Solaxaylıq

Orta əsrlərdə solaxaylıq iblis əməli hesab edilirdi. Xaçpərəstlər bunu şər qüvvələrlə bağlayırdılar. Belə münasibət nağıllarda da özünü göstərir. Bir çox Şərq və Qərb nağıllarında “sağla getsən xoşbəxtlik, solla getsən bədbəxtliklə üzləşəcəksən” ifadəsinə rast gəlirik. Müasir dövrümüzdə də solaxaylar üçün bütün qapılar açıq deyil. Misal üçün, Yaponiyada ər arvadının solaxay olduğunu bilsə, onu boşaya bilər.
Alimlər indiyədək solaxaylığın yaranma səbəbləri ilə bağlı ümumi fikrə gələ bilməyiblər. Ən geniş yayılmış mülahizə beynin sağ və sol yarımkürələri arasındakı funksiyanın bölüşdürülməsi ilə bağlıdır. 1921-ci ildə psixologiya ilə bağlı nəşrlərin birində solaxaylar kəmağıllar kimi göstərilirdi. XX əsrin sonunda isə tamam başqa nəzəriyyə ortaya çıxır. Bir sıra dahi şəxsiyyətlərin, rəssamların, ixtiraçıların, aktyorların solaxay olduğu nəzərə alınaraq, bu təzahür dahiliyin əlaməti kimi qiymətləndirilməyə başlanır.
Mövzu ilə bağlı söhbətləşdiyimiz psixoloq Azad İsazadə solaxay adamların beyinlərinin sağ yarımkürəsinin daha çox inkişaf etdiyini söylədi: “Tibbi-bioloji baxımdan solaxayları normal saymaq olar. Burada  söhbət beyinin bir yarımkürəsinin o birinə nisbətdə yaxşı inkişaf etməsindən gedir. Amma onu da deyim ki, solaxaylıq anadangəlmə olur, onu sonradan qazanılmış vərdiş adlandırmaq olmaz. Buna baxmayaraq solaxay uşaqları hələ balaca ikən sağ ələ öyrətməyə çalışırlar. Bu gün desək ki, Azərbaycanda uşaqların 10 faizi solaxaydır, düzgün olmaz, çünki statistika daha çox solaxay olanların sağ əllə yazan kimi təqdim edildiyini göstərir”.
solaxay adamA.İsazadənin fikrincə, solaxaylar içərisində xüsusi istedada malik olanların sayının çox olması fikri şişirdilib: “Solaxaylar içərisində hər cür insanlara rast gəlmək olar. Solaxay insanlar evdə olarkən ata-ananın tənəsinə diqqət yetirməsə də, ilk məktəbə gedən zamanlarda müəllimdən tutmuş şagirdlərə qədər hamı ona diqqət yetirir. Bu da istər-istəməz kompleks yaradır”. Eyni zamanda bəzi mütəxəssislər solaxaylığın beynin quruluşundan asılı olaraq, irsən keçən psixi hərəkət hesab edir. Sağ əl beynin sol yarımkürəsi, sol əl isə sağ yarımkürəsi ilə idarə edilir. Alimlərə görə, istənilən informasiyanı sağ yarımkürə daha tez mənimsəyir. Və bu üzdən də solaxaylar informasiyanı tez və effektli qəbul edirlər.
Azad İsazadə əksər valideynlərin uşaqlarının solaxay olduğunu bildikdə onları sağ vərdişli etməyə çalışdıqlarını dedi: “Sağ ələ keçmə solaxaylar üçün əsl stressdir. Balaca solaxayın problemi onun əlindəki qələmi soldan sağa keçirmək istədikdə başlayır. Qətiyyən belə etmək olmaz. Əks halda uşaqda nevroz, diqqətsizlik, yaddaşın zəifləməsi və yazıda problemlər yarana bilər”.
Psixoloq uşaq yaşından solaxaylığı müəyyən etməyin bir neçə üsulunun olduğunu dedi: “Aparıcı gözü müəyyənləşdirmək üçün kağız vərəqini boru şəklində burun və uşaqdan onun vasitəsilə nəyəsə baxmağı xahiş edin. O, ”boru«nu hansı gözünə tutsa, o da “əsas” sayılır. “Əsas” qulağı tapmaq üçün isə stolun üstünə saat qoyun. Uşağa onun taqqıltısına qulaq asmağı təklif edin. Hər şey onun hansı qulağı ilə qulaq asacağından asılı olacaq. Əli müəyyən etmək isə daha asandır. Uşağın hansı əllə qaşıq tutduğuna, şəkil çəkdiyinə, topu atdığına diqqət edin. Amma “imtahanın” məqsədini uşağa bildirməyin».
Solaxayların, adətən geniş fantaziyaları, hissiyyatları, musiqi duyumları və yaxşı yaddaşları olur. Bundan başqa, onlar istənilən məkanda asanlıqla istiqamətlənir, orijinallığı və obrazlı düşüncələri ilə fərqlənirlər. Buna səbəb solaxaylarda adı çəkilən keyfiyyətlərə cavab verən beynin sağ yarımkürəsinin inkişafıdır. Sağ vərdişlilərdə inkişaf etmiş sol yarımkürə isə riyazi bacarıqlar, məntiqi düşüncə və oxuma-yazma texnikasına görə cavabdehdir.
Solaxayların bəziləri “solaxaylıq kompleksi”ndən əziyyət çəkirlər. Problem onların azlığındadır. Həyatda həqiqətin güclülər və ya çoxluğun tərəfində olması faktdır. Əgər uşağa onun əksəriyyətdən fərqləndiyi deyilməsə, problem olmaz. Psixoloqların fikrincə, solaxay uşaqlarda kompleks valideynlərin günahı ucbatından yaranır. Bəzən isə buna müəllim, məşqçi və s. diqqət edir. Belə halda həmin adamlarla söhbət aparmaq lazımdır. Əks halda uşaq özünə qapalı və qaraqabaq ola bilər.

