Səttar Bəhlulzadə

Səttar Bəhlul oğlu Bəhlulzadə 15 dekabr 1909-cu ildə Bakının Əmircan kəndində anadan olmuşdur. 1927-ci ildə rəssamlıq məktəbinə daxil olur. 1931-ci ildə Azərbaycan Rəssamlıq Məktəbinə, daha sonra 1933-cü ildə Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olur. 1941-ci ildə V. İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirmişdir. V. A. Favorskinin və Q. M. Şaqalın tələbəsi olmuşdur. Yaradıcılığa «Kommunist» qəzetində Ə.Əzimzadənin rəhbərliyi ilə başlamışdır. 1931-33 illərdə müasir məzmunlu ilk karikaturaları çap olunmuşdur.

Moskvadan qayıtdıqdan sonra Bəhlulzadənin yaradıcılığında tarixi mövzülar və tarixi şəxsiyyətlərin təsviri «Babək üsyanı», «Fətəli xan», «Xəttat Mir Əli» və s. əsas yer tutmuşdu. Müharibədən sonrakı illərdə Bəhlulzadə Abşeronun neft mədənlərini, bağ və kəndlərini təsvir edən rəsmlər yaratmışdır. Bəhlulzadənin yaradıcılığında təbiət təsvirlərinə meyl getdikcə güclənmiş, O, mənzərə janrında daha bitkin əsərlər yaratmağa başlamışdır. 1946-47 illərdə Respublika bədii sərgilərində Bəhlulzadənin Abşeron etüdləri («Buzovna neft mədənləri», «Əmircan» və s.) nümayiş etdirilmişdir.

1960-cı ildə Azərbaycan əməkdar incəsənət xadimi, 1963-cü ildə Azərbaycan xalq rəssamı, 1972-ci ildə Azərbaycan Dövlət mükafatı laureatıdır. Bəhlulzadənin gərgin yaradıcılıq axtarışlarının məhsulu olan «Xəzər üzərində axşam» , "Xəzər gözəli", "Əbədi məşəllər", "Kəpəzin göz yaşları", "Vətənimin baharı", "Azərbaycan nağılı", "Suraxanı atəşgahı" , "Əfsanəvi torpaq", "Şahnabat", "Naxçıvan. Axşamçağı Ordubad bağlarında", "Vətənimin baharı", "Bakıda atəşfəşanlıq", "Qudyalçay vadisi", "Qızılbənövşəyə gedən yol", "Suraxanı atəşgahı, "Şahnabat", "Əmircan", "Neft daşları", "Şamaxı üzümlükləri"  və s. əsərləri əsas yer tutur. Onun mənzərə-peyzajlarında, intim-lirik natürmortlarında, incə xalça ornamentlərinin düzülüşünü əks etdirən ənənəvi xalq yaradıcılığı motivləri hiss edilir.

Bəhlulzadənin fərdi sərgiləri Əlcəzair, Misir, Livan, Suriya Tunis, Norveç, ADR, Çexoslovakiya, Bolqarıstan, İraq, Kuba, Kanada, Belçika, Fransa, Yaponiya və dünyanın bir sıra başqa ölkələrində nümayiş etdirilmişdir. Dünyanın onlarla muzeylərində Səttar Bəhlulzadənin əsərləri daimi eksponatlar sırasındadır.Səttar Bəhlulzadə bir sıra orden və medallarla təltif edilmiş, 2 Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif olunmuşdu.Əsərləri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində və Azərbaycan Dövlət Şəkil Qalereyasında, eləcə də Moskva,  və s. şəhərlərin muzeylərində saxlanılır. Bəhlulzadə 14 oktyabr 1974-cü ildə Moskvada vəfat etmişdir. Əmircanda dəfn olunmuşdur, qəbiri üstündə ona abidə ucaldılmışdır.

 

2 şərh

Flaqman-91
Maraqli məlumat idi