Qadın sonsuzluğu

Qadın sonsuzluğunun növləri və səbəbləri

Sonsuzluq bütün dünyada evli cütlüklərin 15 %-ə qədərinin rastlaşdığı problemdir. Qadın reproduktiv sistemi kişi orqanizminə nisbətən mürəkkəb olduğu üçün sonsuz nikahda 60% hallarda səbəb qadın tərəfdən olan problemlərdir. Belə hallarda qadın sonsuzluğundan söhbət gedir ki, bu da qadın orqanizmində olan bir sıra xəstəliklərlə əlaqədardır.

Qadın sonsuzluğunun növləri: əvvəllər hamiləliyin olması ilə əlaqədar təsnifat
Birincili sonsuzluq
Birincili sonsuzluq – bir il və daha çox vaxt ərzində requlyar cinsi həyat yaşayan qadında heç vaxt hamiləliyin olmamasıdır. Çox vaxt bu anadangəlmə olaraq reproduktiv sistemin quruluşunda və ya funksiyasında olan pozğunluqlar və ya genetik səbəblərlə əlaqədar olur.

İkincili sonsuzluq
Ikincili və ya «qazanılmış» sonsuzluq orqanizmdə sonradan yaranan patologiyalar nəticəsində olur: infeksiyalar, endokrin xəstəliklər, somatik patologiyalar, psixogen pozğunluqlar, xarici mühitin zərərli təsirləri.

  • Qadın sonsuzluğunun növləri: reproduktiv sistemdə olan pozğunluqların səbəblərinə görə olan təsnifat



