Yeni-platonçuluq

Yeni Akademiya təxminən m. 200 — 529-cu illər arasında fəaliyyət göstərmişdir. Bu da “yeni-platonçuluq” (neoplatonizm) adlanan platonizmin sonuncu, beşinci tarixi mərhələsi hesab olunur. Onu səciyyələndirən xüsusiyyətlərdən biri neoplatonizmin dinə və mistikaya yaxınlaşması olmuşdur.
Yeni-platonçuluq Platon və Aristotelin fəlsəfəsini şərq inancları ilə birləşdirən antik idealist fəlsəfi cərəyandır. Neoplatonizmin əsas ideyaları varlığın birliyini Vahid-Əql-Ruh üçlüyündə təsəvvür etmək, insan ruhunun materiyanın təsirindən azad etmə yollarını göstərmək, həqiqətin intuisiya vasitəsi ilə kəşf olunmasından ibarət idi.
Yeni-platonçuluq antik dünyanın sonuncu fəlsəfəsi və mistik məktəbi olmuşdur. Bu təlim m. III yüzillikdə yaranmış və inkişaf etmişdir. Bu dönəm eyni zamanda xristian ilahiyyatının yaranması dövrü idi. Bu iki dünyagörüşü bir-biri ilə ideoloji çəkişmədə olmuşdur.
Yeni-platonçuluğun yaranması və inkişafı Roma imperiyasını bürümüş siyasi-iqtisadi və mənəvi böhranlar dövrünə təsadüf edir. İmperiya öz süqutuna doğru irəlilədikcə cəmiyyətdə gələcəyə inamsızlıq və mənəvi boşluq hissləri dərinləşmiş; istibdada, tiranlığa və zülmə qarşı etirazlar güclənmişdir.
Bu şəraitdə müxtəlif dini-fəlsəfi və mistik təlimlərin cəmiyyətdə yayılması qaçılmaz idi. Bütün imperiya boyu mövhumatlar, falçılıq və cadugərliyin müxtəlif formaları surətlə yayılırdı. Bununla yanaşı şarlatanlıq və fırıldaqçılıq da çoxalmışdır. Digər tərəfdən Romanın ələ keçirdiyi ölkələrin və xalqların müxtəlif mistik və dini təlimləri də imperiyada surətlə yayılırdı. O zaman imperiya boyu Misir tanrısı Osiris və Frigiya tanrısı Attis kimi ölən və dirilən tanrıların, Mitra adlı şərə qarşı mübarizə aparan İran mənşəli tanrının kultları geniş yayılmışdı.
Eyni zamanda, qədim Yunan və Roma mənşəli dini inanclar dərin böhran keçirirdilər. Onların cəmiyyətə təsiri getdikcə azalmış, üstəlik bu inanclar Şərqdə yayılmış dinlərlə qarışmışdırlar.
Ənənəvi dini görüşlərin böhranı dövlət başçılarının kultunu da yaratmışdı. İmperatorların və senatın 93 şərəfinə tapınaqlar (məbədlər), heykəllər ucaldılırdı. Bundan başqa romalılar müxtəlif “kiçik” tanrılara və ruhlara da inanırdılar.
Yeni-platonçuluq fəlsəfəsi bu cür mürəkkəb sosial-siyasi böhran şəraitində yaranmışdır. İdealist və mistik təlim olduğuna görə o tədricən materialist sayağı təlimləri ortadan çıxardırdı. O şəraitdə bu proses qaçılmaz idi. Eyni zamanda, yeni-platonçuluq qədim yunan və Roma fəlsəfəsinin müddəalarını mənimsəmiş, onun qoruyucusuna çevrilmişdir.
Xristianlıqdan fərqli olaraq yeni-platonçuluq daha da çox hakim dairələrin, bilim adamlarının arasında yayılmışdır. Xristianlığa qarşı çıxış edən Romanın hakim dairələri çox vaxt məhz yeni-platonçuluq ideyalarına arxalanıb, onları Xristianlığa alternativ bir dünyagörüşü kimi təqdim edirdilər. İmperator Yulianın (361-363) hakimiyyəti dövründə bu cür hallar daha qabarıq şəkildə baş verirdi. Xristianlığın hakim dinə çevrilməsinə baxmayaraq o köhnə inancları bərpa etməyə, onların Xristianlıqla bərabər imperiyada yayılmasına çalışırdı. Ancaq, Yulianın ölümündən sonra Xristianlıq yenidən öz mövqeyini möhkəmləndirmiş və yeni-platonçuluğu sıxışdırıb ortadan çıxarmışdır. Bundan sonra antik dövr sona çatmış və ortaəsr dövrü başlamışdır. O dövrdən başlayaraq Aralıq dənizi hövzəsi ətrafında olan ərazilərdə xristian dininin və fəlsəfəsinin hökmranlığı dövrü başlanmışdır.
Yeni platoçuluğun Roma, İskəndəriyyə, Apameya, Afina və başqa şəhərlərdə məktəbləri olmuşdur. Bu təlimin sonuncu məktəbi Afinada yerləşirdi. VI yüzillikdə imperator Yustinianın fərmanı ilə onun fəaliyyətinə son qoyulmuşdur.
 
 
Müəllif: AYDIN ƏLİZADƏ
Mənbə: Antik fəlsəfə tarixi. Ali məktəblərin tələbələri üçün dərs vəsaiti. Bakı-2016, 288 s. İSBN -5-89968-061-X
 

0 şərh