Azərbaycanda reklamın tarixi

Bildiyimiz kimi, müasir reklamın tarixi kökü ABŞ-da başlamış, 150-200 illik bir tarixə malikdir. O vaxtlar şəhər mühitində tətbiq olunan reklamlar burjua elementi kimi qəbul olunmuş və kapitalizmin inkişafında böyük rolu olmuşdur. Kapitalizmə yeni qədəm qoymuş Rusiyada və xüsusilə də Bakıda bu sahə daha intensiv olaraq insan həyatına daxil olmuşdur. O dövrdə Rusiyada və Azərbaycanda reklam plakat mənasında göstərilirdi. Plakat ( fransız sözü olub- elan, afişa deməkdir) artıq o dövr insanlarının həyatında istehsalçı – istehlakçı münasibətlərinin qurulmasında və şəhər mühitində məhsul və fəaliyyət haqqında informasiyanın çatdırılmasında böyük rol oynayırdı. Plakatların reklam vasitəsi kimi tətbiqi çox çeşidliliyi mətbəələrin və şrift mədəniyyətinin yüksəlməsinə, reklam qrafikasının təkmilləşməsinə gətirib çıxarırdı. Belə bir şəraitdə də ölkəmizdə reklam bazarının ilkin forması formalaşmağa başlamışdır.

Azərbaycanda reklam işi öz fəaliyyətinə 1992 – ci ildə İcra Hakimiyyətindəki Şəhər tərtibatı, Reklam və Dizayn idarəsinin başlamışdır. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra, 1995 - ci ildə   qəbul etdiyi “Konstitusiya” – ya görə ölkənin əsas istiqamətlərindən biri kimi bazar iqtisadiyyatına uyğunlaşması göstərilir. Bu da bizə imkan verir ki, köhnə feodal, çarizm və sovetlərdən qalmış ənənələri inkar etmək və yeni inkişaf mərhələləri, prinsipial fikirləri dünyanın qloballaşma sxemində ideyası ətrafında reklam bazarının azərbaycan modelini qurmağa şərait yaratdı. Bu modeldə köhnədən qalma bazisi atmaqla, yeni bazis üzərində regional iqtisadi əsaslara uyğun geosiyasi – iqtisadi məkanın üst quruluşunu formalaşdırmaq lazım gəlmişdir. Və nəticədə, inkişaf  etmiş ölkələrə yaxınlaşmaqla ölkədə sivil qaydalara uyğun istehsalçı – istehlakçı münasibətlərinin qurulmasına və onların ölkə xaricindəki əlaqələrin yaradılmasına şərait yaratmışdır. İstehsalın inkişafı məhsul artımına və onun həm də xaricə çıxarılması, tətbiqi üçün iqtisadiyyatın hərəkətverici qüvvəsi olan reklam vasitələrinin tətbiqi üçün geniş imkanlar açmış oldu. Bu da Azərbaycanın şəhər, rayon və magistrallarında reklam vasitələrinin yerləşdirilməsi üçün geniş şərait yaratmışdır.
Bütün bu tədbirlər ölkəmizdə reklam firmalarının artmasına təsir etdi. Ötən əsrdə  Bakıda 50 –dən çox reklam agentliyi fəaliyyət göstərirdi. Ölkədəki bütün reklam firmalarının ümumi mənfəəti  1996- cı ildə 8milyon $, 1998-ci ildə 10milyon $, 2000-ci ildə  8milyon $, olmuşdur. Əhalisi 8 milyon nəfər olan bir ölkə üçün 4 illik orta mənfəətin 9.5 milyon $ olması çox azdır. Ancaq Rusiyada bu göstərici bir illik 2milyard $ - a bərabərdir. Ölkəmizdə reklam məlumatlarının yerləşdirilməsində ayrı ayrı vasitələrin xüsusi payı 2000-ci ildə aşağıdakı kimi olub: televiziya - 43%, qəzet – 28%, jurnal – 17%, şit reklamı – 12%.
Azərbaycan Reklamçılar İttifaqının məlumatına görə, 2006 – cı ildə respublikanın reklam agentlikləri  3.0 milyon $ -dan çox gəlir əldə ediblər ki, bunun da 60% - i ölkənin teleradio şirkətlərinin, 40% - i isə çap nəşrləri və küçə reklamlarının payına düşür.Azərbaycanda reklam biznesini gənc sahə adlandırmaq olar. Ölkəmizdə reklam fəaliyyətinin siyasi və ticarət reklamı xarakterli olması müxtəlif dövrlərdə müxtəlif nisbətlərdə olmuşdur. Bunu aşağıdakı cədvəldə daha aydın görmək olar.(Şəkil 1)
Şəkil 1: Ölkəmizdə reklamın xarakterinin inkişafı.