Solaxayların sol əlini çox erkən yaşlardan inkişaf etdirmək lazımdır. Onlar adətən, şəkil çəkəndə, plastilindən nəsə yapdıqda ehtiyatsız olurlar. Buna səbirlə yanaşmaq lazımdır. Yaddan çıxarmayın ki, belə uşaqlar obrazlı fikirləşir və yaradıcı olurlar. Belə uşaqlardan biri də Hollivud aktyoru Tom Kruz olub. O,  uşaq yaşından solaxay olduğundan valideynləri sol əlini arxaya bağlayırlarmış. Bunun nəticəsində Kruzun nitqində problem yaranıb. Valideynlər bundan sonra onun solaxaylığını inkişaf etdirməyə başlayıb.

Solaxaylar məişətdə digərlərindən fərqli olaraq, daha tez-tez narahatlıqlarla üzləşirlər. Çünki istifadə etdiyimiz bütün əşyalar və mexanizmlər sağ əl üçün nəzərdə tutulub. Solaxay sağ əllə işləməyi öyrənə bilər, amma dərhal reaksiya göstərmək lazım gəldikdə o, bilmədən solla hərəkət edəcək.
Solaxayların üstünlükləri də var. Məsələn, onlar çəngəl və bıçaqla yeməyə tez alışırlar. Sağ vərdişlilər üçün çəngəli sol əldə tutmaq nə qədər çətindirsə, solaxaylar üçün heç bir problem yoxdur. İdman sahəsində də üstünlük çox vaxt solaxayların tərəfində olur. Alimlərin fikrincə, solaxayların sayının artması cəmiyyətin intellektual səviyyəsini qaldırır. Son yüz ildə Böyük Britaniyada solaxayların sayı dörd dəfə artıb. Bunun səbəbini qadınların daha yaşlı vaxtlarında ana olmaları ilə əlaqələndirirlər. London Universitetinin tibb fakültəsinin alimləri bildirirlər ki, solaxayların sayının artması cəmiyyətin intellektual səviyyəsinin yüksəlməsi və hətta riyaziyyat, incəsənət və idman sahələrində əsl dahilərin yaranmasına gətirə bilər.

Solaxaylar, əsasən yaradıcı istedadlarına görə fərqlənirlər. Rəssamlar, artistlər, siyasi xadimlər arasında onlar çoxluq təşkil edirlər. Tanınmış şəxsiyyətlər arasında Barak Obama, Mikelancelo, Leonardo da Vinçi, Yuli Sezar, Janna d”Ark, Napoleon, Uinston Çörçil, ingilis kraliçaları Viktoriya və Yelizaveta, şahzadə Çarlz və onun oğlu şahzadə Vilyam, tanınmış fizik Maksvell, Bill Klinton, Pele, kompüter milyarderi Bill Geyts, Merilin Monro, Pol Makkartni, Robert De Niro, Tom Kruz və Nikol Kidman solaxaydırlar. Əlbəttə ki, siyahını artırmaq da olar.
Maraqlıdır ki, solaxaylar suyun altında çox yaxşı görürlər. Onlardan ekstrasens də çıxır. Statistikaya görə, dünya əhalisinin 8 faizi solaxay, 42 faizi sağvərdişlidir. Qalan 50 faizi isə xüsusi qrup — qatışıq tipdir.
Biz də tanımış şəxslər arasında solaxay insanların axtarışına çıxdıq. Necə deyərlər, əlimizin altında qəzetimizin iqtisadiyyat söbəsinin müxbiri Leyla Əliyeva olduğundan, ondan solaxaylığın jurnalist fəaliyyətinə necə təsir edib-etmədiyini öyrəndim. Həmsöhbətim solaxaylığın vərdiş olduğunu düşünənlərdəndir: “Hələ 5 yaşım var idi. O zaman ”M" hərfini sol əllə yazırdım. Daha sonra məktəbə getdim. Həmişə məktəbdə şagirdlər mənə qəribə nəzərlə baxırdılar. Ona görə utanırdım. Amma bununla belə, sağ əlimlə yazmağa çalışmırdım, heç evdən də məcbur etmirdilər".
Amma jurnalist olaraq sol əllə yazmaq da ona asan başa gəlməyib: “Bütün mətbuat konfransında jurnalistlər baxırdılar. Mən onlara nisbətən daha tez-tez yazırdım. Onlar bir vərəqi doldurana qədər, mən  üçüncü vərəqə keçirdim. Həm də mən möhkəm yazıram. O biri səhifəyə hərflər aydın qeyd olunur”.
Tənqid dolu baxışlara rəğmən, Leyla solaxaylıqdan çəkinmədiyini dedi: “Bir tərəfdən baxanda mən sağ əllə yazanlara nisbətən tez yoruluram, ürəyimdə ağrılar olur, amma fərqli olduğunla fəxr edirəm. Xüsusən də ”Bizim əsr" qəzetində işləyəndə Məqsəd Nurun dedikləri sözlərdən sonra kompleksim yox oldu. O dedi ki, Klinton kimi şəxsiyyət solaxay olub. Bundan sonra daha da həvəsləndim".

Nailə RÖVŞƏNQIZI
loading...

1 şərh

Medikamentoz
Solaxaylıq da altıbarmaqlılıq kimi tabu şəklində gizlədilən ancaq sadəcə sırf təbii bir prosesdir.Bunu norml qarşılamaq lazımdır,çox da şişirtmək də lazım deyil.