Token nədir?

Token – kriptovalyuta sektorunda son zamanlar tez-tez işlədilən terminlərdən biridir. Bu araşdırmada tokenlər, onların növləri və xüsusiyyətləri, kriptovalyutalar ilə fərqli və oxşar cəhətləri barədə maksimum faydalı və lakonik izah etməyə çalışacam.
Token – rəqəmsal valyutanın bir növüdür və ingilis dilində tərcümədə simvol, jeton mənasını verir. İlk token 1787-ci ildə İngiltərədə yaradılmışdı. Tokenlərə ehtiyacın əsas səbəbi isə gündəlik əməliyyatlar üçün kiçik nominallı sikkələrin olmaması idi. Bu tip tokenlərin buraxılması adətən lokal xarakter daşıyırdı və konkret əyalətlərdə müəyyən məhsulların alınması və ya dəyişdirilməsi zamanı keçərli idi. Müasir dövrdə tokenlər 2 əsas funskiyanı – maliyyə aləti kimi və informasiya təhlükəsizliyini təmin edilməsi funksiyasını yerinə yetirir. Təcrübədə tokenlər əsasən maliyyə aktivi kimi daha çox istifadə edilir.
ICO və müxtəlif blokçeyn startapların meydana gəlməsi ilə tokenlər xüsusiyyətlərinə görə bir-birindən fərqlənməyə başladı. Tokenlər məqsədindən, texniki səviyyəsindən, tətbiqindən, hüquqi statusundan asılı olaraq bir-birindən fərlənirlər. Hazırda tokenlərin 3 əsas növü var:

  •   Utility tokens – Ən çox buraxılan token növüdür. Bu cür tokenlərin köməyi ilə insanlar şirkətin layihəsi çərçivəsində başlamağı planlaşdırdığı mal və ya xidmətlərdən istifadə edə bilərlər. Belə tokenlər öz sahiblərinə xüsusi endirimlər və xidmətlər üzrə premimum müştəri kimi yararlanmaq imkanı yaradır.
  •   Equity tokens – Gəlir əldə etmək imkanı yaradan səhm və ya qiymətli kagızların rəqəmsal analoqu olan tokenlər. İnvestisiya cəlb etmək məqsədilə şirkətlər tərəfindən buraxılan tokenlərdir.
  •   Asset-backed tokens – Real aktiv (valyuta, qiymətli metal, əmtəə) və ya xidmət ilə təmin edilən tokenlər.
  •   Reward tokens – müəyyən qaydalara (müsabiqə və aksiyalarda iştirak etmək) əməl edildiyi zaman verilən tokenlər. Bu tokenləri sonradan hər hansı bir məhsul, xidmət və ya endirimlə dəyişdirmək mümkündür.
  •   Donation tokens – insanların, şirkətlərin və layihələrin ianələri və dəstəyi üçün buraxılan toeknlər. Bu tokenlər gəlir gətirmir. Sadəcə olaraq bu tokenləri almaqla istifadəçilər hər hansı xeyriyyə məqsədli layihəyə ianə etmiş olurlar.

Hər token müəyyən bir standarta uyğun yaradılır. Bu standartlar əsasən Ethereum, EOS, Binance Chain, NEO, Tron və s. kimi blokçeyn platformaları əsasında hazırlanır. ERC-20 standartı ilk dəfə ethereum tərəfindən təklif olunub və hazırda da mövcud olan tokenlərin böyük əksəriyyəti bu blokçeyndə yaradılır. Məlumat üçün qeyd edim ki, ethereum 2014-cü ildə bir token kimi bazara çıxarılmışdı və sonradan öz blokçeyni əsasında kriptovalyuta kimi yaradıldı. Tokenlər istənilən fiziki və ya hüquqi şəxs tərəfindən maliyyə vəsaitinin cəlb edilməsi və ya digər məqsədlər üçün buraxıla bilər. Bu zaman say məhdudiyyəti yoxdur və tokenin emissiya edən şirkətin məqsəd və hədəflərindən aslı olaraq müəyyən edilir.

CoinMarketCap.com-da 21.01.21 tarixinə bazar kapitalizasiyasına əsasən “TOP 15”-də olan tokenlər:
Token nədir?
Bir çox hallarda tokenləri kriptovalyutalar ilə eyni dəyərləndirirlər. Bəli, onlar hər ikisi rəqəmsal aktivdir. Lakin oxşar xüsusiyyətləri olsa da onlar arasında prinsipial fərqlər var. Kriptovalyutalar yalnız mayninq prosesi zamanı emissiya olunur, tokenlər isə əksinə – mayninq tələb edilmir və istənilən şəxs tərəfindən buraxıla bilər. Tokenlərin öz blokçeyni olmur, token hər hansı kriptovalyutanın (məs: ethereum) blokçeynində buraxılır. Kriptovalyuta və tokenlərin oxşar cəhətləri:

    Hər ikisinin fiziki analoqu yoxdur;
    Hər ikisi blokçeyn texnologiyasına əsaslanır;
    Hər ikisini kriptovalyuta birjaları və mübadilə servisləri vasitəsi ilə almaq və ya satmaq mümkündür;
    Hər ikisini ödəniş vasitəsi kimi istifadə etmək olar.

Müəllif: Elnur Quliyev
Mənbə: kriptoinvest.az

Oxşar məqalələr

 

0 şərh