Uşaqlarda miyopiya

Miopiya (yaxından görmə) – gözün şüa sındırma qüvvəsinin (refraksiya) qüsuru olub, təsvirin gözün kökündə, torlu qişada deyil, onun önündə fokuslanması ilə xarakterizə edilir. Miopiya zamanı insan uzaq məsafədə yerləşən əşyaları aydın şəkildə seçə bilmir, yaxını isə əksinə, yaxşı görür. Belə şəxslərdə göz yorğunluğu, baş ağrıları, qaranlıqda görmənin pozulması müşahidə edilir. Diaqnostika prosesində vizometriya (görmənin yoxlanması), skiaskopiya, refraktometriya, oftalmoskopiya, biomikroskopiya, gözün ultrasəs müayinəsi aparılır. Miopiyalı pasiyentlərə mənfi göstəricili, səpələyici linzalarla eynək və ya kontakt linzalar təyin olunur. Yaxından görmənin cərrahi üsullarla (lensektomiya, fakik linzaların implantasiyası, radial keratotomiya, keratoplastika, kollagenoplastika) və ya Eksimer lazer cərrahiyyəsinin (LASEK, FRK və s.) köməyilə korreksiyası mümkündür.
Uşaqlarda miyopiya

Miopiyanın yaranma səbəbləri hansılardır?
Normada uzaq əşyalardan gələn paralel şüalar gözün optik mühitlərini keçərək, torlu qişada fokuslanır. Miopik gözdə isə təsvir torlu qişanın önündə formalaşdığından uzaqdakı obyektlərin şəkli bulanıq alınır. Yaxında yerləşən əşyalardan şüalar bir-birilərindən uzaqlaşaraq, gözün optik mühitində sınır, torlu qişada toplanır və aydın təsvir əmələ gətirirlər.
Uzaq obyektlərin normal şəkildə görünməsi üçün paralal şüaların istiqaməti xüsusi səpələyici linzalar (eynək və ya kontakt) vasitəsilə dəyişdirilir. Linzanın sındırma qüvvəsi (miopik gözün refraksiyasını azaltma qabiliyyəti) dioptriya ilə ifadə olunur. Miopiyanın dərəcəsi «-» işarəsi ilə qiymətləndirilir.
Yaxından görmənin əsasında gözün optik sisteminin sındırma qüvvəsi ilə onun oxunun uzunluğu arasındakı uyğunsuzluq dayanır. Bununla əlaqədar miopiya buynuz qişanın və büllurun sındırma qüvvəsinin normal olduğu halda optik oxun izafi uzunluğu fonunda yarana bilər. Miopiyalı xəstələrdə gözün forması ellipsi xatırladır, onun uzunluğu isə 30mm və daha çox ola bilər (yetkin insanlarda gözün normal uzunluğu 23-24mm-dir). Göz 1 mm uzandıqda, miopiyanın dərəcəsi 3 dptr artır.
Bir sıra hallarda miopiya zamanı gözün optik oxunun uzunluğu normal olsa da (24mm), optik sistemin həddindən artıq güclü sındırma qüvvəsi (>60dptr) qeydə alınır. Bəzən isə qarışıq mexanizmə – hər iki defektin müştərək şəkildə formalaşmasına rast gəlinir.
Əksər xəstələrdə miopiya irsi xarakter daşıyır. Valideynləri miopiyadan əziyyət çəkən uşaqlarda bu patologiya 50% hallarda inkişaf edir. Ata və ananın görmə qabiliyyəti normal olduqda isə yalnız 8% uşaqlarda miopiya aşkarlanır. Miopiyanın ən çox rast gəlinən səbəblərinə vizual yüklənmə, iş yerinin qeyri-kafi işıqlandırılması, kompüter və ya televizora alüdəçilik, nəqliyyat vasitələrində kitab oxumağa meyllik aiddir.
Bir çox xəstələrdə həqiqi yaxından görmə siliar (akkomodasion) əzələnin yüklənməsi və akkomodasiya spazmı ilə əlaqəli olan psevdomiopiyadan (yalançı miopiyadan) sonra inkişaf edir. Miopiya digər göz xəstəlikləri ilə – astiqmatizm, çəpgözlük, ambliopiya, keratokonus, keratoqlobusla müşayiət oluna bilər. Göz qişalarının mikrosirkulyasiyasını pisləşdirən doğuş və ya kəllə-beyin travmaları, keçirilmiş infeksiyalar, hormonal dəyişikliklər, intoksikasiyalar görmə funksiyasına mənfi təsir göstərir. Mn, Zn, Cr, Cu və s. mikroelementlərin çatışmazlığı, miopiyanın düzgün korreksiya olunmaması, patologiyanın proqressivləşməsinə gətirib çıxarır.

