşüncə də Loqosa yaxınlaşmasa həqiqətdən uzaqlaşır. Həqiqətə çatmaq istəyən hər şeyi başqa şeylərlə və dünya ilə bağlılıqda görməlidir. Şeylərin bir-birindən ayrılıqda təsəvvür edilməsi yanlışlıqdır. Əslində çoxluq yoxdur, yalnız birlik vardır və o müxtəlif formalarda özünü göstərir. Buna görə də, kainatda ümumi qanunauyğunluq vardır. Beləliklə, Loqos həm birlik, həm də qanunauyğunluqdur.
Heraklit hesab edirdi ki, insan dünyanı duyğular və düşüncə ilə qavrayır. Ancaq o, duyğulara etibar etməmiş, yalnız həqiqətin tək bir meyarı kimi düşüncəni tanıyırdı. Onun fikrincə yetkin insan duyğulara etibar etməz, bunu cahil adamlar edirlər. Eyni zamanda, hər bir düşüncə də həqiqəti açmır. Bunu yalnız Loqosa uyğunlaşan düşüncə edə bilir. Beləliklə, insan öz təbiətinə görə ağılsızdır. Yalnız öz üzərində işləməklə, düşünməklə, çevrəni (ətrafı) anlamaqla, bilikləri əldə etməklə ağıl sahibi olur.
Müstəqil filosofların ən tanınmışlarından biri olan Empedokle güney İtaliyanın Aqraqant şəhərindən idi. Tədqiqatlara görə onun ziddiyyətli şəxs olduğu qeyd edilir. Rəvayətlərə görə o özünü tanrı elan edərək püskürən vulkana atmışdır. Onun “Təbiət haqqında” və “Təmizlənmələr” adlı kitablarından zamanımıza bəzi fraqmentlər gəlib çatmışdır. O, Elea fəlsəfi məktəbinin nümayəndəsi olan Parmenides kimi varlığın əbədiliyini və dəyişməzliyini iddia edirdi. Ancaq, Parmenides bütün varlığı tamlıq şəklində görürdüsə, Empedokles növlərin də mövcud olmasını inkar etmirdi. Deməli, onun fikrincə dünyada həm tam, həm də növlər vardır.
Empedoklesə görə hər şeyin əsasında od, hava, su və torpaq durur. Hər şey bu ünsürlərin birləşməsindən yaranır. Şeylərin məhv olması isə onların dağılması deməkdir. Dünyanı heç kəs yaratmamışdır, çünki yoxluqdan varlıq yarana bilməz.
Empedokles fəlsəfəsində bir-biri ilə savaşan Sevgi və Nifrət dualizmi vardır ki, o da bu ünsürləri hərəkətə gətirir. Öncə Sevgi hökmranlıq edir. O bütün dünyanı birləşdirir, tamlıqda saxlayır. Sonra Nifrət gəlir, o isə hər şeyi parçalayır, ayırır və bunun nəticəsində növlər yaranır. Bu proses də daim təkrarlanmaqdadır. Tədqiqatçılara görə Empedoklesin bu düşüncələri ilə Zərdüştlük arasında bənzərliklər vardır. Belə ki, Zərdüştlükdə də xeyrin substansiyası olan Hörmüzün şərin təcəssümü olan Əhrimənlə qarşıdurması dünyanın əsasını təşkil edir.
Empedoklesə görə canlılar cansızlardan yaranmışdır. Öncə ayrı-ayrı cansız bədən üzvləri yaranmış, sonra Sevginin hakimiyyəti gücləndikcə onlar birləşmiş və beləliklə, canlılar yaranmışdır. Sonra canlılar arasında qarşıdurma olmuş, bunun sonu olaraq ən güclüləri yaşamış, zəiflər isə məhv olmuşdur. Burada isə “təbii seçim” nəzəriyyəsinin ilk təzahürləri müşahidə edilir ki, onu XIX əsrdə Çarlz Darvin öz bioloji nəzəriyyəsində istifadə etmişdir.
Bundan başqa Empedokles belə bir fikir irəli sürmüşdür ki, fəzada işığın yayılması üçün ona müəyyən bir vaxt lazımdır. İşığın surəti o qədər böyükdür ki, biz onu duyğu orqanlarımızın sərhədlərini aşdığı üçün izləyə bilmirik. Bu fikirlər isə yalnız müasir dövrdə elmlərin inkişaf etməsindən sonra təsdiq edilmişdir.
Empedoklesə görə ətraf mühiti qavrama (dərk etmə) prosesi bədənin orqanlarının quruluşundan asılıdır. Onlar qavranılan obyektə uyğun olmalıdır. Bu uyğunluq olarsa ətrafdakı şeylər dərk edilir, uyğunluq olmazsa edilmir.
Antik dövrün müstəqil filosoflarından biri də Anak-saqora olmuşdur. O, Klazomenai şəhərindən idi. O, Afina hökmdarı Periklesin yaxın adamı olmuşdur. Ancaq, sonra onun düşmənləri Anaksaqorası tanrılara inanmamaqda suç-lamışdırlar. Səbəbsə bu idi ki, o günəşi tanrı deyil, adi planet hesab edirdi. Hətta o, bundan sonra sürgün belə edilmişdi. Ümumiyyətlə, Anaksaqorasın fikrinə görə yunan əsatirlərini hərfi deyil, məcazi mənada başa düşmək lazımdır. Bu məsələdə onun mövqeyi Ksenofaneslə üst-üstə düşmüşdür.
Anaksaqorasa görə yer yastı olaraq hava üzərində durmuşdur. Ulduzlar efirin fırlanması nəticəsində yaranan daşlardır. Günəş Peloponnesus yarımadası həcmində böyük bir daşdır. Dünyanı idarə edən qüvvə isə taledir. O həm də demişdir ki, ağda qaranın, qarada ağın olduğu kimi hər şeydə başqa şeyin əlaməti vardır.
Anaksaqorasın məqsədi yunan fəlsəfəsində hallandırılan dünyanın əbədilik ideyasını gerçək duyğulara uyğunlaşdırmaq idi. Onun fikrincə dünya sonsuz sayda “toxumlardan” ibarətdir. Onlar sonsuzluğa qədər bölünürlər. Ancaq, bundan başqa o hər hansı bir fövqəl gücün olmasını da zəruri hesab edirdi. Çünki, bu dünyanı hərəkətə gətirən bir güc olmalıdır. Bu gücü isə o, “Əql”  adlandırmışdır.
Anaksaqorasın kosmoqoniası ondan ibarətdir ki, öncə Əql olmuşdur. Sonra o başqa şeylərlə əlaqəyə girmiş, nəticədə dairəvi hərəkət yaranmışdır. Öncə bir olan varlıq parçalanmışdır. Quru nəmdən, işıq qaranlıqdan, isti isə soyuqdan ayrılmışdır. Beləliklə, iki aləm: odlu efir və hava yaranmışdır. Sonra qatlaşma prosesi başlamış və bunun nəticəsində buludlar yaranmışdır. Sonra buludlardan su, sudan yer, yerdən daşlar əmələ gəlmişdir. Bununla da Anaksaqorasın (eləcə də Empedoklesin) materializmi sonralar Leukippus və Demokritin maddəçi fəlsəfəsi üçün zəmin yaratmışdır.

