«Hər gün Aşura, hər yer Kərbala» Əli Şəriəti

1977-ci ildə İran şahı Məhəmmədrza Pəhləvi ABŞ-a səfər edib prezident Karterlə görüşür. Şahın okeanın o tayına səfər etməkdə məqsədi yaxınlaşan inqilabın qarşısını almaq və ölkədə islahatlar keçirmək üçün ABŞ-dan dəstək almaqdı. Karter açıq şəkildə şaha bildirir ki, o, artıq gecikib. Artıq İranda inqilabın baş verməsi zaman məsələsidir və ABŞ-ın şaha hər hansı bir köməyindən söhbət belə gedə bilməz. İnqilabı ancaq bir müddət saxlamaq olar. İnqilabın qarşısını almaq isə imkansızdır.

 Şahın ABŞ səfərindən iki ay sonra İngiltərədə, hələ gənc sayılacaq Əli Şəriəti adlı bir iranlı filosof evində ölü tapıldı. Əli Şəriəti yaxınlaşan İran inqilabının liderlərindən biri, «qırmızı şiəlik» və «sol islam» və «islam respublikası» ideyalarının müəllifi idi.

 Xomeynidən fərqli olaraq Əli Şəriəti ABŞ-la münasibət qurmaqdan imtina edirdi və ölümündən bir neçə həftə əvvəl şah tərəfindən İrandan sürgün olunmuşdu.

 

Üçüncü yolun memarı

 İkinci Dünya Savaşından sonra İslamın böyük üləmaları uzun mübahisələrin nəticəsi olaraq qərara aldılar ki, Şərqi, ABŞ-ın və

SSRİ-nin kolonial siyasətindən qorumağın tək yolu islamdır. Ancaq üləmalar mübarizə yolu olaraq «islam humanizmi» nəzəriyyəsini irəli sürürdülər. Yəni, səbirlə və dua etməklə allahsız kommunizmlə və müstəmləkəçi xristianlığa qarşı mübarizə aparmaq, haqq yoldan dönməmək, Allahın ədalətinə inanmaq hər bir müsəlmanın borcu olmalı idi.

 60-70-ci illərdə İranın və İraqın şiə dairələrində «üçüncü yol» ideyası davamlı müzakirə olunur və yeni konsepsiyalar irəli sürülürdü. İdeyanın müəllifi Əli Şəriəti Qərbin aparıcı fikir adamları  arasında kifayət qədər nüfuza sahib idi. Şəriəti ilə yaxından dostluq edən Sartr onu “Yeni Şərq yaradacaq ideoloq” kimi qəbul edirdi.

 Əli Şəriəti islamın «üçüncü yolu»na xilaskar (messia) faktoru gətirdi və üsyankar islam nəzəriyyəsini irəli sürdü.

 “Qara şiəlik” hüzn dinidir. «Qırmızı şiəlik» isə fədailərin dinidir». Bu şüar Şəriətinin irəli sürdüyü ən inqilabi şüarlardan biri hesab olunurdu.

 Şəriəti “Mehdini gözləməyi” və matəm içində yaşamağı rədd elədi. O, Mehdini gözləməməyi, inqilabçı islam düşüncəsi ilə Mehdini gətirməyi ideyasını irəli sürdü. Əli Şəriəti məzlum və məlul islamın əvəzinə döyüşkən, inqilabi və üsyankar islamın gətirilməsini tələb edirdi. Şəriəti xilas yolunu məhz müti islamın əvəzinə üsyankar islam proletariatının gəlməsində görürdü. Onun Mehdisi imperializmdən, şah rejiminin zülmündən və ədalətsizliyindən əziyyət çəkən xalq kütləsi idi və güclü bir sosioloq olaraq o çox haqlıydı. Xalq özünü xilas etməliydi və çıxış yolu nə modernləşmə şüarları ilə dünyanı yenidən fəth etməyə cəhd edən Qərbdə, nə də allahsız rusların vəd  etdiyi kommunizm cənnətində deyildi…

 Şəriətinin islam respublikası anlayışında həmçinin peyğəmbərin zamanındakı ilkin islama dönüş əsas rol oynayırdı. Üçüncü yolun memarına görə sosial islam dövlətini yalnız peyğəmbərin və imam Əlinin əsasını qoyduğu əsaslarla qurmaq mümkündür, bu zaman sözsüz ki, bərabərlik prinsipi hər şeydən öndə tutulmalıydı.

