Ellinizm və Roma dövrünün ümumi səciyyəsi

Ellinizm dövrü m. ö. 338 ildə Makedoniyanın Yunanıstan üzərində qələbə əldə etdiyindən sonra başlamışdır. Bu qələbədən sonra Makedoniyalı İskəndər Əhəmənilər dövlətini darmadağın edərək bütün Yaxın Şərq, Misir və Orta Asiyanın bir hissəsinin hökmdarı olmuşdur. Ancaq, İskəndərin ölümündən sonra onun yaratdığı imperiya dağılmış və onun ərazisində bir neçə dövlət yaranmışdır. Bu dövlətlərin ən böyükləri və nüfuzluları Selevkoslar (Orta və Yaxın Şərqdə) və Ptolemeuslar (Misirdə) olmuşdur.
Ellinizm dövrü özünə məxsus mədəniyyəti ilə seçilmişdir. Bu mədəniyyət yunan dünyagörüşü, fəlsəfəsi və elminin Yaxın və Orta Şərq mədəniyyətləri ilə qarışması nəticəsində yaranmışdır. Makedoniyalıların böyük ərazilər və xalqları istila etməsindən sonra həmçinin, müxtəlif mədəniyyətlərin qarşılıqlı əlaqələri güclənmişdir.
Yunanlar ellinist dövlətlərində azlıqda idilər və yerli əhali ilə qarışmışdılar. Ancaq, buna baxmayaraq müxtəlif xalqları yunan mədəniyyəti və fəlsəfəsi ilə tanış etmişdilər. Yunan dili və dünyagörüşü uzun müddət Avropa və Asiyada hakim mövqelərini saxlaya bilmişdir. Eyni zamanda, Yaxın və Orta Şərq mədəniyyəti və dünyagörüşü də qarşılıqlı olaraq yunanlara güclü təsir etmişdir.
 
Dövlət quruculuğunda ellin dövlətləri quldarlıq demokratiyasına son qoymuş və monarxiya (krallıq) quruluşunu gətirmişdilər. Ellin dövlətləri krallar tərəfindən idarə olunurdu. Həmin dövrdə müxtəlif elmlər surətlə inkişaf edirdi. Misirin İskəndəriyyə şəhəri dünyanın ən böyük və əhəmiyyətli elmi mərkəzlərdən birinə çevrilmişdir. Ptolemeuslar sülaləsi elmlərin inkişafına böyük önəm verirdilər. İskəndəriyyədəki elmi mərkəz “Museyon” (yun. Mouoeiov) adlanırdı. Museyonda məşhur kitabxana var idi. Bu kitabxanada qədim dünyanın elmi və fəlsəfi fikrini əks etdirən kitablar toplanmışdı. M. ö. 48-ci ildə Yulius Sezar68 Misiri istila edən zaman İskəndəriyyəyə daxil oldu. Orada gedən döyüşlər zamanı kitabxananın böyük bir hissəsi məhv edilmişdir. Ancaq, sonradan bu kitabxananı qismən dirçəldə bilsələr də, bu hadisədən bir neçə əsrlər sonra ikinci dəfə Museyon və orada yerləşən kitabxananı təəssübkeş xristianlar miladi IV yüzillikdə darmadağın etmişdilər. Bundan sonra isə Museyonun və onun kitabxanasının fəaliyyətinə son qoyulmuşdur. Orta əsrlərdə miladi VII yüzillikdə bu kitabxananın ərəblər tərəfindən də yandırılması haqqında əfsanələr də yayılmışdır. Ancaq bu əfsanələr həqiqəti əks etdirmir, çünki o zaman kitabxana artıq yox idi.
Miladdan öncə III yüzillikdən başlayaraq Aralıq dənizi hövzəsini əhatə edən ərazilərdə Romanın nüfuzu artmağa başlamışdır. Miladdan öncə 265-ci ildə Roma güclənib bütün İtaliyanı özünə tabe etdirə bilmiş, sonra isə başqa ölkələrlə uzunmüddətli qanlı savaşlara başlamışdır. Yüz ildən sonra güclənmiş Roma Kartacanı (Karfageni) və Makedoniyanı yenərək bütün Aralıq dənizi hövzəsini öz hakimiyyəti altına almışdır. Miladdan öncə 64-cü ildə Romalılar Selevkoslar, 31-ci ildə isə Ptolemeuslar dövlətlərini məğlub edərək onların ərazilərini öz dövlətlərinə qatmışdılar. Bu olaylardan sonra ellinizm dövrünə son qoyulmuşdur.
Beləliklə, ellinizm dövründən sonra antik dünyanın lider mədəniyyət Roma olmuşdur. Təxminən miladi II yüzillikdə antik dünyada Xristianlıq yayılmağa başlamışdır. IV yüzillikdə isə bu din bütün başqa inancları sıxışdırıb Roma imperiyasının dövlət dininə çevrilmişdir. Bununla da antik dövrə son qoyulmuşdur.
Ellinizm və Roma dövründə fəlsəfi fikrin inkişafı davam etdirilmişdir. Bu dövrdə akademiklər, peripatetiklər, stoaçılar və başqa fəlsəfi məktəblərin ardıcılları fəaliyyət göstərirdilər. Görkəmli düşünürlər yunanların vasitəsi ilə fəlsəfə ilə tanış olmuşdurlar.
O zamanlar filosoflar əxlaqla bağlı problemlərə daha da çox önəm verilirdilər. Filosoflar artıq şeylərin və olayların mahiyyətinin nədən ibarət olması probleminə əhəmiyyət vermirdilər. Onları daha çox xeyrə, ərdəmə, xoşbəxtliyə hansı yollarla çatmağın mümkünlüyü ilə bağlı məsələlər maraqlandırırdı.
Bir çox fəlsəfi məktəblər həm də müxtəlif mistik və dini təlimlərin təsiri altına düşmüşdürlər. Bununla belə, bəzi filosoflar dinlərə və mövhumatlara qarşı çıxış edirdilər.
Xristianlıq Roma imperiyasında dövlət dininə çevriləndən sonra bütün fəlsəfi məktəblərin fəaliyyətinə son qoyulmuşdur.
 
 
Müəllif: AYDIN ƏLİZADƏ
Mənbə: Antik fəlsəfə tarixi. Ali məktəblərin tələbələri üçün dərs vəsaiti. Bakı-2016, 288 s. İSBN -5-89968-061-X
 

0 şərh