Psixoloji xidmət və onun təşkili

1. Praktik psixologiya və psixoloji xidmət anlayışı
2. Məktəbə psixoloji xidmətin vəzifələri.
3. Məktəbə psixoloji xidmət prosesində yerinə yetirilən psixoprofilaktik işlər.
4. Məktəbə psixoloji xidmət prosesində yerinə yetirilən məsləhət (konsultativ işlər) işləri.
5. Məktəbə psixoloji xidmət prosesində yerinə yetirilən diaqnostik işlər.
6. Məktəbə psixoloji xidmət prosesində yerinə yetirilən korreksiya işləri.
7. Məktəbə psixoloji xidmət prosesində yerinə yetirilən yardımçı işlər.
8. Məktəbə psixoloji hazırlığın diaqnostikası.
9. Məktəb psixoloqu tərəfindən ailələrlə aparılan iş.

1-ci sual. Psixoloq həyati məsələləri necə həll edə bilər?
Psixologiya elminin böyük praktik əhəmiyyəti vardır. Psixoloji biliklər ictimai təcrübənin müxtəlif sahələrində tətbiq olunur və böyük fayda verir. İnsan amilinin xüsusi aktuallıq kəsb etməsi ilə əlaqədar olaraq tətbiqi tədqiqatların əhəmiyyəti daha da artırdı. Lakin təcrübə göstərirdi ki, müasir dövrün tətbiqi-psixoloji problemlərini əvvəlki illər üçün xarakterik olan yollarla, hətta elmi tədqiqat institutlarında laboratoriya və kafedralarda bilavasitə praktik əhəmiyyətli olan məsələləri öyrənməklə həll etmək mümkün deyildir. Elmin praktika ilə inteqrasiyasının bilavasitə təmin edən yeni forma lazım idi. Bu zərurətin aydın dərk edilməsi nəticəsində ölkədə tətbiqi tədqiqatların aparılması üçün geniş imkan yaradan psixoloji xidmət sistemi təşəkkül tapmağa başladı.
Psixoloji xidmət xalis praktik təşkilatdır. Psixoloji xidmətin əsas vəzifəsi psixologiya elminin nailiyyətləri səviyyəsində praktik problemləri həll etməkdən ibarətdir. İnkişaf etmiş ölkələrdə həmin məsələyə xüsusi diqqət yetirilir. Hətta keçmiş Sovet İttifaqında ictimai həyatın müxtəlif sahələrində psixoloji xidmət 80-cı illərin sonu - 70-ci illərin əvvəllərindən etibarən təşkil olunmağa başlamışdır.
Psixoloji xidmətin yeni və perspektivli bir sahəsi - ailə xidməti formalaşmışdır, lakin qeyd etmək lazımdır ki, hələ bizdə psixoloji xidmətin vahid sistemi yoxdur. Hələ də bir çox zavod və fabriklərdə, psixoloji xidmət məsələlərinə əslində əhəmiyyət verilmir.
Psixoloji xidmət prosesində bir tərəfdən rəhbər işçilərə mühəndislərə və s. digər tərəfdən vətəndaşlara müxtəlif formalarda əməli məsləhətlər və tövsiyələr verilir. Ailədə və kollektivdə mənəvi psixoloji iqlimin yaradılması, konfliktlərin aradan qaldırılması kimi məsələlərin həllində psixoloji yardım göstərilir. Bu zaman qeyri-adekvat reaksiyaları və davranış formalarını aradan qaldırmaq məqsədilə psixoloji korreksiya üsullarından da istifadə olunur. Hal-hazırda sənaye, kütləvi komunikasiya və təbliğat, hüquqa zidd davranışla mübarizə, ticarət, məişət xidməti avtomobil nəqliyyatı və başqa sahələrdə psixoloji xidmətin müxtəlif formalarından istifadə zəruridir.
Müasir dövrdə ailə problemləri də xüsusi aktuallıq kəsb edir. Təsadüfi deyildir ki, 70-ci illərin sonu - 80-ci illərin əvvəllərindən etibarən ölkəmizin bir çox şəhərlərində, o cümlədən Bakı şəhərində müxtəlif müəssisələrin nəzdində tibbi-psixoloji və psixoloji məsləhətxanalar təşkil olunmuşdur. Onların başlıca məqsədi, birinci növbədə ailənin möhkəmlənməsinə, uğurlu və xoşbəxt ailə kimi inkişaf etməsinə kömək etməkdən ibarətdir. Hər bir ailə təkrarolunmazdır. Ailə məsləhətxanaları üçün bu fakt prinsipial əhəmiyyətə malikdir. Onlar hər bir konkret ailəyə və onun ayrı-ayrı üzvlərinə fərdi yanaşır - geniş psixoprofilaktik iş aparır, ailənin dağılmasını ailə üzvləri arasındakı uyğunsuzluğu, ailə üzvlərində alkoqolizmin, əsəb xəstəliklərinin əmələ gəlməsini şərtləndirərkən sosial-psixoloji səbəbləri müəyyən edib aradan qaldırırlar. Təəssüf ki, bu məsələlərə respublikamızda lazımi diqqət yetirilmir.
Son zamanlar bir çox ölkələrdə psixoloji məsləhətin yeni və perspektivli sahələrindən biri kimi orta və ali məktəblərdə də psixoloji xidmət formalaşmağa başlamışdır.
Psixologiya elmində praktik məsələləri həll etmək üçün özünəməxsus elmi-praktik vəsilənin - psixoloji xidmət sahəsinin formalaşması baxımdan diqqəti xüsusilə cəlb edir. Təcrübə göstərir ki, psixologiya elmi dövrün praktiki problemlərini həll etdikcə ictimai təcrübənin müxtəlif sahələrinə uğurla nüfuz edilir.

