Bir dəfə Şirokinoda

Şirokinoya o unudulmaz səyahətlə bağlı heç bir qeydim qalmayıb. İndi yadıma düşənlər isə çox natamam, qırıq-sökükdür. Mənim kimi huşsuz adam üçün də beş ildən bəri yaddaşın küncündə hansısa qırıq-sökük xatirələrin ilişib qalması bir möcüzədir. Həm də Şirokinoda gəzdiyimiz yerləri asanlıqla unutmaq mümkün deyil. Robert Kapa deyirdi ki, çəkdiyin şəkillər yaxşı deyilsə, deməli gözəlliyə çox da yaxın olmamısan. Amma biz Şirokinoya çox yaxın idik. Əgər şəkil yaxşı alınmayıbsa, yaddaşımı günahkar bilməliyəm.
Mariupola gələndə Şirokino ilk eşitdiyim yer adı idi. Gözləyirdim ki, əvvəl evə gedəcəm, çamadanlarımı açacam, duş qəbul edib yatacam. Əvəzində Mixail məni birbaşa ofisə apardı. Tina isə dərhal brifinq keçirməyə başladı. İlk cümləsi Şirokino haqda idi. Vəziyyəti yerində qiymətləndirmək üçün ora necə getdikləri, son anda “qırmızı işığa” necə düşdükləri haqda danışdı. Sonra xəritədə bozumtul nöqtəni –Azov dənizi sahilindəki kəndi göstərdi.
Tina Beynəlxalq Qırmızı Xaç Komitəsinin Mariupol ofisinə üç aydan bəri təkbaşına rəhbərlik edirdi. Ehtiyacı olanlara yardım göstərmək üçün can qoyurdu, gecə-gündüz demədən çalışırdı. Bəzən bu qızın iş yanğısını başa düşməyə çətinlik çəkirdim. Tina ofisə rusca bilən təcrübəli nümayəndə istəmişdi. Amma rusdilli Qırmızı Xaç əməkdaşlarının sayı çox məhdud idi. Odur ki, sonda məcbur qalıb münaqişə zonasında işləmək təcrübəsi olmayan, sadəcə rusca bilən əməkdaşın təyinatına razılıq vermişdi. Həmin əməkdaş mən idim.
Münaqişəyə qədər Şirokinonun 1500 nəfər əhalisi vardı. Əsasən Mariupol sakinlərinin dincəldiyi çoxlu bağ evlərinin sıralandığı çiçəklənən kənd idi. Ukraynanın nəzarət etdiyi Mariupolla separatçıların əlində olan Novoazovsk arasındakı Şirokinonun ucqar məhəllələrində döyüşlər 2014-cü ilin sentyabrında başlanmışdı. Lakin bir neçə gün sonra Minsk protokolu imzalanmış, separatçılar mövqelərindən sıxışdırılıb çıxarılmışdı. Noyabrda Tina demək olar ki, Şirokinoya gedib çıxanda vəziyyət hələ gərgin idi. Lakin nisbi stabillik təmin olunmuşdu. Əhali xof içində də olsa, Şirokinoda yaşayırdı. Tina gizlincə deyəndə ki, rəhbərlik təhlükəsizlik təminatı olmadığından onun səfərinə icazə vermir, sevindim. Düşündüm ki, birlikdə gedə bilərik. Çünki görəcəklərimiz mənə də çox maraqlı idi.
Fevralda vəziyyət gərginləşdi. Separatçı qüvvələr Şirokinonu işğal etdilər Minsk Memorandumunun tələblərinə görə isə bura “neytral” ərazi sayılırdı. Beş gün sonra ən qəddar könüllü batalyonlardan sayılan “Azov” təxribata hücum əməliyyatı başlatmaqla cavab verdi. Şirokino döyüş meydanına çevrildi. Düşmən tərəflər bir-birinə Minsk anlaşmasının şərtlərinə görə qadağan edilmiş Qrad və Uraqan tipli raket sistemlərindən – seçmə hədəfləri vuran silahlardan atəş açırdılar.
Müvafiq qurumların “hücumun qarşısını almaq”, yaxud “müdafiə olunmaq” bəhanəsi ilə dinc əhalinin başına od yağdırılmasına nə ad qoyduqlarını bilmirəm. Çünki kəndin tam bir cəhənnəmə çevrildiyi şəraitdə qarşı-qarşıya dayanan qüvvələrin ikisi də mülki obyektlərdə olduqlarını iddia edirdilər. Uzun-uzadı müzakirələr aparılırdı, müxtəlif bəhanələr pinq-ponq topu kimi bir tərəfdən o birinə atılırdı.
Sirokinodan köçkün düşənlərə brezent göndərilməsi haqda saysız-hesabsız e-maillər biri-birini əvəz edirdi. Guya brezent olsa adamlar yağışdan daldalana, evlərinin dağılmış damını örtüb altına yığışa bilərdilər. İndi düşünürəm ki, biz — bu müzakirələri aparan adamlar nə qədər sadəlövh imişik! Şirokinodan qaçıb canlarını qurtaran, amma günlərin birində ora qayıdıb evlərini təmir ermək xəyalı ilə yaşayan sakinlər nə qədər sadəlövh imişlər!
Sonda qərara gəldik ki, adamlara brezent paylamayaq. Çünki bu, köçkünlərin ümidlərini aldatmaq, onları hər iki tərəfin minaladığı kəndə qayıdış üçün şirnikləndirmək baxımından əlverişli stimula çevrilərdi. Qazancları isə çovumuş güllə, ya da evlərin damında marığa yatan snayperlərin sərrast atəşi ola bilərdi. Bəziləri bu qanlı brezent məsələsində təkid edirdilər. “İstənilən halda insanlar geri qayıdır”- deyirdilər. Bu sözləri eşidərkən mən “cəhənnəmə aparan yol nəcib niyyətlərlə döşənib” ifadəsinin doğruluğuna bir daha inanırdım.
Mart ayı ərzində Şirokino demək olar ki, dağıdılmışdı. Sakinlərin çoxu kəndi tərk etmişdi. Yalnız qırx nəfər adam (lap bizim nağıllardakı kimi!) qalmışdı. Onlar zirzəmidə gizlənir, sonu görünməyən döyüşlər arası fasilələrdə sığınacaqlarından çıxırdılar.
Martın 25-də ATƏT bir günlük atəşkəs elan etdi. Biz kənddə qalan adamlara ərzaq bağlamaları paylamağa getməli idik. Adətən ATƏT əməkdaşlarına qarışmamaq, yaxud onları pərt etməmək üçün arada bəlli məsafə saxlayırdıq. Bəlkə də onların günahı deyildi. Lakin camaat bu təşkilatın işçilərini sevmirdi. ATƏT mandatı düşmən tərəfləri ayırmaq, onları Minsk razılaşmasının şərtlərinə əməl etməyə çağırmaqla kifayətlənirdi. Gülləkeçirməz jiletli, Rayban eynəkli əcnəbilərin — ordu və polis mənsublarının bir şey olan kimi gəlib müxtəlif qeydlər aparmağı, vəziyyət qəlizləşəndə isə maşınlarına minib aradan çıxmaları sıravi kənd adamlarını çox qıcıqlandırırdı. ATƏT-in atəşkəsi təmin etməsi bizə gülməli gəlirdi. Doğrudur, təşkilat hesabatlarında humanitar vəziyyətə də bir az yer ayırırdı, insan haqlarının monitorinqi qrupu fəaliyyət göstərirdi. Lakin bu detallar kənardan o qədər də diqqəti çəkmirdi. Çünki təhlükəsizliyimizlə bağlı tədbirləri həmişə özümüz görməli olurduq. Amma indi əlimizə nadir fürsət düşmüşdü. Şirokinodakı humanitar fəlakət bütün narahatlıqlarımızın üstündən xətt çəkirdi.
Taşa Cenevrədə idi. Onu əvəz eləyirdim. Əməliyyata gedənlərin sayı məhdud idi. Mən, sürücü, bir də Oleq. Mən gələndə qırx pay ərzaq bağlaması artıq maşına yüklənmişdi. Logistikadan cavabdeh hər ehtimala qarşı maşının yük yerinə üç kaska qoydu. Bu hərəkət ikili hisslər doğururdu. Qarşı tərəf mənə qəddar, bədniyyət, xain görünür, həm də gözəgörünməz, xəyali təsir bağışlayırdı.

