Mən aşıq gündə dara

Mən aşıq, gündə dara,
Saçını gündə dara.
Telinə söylə, məni
Çəkməsin gündə dara.

Kağız yazdım qarasız,
Dərdə düşdüm çarasız,
Gərək mənim dilimdən
Yara siz yalvarasız.

Mən aşıq, gəlindədir,
Kəməri belindədir.
Məni ağladır, gülür,
İnsaf öz əlindədir.

Mən aşıq, gül üstünə,
Gün düşür gül üstünə,
Döşünə (Telinə), qoy, gül taxım,
Gül düşsün gül üstünə!..

Mən aşıq, gülə-gülə,
Gül açır gülə-gülə,
Ay qız, yıxdın evimi
Üzümə gülə-gülə.

Mən aşıq, bir az bəri,
Gəncədən bir az bəri.
Könlümün qönçəsisən,
Dilimin də əzbəri.

Mən aşıq, özgəsinə,
Baxmaram özgəsinə.
Yanında bağrım çatlar
Sən baxsan özgəsinə.

Mən aşıq, beləsinə,
Dolan gəl beləsinə.
Qoy, durum qurban olum
Gözlərin giləsinə.

Yağaram yağış kimi,
Bitərəm qamış kimi.
Qıza oğlan yaraşır (Oğlana qız yaraşır),
Xançala gümüş kimi.
 
 

0 şərh