SSRİ realizminə zərif qarşıdurma

Sovet Sosialist Respublikasının incəsənətə tətbiq etdiyi bir neçə senzuradan artıq xəbərdarıq, buna ədəbiyyat (uşaq nağılları) və musiqi daxildir. Növbədə isə rəsm var. SSRİ tərkibində olan Polşada vəziyyətin gərginliyi və ağırlığı İkinci Dünya müharibəsindən xeyli əvvəl hiss olunur. Həmin dövrün avanqard rəssamlarından, Birinci Dünya müharibəsi veteranı Vladislav Ştrzeminski SSRİ senzurasına qarşı gəlib sənətinə və incəsənətə sadiq qalır. Həyatının bir hissəsinə çevrilən təqiblər və şəxsinə qarşı göstərilən kobudluqlar yazının davamında sizi qarşılayacaq.
Vladislav Ştrzeminski
Ardıcıl görüntü
Onun həyatını və yaradıcılığını böyük ekrana əks edən 2016-cı il istehsalı «Afterimage» (Ardıcıl görüntü) filmi bir çox internet mənbəsindən daha etibarlıdır. Bu baxımdan, yazıda rejissor Andrzej Vajdanın gördüyü və tanıdığı Ştrzeminskiyə yer verilməsi istisna edilmir. Belə ki, 19-cu əsrin sonlarına yaxın Polşada dünyaya göz açmış Ştrzeminski konstruktivist avanqard fəlsəfəsinin banilərindən biri olmaqla yanaşı, həm Unizm nəzəriyyəsinin yaradıcısı, həm də Lodz Plastik Sənətlər və Dizayn İnstitutunda çalışan müəllimlərdən biridir.
Rejissor film haqqında bunu qeyd edir: «Film dəyərli bir sənətçinin sistemə qarşı qəhrəmancasına mübarizəsini əks etdirir. Təəssüf ki, uzun müddət bu qəhrəmanlıqdan xəbərsiz qalmışıq. Bəlkə də, onu yada salmağın əsl vaxtıdır».
Onun hekayəsinin bir rəssam kimi başlaması digər kolleqalarından heç də fərqlənmir. Əvvəlcə, Sankt-Peterburq Hərbi Mühəndislik Kollecində – incəsənətlə əlaqəsi olmayan bir təhsil ocağında oxuyur, daha sonra rəssamlarla əlaqələrini gücləndirib incəsənətin cazibədarlığına səssiz qala bilmir və seminarlarda, mühazirələrdə iştirak edir, peşəkarlarla görüşür.
Yarım başlığın cavabını axtarmağa gəldikdə isə, Vladislav Ştrzeminskini digər polyak rəssamlardan fərqləndirən əsas xüsusiyyət onun dövrün tələblərinə qarşı gəlməsi idi. Şübhəsiz ki, Lodz Müasir İncəsənət muzeyində beynəlxalq müasir incəsənət kolleksiyasının yaradılmasında əsas addımları atan, həmin muzeydə özünə aid yeni bir rəsm otağının açılmasına müvəffəq olan, Kubist, Konstruktivist ve Suprematistlər Blokunu quran bu rəssam üçün incəsənətin öz dəyərlərindən başqa gerçəklər – realist yanaşmalar önəmsiz idi. Eynilə Sovet realizmi kimi.
Filmin açılış səhnələrindən birində rəssamı öz kasıb evində döşəmədə oturub boyalarla kanvasında yeni dünyalar yaradan yerdə görürük. Sakitliyin hökm sürdüyü otaq birdən qırmızı rəngə boyananda biz – izləyicilər elə zənn edirik ki, bu, filmin fantastikaya keçid etdiyi yerdir, amma reallıq Sovet reallığından başqa bir şey deyildi. Binasının önünə qocaman SSRİ bayrağı asılan rəssamın otağını al-qan rəngə bulayan da elə bu bayraq idi. Bundan sonra əl dəyənəyini götürüb balkona çıxan Ştrzeminskini tərəddüd etmədən bayrağı cırır və bundan sonra SSRİ rəsmilərinin qara siyahısında digər kamil insanların adlarının yanında yerini tutur.