İllər

Reklamın xarakteri (%-lə)

Ticarət reklamı

Siyasi reklam

1920-1930

40

60

1930-1940

20

80

1940-1950

0

100

1995-1997

80

20

1997-1999

50

50

2006

15

85

      Cədvəldən  göründüyü kimi, sovet dövründə reklam fəaliyyətində əsasən siyasi xarakterli reklam üstünlük təşkil edirdi. Belə ki, 1920-30-cu illərdə reklamın 40% -i ticarət xarakterli, 60% -i siyasi mövzuda idi. Bu göstəricilər müvafiq olaraq 1930-40 –cı illərdə 20 və 80%, 1940 -50 –ci illərdə isə 0 və 100% olub. Respublikamız müstəqillik əldə etdikdən sonra isə göstəricilər əvvəlcə ticarət reklamının xeyrinə artaraq 1995-97 –ci illərdə 80 və 20%, sonra azalaraq 1997-99-cu illərdə 50 və 50%, 2006-cı ildə isə 15 və 85% təşkil edib. Son vaxtlar siyasi reklamın xüsusi çəkisinin yüksəlməsi ölkədə ictimai – siyasi fəallığın artması ilə əlaqələndirilirsə də bunun əsas səbəbi ticarət reklamının azalmasıdır. Belə ki, 1995-ci ildə 2 milyon $-lıq , 1996-cı ildə 8milyon $-lıq, 1997-ci ildə 12milyon $ qalxan reklam gəlirləri sonrakı illərdə azalmağa doğru gedərək 1998 –ciildə 5milyon. 2006-cı ildə isə 3milyon $-a enmişdir. Mütəxəssislər bu geriləməni reklam sahəsinə lazımı diqqətin yetirilməməsi ilə əlaqələndirirlər. Digər tərəfdən eyni məhsulun Azərbaycanda Gürcüstandakına nisbətən daha çox satılması qonşu ölkədə satış həcminin Azərbaycan sahibkarlarının hasabına artmasına səbəb olur. Nəticədə məhsulun distryubuterləri daha geniş satış bazarlarına malik olduqları Gürcüstanda reklam işi aparmağın vacib olması fikrinə gəlirlər. Halbuki, həmin məhsul azərbaycanda daha çox satılır.

Azərbaycanda reklam işi ilə məşğul olan şirkətlər 1994-cü ildən reklam səhnəsində görünməyə başladı.Ölkənin sosializmdən bazar iqtisadiyyatına keçməsi özəl şirkətlərin yavaş-yavaş meydana çıxmasına şərait yaratdı. Dövlət müəssələrinin özəlləşdirilməsi, ölkəyə investisiya axını sahibkarlığı gücləndirdi.
İlk mərhələdə yəni 1990 cı ilə qədər olan dövr haqqında bir az düşünsək deyə bilərik ki, bu dövrdə iqtisadiyyat mərkəzdən planlaşdırılırdı ona görə də bu dövrdə marketinqdən danışarkən yalnız distribusiyanı və bir az da məhsul haqqında danışmaq olardı.Bu dövrdə reklam şirkətlərinin fəaliyyətinə o qədər də tələbat yox idi. Belə ki, müəssələr az idi, nəyin istehsal olunacağı artıq dövlət tərəfindən planlaşdırılmışdı.Əhalinin seçim imkanı yox idi ki müəssələr istehsal etdiyi məhsulu reklam etsin. Bu şərait Azərbaycanı bu dövrdə reklamın inkişaf səviyyəsinə görə digər ölkələrdən kəskin səviyyədə fərqləndirir.
1990-1995 ci illər-bu dövr artıq ölkə müstəqil olmuşdu. SSRİ-nin qurmuş olduğu iqtisadi sistem və yetişdirdiyi kadrlar hələ də ölkə əhalisinin şüurunda oturmuşdu. Sahibkarlığın rüşeymi formalaşmağa başlamışdır.Yavaş-yavaş kiçik sahibkarlıq inkişaf edirdi. Ancaq yenədə bir problem var idi. Müəssə sahibləri yenə də marketinqə əhəmiyyət vermirdi. Bunun səbəbi nə idi?
1.Müəssisə sahibləri marketinq elmi haqqında biliklərə malik deyildi
2.Monopolist, oliqapolist rejim üçün marketinqə ehtiyac qalmırdı.
Deməli bu dövrdə artıq sahibkarlar var idi. Sahibkarlar ən azından öz məhsullarını tanıtdırmalı idi. Bunun üçün də bu şirkətlər yayım vasitələri axtarmalı idilər. Elə bu dövrdən Azərbaycanda poliqrafiya xidmətləri göstərən xırda müəssələr yaranmağa başladı.Bu dövrdə televiziya reklamları bahalı olduğu üçün kiçik şirkətlərin büdcələri buna imkan vermirdi və onlar daha çox küçə reklamları verməyə başladılar.Artıq reklam işləri ilə məşğul olan şirkətlərin rüşeymi qoyulmuşdu.
1995-ci ildən bu günə kimi olan dövr (yəni 2008) - 1995 ci ildə artıq dövlət mülkiyyətinin özəlləşdirilməsi proqramı həyata keçirilməyə başladı. Bu dövrdə iri şirkətlər yaranmağa və dövlət sifarişləri artmağa başladı.Reklam sahəsində artıq dönüş olmuşdu. Poliqrafiya xidmətləri açılmağa başlamışdı.

