silinməz yaddaş

      Xatirələr yatmağa qoymur, uşaqlıq illərimin xatirələri.....

Nədənsə daha çox günəşli günləri xatırlayıram. Daima təbəssümlə keçən qayğısız günlər və balaca mən. Hərdən bir-iki saniyəlik o illərin qoxusu gəlir burnuma. Doya-doya içimə çəkirəm ki, bəlkə nəsə geri qayıda. Amma yox.

-Kim öz həyatını geri qaytarıb ki?

 

      İnan bilsəm ki, o günlərimə geri dönəcəm, səbrin özü olub gözlərdim.

      Babamın məni necə çağırdığı hələ də qulaqlarımda. O səs beynimdən silinmir. Kaş ki, indi də çağıraydın məni əziz babam. Arxaya baxmadan qaça-qaça gələrdim yanına. Öpərdim o solmuş əllərini. Necə ki, sən öpürdün mənim əlimdən.

     Getdin… Sanki məndəki balaca qızcığazı da özünlə apardın. Yəqin ki, indi cənnətdə biryerdə əl-ələ tutub gəzirsiz. Lap yaxşı, qoy o qızcığaz mənim əvəzimdən də sənin əlindən tutub, həmişə suallarla dolu olan gözlərinə baxsın.

    Sən həmişə çoxlu sual verərdin. Mənsə hərdən hövsələdən çıxıb, bir bəhanə uydurub aradan qaçardım. İndi başa düşürəm niyə belə edirdin. Axı sənin gözlərinin nuru getmişdi əziz babam. Sən də ətrafı mənim verəcəyim cavablarla görmək istəyirdin.

“Kaş ki” deməyəcəm. “İnşallah” deyəcəm. Çünki səninlə cənnətdə görüşmək ümidilə yaşayıram.        Sonuncu dəfə telefondakı sevincindən ağladığın və titrəyən o səsini, bizim cənnətdə görüşəcəyimiz o gündə eşitmək ümidiylə səndən ayrılıram. Səni çox sevən və xatirəni əziz tutan ilk nəvən......

 

0 şərh