Dərs dediyi incəsənət institutunda şagirdlərinin sevimlisi olan, onlara ideal görünən rəssam, əvvəlcə, xəbərdarlıqlarla qarşılaşır və şübhəsiz, rəsmlərinin ölkə üçün yararsız olduğuna və əsl incəsənətin yalnız sovet realizmi ilə əks edilə biləcəyinə aid fikirlərlə qarşılaşır. Hədələnir, aşkar şəkildə institutdan qovulacağı vurğulanır. İclaslar, qərarlar və sairə, nəhayətində, Rəssamlar İttifaqından qovulur, Müasir İncəsənət Muzeyində yaradıcılığına aid otaq dağıdılır, əsərləri olan divarlar təmizlənir və buna bənzər təzyiqlərə məruz qalır.
SSRİ realizminə zərif qarşıdurma
SSRİ realizminə zərif qarşıdurma
Sənətlə məşğul olan insanlar üçün yaşayıb yaratdığı dövrdə məşhur olub öz adını tanıtdırma mərhələsi bəzən olduqca çətin olur. Ona görə ki, əvvəlcə bu, şans məsələsi idi. Bir rəssamın bacarığından, dünya görüşündən, qabaqcıl düşüncələrindən də əvvəl kolleqalarının və incəsənət sevərlərin onu necə qarşılayacağı müşkül olduğu kimi, həm də önəmli nüans idi. Bu baxımdan, Ştrzeminskini şanslı hesab etmək olardı. Axı onu təzyiqlərə məruz qoyan dövlət adamları belə çox gözəl bilirdilər ki, o, yalnız ölkəsi üçün yox, həm də incəsənət üçün çalışırdı.
Fəqət yenə də bunlara rəğmən, «kommunizmdə işləməyənə çörək yoxdur» cavabları onu miskin bir rəssam statusuna endirməklə yanaşı, həm də ac-yalavac, kasıb vətəndaş edirdi.
1952-ci ildə vərəm xəstəliyi səbəbilə vəfat edən rəssam özündən sonra bu dünyaya SSRİ tərəfindən vandalizmə uğramış əsərlərini, tələbələrinin yazıya köçürdüyü nəzəriyyələrini və 16 yaşındakı qızını yadigar qoyur. Qızı Nika Ştrzeminska 15 yaşında heykəltəraş anası Katarzyna Kobronu, 16 yaşında isə rəssam atası Vładisłav Ştrzeminskini itirdikdən sonra təhsilinə davam edir və həkim, yazıçı, valideynlərinin yaradıcılığını araşdıran incəsənət tədqiqatçısı kimi ixtisaslara yiyələnir. 2001-ci ildə ayrılmış valideynlərinə ithafən yazdığı «Art, love and hate. About Katarzyna Kobro and Władysław Strzemiński (İncəsənət, eşq və nifrət. Katarzyna Kobro və Vładisłav Ştrzeminski haqqında)» kitabı onların yaradıcılıqları ilə yanaşı, həm də incəsənətin evliliklərinə təsiri barədə də maraqlı bir mənbədir.
«Ardıcıl görüntü» nəzəriyyəsi bir rəsmə uzun müddət baxdıqdan sonra gözümüzü bağladıqda rəsmin siluetinin gözümüzün önündən getməməsi prosesi ilə ehtiva olunur. Həmçinin biz də məruz qaldığı təqiblərdən sonra senzuraya zərif qarşıdurması ilə seçilən Vładisłav Ştrzeminskinin əsərlərinə baxdıqdan sonra onun nəzdində sistemə baş əyməyən sənətçilərin siluetini görə bilirik.
 
 
 
Müəllif: Vladislav Ştrzeminski
Mənbə: artkaspi.az
 

0 şərh