Ər-arvad münasibətləri

İnsan həmişə başqalarının yanında özünü alicənab, nəzakətli və çox mədəniyyətli aparır. Cəmiyyət arasına çıxanda gözəl və yumşaq sözlərdən istifadə edir, mədəniyyətli davranır, gülümsəyir, istədiyi bir şeyi xahiş edir, üzr istəyir və sairə. O həmçinin başqalarının qarşısında gözəl görkəmdə və yaxşı ətirli görsənməyə çalışır. İnsan əsəbləşəndə və ya qəzəblənəndə öz hirsini boğmağa və hər şeyi sülh yolu ilə həll etməyə çalışır. İnsan, cəmiyyətdə əlaqələri kəsilməsin deyə bəzən öz hüquqlarından da imtina edir. Ali mədəniyyət, gözəl əxlaq və nəzakətli davranış insanlar arasında xoş əlaqələr və məhəbbət yaradır. Bütün bunları cəmiyyətdə edən insan, istər ər olsun, istər arvad, evdə də bir-birlərinə qarşı bu cür davranmalıdırlar. Başqalarına qarşı yaxşı olub, onların hörmətini qazanmaq istəyən insan, öz ailəsindən bunu necə əsirgəyə bilər?!
Burada gözəl bir məqamı xatırlatmaq istərdik. Bir ana qızını ərə verərkən, toy gecəsi ona qısaca da olsa belə nəsihət edir:
- Qızım! Böyüyüb boya-başa çatdığın evdən, tanımadığın yad bir kişinin evinə gedirsən. Sən onun qulluğunda həmişə hazır ol, o sənin nökərin olsun. Sən ona yer ol, o sənə səma olsun.

Çox qısa da olsa, dərin mənası var. "Tanımadığın yad kişinin evinə gedirsən" dedikdə, qızın fikrində istər-istəməz suallar oyanır ki, yad evdə bəs mən necə hərəkət etməliyəm. Elə bu suallara uyğun olaraq ana davam edir ki: "Sən onun qulluğunda həmişə hazır ol, o sənin nökərin olsun." Qadın ərinə daim və hər şeydə itaət etsə, ər istər-istəməz onun dediklərində imtina etməyəcək. Lakin qadın ərinə itaətdə tərəddüd edərsə və onun istəklərini ağır yerinə yetirərsə, əlbəttə kişi ağır xasiyyəti ilə onun heç bir istəyinə məhəl verməyəcək. "Sən ona yer ol, o sənə səma olsun" sözlərində çox gözəl mənalar var. Yer olmasa insan dayana bilməz, ayaq üstə dura bilməz. Qadın kişiyə məhz bu yöndən lazımdır. Onun həyatında çox böyük rol oynayır. Həmçinin kişi xanımının üzərində bulud kimi kölgə salır, onu qoruyur, ona arxa olar.
Bu sözlərdən hələ çox məna çıxarmaq olar.

Amma bu mövzunu açmaqda əsas məqsəd odur ki, qadın və kişi xaricdə və cəmiyyət arasında özünü necə yaxşı aparmağa çalışırsa, ailənin içində də elə olmalıdır. Başqalarının hörmətini və rəğbətini qazanmaq üçün dəridən, qabıqdan çıxan insan, öz həyat yoldaşı ilə də belə olmalıdır. Bu sözlər iki cinsə də aidir. Başqa xanımlara alicənablıq və mərdlik göstərən amma öz xanımı ilə kobud davranan kişinin, öz xanımından şikayət etməyə haqqı yoxdur. Həmçinin başqa kişilərə nəzakət və nəvaziş göstərən amma öz əri ilə soyuq və quru davranan qadının, öz ərindən şikayət etməyə haqqı yoxdur.

 

0 şərh