Mixaylonun mayor Şultsu aldatması

  • Kino
«Uzaq sahillərdə» filmindəki bir epizod aktyorun zahirən ən əhəmiyyətsiz bir replikanı «göydə tutub» ona lazım olan reaksiya göstərmək, vəziyyətə «oynamaq» məharətinə əyani sübut kimi kino sənəti dərsliklərinə salına bilər. Söhbət Ogüst Kraus adlı rəssam roluna girmiş Mixaylonun gestaponun cəngindən xilas olmaq üşün nümayiş etdirdiyi yalandan gedir. Mixaylo mayor Şultsu necə aldatdı?
Xatırlayırsınızsa, Mixaylo həmin dramatik situasiyaya gözlərini sadəlövh uşaq kimi döyən uşaq görkündə daxil olur və məsələnin elə bu tərəfi üzü üzlər görmüş təcrübəli Şultsu şübhəyə salır.
Niyəsini isə bir qədər sona qarşısındakı şəxsin həqiqəyən rəssam olub-olmamasını yoxlamaq üçün ona öz portretini çəkdirən Şultsun bir replikasında tapırıq. Yada salaq — Şults «Portretimi çək, amma şəkil xoşuma gəlməsə, güllələnəcəksən» — deyəndə Mixaylo karıxır, bir anlığa özünü itirir, başa düşür ki, onun rəssamlıq məharəti, Ögüz Renuar barədə dediyi replikalar sağ qalmaq üçün kifayət etməyə bilər və nə isə daha tutarlı bir arqument tapmaq, Şultsu buna inandırmaq lazımdır. Bu arqumenti tapmaq üçün ipucunu Mixayloya heç özü də bilmədən Şultsun özü verir: «Bu rəssamlar nigə belə həyasız olur, Kraus?!».
Mixaylo bu replikanı göydə tutub quyunun dibində köməksiz qalmış bir zavallıya atılan ip kimi ondan ikiəlli yapışır — deməli, Şultsa görə rəssamlar həyasız olmalıdırlar. Madam ki, belədir, onda xilas olmaq üçün mütləq həyasız rəssam rolunu oynamaq lazımdır!
Və Mixaylo dərhal həmin rolu oynamağa, çəkdiyi portretin pulunu xəsis Şultsdan hər vasitə ilə qoparmağa çalışan sırtıq rəssam kimi dil-dil ötməyə başlayır. «Kasıb adamam, müsyö».., "Çəkdiyim portretin pulunu vermək istəmirsiniz" kimi replikalar da məhz bu «yeni obrazın» bədii məntiqindən irəli gəlir.
«Rəssam olmağına rəssamsan, amma Mixaylo olmadığına əmin deyiləm» — deyən Şultsun saqqızını oğurlamaq «tamaşasının» kulminasiyası isə başıalovlu çağırışa — generalın hüzuruna tələsən Şultsa Mixaylonun tutduğunu buraxmayan bir kor sırtıqlığı ilə dediyi son sözlərdir: «Müsyö, bəs mənim pulum!...»
Atalar burda deyib: «Keçi can hayında, qəssab piy axtarır», yaxud «Heç hənanın yeridir?».
Məhz bundan sonra Şults öz başkəsənlərinə deyir: «Bu əbləhi buraxın. O, döğrudan da rəssamdır».
Bu sözlər əslində oyunda uduzan Şultsun məğlubiytətinin bir növ rəsmiləşdirilməsi təsiri bağışlayır. Mixaylo yalnız bundan sonra boynundakı nazik şərfi açıb böyük bir təhlükədən qurtarmış adam kimi rahat nəfəs alır...
 
 
Mənbə: kulis.az
 

0 şərh

Topik müəllifi şərh yazmağa qadağa qoyub