 

Sol radikalizmə yuvarlanan ailə

 Şəriətilər ailəsi İranda kifayət qədər tanınırdı. Əlinin babası Şeyx Şəriəti Xorasanın və bütün İranın tanınmış üləmalarından biri hesab olunurdu. Əlinin atası Məhəmməd Tağı da İranın sayılan dindarları içində yer alsa da, İkinci Dünya Savaşı sırasında solçuluğa meyl edir. İngilislərin yardımı ilə İranda taxt-tacı ələ keçirən Qacarların mehtəri Rza şah Pəhləvinin dində islahatlara başladığı vaxtlarda solçu ruhani müşrik elan olunur və  ruhanilikdən uzaqlaşdırılır. Hadisə 1935-ci ilə təsadüf  edir və bu zaman kiçik Əlinin ancaq iki yaşı vardı.

 Məhəmməd Tağı 1941-ci ildə İran Kommunist Partiyası kimi  tanınan Tudə Partiyasına üzv olur. Bu, Əli Şəriətinin siyasətlə və solçularla ilk təması idi. Onların evində tez-tez tudəçilərin toplantısı keçirilir  və kiçik Əli bu toplantılara qulaq müsafiri olur. Lakin bir müddət sonra Məhəmməd Tağı Şəriəti ilə Tudə Partiyası rəhbərliyi arasında ideoloji fikir ayrılığı baş verir. Fikir ayrılığına səbəb isə Tudə Partiyasının direktivləri Moskvadan alması olur. Millətçi düşüncəyə sahib olan Məhəmməd Tağı Tudə Partiyasını tərk edərək bu partiyaya qarşı mübarizə aparmağa başlayır və orta məktəbdə dərs deməklə ailəsini dolandırmağa çalışır.

 Əli Şəriətinin  ilk müəllimi də elə atası olur. Sonra ailə Məşhədə köçür və Əli burda pedaqoji məktəbdə təhsil alır. Daha sonra Məşhəd Universitetində ədəbiyyatı öyrənir. Məşhəd Universitetində oxuyurkən ilk dəfə Marksın, Leninin, Maks Veberin əsərləri ilə tanış olur. O, Sarbonnaya sosiologiyanı öyrənmək üçün yola düşəndə artıq solçu idi. Amma onun solçuluğu ənənəvi solçuluqdan fərqlənirdi. Şəriətinin beynindəki solçuluq islam-şiə teoriyası ilə vəhdət tapmaqda idi.

 

 Şəriətinin siyasətdəki ilk addımları

 Gənc Əli siyasətə ilk dəfə 16 yaşından atılır. Sonuncu Qacar şahı Müzəfərəddin şahın böyük qızı ilə evli olan Məhəmməd Müsəddiqi 1949-cu ildə İran Milli Cəbhəsini elan edir. Mili Cəbhənin əsas tələblərindən biri neftin milliləşdirilməsi və İranda bir çox sosial islahatların həyata keçirilməsi olur.

 16 yaşlı Əli Şəriəti Milli Cəbhəyə  qoşulur və aktiv etirazçılardan birinə çevrilir. 1950-ci ildə keçirilən seçkilərdə Məhəmməd Müsəddiqinin rəhbərlik etdiyi İran Milli Cəbhəsi qalib gəlir. İran tarixi boyunca bu, ilk və son demokratik seçki olur. Şəriətinin atası Məhəmməd Tağı Milli Cəbhənin aparıcı simalarından biri idi. Baş nazir olan Məhəmməd Müsəddiqi neft sənayesini milliləşdirir. Lakin onun apardığı islahatlar ABŞ-ın və Böyük Britaniyanın maraqlarını təhdid edir və 1953-cü ildə ABŞ-ın hazırladığı çevriliş nəticəsində Məhəmməd Müsəddiqi hakimiyyətdən uzaqlaşdırılır.

