Ritorika və onun başqa elmlərlə əlaqəsi

Çox vaxt ritorika (bəlağətlinitq) ilə nitq mədəniyyətini eyniləşdirmişlər. Ritorika yunanca natiqlik haqqında elm deməkdir, geniş mənada isə bədii nəsr — bədii oxuma sənəti mənasında işlədilir. Qədim Yunan və Roma natiqləri S.Siseron, Kvantilian ritorikanı 5 hissədən ibarət hesab etmişlər: materialın tapılması (seçilməsi); yerləşdirilməsi (ardıcıllıq); sözlərlə ifadəsi (yüksək orta və aşağı üslubda ifadə etmək), habelə sözlərin seçilməsi; yadda saxlamaq (yada salmaq) və nitqin ifadəsi.

Bu qədim sənət növü insanlara böyük hörmət gətirirdi. Sonralar isə V.Hüqodan başlayaraq ritorika gurultulu ifadələr, mənasız sözlər yığını, hay-küy mənasında işlənmişdir. Nitq mədəniyyəti isə başlıca olaraq ritorikanı özündə əks edirir. Başqa sözlə, ritorikasız nitq mədəniyyəti ola bilməz.

Məlumdur ki, heç bir elm təkcə öz qanunları əsasında, təcrid olunmuş şəkildə inkişaf edə bilməz. Bu. bütün təbiət və cəmiyyət hadisələrinə aiddir. Hər bir fərd cəmiyyətin üzvü kimi yaşayır və inkişaf edir. Cəmiyyətin başqa üzvləri ilə əlaqəsini itirmiş adam sosial həyatın fəal üzvü ola bilməz. Beləliklə, cəmiyyət struktur sistemindən çıxmış olar. Amma bu, o demək deyil ki, hər bir adam bütün insanlarla əlaqədə və münasibətdə olmalıdır. İnsan yalnız yaxın adamlarla təşkil olunmuş cəmiyyətin fəal üzvü olub, cəmiyyətin bütün adamları ilə əlaqə və münasibət qura bilər.

Elm də belədir. Hər bir elm öz obyekt və predmetini və sərhədlərini müəyyən etdikdən sonra başqa elmlərin elmi uğurlarından istifadə etməklə daha da inkişaf edir. Burada da hər bir elmin özünə yaxın — uyğun olan elmlərlə əlaqəsi daha möhkəm, başqa elmlərlə əlaqəsi isə nisbətən zəif olur. Ritorika da humanitar elm sahəsi olduğu üçün ilk öncə bu elmlərlə əlaqədardır: 1) Dilçilik; 2) Ədəbiyyat — Ədəbiyyatşünaslıq; 3) Üslubiyyat; 4) Tarix; 3) Etika; Estetika; 7) Psixologiya; 8) Pedaqogika; 9) Fiziologjya; 10) Məntiq və s.

Ritorika və dilçilik

Nitq fəaliyyəti tamamilə dilə əsaslanır. Dil nitqin bazası, nitq isə dilin ifadə formasıdır. Dil nitqi formalaşdırdığı kimi nitq də dili yaşadır. Bu, o deməkdir ki, bilmədiyin dildə danışa bilməzsən. Dil də nitq şəklində fəaliyyət göstərməsə, ölər. Nitq özü tamamilə dil bazasında yarandığı kimi, bəlağətli nitq (ritorika) də dil normaları əsasında yaranır. Dil normalarından kənarda heç bir ritorik akt yarana bilməz. Dil normalarını tənzimləyən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, onları ümumiləşdirən dilçilik olduğu üçün tamamilə dil qanunlarına əsaslanan ritorika dilçiliyin bir bölməsi hesab edilir. Dilçiliyin fonetika, leksikologiya, frazeologiya, morfologiya bölmələri ritorikanı da əhatə edir. Belə ki, Azərbaycan dilinin fonetik (qanun və vasitələri nitqin ekspressivliyinı artırdığı üçün hər bir ritor bu prosodik vasitələrdən bacarıqla istifadə edə bilməlidir. Eləcə də dilimizin leksik tərkibini mükəmməlsurətdə mənimsəmiş, geniş söz ehtiyatına malik olan adam lüğəvi vahidlərdən yerində və bacarıqla istifadə edə bilər. Sözlərin seçilməsi, onların nominativ və məcazimənalarından mahir ritor bacarıqla istifadə edir. Bu, onun nitqinin bütün ritorik tələblərini təmin edir. Əksinə, leksik normalardan kənara çıxan (loru, jarqon, vulqar sözlər işlədən) adam dərhal dinləyicinin marağınin sönməsinə səbəb olur. Eyni sözləri frazeoloji vahidlərdən istifadə edə bilmək qabiliyyəti haqqında da demək olar. Məlumdur ki, pare-mioloji vahidlər nitqin effektini artırır. Məsələn,

