Biometriya

Biznesin təhlükəsizliyinin təşkilində, xüsusən, elektron bank sövdələşmələri, elektron kommersiya, iş sahələrinin təhlükəsizliyi və mühafizəsi, kompüter məlumatlarının mühafizəsi və iş vaxtının uçotu məsələlərinə münasibətdə biometriya mühüm rol oynayır.

Bütün dünyada biometrik həllərə (yəni, insan yoxlanışının, hər bir konkret fərdin unikal biometrik xüsusiyyətləri əsasında aparıldığı sistemlərə) maraq artır. Beynəlxalq biometrik qrupun (BBQ) məlumatlarına əsasən, ümumdünya biometrik bazarının ümumi həcmi 2007-ci ildəki 4 milyard ABŞ dolları həddindən, 2010-cu ildə 10 milyard ABŞ dollarına çatıb. Şengen zonasına daxil olan ölkələr biometrik vizaların tətbiqini planlaşdırdıqlarını elan ediblər. Biometrik eyniləşdirmə üzrə yeni texnologiyalar və vasitələr, əvvəlki kimi, dünyanın müxtəlif ölkələrinin hava limanlarında fəal şəkildə tətbiq edilir. Maliyyəçilər, riteylerlər, təhsil müəssisələrinin, hüquq firmalarının, səhiyyə idarələrinin rəhbərləri sırasından yeni sifarişçilər də özləri üçün biometriyanın üstünlüklərini qiymətləndiriblər.

Azərbaycanda da, yaxın vaxtlarda vətəndaşların şəxsiyyət vəsiqələrində, gözün qüzehi qişasının skanlaşdırma məlumatlarına əsaslanan biometrik parametrlərdən istifadə ediləcəyi bildirilib.

Həqiqət isə belədir ki, buraxılış vəsiqəsi, pasport, sürücülük vəsiqəsi, elektron açar və ya kart kimi maddi daşıyıcıların və ya parolların tətbiqinə əsaslanan ənənəvi şəxsi eyniləşdirmə üsulları artıq müasir təhlükəsizlik tələblərinə cavab vermir. Parolu unutmaq və ya aşkarlamaq, maddi daşıyıcının surətini çıxarmaq, itirmək və ya başqa şəxsə ötürmək olar. Məhz bu amil ənənəvi girişə nəzarət sistemlərinə lazımi etibarlılıq səviyyələrini təyin etməyə imkan vermir və bu, ciddi maliyyə itkiləri ilə nəticələnir. Buna görə də əksər şirkətlər təhlükəsizliyin təmin olunması üçün daha effektiv üsullar axtarırlar və biometrik eyniləşdirmə sistemlərinə keçmək meyli də buradan irəli gəlir.

Biometrik məlumatlar unikaldır (hətta bir birinə çox bənzəyən əkiz uşaqlarda da barmaq izləri fərqlidir), bu məlumatlar unudula və ya itirilə bilməz. Bundan əlavə, bu cür məlumatların təqdim olunması üçün həmin məlumatın daşıyıcısı olan şəxsin özünün fiziki iştirakı tələb olunur. Buna görə də biometrik ünsür, faktiki olaraq, etibarlılıq amilinə münasibətdə ən yüksək tələblər irəli sürən müasir girişə nəzarət sistemlərinin mütləq elementinə çevrilir.

Ən çox yayılmış biometrik texnologiya daktiloskopiyadır, yəni şəxsin barmaq izləri əsasında eyniləşdirilməsidir. Acuity Market Intelligence məsləhətçilik şirkəti öz tədqiqatlarında, dünya biometrik bazarındakı şirkətlərin 70%-dən çoxunun bu texnologiyadan istifadə etməsi və yaxın gələcəkdə (5-7 il ərzində) bu texnologiyanın üstün mövqedə qalacağı barədə məlumat verir. İkinci yeri üzün eyniləşdirilməsi texnologiyası tutur (13,7%). Amerikanın Biosoft şirkətinin Azərbaycandakı nümayəndəliyinin direktoru Orxan Kərimovun sözlərinə görə, yeni olmasına baxmayaraq, eyniləşdirici Face Control təhlükəsizlik və giriş sistemləri tədricən populyarlıq qazanır və yaxın zamanlarda Azərbaycanın fövqəladə hallar və müdafiə nazirliklərində tətbiq edilməyə başlayacaq.

Amma istisna olunmur ki, gözün qüzehi qişasının eyniləşdirmə sistemləri gələcəkdə daha populyar olacaq və adı çəkilən Acuity Market Intelligence şirkətinin hesablamalarına görə, indiki 7%-dən 2017-ci ildə 18,8% həcmində paya malik ola bilər.