 ABŞ prezidenti Barak Obama 2009-cu ilin iyunun 4-də Misirə səfəri sırasında 1953-cü ildə ABŞ-ın İranda demokratik yolla seçilmiş hökuməti devirdiyini etiraf etdi: «Soyuq savaşın ortalarında ABŞ İranda demokratik yolla seçilən hökumətin devrilməsində rol oynayıb».

 1952-ci ildə, 19 yaşlı Əli İslam Tələbə Assosiasiyasını yaradır və antiamerikan nümayişlərin birində həbs olunur. Onun ABŞ və Britaniyanın kolonial siyasətinə qarşı tükənməz nifrəti belə başlayır.

 MKİ-nin dəstəyi ilə general Zahidinin həyata keçirdiyi çevriliş nəticəsində Müsəddiqi hökuməti yıxılır və 20 yaşlı Əli yeni yaradılan Milli Müqavimət Hərəkatının fəalına çevrilir. Mili Cəbhə hökumətinin devrilməsindən sonra gənc Əli Şəriəti müəllim olaraq çalışmağa başlayır. Solçuluğa meyl edən Əlinin ətrafında yeni gənclik formalaşır. 1957-ci ildə SAVAK onu və Milli Müqavimət Hərəkatının digər 16 rəhbər şəxsini həbs edir. Həbsdən çıxdıqdan sonra o, davamlı olaraq izlənilir.

 1959-cu ildə artıq İran hüdudlarından kənarda belə tanınmağa başlayan 26 yaşlı Şəriəti Sarbonna Universitetində doktoranturada oxumaq üçün Parisə gəlir.

 Əli Şəriəti Sorbonna Universitetində dövrün ciddi fikir adamları ilə tanış olur, Erik Frommun mühazirələrini dinləyir.

 

Şəriəti «Paris zindanında»

 

Maraqlıdır ki, İrana döndükdən sonra Əli Parisdəki həyatını «Paris zindanında keçən günlər» adlandırır.

 Onun Parisdəki ilk işi fransız dilini öyrənmək olmuşdu. Fransız dilini öyrənə-öyrənə fars dilinə tərcümələr edir, ekzistensializm fəlsəfəsi ilə tanış olur. O Sartrla və məşhur şərqşünas Massinyonla isti münasibətlər qurur. Marksizmə hər zaman böyük meyl göstərən Sartr hətta Əli Şəriətinin «qırmızı islam» nəzəriyyəsinin  təsiri altına düşür. Sartr Şəriətinin fikirlərini o qədər bəyənir ki, onu Şərqin yeni Marksı  olaraq dəyərləndirir. Sartr məhz Əli Şəriəti üçün yazmışdı: «Özüm haqqında hər hansı bir həqiqəti tapmaq üçün başqasının həqiqətindən keçməliyəm».

 Paralel olaraq Sartrın Şəriəti üzərində təsiri, onun bütün yaradıcılığı boyunca hiss olunur.

 Massinyonun köməkçisi kimi çalışan Əli Şəriəti məşhur şərqşünasa Məhəmməd peyğəmbərin qızı, birinci imam Əlinin həyat yoldaşı Fatimə haqqında ona geniş bilgilər verir. İmam Əli və Fatimənin  həyatını yaxından tədqiq edən Əli Şəriəti belə qənaətə gəlir ki, islam aləmində yeni inqilab dönəmi başladacaq əsas amillərdən biri peyğəmbərin qızı Fatimə ola bilər. Fatimənin üsyankarlığı, ərinin və özünün, həmçinin övladları-Həsən və Hüseynin hüquqları uğrunda açıq şəkildə savaşması, artıq uzun illərdən bəri formalaşan müti və humanist islam ideologiyasını təməlindən dağıdırdı. Məhz bu, Şəriətinin «qırmızı islam» nəzəriyyəsinin  yaranmasında əsa rol oynayır. Eyni zamanda Şəriəti sosiologiyanı və yeni ekzistensializm fəlsəfəni, mahiyyət etibarı ilə solçu olan bir çox islam fikir adamlarının-Mövlanə Cəlaləddin Ruminin, Məhəmməd İqbalın, Cəmaləddin əl-Əfqaninin fikirləri ilə sintez edir. Həmçinin Frans Fanonunun inqilabi düşüncələrindən faydalanır.