  1. Boru sonsuzluğu
    Boru ilə əlaqədar qadın sonsuzluğunun səbəbi cinsi hüceyrələrin daşındığı yolun bu və ya digər səbəbdən bağlanmasıdır. Çox vaxt bu bağlanma uşaqlıq borularında içdən və ya çöldən bitişmələrin əmələ gəlməsi nəticəsində olur. Bitişmələrin əmələ gəlmə səbəbləri — cinsi orqanların iltihabi xəstəlikləri, abortlar, ağır doğuşlar, travmalar, keçirilmiş ginekoloji əməliyyatlar.
  2. Endokrin sonsuzluq
    Qadın sonsuzluğunun ən geniş yayılmış forması endokrin sonsuzluqdur ki, bu hormonal sistemdə baş verən pozğunluq ilə əlaqədardır. Endokrin sonsuzluq zamanı qadın orqanizmində mayalanmaya qadir yumurtahüceyrənin yetişməsi prosesi pozulur. Bu o deməkdir ki, ovulyasiya baş vermir, yetişmiş yumurtahüceyrə olmur və təbii ki, hamiləlik baş verə bilməz. Bu halda qadın orqanizmində endokrin vəzlərin funksiyasının pozulması müşahidə olunur: yumurtalıqlar, böyrəküstü vəzlər, qalxanvari vəz, hipofiz.
    Ən çox yayılmış endokrin sistem pozğunluğu yumurtalıqların polikistozu sindromudur. Polikistoz zamanı qadın sonsuzluğunun səbəbi androgenlərin artması nəticəsində ovulyasiyanın pozulmasıdır. Polikistoz yumurtalığın içində çox sayda kiçik sistlərin – maye ilə dolu kisəciklərin əmələ gəlməsi ilə xarakterizə olunur. Bu sistlər vaxtında yetişib yumurtalıqdan çıxa bilməyən və ölmüş yumurtahüceyrə saxlayan follikullardır.
  3. Digər ginekoloji xəstəliklərlə əlaqədar olan qadın sonsuzluğu
    Müxtəlif ginekoloji patologiyalar da sonsuzluğa səbəb ola bilir. Çox vaxt xəstəlik müalicə olunduqda pozulmuş fertillik də düzəlir. Qadınları müayinə edərkən çox vaxt məlum olur ki, sonsuzluğun səbəbi endometriozdur. Bu patologiya normalda yalnız uşaqlığın daxili qatında olmalı olan endometrium hüceyrələrinin digər orqanlarda, məsələn, yumurtalıqlar, uşaqlığın əzələ qatı, uşaqlıq boruları, qarın boşluğu və s. artıb çoxalması ilə xarakterizə olunur.
    Sonsuzluğa həmçinin uşaqlıq boynu xəstəlikləri də səbəb ola bilir: eroziya, displaziya, servisit, və s. Bu zaman uşaqlıq boynunda əmələ gələn seliyin miqdarı və ya tərkibi pozulur. Əgər selik çox qatı olarsa, miqdarı azalarsa spermatozoidlər uşaqlıq borularına keçə bilməz və yumurtahüceyrəni mayalandıra bilməz.
  4. Erkən klimaks
    Sonsuzluğun səbəblərindən biri də yumurtalıqların vaxtından əvvəl üzülməsi və ya başqa sözlə erkən klimaksdır. Adətən qadın klimaksı 50-55 yaş sayılır, lakin bəzən bəzi qadınlarda yumurtalıqların rezervi vaxtından əvvəl tükənir və menstrual ttsikl vaxtından əvvəl kəsilir. Bəzən bu halı hormonal müalicənin köməyilə aradan qaldırmaq olur. 
  5. İmmunoloji sonsuzluq
    Qadın sonsuzluğunun ən az öyrənilmiş səbəbi servikal selikdə spermatozoidləri məhv edən antispermal antitellərin olmasıdır .
    Belə hallarda pasientlərə çox vaxt uşaqlıqdaxili inseminasiya — UDI təklif olunur, bu prosedura zamanı xüsusi üsulla işlənmiş spermanın servikal seliklə kontaktına yol verilmədən birbaşa uşaqlıq boşluğuna yeridilir.
  6. Psixoloji sonsuzluq
    Qadınlarda sonsuzluğun səbəbi həmişə reproduktiv sistemdə olan orqanik pozğunluqlar olmur. Stres halları, həyəcan, neqativ emosiyalar da mayalanma ehtimalını azalda bilir.
  7. Mütləq və ya genetik sonsuzluq
    Reproduktiv yaşda olan qadınlarda sonsuzluğun səbəbi bəzən kobud genetik anomaliyalar olur: uşaqlığın olmaması, yumurtalıqların və ya boruların olmaması.Əgər sonsuzluq (adətən birincili) genetik səbəblərlə əlaqədardırsa, onda yumurtahüceyrə ümumiyyətlə yetişmir, məsələn Terner sindromu – bu zaman qız uşaqları ya inkişaf etməmiş yumurtalıqlar (qonadların disgeneziyası), ya da tam yoxluğu (ageneziya) ilə doğulur.
  8. İdiopatik (naməlum etiologiyalı) sonsuzluq
    Nadir hallarda sonsuzluğun səbəbini aşkar etmək olmur – nə qadında, nə də kişidə cinsi sferada heç bir pozğunluq olmur, amma hamiləlik baş vermir. Yəqin ki, bu zaman da hər hansısa dəyişiklik olur, amma elmə məlum olan metodlarla hələki bu dəyişiklikləri müəyyən etmək olmur. Belə hallarda idiopatik (səbəbi məlum olmayan) sonsuzluqdan danışılır. Bəzi hesablamalara görə bu kateqoriyaya sonsuzluğun 25%-i aiddir.

  • Qadın sonsuzluğunun əsas amilləri aşağıdakılardır:

  1. Qadın orqanizmində hormonal balansın pozulması
    Hormonal pozğunluqların əlamətlərinə əsasən menstrual tsiklin pozulması aiddir. Dövrilik pozğunluqları, gecikmə və ya qeyri-mütəmadi menstruasiya (aybaşı) ondan xəbər verir ki, yumurtalıqlar öz funksiyalarını tam həcmdə yerinə yetirə bilmir və yumurta hüceyrəsinin yetişməsində problemlər var. Buna görə, bu cür pozuntular olduqda, hamilə qalma ehtimalı az olur və ya tamamilə olmur. Çox vaxt hormonal pozğunluqlar polikistoz və yumurtalığın kistaları səbəbindən, habelə sinir və hormonal sistemi ilə bağlı bir sıra digər neyroendokrin pozğunluqlar nəticəsində meydana gəlir.
  2. Uşaqlıq borularında patoloji dəyişikliklər qadın sonsuzluğun səbəblərinin təxminən yarısını təşkil edir
    Uşaqlıq borularının keçməməzliyinin anadangəlmə səbəbləri ola bilir. Buna səbəb həmçinin inkişaf qüsurları və keçirilmiş xəstəliklər ola bilər. Qadın orqanlarının yoluxucu xəstəlikləri bitişmə proseslərinin yaranmasına səbəb ola bilir. Bu zaman spermatazoidlərin keçməsi üçün çox dar bir keçid qalır və mayalanma ona görə baş verə bilmir ki, yumurta hüceyrəsi ilə spermatazoid birləşə bilmir.
  3. Qadın cinsi orqanlarının iltihab xəstəlikləri
    Uşaqlığın, uşaqlıq borularının iltihabı göbələk və digər cinsi infeksiyalar səbəbindən yarana bilir. Bəzən belə xəstəliklər gizli və ləng cərəyan edir, bir müddət sonra isə xroniki mərhələyə keçid edir, beləliklə də qadının reproduktiv sisteminin normal funksiyasına mane olur.
  4. Zədə və abortların nəticələri
    Bəzən qadınlar doğuş fəaliyyəti zamanı zədələr alır və bu fonda ikincili qadın sonsuzluğu yaranır. Abort çox vaxt uşaqlıq divarlarının bütövlüyünün pozulmasına səbəb olur, qadın sonsuzluğuna və ya dölün daşına bilməməsi hallarına gətirib çıxarır. Abortun nəticələri fatal və dönməz xarakter daşıya bilir.
  5. Qadın orqanlarında yeni törəmələr və şişlər
    Qadın sonsuzluğun uşaqlıq amili mioma, fibromioma, polip kimi müxtəlif növ törəmələrlə şərtlənir. Bu kimi problemlərin dəqiq yaranma səbəblərini həkimlər göstərmir, sadəcə belə xəstəlikləri diaqnostika etmək üçün mütəmadi olaraq ginekoloji müayinədən keçməyi tövsiyə edirlər.
  6. Endokrin xəstəliklər qadın sonsuzluğunun geniş yayılmış səbəblərindən biridir
    Böyrəküstü, qalxanvari, mədəaltı vəzlərin funksiyası pozulduqda, orqanizmin ümumi və lokal hormonal fonunda pozulmalar ola bilir ki, bu da ovulyasiyanı mümkünsüz edir. Həmçinin endokrin pozğunluqlar çox vaxt menstrual tsiklin də pozulmasına səbəb olur.
  7. Maddələr mübadiləsinin pozulması
    Ciddi metabolizm pozğunluqları qadın reproduktiv funksiyasından uzaq görünməsinə baxmayaraq, bütün sistem və orqanlara təsir göstərir. Piylənmə təkcə estetik problem deyil, həm də bütövlükdə orqanizmin, o cümlədən qadın cinsi orqanlarının da ciddi patologiyasıdır.
  8. Cinsi orqanların anadangəlmə qüsurları
    Bunlar irsi amillərdən, genetik pozğunluqlar, pis ekologiyanın, radiasiyanın təsirlərindən irəli gələr. Uşaqlığının, yumurtalıqlarının və uşaqlıq borularının inkişafında anomaliyaların olması praktiki olaraq qadın üçün sonsuzluğa səbəbdir.
  9. Xroniki yorğunluq, stresslər
    Gərgin ritmli və yüksək emosional yüklü müasir həyat qadın orqanizminə neqativ təsir göstərir. Həddindən artıq yorğunluq, istirahətsizlik, kifayət qədər yuxu almama, gərginliyi azaltmaq imkanının olmaması sonsuzluğa və bir sıra müxtəlif xəstəliklərə gətirib çıxarır.
  10. Qadın sonsuzluğunun immunoloji amili
    Bu, qadın və kişi genlərinin immun uyğunsuzluğudur. Sadə dildə deyilsə, qadın immun sistemi kişi hüceyrələrini (spermatazoidləri) aqressiv amil kimi qəbul edir və antigenlər hasil edir, bununla da onların tamlığını və həyata qabilliyini pozur, onlara mayalanma zonasına daxil olmağa imkan vermir.
  • Qazanılmış anomaliyalar

