Qrafik informasiyanın kodlaşdırılması

Təqdimolunma formasından (rastr və ya vektor) asılı olmayaraq, qrafik informasiya kompüterin ekranında rastr formatında kodlaşdırılır. Bu zaman hər bir görüntü rəngli nöqtələrdən – piksellərdən təşkil edilmiş düzbucaqlı cədvəldən ibarət olur. Hər bir nöqtənin rəngi və parlaqlığı ədədlə ifadə olunur ki, bu da qrafik informasiyanı təqdim etmək üçün ikilik koddan istifadə etməyə imkan verir.
Görüntünün bir pikselinin rəngini kodlaşdırmaq üçün istifadə olunan bitlərin miqdarına rәng dәrinliyi deyilir. Bildiyiniz kimi, 1 bitlə 2 rəngi (21), 2 bitlə 4 rəngi (22), 4 bitlə 16 rəngi (24), 8 bitlə 256 rəngi (28) kodlaşdırmaq mümkündür. Rəqəmsal videoda rəng dərinliyi üçün 15 bit yetərli olur. Rənglərin gerçək foto keyfiyyətində olması üçün ən azı 24 bit lazımdır. Qrafik faylın həcmini tapmaq üçün onun uzunluğunda və enində olan piksellərin sayını (uyğun olaraq, a və b) və rəngin dərinliyini (n) bilmək lazımdır. Onda qrafik faylın həcmi (V) aşağıdakı düsturla hesablanacaq:
V = a · b · n
Monitorda istənilən rəng üç əsas rəngin qarışığından alınır: qırmızı (Red), yaşıl (Green) və göy (Blue). Belə kodlaşdırma sistemi RGB adlanır («er-ci-bi» kimi oxunur). Bu rəngləri müəyyən nisbətdə qarışdırmaqla insan gözünün qəbul edə biləcəyi istənilən başqa rəngi almaq olar; heç bir rəngin olmaması qara rəngi, hər üç rəngin 100% olması isə ağ rəngi verir.
Əgər bu üç əsas rəngin hər birinin parlağlığını kodlaşdırmaq üçün 8 bitdən (256 qiymətdən) istifadə olunsa, onda görüntünün hər bir nöqtəsini kodlaşdırmaq üçün 24 bit lazımdır. Belə kodlaşdırma sistemi birqiymətli olaraq 16,8 milyon rəngi müəyyənləşdirməyə imkan verir. Rəngli görüntülərin 24 bitlik ikilik ədədlər vasitəsilə belə kodlaşdırılması tam rәngli (True Color) kodlaşdırma adlanır. Çap işlərində üç əsas rəngdən deyil, tamamlayıcı rәnglәrdәn istifadə edilməsi daha əlverişli olur. Tamamlayıcı rənglər bunlardır: abı (Cyan), sırğaçiçәyi (Magenta) və sarı (Yellow). Boyaq maddələri mükəmməl olmadığından bu rənglərin qarışığından ideal qara rəng alınmır. Ona görə də çapda qara (Black) rəng ayrıca istifadə olunur. Belə kodlaşdırma sistemi CMYK adlanır («smik» kimi oxunur); qara rəng K hərfi ilə göstərilib ki, göy rəngdən ayrılsın.
Çox yüksək dəqiqlik tələb olunmadıqda rəngi göstərmək üçün daha az sayda bitdən istifadə olunur. Məsələn, görüntülərin 16 bitlik ikilik ədədlər vasitəsilə kodlaşdırılması High Color adlanır. Belə görüntülərin həcmi (diskdə tutduğu yer) tam rəngli (True Color) görüntülərlə müqayisədə daha az olur (əlbəttə, keyfiyyət də aşağı olur).


Müəllif: Mahmudzadə Ramin Əli Nazim oğlu, Sadıqov İsmayıl Calal oğlu,İsayeva Naidə Rizvan qızı
Mənbə:İnformatika Ümumtәhsil mәktәblәrinin 9-cu sinfi üçün dәrslik
 

0 şərh