 Artıq Əli Şəriətinin beynində yeni «sol islam» nəzəriyyəsi  formalaşır. 60-cı illərin ikinci yarısından başlayaraq Şəriətinin bu nəzəriyyəsindən mayalanan ərəb dünyasında davamlı inqilablar baş verir. Əlcəzairdə, Suriyada, İraqda, Misirdə, Tunisdə, Liviyada, Livanda və başqa ərəb ölkələrində baş verən inqilablar və çevrilişlər SSRİ-dən silah, maddi dəstək alsalar da, inqilab və çevrilişlərin ideoloji bazasını məhz Əli Şəriətinin «sol islam» nəzəriyyəsi təşkil edir. İnqilab və çevriliş baş verən bu ölkələrdə Əli Şəriətinin modeli bu və ya digər şəkildə tətbiq edilməklə yanaşı antiamerikan düşüncəsi hər şeydən irəlidə gəlir. Təsadüfi deyil ki, «ərəb baharı» məhz bu ölkələri əhatə elədi.

 Şəriəti Marksı, Lenini və digər sosialist ideoloqları kəskin tənqid edir və onların çatışmazlıqlarını göstərir. Şəriətiyə görə Marksın və Leninin əsas səhvi Allahı rədd edərək ateist cəmiyyət qurmaqdadır. Ateizm bütün cəmiyyətləri öldürür və öz mahiyyətində heç bir sosial ədalət daşımır. Amma Allahın yolladığı hər bir dinin təməlini və mahiyyətini məhz sosial ədalət, bərabərlik və şəxsi azadlıq prinsipləri təşkil edir. Buna görə də kommunizm tərəfdarları Allahdan imtina etməməli, əksinə, Allahın dinindən istismar obyekti olaraq istifadə edənlərin əlindən din alınmalı və tam sosial bir anlam kəsb etməlidir.

 Heç bir halda din ədalətsizliyin, istismarın, köləliyin, müstəmləkəçi imperializmin yanında yer ala bilməz. Bu, dinin və Allahın mahiyyətinə ziddir. Dinlərin heç birində sosial zümrə anlayışı yoxdur, əksinə sosial zümrələrin yaratdığı ədalətsizlik və zülmü ortadan qaldırmaq üçün Allah dinləri, peyğəmbərləri yollayıb. Allah bütün dinləri xilas üçün yollayıb, ondan xilas üçün də istifadə olunmalıdır. Ona görə də din ilkin mahiyyətinə geri gətirilməli, peyğəmbərin zamandakı sosial bərabərlik təmin olunmalıdır. Bunun üçünsə, humanist və şükür edən islam anlayışı ortadan qaldırılmalı, onun yerinə üsyankar, inqilabçı və mili, siyasi, sosial, mədəni və iqtisadi müstəqilliyi təmin edəcək hegemon islam gətirilməlidir.

 Əli Şəriəti Parisdə tələbə olanda Əlcəzair Azadlıq Hərəkatı ilə əlaqələr qurur. Əlcəzairin müstəqilliyi üçün mübarizə aparan bu təşkilat üçün xeyli əmək sərf edir.

 Bundan başqa Milli Azadlıq Cəbhəsinin mühacirətdəki aparıcı simaları ilə əlaqələr qurur və onlarla birlikdə şah rejimini ortadan qaldıracaq yeni hərəkatı formalaşdırmağa başlayır.

