Рейтинг
+11.83

Hüquq və qanunvericilik

16 üzv, 106 topik

Mülki hüquq anlayışı və sistemi. Mülki qanunvericilik

Mülki hüquq — milli hüququn mühüm bir sahəsi olub, əmtəə-pul və digər əmlak münasibətlərini, habelə bunlarla əlaqədar olan şəxsi qeyri-əmlak münasibətlərini tənzim edir. Bu münasibətlər mülki-hüquqi tənzimetmənin predmetini təşkil edir.
Mülki hüququn tətbiqi sferası çox genişdir. O, yalnız əmtəə-pul münasibətlərini deyil, həm də mülkiyyət münasibətlərini, dövriyyə iştirakçılarının alqı-satqı, əmlak kirayəsi, borc, podrat, habelə komissiya, tapşırıq, saxlama və s. bu kimi müqavilə münasibətlərini nizama salır. Bura, həmçinin, vurulmuş zərərin əvəzinin ödənilməsi, əsassız varlanma nəticəsində əldə edilənlərin qaytarılması, əqli mülkiyyət, vərəsəliklə bağlı münasibətlər də aiddir. Bütün bunlar indiki dövrdə — bazar iqtisadiyyatına keçid dövründə mülki hüququn rolunun daha da artmasına səbəb olur.
Göstərilən ictimai münasibətlərin mülki-hüquqi tənziminin özünəməxsus metodu var. Hüquq nəzəriyyəsindən məlum olduğu kimi hüququn ictimai münasibətlərə təsiri üsulları və vasitələri hüquqi tənzimetmənin metodu adlanır.
Ardı →

Hüquq anlayışı. Dövlət və hüququn qarşılıqlı əlaqəsi

Cəmiyyət və dövlət ictimai münasibətlərin nizamlandığı, ictimai qaydalara riayət olunduğu şəraitdə normal fəaliyyət göstərə bilər. İctimai həyatın təşkilində, insanların davranışının və kollektivlərin fəaliyyətinin nizamlanmasında hüquq mühüm rol oynayır. Hüquq anlayışı haqqında məsələ mübahisəlidir. Hüquq elminin müxtəlif sahələrinin nümayəndələrinin hüquqa vaxtilə vermiş olduqları və hal-hazırda verdikləri müxtəlif  təriflər mövcuddur.
Hüququn mahiyyəti ilə bağlı nəzəriyyələrdən biri olan təbii hüquq nəzəriyyəsi hesab edir ki, hüququn özündə ədalətin mütləq, dəyişməz başlanğıcı vardır, o təbii olaraq mövcuddur, təbii hüquq, sanki müəyyən cəmiyyətdə mövcud olan hüquq normaları sisteminə (normativ hüquq adlandırılan) qarşı qoyulur.
Ardı →

Azərbaycan Respublikası Prokurorluğu

Azərbaycan Respublikasında məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının dövlət hakimiyyəti sistemində yerinin müəyyənləşdirilməsi aktual məsələlərdən biridir.
1995-ci ildə Azərbaycan Respublikası Konstitusiyası qəbul edilərkən Konstitusiyaya prokurorluğun məhkəmə hakimiyyəti sistemində statusunu müəyyən edən bir maddə daxil edildi (maddə 133). Həmin maddəyə əsasən, Azərbaycan Respublikası Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada qanunların icra və tətbiq olunmasına nəzarət edir, qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və istintaq aparır, məhkəmədə dövlət ittihamını müdafiə edir, məhkəmədə iddia qaldırır, məhkəmə qərarlarından protest verir. Lakin Konstitusiyada prokurorluğun nəzərdə tutulmuş səlahiyyətləri içərisində əsas məsələ qanunların icra və tətbiq olunmasına nəzarətin «həcmində» idi. Xarici ekspertlər hesab edirlər ki, nəzarətin bu cür həyata keçirilməsinin və ümumiyyətlə, bu səlahiyyətin bütövlükdə əvvəlki siyasi və sosial sistemdən götürülməsinin demokratik inkişaf meylləri ilə uzlaşmadığından Konstitusiyada nəzərdə tutulması məqsədə müvafiq deyil.