ANS Şirkətlər Qrupuna daxil olan ANS Kommers Şirkəti 1995-ci ilin 25 noyabr tarixində Azərbaycanın reklam bazarının təməlini qoyan ilk reklam agentliyidir. ANS Kommers-in yaradılması daxili və xarici şirkətləri Azərbaycanın reklam bazarına cəlb etmək və bu yolla ANS müstəqil inkişafını təmin etmək məqsədi güdürdü. Bu çox əzəmətli və o zaman üçün qeyri real bir məsələ idi. İş burasındadır ki, o vaxtlar xarici şirkətlər Azərbaycan bazarında o qədər də maraqlı deyildilər, o ki qaldı yerli şirkətlərə, Sovetlərdən yeni çıxmış insanların çoxu reklamın faydasını heç anlamırdılar, digərləri isə sadəcə olaraq öz fəaliyyətlərini qapalı şəkildə aparmağa daha çox üstünlük verirdilər. Lakin ANS Kommers ən yeni reklam texnologiyaları ilə sahibkarları tanış etməkdə davam edirdi. Bir çox hallarda müştərilərə reklamın faydasını göstərmək məqsədi ilə hətta pulsuz reklam xidmətləri göstərilirdi, təmənnasız reklam məhsulları hazırlanırdı, bir sözlə balaca bir ANS Kommers şirkəti tək başına böyük bir ölkədə Reklam bazarı yaradırdı. Fəaliyyətə başladıqda sadəcə 16 m2  ərazini əhatə edən Şirkət indi 520 m2  ərazini əhatə edir. Uzaq 1995-ci ildə ANS Kommers Şirkətinin ümumi reklam gəliri (yəni ANS-TV və ANS-ÇM radiosunun yayımından) ayda 300 ABŞ Dolları təşkil edirdi. 2005-ci ildə isə, 10 əzəmətli ildən sonra bu rəqəm min dəfə çox, yəni ayda 300 min ABŞ Dolları xəttini keçdi. Reklamdan alınan gəlirlər Şirkətin təsisçilərinə yox, ANS-TV, ANS-ÇM radio, ANS-Pressin və bu gün ANS Şirkətlər Qrupuna daxil olan digər Şirkətlərin yaranmasına və inkişafına yönəldi. Bunun nəticəsində də şirkətin gəlirləri son 4 ildə daha bir neçə dəfə artmışdır.
Ölkəmizin reklam bazarında ən mühüm yer tutan şirkətlərdən biri də “Cihan reklam şirkəti” –dir. Cihan Reklam şirkəti 1996-cı ildən etibarən Azərbaycanda fəaliyyət göstərməkdədir. Şirkət fəaliyyət göstərdiyi müddət ərzində Azərbaycan reklam bazarında öz önəmli yerini tutmuş və onu mühafizə etmişdir.
Şirkətin böyük zövqlə hazırladığı reklam məhsullarına qabartma reklamlar, fleks reklamlar, layt-bokslar, bilbordlar, bannerlər, divar layt-boksları, tentlər, nəqliyyat reklamları, digər çöl reklamları, təhlükəsizlik işarələri, stendlər və digər reklamlar daxildir. Bununla yanaşı promosyon məhsulları və mətbəə işləri də göstərdiyimiz xidmətlərdəndir. Promosyon məhsulları broşur qabları, dön kartlar, maqnitlər, kristallar, bayraqlar, tekstil, saatlar, çini məmulatlar üzərinə çap işlərindən ibarətdir. Şirkətin digər bir xidməti isə mətbəə işləridir. Mətbəə işləri ümumiyyətlə, bank poliqrafiyası, təqvimlər, buklet, jurnal, kitab, cədvəl, poster, qovluq, paket, ofis poliqrafiyası, plastik kartlar kimi çap işlərini əhatə edir.