 

Şəriəti Hüseyniyyə İrşad Universitetində

 1964-cü ildə Əli Şəriəti “Sarbonnada doktorluq dissertasiyasını müdafiə edərək sosiologiya elmləri doktoru kimi İrana qayıdır.  İrana dönən kimi SAVAK tərəfindən həbs olunur. Bir neçə həftədən sonra azadlığa çıxan Şəriəti öncə Məşhəd Universitetində sosiologiyadan dərs deməyə başlayır. Bir müddət sonra o, Tehrana köçür və Hüseyniyyə İrşad Universitetində leksiyalar oxumağa başlayır. Burda oxuduğu leksiyalarla tələbələr arasında həddindən artıq məşhurlaşır. Onun ideyaları İranda yeni yaranan tələbə hərəkatı vasitəsilə ölkənin bütün təbəqələrinə yayılır. Orta və elitar təbəqələr belə Şəriətinin ideyalarını mənimsəyir. O, İranda qaçılmaz kimi görünən inqilabın əsas liderinə çevrilir.

 Şəriətinin uğurları şah rejimini ciddi narahat etməyə başlayır. 1973-cü ildə Şəriətinin xalq kütləsinə açıq təsirini görən SAVAK növbəti dəfə onu və tələbələrini həbs edir. Şəriətinin həbsi İranda və beynəlxalq aləmdə etirazlarla qarşılanır. Həbsdə olduğu 18 ay müddətində onun azadlığa buraxılması tələbi ilə etiraz aksiyaları keçirilir. Küçələrdə polislə toqquşmalar adi hala çevrilir. Nəhayət 18 aydan sonra xalqın və beynəlxalq aləmin təzyiqləri qarşısında geri çəkilən şah rejimi 1975-ci il martın 20-də Novruz bayramı günü Şəriətini azad  edir. Həbsdə olduğu 18 ay müddətində Şəriəti tək adamlıq kamerada saxlanılır.

 Həbsdən azad olunmaq üçün şah rejimi onun qarşısında bir sıra şərtlər qoyur: Şəriəti qəti olaraq heç bir universitetdə çalışmayacaq, heç bir şey yazmayacaq, nə İranda, nə də xaricdə bir şey çap etdirəcək. Həyatının son iki ilini faktiki olaraq ev dustaqlığı şəraitində keçirir. Nəhayət ölkə xaricinə çıxa bilməsi üçün hökumətdən icazə istəyir. Ona ölkədən çıxmaq və Britaniyada yaşamaq təklif olunur. Şəriəti təklifi qəbul edir və Britaniyanın cənub sahilində yerləşən Sautqempton şəhərində kiçik bir ev tutaraq burda yaşamağa başlayır.

 

Bir-birini tamamlaya bilməyən ikili — Xomeyni və Şəriəti

 Şəriəti ilə Xomeyni heç bir zaman görüşmədilər. Hər ikisinin xalq arasında böyük nüfuzu vardı və hər ikisi islam inqilabını çıxış yolu olaraq görürdü. Onları birləşdirən ideyalar, onları ayıran ideyalardan çoxdur. Amma onları ayıran bir ideoloji prinsip vardı ki, həmin prinsip bu gün də əsas mübahisə mövzusu olaraq qalmaqdadır.

 Xomeniyə görə, İslam inqilabının aparıcı simaları və islam respublikasının hakimi sinfi ruhanilər olmalı idi. Məhz bu məsələ ikili və onların davamçıları arasında ciddi fikir ayrılığına yol açırdı, proses bu gün də davam edir. Solçu, hər hansı bir sinfi qəbul etməyən Şəriəti sinifsiz islam sosializmi nəzəriyyəsini irəli sürürdü. Bu nəzəriyyədə hər hansı bir sinfin-hətta onlar ruhani belə olsalar- cəmiyyətdə üstünlüyü, hakimiyyətə sahib olmaları qəbuledilməzdir. Şəriətinin islam respublikasının təməlini sosial ədalət və sosial bərabərlik təşkil edirdi.

 İliyinə qədər inqilabçı və solçu olan Şəriəti gözləməyi, Mehdinin zühuruna hazırlaşmağı qəbul etmirdi. Onun məşhur «Hər gün Aşura, hər yer Kərbala» fikri inqilabın bir an öncə reallaşmasını tələb kimi ortaya qoyurdu. Hər kəs Mehdi olmalı, ədalətin təmin olunması üçün lazım gəlsə şəhid olmaqdan belə çəkinməməli idi.