Ardı →

Azərbaycanın məhkəmə sistemi

Konstitusiya hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin II hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır (Azərbaycan Respublikası Konstitusiyası, maddə 62).
Hal-hazırda Azərbaycan Respublikasında həyata keçirilən məhkəmə hüquq islahatları vətəndaşların məhkəmə müdafiə hüququnun genişlənməsinə səbəb oldu. Bu islahatların mühüm cəhətlərindən biri də xalq iclasçıları (şeffenlər) institutunun ləğv edilməsi və andlı iclasçılar institutunun qanunvericiliyə gətirilməsi oldu.


Ardı →

Hakimlərin hüquqi statusu

Hər bir dövlətin Konstitusiyasının daha çox diqqət yetirdiyi məsələlərdən biri məhkəmə hakimiyyətini həyata keçirən şəxslərin — hakimlərin statusu ilə bağlıdır. «Məhkəmələr və hakimlər haqqında» qanunun 92-ci maddəsinə görə hakimlər ədalət mühakiməsini həyata keçirmək üçün qanunla müəyyən edilmiş səlahiyyətlərə malik şəxslərdir.
Hakimlərin hüquqi statusu Konstitusiyada və qanunlarda əks olunmuş bir sıra prinsiplərlə müəyyən olunur. Bu prinsiplər sırasına aşağıdakılar daxildir: hakimlərin təyinatı, hakimlərin dəyişilməzliyi, hakimlərin müstəqilliyi, hakimliklə bir araya sığmayan fəaliyyətlə məşğul olmaması.
Azərbaycan Respublikasının qüvvədən düşmüş 1981-ci il 4 dekabr tarixli «Azərbaycan SSR rayon (şəhər) xalq məhkəmələrinin seçkiləri haqqında» qanuna görə rayon (şəhər) xalq məhkəmələrinin hakimləri əhali tərəfindən seçilirdi. Azərbaycan Respublikasının 1978-ci il Konstitusiyasına görə yüksək məhkəmələr müvafiq xalq deputatları sovetləri tərəfindən seçilirdi. Bu qayda 1990-cı ilədək tətbiq olunmuşdur.
Ardı →

İctimai birliklərin hüquqi statusunun əsasları.

Demokratik cəmiyyətdə siyasi sistemin fəaliyyət göstərməsi siyasi plüralizmdən, yəni insanların mənafe və fikirlərinin rəngarəngliyindən, ayrı-ayrı siyasi qüvvələrin fəaliyyətinin müxtəlifliyindən, xüsusilə seçki kampaniyaları dövründə onların rəqabətindən, siyasi mübarizələrindən başlanır. Bütün bunlar, ancaq qanun çərçivəsində və hədlərində olmalıdır.
Totalitar rejimin cəmiyyətimizin siyasi səhnəsindən getməsindən sonra Azərbaycan cəmiyyətində demokratiya şəraitində siyasi plüralizm, çoxpartiyalılıq təşəkkül tapdı. Müxtəlif ictimai birliklər, partiyalar yaranmağa başladı. Ölkə parlamenti müxtəlif siyasi partiyaların seçkilərdə iştirakı nəticəsində təşkil olunmağa başladı. Dövlət orqanları ictimai birliklərin, assosiasiyaların daxili işlərinə qarışmamağı üstün tuturlar. Ancaq bu o demək deyil ki, dövlət, qeyri — hökumət təşkilatlarının təşkili və fəaliyyəti ilə bağlı məsələləri qanunun köməyi ilə nizama sala, onlar tərəfindən hüquq normalarına riayət edilməsinə nəzarət edə bilməz.