Yoruldum — əldən düşdüm.
İnanmıram — Gözüm su içmir.
Gizli saxla — bir daş altda, bir daş üstdə
və s.

Çox asanlıqla inanmaq olar ki, birinci-normativ mənada işlənən sözlərdən istifadə edən adi, ikinçilərdən istifadə edən isə ritor (əsl natiq) hesab olunur.

Dilin morfoloji normaları da belədir. Qrammatik norma və kateqoriya şəklində sabitləşmiş qrammatik məna ifadəçiləri normativ sistem təşkil edir. Bu normativ sistemi mənimsətmək, onları nitqdə yerli yerində işlətmək ritorikanı dilin formal sistemı ilə əlaqələndirir. Dilin sintaktik səviyyəsini, oradakı müxtəlif dil xüsusiyyətlərini (fonosintaktik cəhətləri, aktual üzvlənməni, fonetik-ritmik qruplara ayırmanı dərindən bilmək ritorun ən başlıca vəzifəsidir. Beləliklə, aydınolur ki, ritorika tamamilə dilçilik çərçivəsində fəaliyyət göstərir.

Ritorika və ədəbiyyat — ədəbiyyatşünaslıq

Ritor-əslində danışdığı dildə yaramış olan ədəbiyyatla yanaşı, ədəbiyyatşünaslığı da bilməlidir. Ədəbi janrların poeziya, nəsr, dram janrlarının əsas xüsusiyyətlərini bilməyən bir natiq nə şeirin poetik siqlətini, nə nəsrin fikir axarını, nə dramın dialoji çoxcə-hətliliyini dinləyiciyə yüksək səviyyədə çatdıra bilər. Xüsusilə əruz vəznində yazılmış şeirləri oxumaq, dinləyiciyə çatdırmaq üçün natiqdən — ritordan bu sahəni yaxşı bilmək tələb olunur. İstər heca vəznində, istər sərbəst vəzndə yazılmış şeir olsun, onu ifadəli şəkildə düzgün oxumasan, əsərin dəyərini, düşündüyün kimi, dinləyicini də razı sala bilməzsən.

Nəsr və dram əsrlərinin xüsusiyyətlərini də dərindən mənimsəmək lazımdır. Nağıl ilə oçerki eyni tonda, eyni ahəngdə oxumaq olmaz. Eləcə də dramatik əsərlə komik əsəri eyni formada oxumaq natiq üçün qüsurdur.

Ritorika və tarix

Ritorikanın tarixlə əlaqəsini ritorika tarixi ilə eyniləşdirmək olmaz. Bunlar nə qədər yaxın olsalar da bir-birinin eyni deyil. Ritorikanın tarix elmi ilə əlaqəsi dedikdə ritorun tarix elmini yaxşı bilməsi nəzərdə tutulur.

Azərbaycanın sovet dövrü tarixindən danışan bir natiq bu dövrün hadisələrini yaxşı bilməkdən əlavə, həmin hadisələrin görünməyən tərəflərini də bilməli və milli mövqedən çıxış etməyi bacarmalıdır. Əgər, ritor tarixi hadisələri — onların səbəblərini, gedişini, nəticələrini yaxşı bilməsə, onun nitqi inandırıcı olmayacaq. İnamsız danışacaq, dinləyicini özünə cəlb edə bilməyəcək. Məsələn, Azərbaycanda sovet hakimiyyəti qurulması tarixini götürək, neçə il bundan əvvəl natiqlər bolşevik platformasından yazılan tarixi hadisələri zövq və şövqlə danışırdı. İndi isə həmin hadisə haqqında milli dövlətçiliyimizin məhv edilməsi, xalqımızın milli müstəqilliyimizin, azadlığımızın əlimizdən alınması kimi danışmaq lazım gəlir. Bu hadisəni yüksək pafosla, zövq və şövqlə nəql etmək olarmı? Şübhəsiz, bu zaman təəssüf hissi ilə, aramla, astadan, pauzalarla danışmalı olacaqdır.