AşerAşerman sindromu – Birdən çox süni abort, düşük və ya qanaxma səbəbindən küretaj nəticəsində uşaqlıq daxilində arakəsmələrin yaranması. Xəstələr mensturasiyanın olmaması, azalmış menstural qanama, sonsuzluqdan şikayətlənirlər. Diaqnoz HSG və ya histeroskopiya ilə qoyulur. Histeroskopiya zamanı bu bitişmələr aralanır, uşaqlıq boşluğuna sidik kateteri yerləşdirilərək, yenidən əmələ gəlməsinin qarşısı alınır və ya əməliyyatdan sonra uşaqlıq daxili vasitələrdən istifadə edilməklə yüksək dozada estrogenlər verilir.
Leyomioma (mioma,fibroma))
Polip
 – Endometrial poliplər sonsuz xəstələrin təxminən 10%-də mövcuddur, bunlardan bəziləri həddindən artıq qanaxma kimi şikayətlərə səbəb olmadığı üçün bilinmir. Bir qismi sonsuzluq müayinələri zamanı edilən histeroskopiya, ultrasəs kimi müayinə zamanı təsadüfən tapılır. Endometrial polip və sonsuzluq arasındakı əlaqələr dəqiq şəkildə sübuta yetirilməməsinə baxmayaraq, ümumi baxış aşağıdakılardır:
– Kiçik endometrial poliplər (2 sm-dən az) adətən hamiləliyin inkişafına mane olmur, sonsuzluğa səbəb deyil, düşüyə səbəb olmur. Ona görə də onları sonsuzluq müalicəsi və ya hamiləlikdən əvvəl cərrahiyyə yolu ilə çıxarılması zəruri deyil. Lakin fərq edildikləri təqdirdə, adətən hamiləlikdən əvvəl histeroskopik olaraq çıxarılır.
– Böyük endometrial polip (4-5 sm) uşaqlığın iç təbəqəsində (endometriumda) iltihaba səbəb olaraq, dölün yerləşməsinə mane olaraq hamiləlik şansını azalda bilər və ya hamiləlik meydana gəldikdən sonra düşüyə səbəb ola bilər. Ona görə də onların cərrahiyyə yolu ilə çıxarılması tövsiyə olunur.
Servikal faktor – Uşaqlıq ağzının (serviks, cervix) vəzifəsi vajinada uşaqlıq içərisinə spermaların keçişini təmin etmək, spermaların daha uzun müddət yaşayabilməsini təmin etmək və vaginadan uşaqlıq içərisinə bakteriyaların keçişinə maneə olmaqdır. Uşaqlıq ağızından ifraz olunan yapışqan selik ifrazatı içəriyə bakteriyaların keçməməsini təmin edərkən, əksinə spermalarl üçün uyğun bir mühit təmin edir. Ovulyasiya zamanı bu sekretsiya daha sıx olur və sperma keçidini asanlaşdırır. Uşaqlıq ağızı ilə əlaqədar bəzi patologiyalar sperma keçidinin çətinləşməsinə səbəb olur. Sonsuzluq uşaqlıq ağızı darlığı ilə əlaqədar yaranarsa, buna servikal faktor deyilir. Servikal faktor yayılmış səbəb deyil, sonsuzluq səbəbləri içərisində çox az rast gəlinir. Servikal faktor dedikdə uşaqlıq ağızında darlıq, infeksiya,seliyin tərkibində pozğunluq kimi səbəblərlə spermaların uşaqlıq içərisinə keçməsinə problem yaradan faktorlar başa düşülür. Bundan başqa yaş faktoruda sonsuzluğun yaranmasında mühüm rol oynayır.Belə ki,yaş irəlilədikcə hamiləlik meydana gəlmə şansı azalır. Yaşın irəliləməsi süni mayalanma müvəffəqiyyətini də azaldır. Ayrıca irəli yaşda hamilə qalanlarda düşük şansı daha yüksəkdir.

Qadın sonsuzluğunun yuxarıda göstərilən amillərinə araşdırılmamış daha bir qrup səbəbləri də əlavə etmək olar. Bu cür amillər hərtərəfli tibbi müayinədən keçdikdən sonra tam sağlam olduqlarının müəyyən edilməsinə baxmayaraq, hamiləliyin hec cür baş vermədiyi ailə cütlüklərində müşahidə olunur. Belə hallarda sonsuzluğun kökü partnyorlardan birində psixoloji xarakterli səbəblərin olmasında ola bilir. Psixoloji səbəblərdən irəli gələn qadın sonsuzluğu analıqdan şüuraltı şəkildə qorxan və ya ömrün əvvəlki mərhələlərində uşağının olmasını qəti şəkildə istəməyən qadınlarda qeydə alına bilir.

