Özünü aldatma, səmimi ol!

Ozunu aldatma, səmimi ol!Bu məqalədə insan şəxsiyyətinin gizli meyarlarından biri olan səmimiyyətdən bəhs etmək istəyirəm. Səmimiyyətin nə olduğunu bir neçə sadə cümlə ilə izah edək: İnsanın daxili ilə xarici aləminin bir olması. Süni hərəkətlər etməmək. Dürüst olmaq. Özünü olduğundan fərqli göstərməmək. İnsanlardan əsl düşüncələrini gizlətməmək. Qəlbindəki hisslərini qarşısındakı insana olduğu kimi söyləmək. Təbii olmaq.

Lakin bəzi insanlar səmimiyyət məfhumunu düzgün qiymətləndirmirlər. «Səmimi olduğum üçün hər zaman haqsızlığa məruz qalıram.» "İnsanlar səmimi olmağımdan istifadə edir." və s. kimi düşüncələrdə olanlar, əlbəttə ki, yanılırlar. Çünki səmimiyyət elə bir gücdür ki, bunun insanlar üzərində dərin təsir oyatmaması mümkün deyil.

Səmimi insanın hərəkətləri, danışığı, gülüşü, baxışı, bir sözlə, hər şeyi çox təbiidir və bundan da təsirlənməyən insan çox azdır. Amma bəzi insanlar da vardır ki, səmimiyyətin qazandırdığı gözəllikləri süni hərəkətlərlə əldə etməyə çalışırlar. Məsələn, ürəyi istəmədiyi halda, hər zaman gülərüz olurlar ki, insanlar onların haqqında yaxşı düşünsünlər. Desinlər ki, optimistdir, mehribandır, ətrafa müsbət enerji saçır və s.

Səmimiyyətsiz insanlar cəmiyyət içində hörmət, izzət qazanmaq üçün qarşısındakı insanların istədiyi şəkildə görünməyə cəhd edirlər. Yəni başqa şəxsiyyətə bürünürlər. İnsanların hansı hərəkətlərdən, sözlərdən xoşlandığını nəzərə alaraq içlərindən gəldiyi kimi deyil, onların istədiyi kimi hərəkət edirlər. Hər insanın fərqli xarakterdə olduğunu nəzərə alsaq, səmimiyyətsiz insanların vəziyyətinin necə çətin olduğunu düşünün. Hər insan qarşısında onu razı salacaq şəxsiyyət nümayiş etdirmək nə qədər qorxuncdur.

Yüzlərlə şəxsiyyəti olan ruhən narahat insanlar. Bu insanlar heç vaxt həyatdakı gözəl nemətlər olan sevgidən, dostluqdan həqiqi mənada zövq ala bilmirlər. Çünki səmimiyyətsizliyin doğurduğu ikiüzlülük insanlara heç də yaxşı təsir bağışlamır. Səmimiyyətsiz insanlardan hər kəs uzaq durur, onlarla dostluq münasibəti qurmurlar. Belə insanları heç vaxt sevmirlər, heç bir mövzuda inanıb onlara etibar etmirlər. Sadəcə olaraq müəyyən zaman və məkan daxilində məcburən bu insanlara «dözürlər.» Ya da onlardan hər hansı mənfəət umaraq süni yoldaşlıq edirlər.

Qeyri-səmimi insan ən cox ozunə zərər vurur.Səmimiyyətsiz insanlar saxta hərəkətləri ilə əslində, özlərini alçaldırlar. Bununla həm də onları yaradan Allah'a qarşı hörmətsizliklərini ifadə edirlər. Onlar anlamalıdırlar ki, əsl hisslərini, düşüncələrini kimdən gizlətsələr də, Allah'dan gizlədə bilməzlər. Allah onları özlərindən belə yaxşı tanıyır.

Bu insanlar düşünürlər ki, onlara ən yaxın olan, yenə özləridir. Buna görə belə rahat-rahat əsl şəxsiyyətlərini gizlətməyə çalışırlar. Amma yanılırlar. Onlara özlərindən belə yaxın olan, bir quran ayəsində deyildiyi kimi, insana şah damarından belə daha yaxın olan bir Varlıq var. O da Allah'dır. Bu üstün Varlıqdan əsl şəxsiyyətimizi qətiyyən gizlədə bilmərik. Ona görə də, nə Allah'ımızı, nə də ki, özümüzü aldatmağa çalışmayaq.

Rahat olaq. İnsanların düşündüklərimizə, hərəkətlərimizə necə reaksiya verəcəklərini özümüzə dərd etməyək. Nəyi vicdanən doğru biliriksə onu edək. Özümüzə «Necəyiksə bizi elə də qəbul etsinlər» təlqinini aşılayaq. Biz Allah qarşısında, sonra öz vicdanımız qarşısında etdiklərimizə görə məsuluq, insanlar qarşısında deyil...

Müəllif: Nuridə Nuriyeva
Müəlliflə əlaqə: https://www.facebook.com/people/Nurid%C9%99-Nuriyeva/100006559020167

 

2 şərh

pascal
Bəyəndim bu mövzunu. :)
Mənim də insanlarda aradığım və dəyər verdiyim ilk xüsusiyyət -  səmimilikdir. 
Talibzade
Əllərinizə sağlıq. Çox düzgün və maraqlı məqalədir. Mən özümə istinadən yalnız bunu deyə bilərəm. Nə səmimi olmağa çalışmıram, nə də ətrafdakı insanların məni bəyənməsinə çalışıram. Sadecə olduğum kimiyəm. Qarşımda olan insanları da necə varsa o cür olduqları kimi qəbul edirəm. Bilirsiz məncə insanların əksəriyyətinin səmimilikdən uzaqlaşmasının səbəbi ondadır ki, biz insanların bir-birimizi ən kiçik belə səhlərimizə görə mühakimə etməyimizdir.Məhs bu mühakimə olunmaq qorxusu da bir çoxlarımızı səmimilikdən uzaqlaşdırır. Çünki çox səmimi davrananlara da başqa adlar qoyanda elə bizim cəmiyyətimizdir. O cəmiyyətimiz ki, sərbəst fikir bildirən, yaxşı mənada açıq sözlü və səmimi davranan insanlara dırnaqarası baxır.  Demək olar özünü dərk edən hər bir insan səmimiyyətin gözəlliklərindən danışmağa başlayır. Necə də gözəldir bunu aşılamaq. Amma gəlin ilk öncə bir-birimizi anlamağa və mühakimə etməməyə çalışaq ki, qarşımızdakı insanlar cəsarətlərini itirərək qeyri səmimi davranmasınlar.