Mövzu ilə əlaqəli suallar:
    1. Dialektika nədir və Heraklit onu necə təsəvvür edirdi?
    2. Heraklitə görə hansı maddə dünyanın əsasında durur?
    3. Heraklitin fəlsəfəsində dünyada hərəkət hansı istiqamətlərdə baş verir?
    4. “Loqos” nədir və həqiqətin meyarı nədədir?
    5. Empedoklesin fəlsəfəsində ilk ünsürlər hansılardır, o dünya quruluşu və onun hərəkətini necə təsəvvür edirdi?
    6. Empedoklesə görə canlı aləm necə yaranmışdır?
    7. Anaksaqorasa görə hər şeyin əsasında nə durur?
    8. Anaksaqoras dünya quruluşunu necə təsəvvür edirdi?

Ədəbiyyat:
    1. Aristotle. Metaphysics / Translated by T. Taylor. London: Printed for the author by Davis, Wilks, and Taylor, 1801.
    2. Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915.
    3. Empedocles. Fragments // Early Greek Philosophy by John Burnet, 3rd edition. London: A & C Black Ltd., 1920.
    4. Plato, The Dialogues of Plato. Vol. 1 / Translated by B. Jowett, M. A. Oxford University Press, 1892.
    5. Две книги против логиков // Секст Эмпирик. Сочинения. Том. 1. М: Мысль, 1976.
    6. Гераклитъ Ефесскш. Фрагменты. М: Мусагетъ, 1910.
    7. Краткий очерк истории философии / под редакцией М. Т. Иовчука, Т.Н. Ойземана, И. Я. Щипанова. М.: Мысль, 1975.
    8.  Маковельский А. О. Досократики. Минск: Харвест, 1999.
 
 
 
Müəllif: AYDIN ƏLİZADƏ
Mənbə: Antik fəlsəfə tarixi. Ali məktəblərin tələbələri üçün dərs vəsaiti. Bakı-2016, 288 s. İSBN -5-89968-061-X
 

0 şərh