— Ну, Умай, с Богом!- deyə Mişa bizə yaxşı yol arzuladı.

Ukrayna nəzarət-buraxılış məntəqəsini keçəndə separatçılar tərəfdəki əlaqələndirici şəxsə — “Şaman”a zəng vurdum. Onun ləqəbi ilə sinəsinin dərinliyindən gələn səsi, danışıq tərzi arasında sanki bir bənzərlik vardı. Neytral ərazi qorxunc görünürdü. Təmas xəttinin haradan keçdiyini dəqiq bilmirdik. Məndə ATƏT-nın əlaqə nömrəsi olsa da, bağlantı qurmaq mümkün deyildi. Dəfələrlə yandırıb söndürsəm də, mobil telefonum şəbəkəyə qoşulmurdu. Düzdür, peyk telefonu da vardı. Amma ondan istifadə üçün maşını saxlamaq, antennanı açıb siqnal gözləmək lazım idi. Gizlətmirəm, qorxmuşdum. Yaxınlıqda bir neçə raket ucluğu asfalta batmışdı. Bəs rabitə xətti harada idi? Gəlib çıxdığımız yolla əl havasına gedirdik. Birdən qarşımızda – maneə yanıb qarsalanmış zirehli maşın skeleti gördük. Hamımız susurduq, qorxmuşduq. Oleqin arxada astadan təəccüblə fit çaldığını eşitdim.