Ardı →

Məhkəmə hakimiyyəti

Hər bir demokratik dövlətdə dövlət hakimiyyəti hüquqi dövlətin əsas prinsipi olan «hakimiyyət bölgüsü» əsasında təşkil edilir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin 3-cü hissəsində bu prinsip əks olunmuşdur: Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir: qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir; icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur; məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.
Hər bir hakimiyyət qolu demokratik cəmiyyətdə müəyyən rolu yerinə yetirir. Demokratik cəmiyyətdə məhkəmə hakimiyyətinin rolu isə müxtəlif hüquqi mübahisələrdə Konstitusiyada, qanunlarda, qanun qüvvəli aktlarda və beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hüququn aliliyini təmin etməkdir.


Ardı →

Prezidentin seçilməsi və səlahiyyətlərinin xitam edilməsi qaydaları

Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsinə əsasən yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı prezident seçilə bilər. Konstitusiyaya görə prezident 5 il müddətinə seçilir və heç kəs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Prezidenti seçilə bilməz.
Azərbaycan Respublikası Prezidentinin seçilmə qaydası 2003-cü il 27 may tarixli «Azərbaycan Respublikasının Seçki Məcəlləsi» ilə tənzimlənir. Məcəlləyə görə Prezident seçkilərinin keçirilməsi günü Mərkəzi Seçki Komissiyası tərəfindən seçki gününə azı 120 gün qalmış təyin olunur. Seçki günü prezidentin səlahiyyət müddəti başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü hesab olunur.


Ardı →

Azərbaycan Respublikası Prezidentinin statusu

Müasir sivilizasiya, həyatın digər sahələrində olduğu kimi dövlət quruculuğu sahəsində də əldə edilən yeni-yeni nailiyyətlərlə xarakterizə edilir.
İdarəetmə forması kimi prezidentli respublika ilk dəfə 1787-ci il-də ABŞ-ın Konstitusiyasında təsbit edilmişdir. Lakin dövlətin funksiyalarının hakimiyyət orqanları arasında bölüşdürülməsi bir anlığa baş verməmişdir. ABŞ-da təsis olunmuş prezidentlik institutu özünün nəzəri əsasını hakimiyyətin bölgüsü nəzəriyyəsindən götürmüşdür. Hakimiyyətin bölgüsü nəzəriyyəsi də ilk dəfə XVIII əsrdə Monteskyö tərəfindən irəli sürülmüşdür. Monteskyö hakimiyyətin bölgüsü nəzəriyyəsini irəli sürərkən o nöqteyi-nəzərdən çıxış edirdi ki, «harada hakimiyyət ciddi şəkildə bölüşdürülməyibsə, orada azadlıq ola bilməz».
Müxtəlif dövlətlərdə prezidentlik institutu ayrı-ayrı dövrlərdə idarəetmə formasından asılı olaraq tətbiq olunmuşdur.
Ardı →

Milli Məclis deputatının hüquqi statusu

Məlum olduğu kimi, hakimiyyətin bölgüsünə əsasən, qanunverici hakimiyyət parlamentin əlində cəmləşir. Parlament üzvləri müxtəlif dövlətlərdə müxtəlif cür adlandırılır. Məsələn, Böyük Britaniyada, ABŞ-da yalnız aşağı palatanın üzvləri parlament üzvü hesab olunur. Onlar ABŞ-da konqresmen adlandırılır. Bolqarıstanda parlament üzvləri xalq nümayəndəsi, Türkiyədə isə millət vəkili adlanır. Azərbaycanda isə parlamenti (Milli Məclisi) Azərbaycan Respublikasının deputatları təşkil edir. «Deputat» termini serb sözü olub hərfi mənası «elçi göndərilmiş» deməkdir. Deputatların əsas vəzifəsi qanunvericilik prosesində iştirak etmək və qanunda göstərilmiş funksiyaları həyata keçirməkdir. Sual yaranır: bu fünksiyanı həyata keçirən zaman deputat kimin mənafelərini ifadə edir, xalqın, yoxsa yalnız onu seçənlərin, öz elektoratının?


Ardı →