Ritorika və etika

Etika fəlsəfi termin olub, yunanca etos - əxlaq, xarakter. Adət deməkdir. Natiq nitqində etik problemlərin hamısına əməl etməlidir. Xüsusilə sözseçimi ritorun ən başlıca vəzifəsidir.Ritor çıxış etdiyi bütün auditoriya qarşısında öz ləyaqətini saxlamaq üçün bütün etik normalara riayət etməlidir. Ritor unutmamalıdır ki, onun geyimi, xarici görkəmi, əl-qolunu yerli-yersiz, mənalı və mənasız qaldırıb salması onun nüfuzunu müəyyən edir. Ritorun işlətdiyi bircə ədəbsiz söz onun daxili aləminin puç olduğunu sübut edər. Və ona heç kəs qulaq asmaz. Məlumdur ki, vulqar sözlər poetik sözlərə nisbətən daha ekspressiv olur. Nə qədər yüksək səviyyədə danışırsa-danışsın, hansı hadisəni necə gözəl şərh edirsə etsin, sonda bircə ədəbsiz ifadə işlətsə, ritorun bütün nitqi mənasızlığa yuvarlanar, dəyərdən düşər. Vulqar sözlər bədii ədəbiyyatda personajın daxili aləmini açmaq, onun kobud və ədəbsiz olduğunu göstərmək üçun işlədilir. Müəllifin və ritorun dilində belə sözlər işlətmək olmaz. Ritorun auditoriyaya — diniləyicilərə münasibəti də əsas etik problemlərdəndir. Dinləyicilərlə ritor arasında vəzifəcə nə qədər böyük fərq olursa-olsun, ikinci birincilərə hörmətlə yanaşmalı və hətta tənqidi məqamlarda belə etik normalardan kənara çıxmamalıdır. Ritorun nitq zamanı hərəkətləri də etik normalar çərçivəsindən kənara çıxmamalıdır. O, heykəl kimi dayanıb, yeknəsək ahənglə, sürətli danışığı ilə dinləyicini bezikdirməməlidir. Eyni zamanda yerli-yersiz saçını sığallamamalı, qalstukunu, pencəyini düzəltməməlidir. Təsəvvür edin ki, bir adlı-sanlı natiq üzü tüklü, köynəyi çirkli və yaxalığı əzik şəkildə, rəngləri müxtəlif olan paltar və ayaqqabıda auditoriya qarşısında çıxış edir, əlindəki kitabı, karandaşı, tabaşiri tez-tez ya stola çırpır, ya da göyə qaldıraraq diqqəti onlara cəlb edir. Belə bir çıxış nə qədər zəngin olsa da, heç kəsdə müsbət təsir buraxmaz.

Ritorika və üslubiyyat

Dilin üslublarının hamısının ən yüksək zirvəsində üslubi ritorika dayanır. Buna görə də ritorikanın digər növləri arasında üslubiyyatın rolu xüsusi ilə danılmazdır.

Ritorika və estetika

Estetika termini da mənşəcə yunan dilinə aid olub aisthetikos sözündəndir. Mənası hiss edilən, həssas deməkdir. XVII əsrdən başlayaraq müstəqil fəlsəfi anlayış kimi işlənməkdədir. XX əsrdə estetika sözü öz ilkin mənasından əlavə zövq, gözəllik, səliqəlilik kimi mənalarda işlənmişdir. Hətta texniki estetika termin birləşməsi də işlənməkdədir ki, bu da istehsalatda səliqəlilik, dəqiqlik, hər şeyin öz yerində olmasını tələb edir. Insanın estetik tərbiyəsi dedikdə isə onun xarici formasından tutmuş daxili aləminə qədər zövqlü, gözəl və biçimli olması nəzərdə tutulur. Natiqlik sənətində isə estetika etika ilə vəhdətdə götürülür.