 

Döyüşən islam ideyası sonradan, 70-ci illərdən başlayaraq güclüyə qarşı islam terroru anlayışını meydana gətirmişdi və ona görə də hesab etmək olar ki, Şəriəti «islam terroru» ideyasının atalarından biridir.

 Bu fikirlərlə tamamilə razı olan Xomeyni hesab edirdi ki, islam respublikasının özəlliyi ruhanilər tərəfindən idarə olunmasıdır və elə buna görə də «Vilayəti Fəqih» (Ali Ruhani Şəxs) institutunun yaradılmasını vacib sayırdı.  Xomeyni özünün «üçüncü yol»unu irəli sürmüşdü və bu nəzəriyyədə əsas yeri ədalətli ruhanilərin idarə etdiyi sosial cəmiyyət tuturdu. Xomeyni həmçinin Şəriətinin «inqilabçı islam» nəzəriyyəsinə qarşı, «islam inqilabı» teoriyasını irəli sürmüşdü.

 Bu fikir ayrılığı bu gün də İranda ciddi mübahisə mövzusudur. İran prezidentləri ilə Ali Dini Lider arasında baş verən çəkişmələr də məhz bu prinsipdən doğur. Nə qədər qəribə olsa da, İranda bir qayda olaraq Əli Şəriətinin davamçıları prezident seçilir. Bunların arasında son iki prezidenti — Hatəmini və Əhmədinejatı xüsusi ilə qeyd etmək lazım gəlir. Son zamanlar Ali Dini Lider institutu ilə prezident institutu arasında qarşıdurma pik nöqtəsinə çatıb və yəqin ki, hələ bundan sonra da bu qarşıdurma İran siyasətinə təsir göstərəcək əsas amilə çevriləcək. Çünki mühafizəkarların bütün səylərinə baxmayaraq Şəriəti tərəfdarları hakimiyyət qurumlarında güclənməkdədirlər.

 

Qərbləşmədən müasirləşmək nəzəriyyəsi

 Şəriətinin proqramında əsas yerlərdən birini də «Qərbləşmədən müasirləşmək» ideyası tuturdu Şəriəti hesab edirdi ki, islamın Qərbdən ala biləcəyi elə bir dəyər yoxdur. Texniki cəhətdən geridə qalmış İslam Qərbdən yalnız texnologiya ixrac etməlidir. İstər demokratik dəyərlər, istərsə də sosial ədalət, eyni zamanda bu dəyərləri özündə birləşdirən fəlsəfə islamda Qərbdən daha güclüdür. Bu dəyərlər islam dinin mahiyyətini təşkil edir. Buna görə də inqilabçı islam Qərbdən hər hansı mənəvi, hüquqi və ideoloji dəyərləri ixrac etməməli, əksinə, özündə olan və kifayət qədər dolğun olan bu dəyərləri Qərbə ixrac etməlidir.

Ruhani olmayan və heç bir zaman ruhanilərlə ciddi münasibətlər qurmayan Şəriəti hesab edirdi ki, islam respublikasında hüquq islam dəyərləri üzərində, həmçinin peyğəmbərin və imamların həyat baxışları əsasında qurulmalıdır. Onun əsas inanclarından biri isə «Axır Əz Zamanının gəlişi üçün inqilabi şəraitin yaradılması» idi. Mehdinin tez bir zamanda zühurunu həyata keçirmək üçün  islam dini inqilab dininə çevrilməli və hər tərəfə savaş açaraq sosial ədalət və sosial bərabərlik uğrunda zülmə, imperializmə qarşı vuruşmalıydı. Onun davamçıları  da bu gün eyni şeyi iddia edir və buna səmimi olaraq inanırlar. Bu gün İraq şiələrinin aparıcı güc mərkəzlərindən biri olan «Mehdi ordusu» özlərini məhz Şəriətinin davamçıları hesab edir.

 

Şəriətinin müəmmalı ölümü

 İngiltərəyə sürgün olunduqdan 3 həftə sonra səhhətində heç bir problem olmayan 44 yaşlı Əli Şəriəti evində ölü tapıldı. Rəsmi şəkildə onun ürək tutmasında vəfat etdiyi elan olunsa da, bu versiyaya heç kim inanmadı.

