Təmizliyə qəlbimizdən başlayaq!


Təmizlik gözəl şeydir, ancaq ən böyük təmizlik ətrafımızdakı deyil, içimizdəki təmizlikdir. Yaxşı olar ki, ətrafımıza göz gəzdirdiyimiz kimi, içimizə də nəzər salmağı bacaraq, bizi köləyə çevirən, başqalarının qarşısında alçaldan, ləyaqətimizi tapdalayan çirkablardan qurtarmağa çalışaq.

 İnsanın ən böyük düşməni elə onun içindədir. Buna görə də gərək həyətimizdəki zibili aparıb atdığımız kimi, içimizdəki xəbis duyğuları, hisi-pası da qoparıb atmağı bacaraq. Evimizin küncündəki qurumu, tozu silib atdığımız kimi, içimizdəki paxıllığı, qısqanclığı da silib ata bilək.

Kəndlərdə hər il novruzqabağı bəzi yerləri əhənglə ağardır, bəzi yerləri isə boya ilə boyayırlar. Bütün bunlar zahiri şeylərdir. Ən gözəl təmir, ən gözəl bayram insanın içindəki qüsurlardan, naqisliklərdən, mənfiliklərdən qurtula bilməsidir. Bayram onda bayram olur ki, biz onun gözəlliyini qəlbimizdə hiss edirik, əgər içimiz qan ağlayırsa, gözümüz onun-bunun malını-pulunu sayırsa, nə süfrəmizdəkinin bir bərəkəti olar, nə də yediyimizin bir dadı. Xoşbəxt ailə yavan çörəyi ilə, quru sözü ilə ovunmağı bacarandır. Xoşbəxt o insandır ki, yoldaşının uğurunu öz uğuru bilib, uşaq kimi sevinir. Yəni xoşbəxtlik təkcə süfrələrin aşıb-daşmasında yox, ürəklərin xoş hisslərlə dolmasındadır.

Etiraf edək ki, bu bayrama çoxdan hazırlaşırıq. Plov üçün lazım olan hər şey alınıb: şəkərbura, paxlava, cürbəcür meyvə quruları, qovurğa, küncüt, hamısı öz yerində, yumurtalar boyanıb. Qapımıza torba atılsa, içinə qoymaq üçün şirniyyat tədarükü də görülüb. Yəni artıq Novruza hazırıq. Dediyimiz kimi, bu hazırlıq zahiridir. Bəs könlümüzü, duyğularımızı necə, nəzərdən keçirə bilmişikmi? Nəyimiz çatır, nəyimiz çatmır, müəyyən edə bilmişikmi? Kiminsə qapısına gedib: “Bağışla, filan vaxt sənin ürəyini sındırmışam”,-deyə bilmişikmi, yaxud deyə biləcəyikmi?

Qəlbimizi təmizləyək. Könlümüzdə hər şey yerbəyer olsa, münasibətlərimizi sahmana sala bilsək, qalan şeylər öz-özünə düzələcək. Süfrədəkilərin azlığına-çoxluğuna çox da əhəmiyyət verməyin. Uzaqbaşı süfrənizdə şam olmayacaq, ya da ki aş qarasına şabalıd yerinə, ərik qurusu qoyacaqsınız. Bir də olsa-olsa, balıq olmayacaq. Canınız sağ olsun, toyuq qızardarıq. Məsələ içimizdəki problemləri həll etməkdədir.

Bayramın dadı süfrədə yox, könüldədir. Könüldə bayram ovqatı olmasa, yediyinin damaqda dadı olmaz. Münasibətlərimizi məcrasına oturtmağa çalışaq ki, bir-birimizin üzünə təbəssümlə baxıb, “bayramın mübarək!” deyə bilək. Bunu bacarsaq, bayram da bayram olar.

 

0 şərh