Əgər ritor etik normaların hamısına cavab verən bir şəkildə çıxış edirsə, deməli, estetika da onun içərisində əks olunmuşdur. Çünki estetika təkcə zahiri görkəmi nəzərdə tutmur, habelə, dilin gözəlliklərini məharətlə dinləyiciyə çatdırmağı nəzərdə tutur. Estetika geniş mənada gözəllik aləmi dekəkdir. Əgər, ritorun nitqi bütün cəhətlərdən gözəldirsə, deməli, estetik kateqoriyalar gözlənilmişdir.

Ritorika və psixologiya

Psixologiya insanların səciyyəvi xäsusiyyətlərini öyrənir. Bu elm insanların (hətta heyvanların) fəaliyyətini və davranışnı öyrənir.

Qədim zamanlarda psixologiya ruh haqqında elm kimi dəyərləndirilirdi. XIX əsrdə artıq müstəqil elm kimi formalaşdı.

İnsan nitqi (dili) bilavasitə təfəkkür ilə bağlı olduğu üçün psixologiya ilə də bağlıdır. Təfəkkür insanın dili ilə psixologiyasının birləşdiyi nöqtədir. İnsan düşünəndə və danışanda onun bütün beyin qabığı fəaliyyətdə olur. Bu prosesdə nitq mərkəzi xüsusi fəaliyyətdə olmalıdır ki, səs siqnallarını analiz edərək onu mənalandıra bilsin. Bu proses həm dinləmə, həm də danışma zamanı fəal surətdə davam edir. İnsan danışıq zamanı hansı psixi prosesin təsiri altında olması həlledici rola malikdir. Əgər ritor müsbət emosiyaların təsiri altındadırsa, onda onun psixolinq-vistik mexanizmi açıq olur, nəticədə nitqi gözəl olur. Əksinə, mənfi emosiyaların təsiri altında olduqda psixolinqvistik mexanizmi sanki bağlı olur. Bu vaxt hər bir adam bildiyini də danışa bilmir. Bunu hər bir adam öz şəxsi həyatında dəfələrlə smaqdaıı çıxarmışdır ki, bildiyini danışa bilmir. Məssələn, başına bədbəxt hadisə gəlmiş heç bir natiq, heç bir mövzunu şövqlə danışa bilməz. Və yaxud, ritorun çıxışının yaxşı məqamında bir qeyri-adi hadisə baş versə, o nitqini əvvəlki kimi davam etdirə bilməyəcək.

Bundan əlavə, ritor qarşısında çıxış etdiyi auditoriyasının psixologiyasını da bilməlidir (nəzərə almalıdır).

Ritorika və pedaqogika

Pedaqogika dedikdə, hər şeydən əvvəl, təlim prosesi nəzərdə tutulur. Yunan dilindən götürülmüş bu terminin mənası insanı tərbiyələndirmək deməkdir. Pedaqogika tərbiyənin mahiyyətini, məqsədini, vəzifələrini və qanuna uyğunluqlarını öyrənir. Pedaqogika habelə təlim və təhsil prosesində və həyatda şəxsiyyətin rolunu müəyyənləşdirir. Pedaqogika cəmiyyət üçün çox lazımlı bir sənətdir. Buna görə də o, qədim Yunanistanda e.ə. V-IV əsrlərdə meydana gəlmişdir. Müasir dövrdə təlim və təhsil sistemini pedaqoji atributsuz təsəvvür etmək çətindir. Bu gün pedaqogika təkcə təlim və tərbiyə məsələləri ilə məhdudlaşmır. Cəmiyyətdə hər bir üzvün tərbiyəsi, əxlaqi davranışı, o cümlədən başqaları ilə mədəni rəftarı kimi vacib məsələləri öyrənir. Tədris prosesində müəllimin nitqinin gözəlliyi tələbəni (şagirdi) cəlb etmək, elmi sevdirmək üçün əsas cəhətdir. Böyük rus pedaqoqu K.D.Uşinski nahaq deməmişdir ki, müəllim şəxsiyyəti tərbiyədə hər şeydir. Müəllim öz bəlağətli nitqi ilə tədris etdiyi fənninin incəliklərini tələbə və şagirdlərinə sevdirdiyi kimi, bir şəxsiyyət kimi özünə hörmət və nüfuz da qazanır.