Miopiyanın təsnifatı necədir?
Miopiya anadangəlmə (göz almasının bətndaxili inkişafının pozulması ilə əlaqəli) və qazanılmış (əlverişsiz amillərin təsirindən inkişaf edən) olur. İnkişaf mexanizminə əsaslanaraq, yaxından görmənin ox (göz almasının ölçüsü böyüdükdə) və refraksion formaları (optik mühitin sındırma qüvvəsi həddindən artıq güclü olduqda) ayırd edilir.
Yaxından görmənın il ərzində 1 dioptriyadan çox yüksəldiyi hallar proqressivləşən miopiya kimi qiymətləndirilir. Miopiyanın dərəcəsi daim artırsa, bu onun bədxassəliliyindən xəbər verir. Belə vəziyyətlər adətən əlilliklə nəticələnir. Stasionar miopiya proqressivləşmir və linzaların (eynək və ya kontakt) köməyilə korreksiya olunur.
1-2 həftə davam edən tranzitor (müvəqqəti) miopiya büllurun ödemləşməsi və onun sındırma qüvvəsinin artması nəticəsində yarana bilər. Belə hallara hamiləlik, şəkərli diabet fonunda, kataraktanın ilkin mərhələsində, kortikosteroidlərin və ya sulfanilamidlərin qəbulu zamanı rast gəlinir.

Refraktometriyanın nəticələrinə və tələb olunan korreksiyaya əsasən miopiyanın 3 dərəcəsi qeyd olunur:

    zəif dərəcəli –  < -3 dptr.
    orta dərəcəli – -3,25 – 6 dptr.
    yüksək dərəcəli – -6 dptr.-dan çox

Yaxından görmənin dərəcəsi – 30 dioptriyaya qədər yüksələ bilər.
 
Miopiyanın əlamətləri hansılardır?
Uşaqlarda miopiya uzun müddət simptomsuz gedir və əksər hallarda profilaktik oftalmoloji baxış zamanı təsadüfən aşkarlanır. Adətən miopiya məktəb illərində inkişaf edir və ya proqressivləşir. Bu da uşaqların intensiv vizual yüklənmələrlə qarşılaşması ilə əlaqədardır. Uşaqlar lövhədəki yazıları aydın seçə bilmədiyindən ora yaxınlaşırlar və ya gözlərini qıyırlar. Miopiyalı insanlarda həmçinin qaranlıqda görmə pozulduğundan onlar axşam toran düşən vaxtda çətinliklə hərəkət edirlər.
Miopiyanın əlamətləri

Gözün daim məcburi gərginliyə məruz qalması onun yorulmasına – əzələ astenopiyasına gətirib çıxarır. Belə hallarda göz yuvası, o cümlədən alın, gicgah nahiyəsində güclü ağrılar meydana çıxır. Miopiya fonunda heteroforiya, monokulyar görmə və xarici müştərək çəpgözlük inkişaf edə bilər.
Proqressivləşən yaxından görmə zamanı bir müddətdən sonra eynək və linzalar miopiyanın dərəcəsinə  uyğun olmadığından pasiyentlər tez-tez onları dəyişmək məcburiyətində qalır. Miopiyanın proqressivləşməsi göz almasının ön – arxa oxunun uzanması ilə əlaqədar olub, adətən yetkinlik dövründə rast gəlinir. Gözün ön-arxa oxunun uzanması göz yarığının genişlənməsi ilə müşayiət olunur, bu da ekzoftalma (dombagözlük) gətirib çıxarır. Ağlı qişa gərilir və nazilir, asanlıqla sezilən damarlar ona göy çalar verir. Şüşəyəbənzər cismin destruksiyası göz önündə tor və ya qara nöqtələrin olması ilə təzahür edir.
Miopiyanın əlamətləri
 
 
Miopiyanın müalicəsi necə aparılır?
Miopiyanın korreksiya və müalicəsi konservativ (medikamentoz terapiya, eynək və yaxud kontakt linza korreksiyası), cərrahi və ya lazer üsullarla icra olunur. İldə 1-2 dəfə təkrarlanan medikamentoz kurslar miopiyanın proqressivləşməsinin qarşısını alır. Xəstələrə fiziki yüklənmələri məhdudlaşdırmaq məsləhət görülür. Onlara akkomodasiya spazmını aradan qaldırmaq və proqressivləşməni ləngitmək üçün üçün midriatiklər (kiçik dozada atropin məhlulu), B və C vitaminləri, nootrop vasitələr (pirasetam, qopanten turşusu), fizioterapevtik müalicə (lazeroterapiya, maqnitoterapiya, boyun-yaxalıq zonasının masajı, refleksoterapiya) təyin olunur.
Orta dərəcəli miopiya zamanı görmənin korreksiyasında orto – keratoloji (gecə) linzalarından istifadə oluna bilər. Bu linzalar gecə yatarkən gözə taxılır və istifadəsində əsas məqsəd buyuz qişanın quruluşunu dəyişməkdir. Ancaq bu üsul bir sıra ağırlaşmalara səbəb olduğundan geniş istifadə olunmur.
Yaxından görməni korreksiya etmək üçün səpələyici (mənfi) linzalarla eynək və ya kontakt linza seçilir. Akkomodasiya ehtiyatını qorumaq üçün natamam korreksiya aparılır. -3 dioptriyadan yüksək olan miopiya hallarında bifokal linzalı və ya 2 cüt eynək təyin edilir.
 
Mənbə: dreminalihuseynli.az
 

0 şərh