Televiziya sisteminə reklam bazarının daxil olması, yaxud da əksinə reklam bazarında televiziya sisteminin özünə yer tapması yeni modelin yaranmasını şərtləndirdi. Tanınmış dünya şirkətlərinin Azərbaycanda fəaliyyətə başlamaları reklam bazarının inkişafına ciddi təsir göstərdi. Qeyd etməliyik ki, ölkəmizdə ilk vaxtlar türk şirkətləri fəaliyyətə başlayıb. Yenicə fəaliyyətə başlayan şirkətin öz məhsullarının təbliği məqsədi ilə KİV-lərin təqdim etdiyi reklam paketindən bəhrələnmələri təbii idi. Rəqəmlərə nəzər salsaq görərik ki, 1991-ci ildə "Azersun Holdinq,1993 - cü ildə “Çağ” öyrətim şirkəti, 1995-ci ildə «Ramstore» və digər şirkətlər televiziya ekranlarında öz reklam və anonslarını yetərincə nümayiş etdiriblər. Əcnəbi iş adamlarının ölkəmizə gəldiyi günlərdə, bizdə cəmi iki kanal fəaliyyət göstərirdi. Bunlar dövlət televiziyası funksiyasını daşıyan AzTV və ilk müstəqil televiziya kanalı olan ANS idi. Zaman ötdükcə ölkəmizdəki televiziyaların sayı artmağa başladı.

Belə bir şəraitdə bütün dünyada olduğu kimi, Azərbaycanda da sosial-iqtisadi araşdırmalar mərkəzinin yaranmasına və tez bir zamanda tərəqqisinə şərait yarandı. Həmin mərkəzlərin qarşısında dayanan başlıca məqsəd, televiziyaların tamaşaçılar arasındakı reytinqini öyrənmək və müqayisə apararaq, baxımlılıq səviyyəsini müəyyən etməkdən ibarətdir. Bu, şübhəsiz ki, reklam bazarında lider olmağa çalışan nüfuzlu şirkətlər və onların sahibkarları üçün də vacibdir. Monitorinqlərin keçirilməsi yönündə iş aparan ilk şirkət 1993-cü ilin oktyabr ayında təsis olunan SİAR Media və Reklam Araşdırmaları Mərkəzi oldu. Bu şirkət əsaslı fəaliyyətə beş il sonra, yəni 1998-ci ilin avqust ayında başladı. 1997-cu ildə SİAR ECOMAR (Ümumdünya Araşdırma Mütəxəssisləri Assosiasiyası) təşkilatının üzvü oldu və hazırda bu qurum, assosiasiya tərəfindən qəbul olunmuş yeganə Azərbaycan müəssisəsidir. SİAR bütün araşdırmaları ECOMAR təşkilatının Davranış Məcəlləsinə uyğun şəkildə, müvafiq ekspertlərlə sıx əməkdaşlıq və məsləhətləşmələr əsnasında həyata keçirir. SİAR-ın başlıca vəzifəsi, Azərbaycan KİV-lərinin - televiziya və radio kanallarının reytinq göstəriciləri, həmçinin qəzet və jurnalların məşhurluq səviyyəsinin, eləcə də media reklam bazarının hərtərəfli öyrənilməsini təmin etməkdən ibarətdir.
Artıq reklam şirkətləri arasında güclü rəqabət gedir və bu bazarda müştəriləri və partnyorları ilə daha yaxşı iş görən şirkətlər uğur qazana biləcəklər.

Statistikaya müraciət etsək, təkcə bu faktı demək kifayətdir ki, Azərbaycanda 2007-ci ildə reklama qoyulan sərmayə 2006-cı illə müqayisədə 25 faiz artmışdır. İndi Azərbaycan hər il reklama qoyulan investisiyanın artımına görə dünyada 3-cü, MDB məkanında Rusiyadan sonra isə 2-ci yerdədir. 2008-ci ildə bu rəqəm daha 30% artmışdır.