Bu texnologiyanın populyarlılığı, eyniləşdirmənin dəqiqliyinin, etibarlılığının və tezliyinin, sifarişçinin biometrik sistemi əldə etmək üçün sərf etdiyi məbləğə nisbəti ilə şərtlənir.

Yeri gəlmişkən, məsələnin maliyyə tərəfinə gəlincə, barmaq izlərinin keyfiyyətli optik skanerlərinin dəyəri bir neçə manatla ölçüldüyü halda, gözün qüzehi qişasının skanerləri üçün qiymətlər yüz manatlarla, kəllənin üçölçülü modeli üzrə mürəkkəb eyniləşdirmə sistemləri üçün isə minlərlə və on minlərlə manat məbləğində ölçülür.

Biometrik sistemlərin tətbiq sahələrini iki əsas qrupa bölmək olar: birinci qrupa, məlumat təhlükəsizliyinə və məxfiliyinə ən çox önəm verən müəssisələr – banklar, sığorta təşklilatları, istehsal şirkətləri daxildir. Həmin şirkətlərin məlumat təhlükəsizliyinin təmin olunmasında əsas problem – insayderlərlə mübarizədir. Öz həmkarlarının uçot məlumatlarını əldə etməklə, onlar böyük məbləğlərlə əməliyyat apara və bütünlüklə biznesin mövcudluğunu təhlükəyə məruz qoya bilərlər.

İkinci qrupa, iş vaxtının keyfiyyətli uçotuna və sahələrə fiziki girişə nəzarət edilməsinə ehtiyac duyan müəssisələr daxildir. Bir qayda olaraq, buraya, işçi heyətinin saathesabı ödəniş qrafiki əsasında çalışdığı iri ticarət şəbəkələri, restoranlar, mehmanxanalar, zavodlar və şirkətlər aiddir. Hər bir əməkdaş işə heç olmasa 15 dəqiqə gecikib, sonra öz növbəsini 15 dəqiqə tez başa vurduqda, iri şəbəkələr ciddi maliyyə inkiləri ilə üzləşə bilər.1000 nəfərlik işçi heyətinə malik şirkətin məcmu itkiləri ildə on minlərlə dollar təşkil edə bilər. Bu, istənilən şirkət üçün böyük məbləğdir. Buna görə də əksər şirkətlər iş vaxtının biometrik uçotuna keçirlər. Məsələn, McDonald’s şəbəkəsində bu üsul tətbiq olunur.

 

biometriya (biometrics)

Bununla belə, biotexnologiyaların tətbiq sahələri bu qədər irimiqyaslı olmaya da bilər. Bu yaxınlarda Bakı şəhərində, barmaq izlərinin eyniləşdirilməsi əsasında sahəyə girişi təmin edən  Anvis, Mul-T-Lock və s. markalı biometrik kilidlər satışa çıxarılıb. Mul-T-Lock şirkətinin Azərbaycandakı rəsmi distribütoru olan Sirius Construction şirkətinin meneceri Şahin Cavadovun sözlərinə görə, bu cür kilid 6 mümkün mühafizə dərəcəsindən 5-nə malikdir, elektrik enerjisinin kəsilməsi hallarına qarşı ayrıca cərəyan mənbəyinə malikdir və istənilən növ qapıya quraşdırıla bilər.

Biometrik sistemlər 2 hissədən: avadanlıqdan və xüsusi proqram təminatından (PT) ibarətdir. Avadanlığa biometrik terminallar və skanerlər daxildir, proqram təminatı isə, öz növbəsində, bu məlumatları emal edərək məlumatlar bazasına daxil edir və daha sonra təlimatlar üçün hesabat hazırlayır.

Ümumilikdə, Azərbaycan şirkətləri məlumat təhlükəsizliyi məsələsinə daha məsuliyyətlə yanaşmağa başlayıblar və müasir mühafizə sistemləri ilə, o cümlədən biometriya ilə yaxından maraqlanırlar. Həmçinin, avadanlığın və PT-nın çeşidləri, kiçik, orta və ya iri həcmli, çoxsaylı filiallara malik konkret şirkət üçün optimal variant seçməyə imkan verir. Bu halda biometrik sistemlərin xərci çox tez ödənilir və sonradan xərc çəkilməsi tələb olunmur.

Mənbə:

Biometriya biznezin keşiyində

 

2 şərh

puma
Oxuyub qurtarana qeder gozlerim agradi.allah seni saxlasin. Yaxwi melumatlardi amma vacib olanlar ucun.
məryam
Bele şeyləri diyəsən gələcək də, keçəcəm. Teşekkürler.