Əsil Ukrayna Borşu

Borş slavyan xalqlarının əfsanəvi şorbası və milli sərvətidir. Bu yeməyin əsas vətəni isə Ukraynadır. Borş çoxları üçün sadə şorba olsa da, onu hər kəs dadlı hazırlaya bilmir. Sizə ukraynalı nənələrin ən dəqiq Borş reseptini, onun əsas sirlərini ümümiyyətlə bu şorbanın ideal hazırlanma qaydasını təqdim edirik.
Borşun əsas atributları və onların düzgün seçilmə qaydaları:
Bulyon. Əvvələr slavyan qadınları borşu kvasla hazırlayırdılar, yəni ərzaqların üzərinə su əvəzi kvas töküb, bişirirdilər. İllər keçdi və kvas mal ətinin bulyonu ilə əvəzləndi.  Bəzən isə, onlar,  bulyonu eyni anda bir neçə ətin (məs: donuz, toyuq və mal əti) qarışımdan bişirirlər.
İdeal Borş bulyonu üçün 3 litr suya yarım kq sümüklü dana əti bəs edir.
Tərəvəzlər. Ukrayna borşuna əsas gözəllik verən tərəvəz çuğundurdur.  Siyahıda sonrakı yerləri kartof, ağ kələm, kələm turşusu, yerkökü, baş soğan, bibər,  pomidor və ya tomat və sarımsaq tutur.
Göyərti və ədviyyatlar. Cəfəri, şüyüd, bəzən kərəviz, duz, istiot, mixək və əlbəttə ki, dəfnə yarpağı
Əsil ukrayna borşu
Borşun dadlı alınması üçün sümüklü ətləri doğrayıb, bişirmək lazımdırki, sümüyün dadı su ilə yaxşı qarışsın.
Borşun bulyonunu duzlamaq üçün sizə iki üsul təqdim edirik. Duzu bişirməzdən əvvəl bulyona töksəniz, ətin şirəsi daha tez suya qarışacaq. Bu zaman daha həlimli bulyon bişirmiş olacaqsınız. Duzu sonda töksəniz, ət daha yaxşı bişib, dadı zərif olacaq. Çünki, çoxumuzun da bildiyi kimi, duz, çit əti bərkidir və daha gec bişməsinə səbəb olur.
Bulyon qaynayıb, kəfini tam təmizlədikdən sonra, qazana 1 ədəd acı, bir ədəd şirin bibər, 1 baş qabığından təmizlənmiş bütöv soğan və 3-4 ədəd dəfnə yarpağı atırıq. Qazanın qapağını bağlayıb, 2-3 saat aşağı odda bişiririk.  Ət tam bişdikdən sonra qazanı ocaqdan götürüb, əti kiçik ölcüdə doğrayıb, yenidən bulyona əlavə edirik. Bibərləri və soğanı isə atırıq.
Əsil Ukrayna borşu qatı olmalıdır. Buna isə, bir neçə üsulla nail ola bilərik. Məsələn kartofu bulyona iki dəfə əlavə edərək. Birinci dəfə kiçik-kiçik doğrayıb, atdığımız kartoflar əzilib, həlimlənərək borşa istədiyimiz qatılığı verəcək. İkinci dəfə isə kartofları yemək bişənə yaxın daha iri doğrayıb, tam halda bişirəcəyik. Bütün bu prosesə 4-5 ədəd kartof bəs edəcək. Digər üsulda isə undan istifadə edə bilərik. Məsələn 2 x/q unu və ya manna yarmasını ərinmiş kərə yağı və ya sadəcə bitki yağında rəngi tündləşənədək qovurub, borş bişdikdən sonra qazana əlavə etmək olar.
Əsil ukrayna borşu
 Çuğundur borşun gözəl və şəffaf rəngini təmin edir. Bəs onu necə bişirək ki, şorbamız solğun görünməsin. Çuğundura sirkə və ya limon duzu əlavə edərək onun bişdikdən sonra da dadlı, al rəngli və turşməzə qalmasına nail ola bilərik. Beləliklə sürtgəcdən keçirilmiş 4 ədəd çuğundurun üzərinə biraz yağ, azca sirkə və ya limon duzu əlavə edib, qızardırıq. Sonda isə bulyondan bir neçəqaşıq töküb, 5 dəqiqə də bişiririk.  Sonda ləzzətli çuğunduru şorbaya əlavə edirik.
Şorbanıza kifayət edəcək qədər təzə kələmi samanvarı doğrayıb, 1 ovuc kələm turşusunu isə bir neçə dəqiqə isti tavada durmadan qarışdırıb, sonra borşa əlavə etmək olar. Sonra borşa 4 ədəd iri yerkökü tökürük. Bunun üçün yerkökünü sürtgəcdən keçirdib, yağda qovururuq və çuğundurun ardından qazana tökürük. 1 baş iri soğanı da xırda doğrayıb, yağda qızartdıqdan sonra, borşa əlavə edirik. Əgər borşa pomidor tökürsünüzsə, qabıqlarını soyub, sürtgəcdən keçirdin. Sonra tavada suyu tam quruyanadək qovurun. Tomat istifadə edəcəksinizsə,  3 x/q tomata 5 x/q bulyon əlavə edib, azca qovurub, qazana tökün.
Sonda isə, borşa müxtəlif ədviyyatlar və əzilmiş sarımsağı (əsil ukrayna borşuna əzilmiş sala da əlavə edilir) töküb, qarışdırırıq. Bir dəfə yüksək odda qaynadıb, kənara qoyuruq.  30 dəqiqə saxlayıb, dadına baxırıq. Lazım olan ədviyyatları yenidən əlavə edib, süfrəyə veririk. Süfrəyə verən zaman borşun üzərinə xırda doğranmış göyərti və xama səpirik.

Əsil Ukrayna Borşumuz hazırdır.
Nuş olsun!


Mənbə: recept.az

Oxşar məqalələr

 

0 şərh