İnqilabın eşiyində olan İran müxalifətinin əsas liderinin və islam inqilabının baş memarının ölümü hələ də müəmma olaraq qalmaqdadır. Onun ölümündə ABŞ və İngiltərə hökumətləri, İranın şah rejimi, İran müxalifətinin digər lideri Xomeyni maraqlı ola bilərdi. ABŞ və İngiltərə hökumətləri radikal ideoloq, islam dünyasının Marksının fəaliyyətindən sözsüz ki narahat idi. Şəriəti ABŞ-a qarşı radikal yanaşması ilə Xomeynidən daha qorxunc idi. Xomeynidən fərqli olaraq Şəriəti Qərb imperializmi ilə hər hansı bir anlaşmanın qatı əleyhdarı kimi çıxış edirdi.

Hakimiyyətə gələnə qədər isə Xomeyni ABŞ başda olmaqla Qərblə normal münasibətlərin qorunması tərəfdarı kimi çıxış edirdi. Lakin hakimiyyətə gəldikdən sonra öz fikirlərində radikal dəyişiklik etdi və bununla da ABŞ-ın İrandakı maraqlarına öldürücü zərbə vurdu.

İranda yetişən inqilabın önləmək üçün heç bir addım atmayan ABŞ-da hesab  edirdilər ki, Xomeyni ilə dil tapacaqlar. Bu, ABŞ-ın XX əsrdə yol verdiyi ən böyük geostrateji səhv idi. İranı itirməklə ABŞ və Qərb Avrasiyanın əsas geosiyasi məkanını itirmiş oldu. Bu soyuq savaşın bitməsindən sonra daha açıq şəkildə hiss olunmağa başladı. Karter hökumətinin buraxdığı böyük səhv islam dünyası ilə ABŞ arasında başlanan savaşın başlanğıc nöqtəsi oldu.

Ehtimal olunan varianta görə Şəriətinin öldürülməsi MKİ-nin SAVAK-la ortaq əməliyyatı olub. Bu, İranla ABŞ təhlükəsizlik orqanları arasında son ortaq əməliyyat kimi tarixə düşüb. Şəriətinin öldürülməsindən bir neçə saat sonra SAVAK ora gəlir və mənzildə axtarış aparır. Cənazənin ekspertizasına icazə verilmir. Daha sonra cənazənin İrana aparılmasına və rəsmi dövlət mərasimi ilə dəfn olunmasına qərar verilir. Şah rejimi Əli Şəriətini rejimin tərəfdarı olan islahatçı lider kimi dəfn etmək və xalqın gözündə özünü təmizə çıxarmağa çalışır. Lakin Şəriətinin ailəsi buna icazə vermir və Şəriətinin cəsədi Dəməşqə gətirilərək heyran olduğu Həzrəti Zeynəbin türbəsi önündə dəfn olunur.

Şəriətinin öldürülməsi İranda inqilabı sürətləndirən amilə çevrilir. 1979-cu ilin yanvarında Məhəmməd Rza şah Pəhləvi ailəsi ilə İrandan qaçır və Xomeyni 14 illik sürgün həyatından sonra İrana dönərək İran İslam Respublikasını elan edir, yeni hökuməti qurur. Beləliklə Əli Şəriətinin xəyalları qismən həyata keçir. Amma əsas xəyalı, sinifsiz və zümrəsiz islam sosial cəmiyyəti yaratmaq ideyası isə xəyal olaraq qalır.

Öləndə 44 yaşı vardı. İranda və Orta Şərqdə son yüz ildə ən böyük fikir adamlarından biriydi. O ruhani deyildi, dünyəvi ziyalı idi. Amma şiə islam respublikasının yaranmasının memarı oldu.

O, Allahı istismar olunanların Allahı olaraq görürdü və istismar edənlərin Allahdan deyil, şeytandan olduqlarına inanırdı. O, islam sosializmini dünyanın xilas yolu olaraq görür və hesab edirdi ki, ən doğru olan yol «üçüncü yol»dur.

 

0 şərh