— Paşa, geri dön, — dedim.

Pavel dərhal maşını arxaya çevirdi.

Bəxtimiz gətirdi. Ehtiyatla ərazidən uzaqlaşdığımız vaxt bir neçə separatçının yolla getdiyini gördük. Yazıqların lap cındırından cin hürkürdü. His-pas içində idilər. Aclıq çəkdikləri hiss olunurdu. “ATƏT-çilərin” harada olduğunu soruşduq. Göstərdilər.

Şirokino tamamilə dağıdılmışdı. Kəndin Şərq hissəsi separatçıların, Qərb tərəfi isə Ukrayna Ordusunun nəzarətində idi. Maşını həmişə olduğu kimi, üzü gedəcəyimiz səmtə saxladıq. Çünki nə isə gözlənilməz bir hadisə baş versə, ərazini dərhal tərk etməli idik. Bir anlığa nəzərlərim küçənin ortasında, kənd adamlarının əhatəsində dayanmış ATƏT Monitorinq Qrupu başçısının müavini A. H-ya sataşdı. H. göründüyü hər yerdə diqqəti çəkirdi. Onu sevə bilərdilər, nifrət edə bilərdilər, amma heç kəs nə vaxtsa, nəyəsə laqeyd yanaşdığını deyə bilməzdi. O, İsveçrə Ordusunun hüquqşünas zabiti, MH-17 hava gəmisinin qəzaya uğramasını ilk araşdıran ekspertlərdən idi. Burada, Şirokinoda H.-un hündür boyu, ütülü köynəyi ilə zirzəmilərdən qorxa-qorxa çıxan rəngi avazımış, köhnə geyimli kənd sakinlərinin görünüşü tam bir ziddiyyət təşkil edirdi. Ümumi tanışlıqdan sonra o, belə bəyanatla çıxış etmişdi: “Mənimlə həmkarlarımın bu gün burada gördüyümüz mənzərə dəhşətlidir. Kənddə təsadüf etdiyimiz adamlar çox çətin şəraitdə sığınacaq tapa bilirlər. Biz kiçik uşaqları olan ailəyə rast gəldik. Sarsılmış vəziyyətdə sığınacaqda daldalanırdılar və artıq iki gündən bəri atəşkəs elan olunmasına baxmayaraq küçəyə çıxmağa qorxurdular”.
Oleq işini yaxşı görürdü. Bilirdi ki, vaxtımız azdır. Atəşkəs son dərəcə kövrək idi. Hər hansı əsgərin ehtiyatsız hərəkəti onu pozmağa kifayət edərdi. Təsadüfi bir atəş qırğın başlamasına yetərli idi. Çünki tərəflər bir-birinə çox yaxın dayanmışdılar. Gərginlik son həddinə çatmışdı.
Uzun sürən qışdan sonra günəşli, ilıq hava vardı. Hətta dağıdılmış kənddə də bu mart günlərində sakinlərin bir bayram əhval-ruhiyyəsində olduğu sezilirdi. Bu onların həmişəkindən fərqli açıq çöhrələrindən də oxunurdu. Şirokino sakinləri bir-bir maşına yaxınlaşır, siyahıya qol çəkib ərzaq bağlamalarını götürürdülər.
Sonra kimsə cəsəd haqda danışdı. Deyirdilər ki, təxminən 7-8 gün əvvəl, atışma zamanı bir nəfər öldürülüb. Meyidi hələ də həyətdədir. “Ailəsi var?” — deyə soruşdum. Dedilər ki, yox, tək-tənha yaşayan içki düşkünü imiş. Uşaqları haradasa Rusiyda olmalıdır. Bizdə cəsəd torbaları vardı. Amma ciddi təlimata görə onları yalnız istifadə üçün başqalarına verə bilərdik. Özümüzün cəsəd götürməyə ixtiyarımız yox idi. Səbəb? Mən bir videoda görmüşdüm. Həlak olmuş əsgərin bədəninə partladıcı bağlayırlar. Yoldaşları onun meyidini aparmaq istəyəndə partlayış baş verir. Bir neçə nəfər yaralanır. Doğrudur, indiki halda meyidi ortalıqda qalan mülki şəxs idi. Lakin həyətə getmək təhlükəsiz deyildi. Yolda partlamamış sursatlar ola bilərdi. H. dedi ki, bu işi özləri görərlər. Ona cəsəd torbası, əlcək və maska verdim. ATƏT-nın monitorinq qrupunun üç əməkdaşı da H.-ya qoşuldu. Yerli sakinlərdən biri bələdçilik eləməyi öhdəsinə götürdü. Bağlamaları təzəcə paylayıb qurtarmışdıq ki, qayıtdılar. Hərəsi cəsəd torbasının bir küncündən yapışmışdı. Meyidi şəxsiyyətini təyin etmək üçün Mariupol morquna aparmaq lazım idi. Maşının yük yerinə qoydular. Pavel nəzərəçarpacaq dərəcədə həyəcanlanmışdı. Burnunun altında nə isə mızıldayırdı. Mən soyuqqanlılığımı qoruyub saxlamağa çalışırdım. İzah elədim ki, bu tamamilə normal hadisədir.
Ətrafımızdakı əsgərlər arasında xəfif narahatçılıq hiss etdim. Portativ radiolardan anlaşılmaz uğultu gəlirdi. Kənd camaatı da əsəbi görünürdü. Yəqin adamlar belə uzunmüddətli sakitlikdən yadırğamışdı. Sonra ilk atəş açıldı. Ardınca ikinicisi. Atəşkəs pozulmuşdu. “Уезжайте!”(“Gedin!”) – deyə adamlar bizdən xahiş edir, tələsdirirdilər. İlk imkan yaranan kimi yenidən gələcəyimizi deyib yola düşdük. Amma təəssüf ki, sonra belə imkan yaranmadı. ATƏT növbəti atəşkəs haqda razılaşmaya lüzum görmədi. İyulun 3-də təşkilatın rəsmisi kənddə artıq mülki şəxslərin qalmadığını bildirdi. İyulun 5-də “Donetsk Xalq Respublikası”nın “müdafiə naziri” Kononov Şirokinonun separatçılar üçün heç bir strateji əhəmiyyətinin olmadığını elan etdi. Çünki kənd vadidə yerləşirdi. Ətrafdakı yüksəkliklər isə Ukrayna tərəfin əlində idi.
Artıq Ukraynanın nəzarətindəki əraziyə çatdığımızdan həm Oleq, həm də mən özümüzü rahat və xoşbəxt hiss edirdik. İşimizi görmüşdük – ehtiyacı olan 40 nəfərə ərzaq bağlaması çatdırmışdıq. Geriyə isə özümüzlə meyit gətirirdik. Təbii ki, kədərli təsadüf idi. İstənilən halda bu adam dəfn edilməli idi. İnsani ləyaqəti yalnız bu yolla təmin oluna bilərdi. Əlbəttə, ondan ötrü belə ləyaqətin daha heç bir əhəmiyyəti yox idi. Amma düşünürdüm ki, dörd bir tərəfi bürümüş xaosda müəyyən nizam, insani dəyərlərə hörmət hissi yaratmaq baxımından hər birimiz bacardığımız şəkildə ləyaqət nümunəsi göstərməliyik.