Yeni yetişən nəslin və gənc mütəxəssislərin nitq mədəniyyəti, əsasən, ali və orta məktəb müəllimlərinin fəaliyyətindən asılıdır. Ali məktəb tələbələri ədəbi dilin bütün normalarını bilməli və ona əməl etməlidir. Bu vəzifənin təməli orta məktəbdə qoyulmalı, ali məktəbdə isə bu iş tamamlanmalıdır. Bu işdə bütün fənn müəllimləri iştirak etməlidir. Tələbələrin əksəriyyəti burjua, sosial, demokrat və s. kimi sözlərin vurğusunu düzgün tələffüz etmirlər. Bu sözlər daha çox tarix dərslərində işlədilir. Əlbəttə, tarix müəllimi buna biganə qala bilməz.

Məlumdur ki, hər bir adamın nitqi onun keçirdiyi psixoloji proseslərdən və emosiyalardan asılıdır. Məsələn, mənfi emosiyaların təsiri altında olan tələbənin nitqinin (psixolinqvistik mexanizmi sanki bağlı olur. O, istədiyi fikri ifadə edə bilmir. Bu onun səsinin ahəngində, intonasiyasının pozulmasında, sözləri təhrif etməsində, dil vahidlərini bəzən düzgün seçə bilməməsində hiss olunur. Müəllim bu vaxt tələbənin səhvlərini düzəltməli, onun dil xətalarını təshih etməlidir.

Nitq mədəniyyəti, problemi daha çox dil və bununla bağlı elmlər (ümumi dilçiliç, dil tarixi, müasir dil və s.) və ədəbiyyatşünaslıqla bağlıdır.

Dil qanunlarını öyrənmək birinci növbədə dilçiliyin vəzifəsidir. Dilçilikdən dərs deyən müəllim ilk növbədə tələbənin nitqindəki: dialektizmlərlə mübarizə aparmalıdır.

Ədəbi tələffüz, yüksək nitq mədəniyyəti normaları əbəbiyyat dərslərində daha böyük zərurət kəsb edir. Bədii nitqin estetik duyumu, onun ekspressiv siqləti, induktiv təsiri məhz onu yüksək ədəbi dillə çatdırmağı tələb edir.

Klassik ədəbiyyatımızdakı əruzun bütün bəhrlərini təfilələri üzrə düzgün mənimsəmədən klassik şeiri nə demək, nə də tədris etmək olar.

Şeirin xüsusiyyətlərindən, daxili məzmunundan, onun hansı auditoriyada deyilməsindən çox şey asılıdır. Burada şablondan istifadə etmək olmaz.

Müəllim özü tələbənin nitq mədəniyyətinin formalaşmasında nümunə olmalıdır. Müəllim nitqi mühazirə ilə seminarda, birinci kursla, beşinci kursda, milli auditoriya ilə qeyri-milli auditoriyada eyni ola bilməz.

Ritorika və fiziologiya

Məlumdur ki, şifahi nitq səsli dildir. Burada səsin böyük rolu vardır. Ritorun səs telləri (bütövlükdə səs cihazı) sağlam olmalıdır. Nə qədər gözəl sözlər işlədirsə işlətsin, səsi xırıltılı, dili pəltək olan natiq heç bir uğur qazana bilməz.

Fizioloji qüsur olaraq kəkələmək də nitqi eybəcərliyinə gətirib çıxarır.

Danışıq səslərinin düzgün tələffüzü, orfoepiya qaydalarına riayət etmək nitqi gözəlləşdirən amillərdən biridir. Bəzən elə adamlara rast gəlmək olur ki, nitq axını prosesində sanki ilişmələr baş verir. Buna görə də istər-istəməz danışanın nitqi qırılır. Bu, həm onun özünə, həm də dinləyiciyə pis təsir edir. Nitqin fizioloji qüsurlarını aradan qaldırmaq üçün Loqopediya adlanan elm sahəsi mövcuddur (loqos - yunanca söz, pediya -təlim deməkdir). Əgər nitqi qüsurlu uşağın eşitmə qabiliyyəti varsa, onun nitq qüsurlarını aradan qaldırmaq mümkündür. Eşitmə qabiliyyəti də nitqin bəlağətli alınmasında əhəmiyyətli rol oynayır. Əgər, ritorun özü zəif eşidirsə, o, qışqıra-qişqıra danışacaq. Onda bəlağətli nitqin keyfiyyətlərindən biri aradan çıxmış olacaqdır. Belə nitqə heç kəs qulaq asmaz.

