Həcc ziyarəti

Bir dəfə Buxara əmiri həccə getmək qərarına gəlir.O,çox varlı idi,karvan içərisində ondan dövlətlisi yox idi.Yüzdən yuxarı yüklü dəvəsi olan bu əmir bəzəkli kəcavədə oturub səhrada yırğalana-yırğalana yol gedirdi.Ona nə lazım idisə hər şeyi var idi.Onunla birlikdə,dövlətlilərlə bərabər,yoxsullar dəstəsi də həccə gedirdi.Onlar Ərəfata çatdıqda,ayaqyalın,başıaçıq,ac-susuz,ayaqları qabar çalmış bir dərviş əmiri o təmtəraqla gördükdə üzünü ona çevirib deyir:"Qiyamət günü səninlə mənim mükafatım eyni olacaqdır,amma sən gör nə naz-nemət içərisində gedirsən,mən isə əzab və əziyyət içərisində?!"
Buxara əmiri deyir:"Allah eləməsin mənimlə sənin mükafatın eyni olsun,əgər mən bilsəydim,səninlə mənim mükafatımız hər ikisi də eyni olacaq,heç səhraya qədəm basmazdım".
Dərviş soruşur:"Nə üçün?"
Əmir deyir:"Ona görə ki,mən Allah buyruğu ilə gəlmişəm,sən isə onun əmrinə müxalif hərəkət edibsən,məni çağırıblar,mən qonağam,sən isə tüfeyli.Çağırılmış qonaq ilə çağırılmamışın hörməti eyni ola bilərmi? Haqq-taala dövlətliləri çağırmış,yoxsullara isə belə demişdir:"Özünüzü öz əlinizlə təhlükəyə salmayın!". Sən Allahın əmri olmadan,yoxsul,ac-yalavac halda çöl-biyabana çıxaraq özünü təhlükə qucağına atıbsan,allahın buyurduğuna əməl etməmisən,nəyə əsasən sən əmrə baxanlarla bərabərlik edə bilərsən? Kimin imkanı olub həccə gedirsə,o,Allahın da tapşırığını yerinə yetirmiş olur,onun da nəzəri qəbul,duası müstəcəb olur".

Mənbə:Qabusnamə kitabındandır.
 

0 şərh