Klod Debüssi

Musiqidə impressionizm cərəyanının banisi Klod Debüssi(1862 - 1918) fransız, habelə dünya musiqisində yeni bir səhifə açmış görkəmli bəstəkardır. Debüssi musiqisinin obrazlar aləmi olduqca zəngin və çoxşaxəlidir. Məsələn, fortepiano üçün bəstələnmiş "Prelüdlər" məcmuəsindən "Qar üstə addımlar" pyesini dinləyərkən biz sanki tənha səyyahla rastlaşır, onun qapıldığı ümidsizlik, yalqızlıq hisslərini varlığımızla duyuruq; "Saçı kətan rəngli qız" əsəri gözlərimiz önündə incə, gül tək zərif qadın surəti canlandırır; "Qərbdən əsən külək nələr görüb" pyesi dənizin ənginliklərində baş vermiş faciəvi hadisələrin əks-sədası kimi səslənir; "Batmış came" prelüdündə bəstəkar uzaq keçmişdə batmış və hərdən zəng səslərinin müşayiəti ilə dalğalardan qalxan İs şəhəri haqqında qədim fransız əfsanəsinə müraciət edir.

Debüssinin ən çox ifa olunan nümunələrindən parlaq, bayram əhval-ruhiyyəli "Sevinc adası" pyesi, eləcə də "Berqamas süitası" fortepiano üçün yazdığı əsərlər sırasında xüsusi qeyd olunmalıdır. Debüssinin ən məşhur simfonik əsəri musiqidə impressionizmin manifesti sayılan "Bir favnın axşamçağı yuxusuna prelüd"-ündə antik mifologiyada rast gəldiyimiz çöl, dağ və meşə allahının obrazı təsvir olunur. Bu pyesdə, eləcə də "Noktürnlər", "Dəniz" simfonik əsərlərində Debüssi üslubunun səciyyəvi cəhətləri - melodikanın qeyri-müəyyən, sanki dumanlı xarakteri, harmoniyanın rəngarəngliyi, orkestrin parlaq və eyni zamanda şəffaf səslənməsi qabarıq şəkildə müşahidə olunur.
Debüssi yeganə "Pelleas və Melizanda" operasında Belçika yazıçısı Moris Meterlinkin məhəbbət mövzusunda yazdığı faciəvi hekayəsinə müraciət edib. Fransız dilinin damşıq intonasiyalarını vokal melodiyada özünəməxsus tərzdə əks etdirən bu əsəri Debüssinin müasirləri layiqincə qiymətləndirmədiklərindən bəstəkar opera sahəsindəki yaradıcılıq axtarışlarım dayandırır. Debüssinin uşaqlar üçün bəstələdiyi əsərlər: "Uşaq guşəsi" fortepiano süitası, "Oyuncaqlar qutusu" baleti də bəstəkar irsinin ən gözəl, dəyərli incilərindəndir. Klod Debüssinin incə, zərif, yüksək zövqlü, poetik musiqisi dünya musiqi salnaməsinə əbədi daxil olmuşdur.
Bu əsərlərlə tanış olun:

  1. "Sevinc adası"
  1. "24 prelüd": "Batmış came"; "Qərbdən əsən külək nələr görüb"; "Qar üstə addımlar"; "Saçı kətan rəngli qız"(La Fille aux cheveux de lin)
  1. "Berqamas süitası": "Ay işığı"

Mənbə Ayna uşaq ensiklopediyası MUSİQİ səmimiyyət məbədi
Müəllif Aida Hüseynova

 

0 şərh