Hazırda inkişaf etmiş cəmiyyətlərdə internetdən milyonlarla dollar vəsait əldə olunur. Artıq əvvəlki illərlə müqayisədə internetdə reklam bazarının əhatə dairəsi də genişlənib.
Hazırda yerli saytlar gəliri olmadığına görə, daha mütərrəqi fəaliyyət göstərə bilmir. Amma bu da bir faktdır ki, hazırda ölkədə elə saytlar var ki, onlar kifayət qədər nüfuza malikdir. Həmin saytlarda reklamın yerləşdirilməsi internet reklamının inkişafına zəmin yarada bilərÜmumiyyətlə “İnternet bazarı” mövzusu, marketinq vasitəsi olaraq İnternetdən istifadə ilə bağlıdır. Ona görə də həmişə internet marketinqi bir zəncir olaraq düşünsək, əgər internet reklamı bu zəncirin bir halqasıdırsa, digər halqası da web saytın özüdür. Bunun üçün web saytların yaradıcıları onun fəaliyyətini diqqətdə saxlamalıdırlar
Ancaq Azərbaycan internet reklam bazarında çox vaxt reklam bannerləri kliklənmir. İlk növbədə texniki problemlər aradan qaldırılmalıdır. Çünki, bir çox ortaq nöqtələri olsa da, internet reklamları digərləri ilə eyniləşdirməmək üçün kifayət qədər özünəməxsus xüsusiyyətləri, üstünlükləri var. Buna baxmayaraq, bütün dünyada internet reklamı ümumi reklam bazarında hələ ki, çox kiçik bir yer tutur. Ancaq, inkişaf sürətinə görə digər reklam daşıyıcılarından qat-qat irəlidədir. Ölkəmizdə də əvvəlki illərlə müqayisədə bu inkişafı görmək mümkündür.

İnternet reklamının bu qədər cazibədar olmasının ən əhəmiyyətli səbəblərindən biri xərclərin aşağı, məhsuldarlığın isə yüksək olmasıdır. Bir başqa əhəmiyyətli səbəb isə internet reklamı çərçivəsində reklamverən şəxsə lazım olan reklam növünün təklif edilməsidir. Reklamverən şəxs istənilən mövzuda və mahiyyətdə reklam yerləşdirmək üçün İnternetdə özünə sayt tapa bilər. İnternet bunun üçün istehsalçıya seçim hüququ da verir. Digər reklam vasitələrilə müqayisədə internet reklamının bir sıra üstünlükləri var. Çap reklam vasitələrindən fərqli olaraq, veb səhifədəki bir reklam sahəsində eyni anda müxtəlif ziyarətçilərə müxtəlif reklam göstərilə bilər. Reklam rotasiyası kimi tanınan bu texnologiya bir reklam sahəsində eyni anda bir neçə reklam kampaniyası keçirmək imkanı yaradır Araşdırmalara görə, 2008-ci ildə Azərbaycanda reklama 100 milyon manat pul xərclənib. Bu, əvvəlki ildən 20-30 faiz artıqdır. Son vaxtlar da internetdə reklamların əhəmiyyəti və payı sürətlə artmaqdadır. Başqa sahələrdə, məsələn, qəzetlər, xüsusilə küçələrdə reklamın azalması, əksinə, İnternet reklamlarının həcminin isə yaxın 2 il ərzində kəskin artması gözlənir.
İnternetdə olan informasiyanın artımı insanların internetdə keçirdiyi vaxtın çoxalması ilə müşayiət olunur. Digər tərəfdən də, günümüzdə hər hansı bir şirkətin internetdə səhifəsinin olmaması onun imicinə böyük xələl gətirir. Bütün bunlar bir çox şirkətləri öz xidmət və məhsullarını veb səhifələrində yerləşdirib digər internet resurslarında reklam etməyə məcbur edir. Əksər Azərbaycan internet resursları internet reklamının üstünlüklərinin heç birindən istifadə etmir. Bunun əvəzinə onlar statik və ənənəvi - müddətlə qiymətləndirilən reklam sahələri satırlar. Qeyd edək ki, internet reklamı yalnız veb səhifələrdə yerləşdirilən bannerlərdən ibarət deyil. İnternet texnologiyalarının sürətli inkişafı, internet radio və IPTV kimi texnologiyalar internet reklamı anlayışını daha da genişləndirir. Azərbaycan üçün hələ gənc olan internet reklamçılığı sahəsi, ölkəmizə "Elektron ticarət"in gəlişilə geniş vüsət alacağı şübhəsizdir.

 

0 şərh