Nəzarət-buraxılış məntəqəsində maşın hərəkətini yavaşıdanda növbədəki əsgərlər hər şeyin normal olub-olmadığı ilə maraqlandılar.

— Нормально!- deyə cavab verdik.

Oleqə dedim:

— Özümü lap Tarantinonun filmlərindəki kimi hiss edirəm. Təsəvvür elə: əsgərlər soruşurlar: «Ребята, что везете?» (Uşaqlar, nə aparırsınız?). Biz də deyirik: “Meyid aparırıq”.

Morqa gəldik. Şirokinodan çıxanda Oleq meyid tapılan həyətin sahibəsinə zəng vurmuşdu. Bizdən az sonra özünü çatdırdı. Gözünün ucu ilə cəsədə baxıb həmin adam olduğunu dedi. Qadına təşəkkürümüzü bildirdik. Amma o, tərəddüd edirdi. Getməyə tələsmirdi. Sonra:

— Bağışlayın, — dedi. – Gecikməmək üçün taksidə gəlmişəm. Bəlkə...

Oleq diqqəti çəkmədən onun ovcuna 50 qrivna qoydu.

Qadın uzaqlaşandan sonra “Блин” – deyə dodaqaltı deyinməyə başladı. -Orada adamı vurub öldürüblər. Bu da məndən taksi pulu istəyir. Вот тебе и жизнь!
Sonra susdu. Siqaret çıxarıb yandırdı. Aramsız titrəyən barmaqları arasında sıxıb sümürməyə başladı.
Oleqin 22 yaşı vardı. Sadəcə yeniyetmə idi.
Əsl müharibə hekayəsi heç vaxt əxlaqi ola bilməz. O, nəciblik öyrətmir, düzgün insan davranışı modelləri təlqin etmir, insanlara həmişəki əməllərindən çəkindirmir.

Mart, 2015-ci il
 
 
 
İngiliscədən tərcümə: V.Quliyev
Müəllif: Humay Quliyeva
Mənbə: 525.az
 

0 şərh