  • Qadın sonsuzluğunun profilaktikası

Qadın sonsuzluğuna qarşı profilaktik tədbirlərə ilk növbədə iltihab proseslərinin vaxtında müalicə etmək, mütəmadi olaraq ginekoloqda müayinədən keçmək lazımdır. Ginekoloqun bir müayinəsi gələcəkdə yarana biləcək bir çox mümkün problemləri bir neçə aylığa aradan qaldıra bilir. Axı xəstəliyin və reproduktiv sistemin funksionallığının pozulmasının vaxtında edilən diaqnostikası gələcəkdə ciddi nəticələri aradan qaldırmağa imkan verər. Bundan başqa, profilaktik tədbirlərə həmçinin daxildir:

  • Sadə gigiyena qaydalarına riayət;
  • Cinsi münasibətlərdə davamlılıq;
  • Sağlam həyat tərzi, zərərli vərdişlərdən imtina edilməsi
  • Düzgün balanslaşdırılmış qidalanma;
  • Mötədil fiziki yüklənmə;
  • Müvafiq istirahət və yuxu;
  • Stress və emosional yüklərin aradan qaldırılması;
  • Mövsüma uyğun geyim, soyuqdan qorunma, xüsusilə ayaqların və kiçik çanaq nayihəsinin soyuqdan qorunması
  • Ginekoloqla məsləhətləşərək hamiləlik əleyhinə vasitələrin düzgün seçilməsi ilə ixtisaslı kontraseptiv variantları;
  • Çəkiyə nəzarət və vitaminlər, mikro- və makroelementlərin kifayət qədər qəbul edilməsi.

Əlbəttə, insan bütün xəstəliklərdən sığortalana bilməz, lakin bir çox xəstəliklərin təhlükəsini aradan qaldırmaq və ya azaltmaq mümkündür. Qadın sonsuzluğunun profilaktikası ilk növbədə qadının öz sağlamlığına qayğı göstərməsini, risk amillərdən uzaq olmasını, mütəmadi olaraq həkimə baş çəkməsini nəzərdə tutur.

  • Sonsuzluğun qarşısı necə alına bilər?

Sonsuzluq problemlərindən əziyyət çəkən cütlüklərdə problem həm kişilərdə, həm də qadınlarda bərabər şəkildə, bəzən hər iki şəxsdə problem aşkar edilə bilər.Sonsuzluq problemlərindən əziyyət çəkən cütlərin təxminən 10-15% -ində nə qadın, nə də kişidə heç bir səbəb tapılmır.
Bəzi fərdlərdə və ya bir cəmiyyətdə sonsuzluq problemlərinə səbəb ola biləcək risklərin qarşısını almaq və ya minimuma endirmək üçün bəzi tədbirlər görülə bilər.

Siqaret, spirt, narkotik kimi zərərli vərdişlərdən qaçın.
Stresdənn uzaq durun
Sağlam yemək qaydalarına diqqət yetirin, həddindən artıq kilo almayın.
Qadınların hər il müntəzəm ginekoloji müayinə olması bəzi xəstəliklərin erkən diaqnozu ilə sonsuzluğun qarşısını almaqda kömək edə bilər.
Cinsi yolla ötürülən bəzi xəstəliklər kişilərdə və qadınlarda sonsuzluq problemlərinə səbəb olur. Bu səbəblə belə xəstəliklərin qarşısını almaq üçün risk yarada biləcək əlaqələrdən qaçınmaq və ya qoruyuculardan istifadə edilməsi vacibdir.
Risk yarada biləcək əlaqələrdə qoruyucu istifadə edilməli və insanların bu barədə məlumatlandırılması. – Cəmiyyətdə cinsi yolla ötürülən xəstəliklər üçün riskli şəxslər müntəzəm olaraq yoxlanılmalıdır.
Evlilik, hamiləlik və planlar zamanı yaş faktorunu nəzərdən keçirmək lazımdır, çünki yaş artımı xüsusilə qadınlarda reproduktiv potensialı azaldır.
Əgər kimyəvi maddələrlə əlaqəli bir iş yerində işləyirsinizsə, bu maddələrlə nəfəs almanın və ya kontaktda olmanın sonsuzluqla əlaqəli olub olmadığını araşdırmaq lazımdır.
Kişilərdə enməmiş testis və ya varikosel kimi sperma keyfiyyətini azaldacaq xəstəliklərin erkən aşkarlanması və müalicə edilməlidir.

 

0 şərh