Kişilər nədər qorxur?

Fobiya qorxudur, amma hər bir qorxunu da fobiya adlandırmaq olmaz.Sübut olunub ki, 99,9% hallarda fobiyadan əziyyət çəkən adam təhlükəsiz şeydən qorxur. Qorxu insanın şüurunu ələ keçirərək həyatını kabusa çevirir.
Müasir dövrdə 500-dən çox fobiya mövcuddur. İnsanlar nədən qorxmur? Qardan, şimşəkdən, hörümçəkdən, həmçinin toyuqdan, uzun sözlərdən, ağ rəngdən… Bunları haradasa başa düşmək olar. Amma elə fobiyalar da var ki, adamın lap gülməyi gəlir. Məsələn, triskaidekafobiya — 13 rəqəmindən qorxma və ya erqaziofobiya — istənilən iş, hərəkətdən qorxma. Yəqin ki,«Qaçan gəlin» filmində Culiya Robertsin oynadığı baş qəhrəmanı xatırlayırsınız. O, qamofobiyadan, yəni nikah mərasimi qorxusundan əziyyət çəkirdi.

Fobiya — hər hansı obyekt və situasiyadan həddindən artıq ehtiyatlanmaqdır. Bir çox hallarda fobiya təhlükə və ehtiyatlanma hissinə səbəb olur. Fobiyanın əlamətləri başgicəllənmə, ürəkbulanma, ölüm qorxusu, qeyri-reallıq hissi, təngnəfəslikdir. Fobiyanın 3 növü var: 1. Sosial fobiya — sosial situasiyalar qarşısında qorxu; 2. Aqorafobiya — çıxılmaz yerdə və situasiyada qalma qorxusu; 3. Spesifik — konkret obyekt qarşısında (məsələn, ilan) qorxu. Sonuncu fobiya növü 4 cür olur: 1. Təbii mühit — şimşək, su, qasırğadan qorxmaq; 2. Heyvanlardan qorxmaq; 3. Tibbi qorxu — həkim müayinəsi, iynə və s.; 4.Situativ qorxu — avtomobil sürmək, körpüdən qorxu və s.

Fobiyadan dünya əhalisinin 10%-i əziyyət çəkir. Bu xəstəlik, adətən qadınlarda daha çox müşahidə olunur. Bir çox hallarda fobiyadan əziyyət çəkənlər bununla mübarizə aparmağa çalışırlar. Müalicənin effektivliyi insanın özündən və fobiyanın növündən asılıdır. Müalicə bir neçə üsulla həyata keçirilir. Onlardan biri pasiyenti qorxu obyekti ilə uzun müddətə üzbəüz saxlamaqdan ibarətdir. Metodun məqsədi insanın ehtiyat etdiyi obyektin qorxulu olmamasını anlamasına kömək etməkdən ibarətdir. Başqa metod tez-tez istifadə olunan tutuşdurma metodudur. Bu metoda pasiyenti təhlükə obyektinə qarşı fərqli reaksiya göstərməsini öyrədirlər.

Kişilər nədər qorxur?
Gözəl qadınlardan! Bu, venustrafobiya adlanır. Kişi gözəl hesab etdiyi qadınla tanış olmağa çalışanda başı gicəllənir, təngnəfəs olur. Bu fobiyadan əziyyət çəkən kişi gözəl qadın görən kimi ondan uzaqlaşmağa can atır. Kişilərdə müşahidə olunan daha bir maraqlı fobiya intimofobiyadır ki, bu da sevdiyi qadınla intim əlaqədən qorxmadır. Maraqlıdır ki, digər qadınlarla normal cinsi əlaqədə olan kişi sevdiyi qadından qorxur. Psixoanalitiklər bu problemi şəxsiyyətin ikiyə bölünməsi ilə izah edirlər: bir tərəfdən kişi qadına dəlicəsinə aşiqdir, digər tərəfdən isə başqa qadınlarla intim əlaqəyə həvəslidir. Bu fobiyadan əziyyət çəkən kişi müalicə olunmazsa, fobiya psixoseksual patologiyaya çevrilə bilər. Bu daha pisdir. Kişilərlə əlaqədar digər fobiya qamofobiyadır ki, bu zaman kişilər evlənməkdən, penterafobiya zamanı isə qayınanalarından qorxurlar.

Meqapolis

İri şəhərlərin sakinləri fobiyadan iki dəfə çox əziyyət çəkirlər. Onlar əsasən təklikdən, nəqliyyatdan, mikrob və infeksiyalardan qorxurlar. Maraqlıdır ki, əhalisi 10 milyonu ötən şəhərlərdə qızlar təklikdən qorxurlar. Yüzlərlə xanım evdə qalmaqdan ehtiyatlanır. Metro da bir kabusdur. İnsanları qapalı məkan və yeraltını tez tərk etməmək çox həyəcanlandırır. Bütün oxuduqlarınızdan sonra özünüzdə hər hansı fobiya axtarmağa çalışmayın, yoxsa flobiofobiya (fobiyadan qorxmaq), ya da afobiofobiya (fobiyanın olmamasından qorxmaq) meydana gələ bilər.

Mənbə: anspress.com
 

0 şərh