Ritorika və məntiq

Məntiq sözü ərəbcə nitq sözündəndir. Ritorun nitqinin effekti onun məntiqliyindən asılıdır. Ritor öz nitqini elə qurmalıdır ki, məntiqin heç bir qanunu pozulmasın. Məntiqin dillə əlaqəsi o qədər möhkəmdir ki, XIX əsrdə Avropa dilçiliyində məntiqizm cərəyanı yaranmışdı. Onlar dil qanunlarrını məntiqlə eyniləşdirirdilər. Halbuki onları eyniləşdirmək olmaz. Ritorikanın məntiqlə əlaqəsinə gəldikdə göstərmək lazımdır ki, məntiqə əsaslanmayan heç bir cümlə obyektiv gerçəkliyi əks etdirə bilməz. Başqa sözlə desək, qrammatik cəhətdən düzgün qurulmuş söz birləşməsi (qarpız kababı, günəş küftəsi və s.) və cümlə (Sumqayıt günəşin anasına şikayət etdi ki, əlimə su tökməyib) obyektiv gerçəkliyi əks etdirmir. Yəni məntiqi cəhətdən düzgün deyil, insan təfəkkürünə sığmır.

Hər bir ritor məntiqi cəhətdən cümləsini düzgün qurmalı olduğu kimi, sübutlardan, faktlardan düzgün və yerində istifadə edə bilməlidir. Onun mülahizə və mühakimələri düzgün və konkret olmalı, əqli ümumiləşdirməsi dinləyicini razı salmalıdır.

Ritor məntiqi sillogizmlərdən öz nitqində geniş istifadə edə bilməli, onları dinləyiciyə çatdırmağı bacarmalıdır. Habelə hökmün silloqistik ifadələrdən düzgün istifadə edə bilməlidir. Onlar aşağıdakılardır:

  • Ümumi iqrarı hökm — Bütün tələbələr insandır.
  • Xüsusi iqrarı hökm — Bəzi tələbələr əlaçıdır. Yasəmən bəzi tələbələrdəndir. Deməli, Yasəmən əlaçıdır, əlaçı olduğu üçün tələbədir, tələbə oduğu üçün insandır.

Belə silloqistik hökmlərin nəticələri həmişə düzgün olur.

Təfəkkürün bütün (eyniyyət, ziddiyyət, kafi əsas, üçüncünü istisna) qanunları dildə öz əksini tapdığı üçün ritor bunlardan istifadə edə bilməli və ya onları nəzərə almalıdır. Məqsəddən uzaq düşməmək üçün kafi əsas qanununun nitqdə roluna baxaq. Bu qanun tələb edir ki, fikrini sübut üçün kafi əsas olduqda onu əlavə dəlillərlə yükləmək olmaz. Bu haqda A.Bakıxanov deyirdi: Müddəam sübut üçün eldə belə məsəl var, Artıq sözlər küfrə dönər, məsələni gəl qutar.

Bir qədim rəvayət də bu haqda dəyərli material kimi verilir. Orada deyilir:
Bir nəfər öz dostu — hökmdarın evinə qonaq gedəndə həmişə böyük təntənə ilə qarşılanırmış: Bir dəfə də dostugilə gedəndə onu heç kəs qarşılamır. İçəri girib bunun səbəbini soruşduqda dostunun arvadı deyir: Ərimin sizi təntənə ilə qarşılamadığının düz 86 səbəbi var. Qoy onları sayım:
=Birinci — ərim artıq ölmüşdür.
Dostu təəssüflə deyir:
— Daha 85 səbəb lazım deyil.

Əgər müəllim ən yaxşı ritor olsa belə, «isim» bəhsini keçəndə bütün adları sadalasa, üç günə qurtarmaz. Onda ona heç kəs qulaq asmaz.

 

Mənbə: Azərbaycan dili və nitq mədəniyyəti, ali məktəb tələbələri üçün dərs vəsaiti, Bakı 2015
Müəlliflər: Akif Bayramov, Ziyəddin Məhərrəmov, Mustafa isgəndərzadə

 

0 şərh