Avropanın iqlimi

Avropa iqlimin daha dəqiq öyrənildiyi qitələrdən biridir. Bu qitədə fəlakətli hava hadisələri tez-tez baş vermir, həmçinin belə hadisələrin miqyası planetimizin digər hissələrinə nisbətən daha kiçikdir. Meteoroloji stansiyalarda kosmosdan müntəzəm aparılan müşahidələr havanın dəqiq proqnozunu, fəlakətli hava hadisələrini qabaqcadan xəbər verməyə imkan verir, onlara uyğun olaraq tədbirlərin vaxtında görülməsinə şərait yaradır.

Avropada iqlimin formalaşmasında müxtəlif amillər iştirak edir. Onlardan ən mühüm olanı coğrafi mövqedir. Şimal yarımkürəsinin, əsasən, mülayim iqlim qurşağında, Atlantik okeanı sahilində yerləşən Qərbi Avropa ümumilikdə yumşaq iqlimlə səciyyələnir. Avropanın iqlimi

 Avropada il ərzində günəş şüalarının düşmə bucağı kəskin dəyişdiyi üçün fəsillər aydın nəzərə çarpır. Lakin ərazi dəniz sahilində yerləşdiyinə görə yay və qış temperaturları arasındakı fərq azdır.

Avropanın iqlimində hakim külәklәrin rolu böyükdür. Mülayim iqlim qurşağında daimi qәrb külәklәri əsir. Bu küləklər Atlantik okeanından Avropaya daxil olur və qitəyə rütubətli dəniz hava kütlələri gətirir. Qitənin içərilərinə doğru irəlilədikcə hava öz rütubətini itirir və yağıntıların miqdarı azalır.

Avropa sahillәrinin girintili-çıxıntılı, həmçinin dəniz və körfəzlərin quruya çox daxil olması rütubətli dəniz hava kütlələrinin qitənin içəri hissələrinə qədər gəlib çıxmasına səbəb olur. Bu isə Avropaya yağıntının daha çox düşməsi ilə nəticələnir.

Havanın rütubətlə doymasına Şimali Atlantik və Norveç isti cәrәyanları səbəb olur. İsti cərəyanlar yalnız səth sularının buxarlanması nəticəsində rütubətin artmasına deyil, həm də Avropada qış aylarında havanın temperaturunun yüksəlməsinə səbəb olur. Ona görə də, Şimali Avropada qışda havanın temperaturu, Asiya və Şimali Amerikanın eyni enliklərində yerləşən ərazilərindən xeyli yüksəkdir.

  • Arktik iqlim qurşağında Şimali Avropanın adaları yerləşir. Yalnız yayda temperatur 0°C-dən yuxarı olur.
  • Skandinaviyanın şimalını əhatə edən subarktik qurşaqda yağıntılar fəsillər üzrə qeyri-bərabər düşür. Yayda yağıntıların maksimum miqdarda düşməsi əraziyə daxil olan mülayim dəniz hava kütlələri ilə əlaqədardır. Qışda arktik hava kütlələrinin daxil olması havanın soyuq və quru keçməsinə səbəb olur. Subarktik iqlim qurşağında yerləşən Şimali Avropa ölkələrində ərazinin cəmi 2–8%-i kənd təsərrüfatında istifadə olunur.
  • Mülayim qurşaq Avropanın böyük bir hissəsini tutur. Qitənin qərb hissəsi daha rütubətli, şərqi isə nisbətən qurudur. Mülayim iqlim qurşağında hava şəraiti heyvandarlıq və bitkiçiliyin inkişafına imkan verir.
  • Subtropik qurşaq Cənubi Avropanı əhatə edir. Bu ərazilərdə yay ayları isti və quru olur, yağıntı, əsasən, ilin soyuq dövründə düşür. Cənubi Avropanın kənd təsərrüfatı iqlimə uyğunlaşmışdır. Bu regionda bitkiçilik heyvandarlıqdan daha üstündür. Yay aylarında suvarma işləri aparılır. Cənubi Avropa zeytun, sitrus meyvələri, üzüm, şəkər çuğunduru və s. əkinlərinə görə fərqlənir. Üzüm yığımında İtaliya, zeytun yığımında isə İspaniya dünyada birinci yerdədir. Aralıq dənizi sahilləri təbii turizm ehtiyatlarına görə də fərqlənir. Hər il Fransa, İspaniya və İtaliyaya ayrı-ayrılıqda 50 mln.-dan çox turistin gəlməsi də bununla əlaqədardır.

Mənbə: Coğrafiya – 9. Ümumtəhsil məktəbləri üçün dərslik.
Müəlliflər: Elbrus Əlizadə, Nərminə Seyfullayeva, İrkən Aktoprak, Yelena Şabanova

 

0 şərh