2-ci sual. Məktəbdə psixoloji xidmətin vəzifələri.
Pedaqoji və yaş psixologiyasının əsas istiqamətlərindən biri kimi inkişaf edən məktəbə psixoloji xidmət psixologiyası həmin sahələrin bir növ inteqral birliyini təşkil edir. Ona görə də məktəbə psixoloji xidmətin üç mühüm əhatə sahəsi mövcuddur: müasir məktəb şəraitində psixoloji biliklərin professional tətbiqinin yol, vasitə və metodlarını yaratmaq məqsədilə şagirdlərdə psixi inkişafın və şəxsiyyətin formalaşmasının qanunauyğunluqlarını öyrənmək (elmi aspekt); tədris proqramlarının tərtibi, dərsliklərin hazırlanması, didaktik və metodik materialların psixoloji əsaslarının işlənməsi, müəllimin psixoloji hazırlığı və s. sahələri özünə daxil etməklə bütün təlim və tərbiyə prosesini psixoloji cəhətdən təmin etmək (tətbiqi aspekt); psixoloqların məktəbdə bilavasitə işləmələri (praktik aspekt).
Bu aspektlərin vəhdəti məktəbə psixoloji xidmətin mövzusunu təşkil edir. Şübhəsiz, vəhdətdə olan bu sahələrin hər birinin öz məqsəd və vəzifələri vardır ki, onları həyata keçirmədən psixoloji xidmətin səmərəliliyi mümkün deyildir.
Birinci aspekt bilavasitə həmin sahədə çalışan tədqiqatçılarla bağlıdır. Bu sahədə aparılan tədqiqatlar elə olmalıdır ki, onlar bu və ya digər psixoloji qanunauyğunluqları və mexanizmləri açarkən bilavasitə məktəbdə işləyən psixoloqun, məktəb müəllimlərinin fəaliyyəti nəzərə alınmış olsun. Əldə edilmiş elmi nəticələr elə olmalıdır ki, onlar konkret məktəb şəraitinə, konkret uşaqda şəxsiyyətin formalaşdırılmasına xidmət göstərə bilsin.
Məktəbə psixoloji xidmətin tətbiqi aspekti tələb edir ki, proqram, dərslik, didaktik və metodik materiallar hazırlayarkən psixoloji biliklərdən kifayət qədər istifadə olunsun. Bu cəhət nəzərə alındıqda yeri gəldikcə həmin sahələrdə psixoloqların bilavasitə iştirakı daima səmərəli nəticə verir.
Psixoloji xidmətin praktik aspektinə gəldikdə daha çox nəzərə çarpan, əsl mənada məktəbdə psixoloji xidməti təmin edən cəhətdir. Məktəbə xidmətin həmin sahəsini bilavasitə məktəb psixoloqları həyata keçirməlidir. Bu zaman onlar konkret problemləri həll etmək üçün ayrı-ayrı şagirdlərlə, sinif kollektivi ilə, müəllim və valideynlərlə işləməli olurlar.
Bəs konkret olaraq məktəbdə psixoloji xidmətin vəzifələri nədən ibarətdir? Həmin vəzifələr əsasən məktəbdə psixoloji xidmətlə əlaqədar əsasnamədə öz əksini tapmışdır. Həmin vəzifələri aşağıdakı kimi xarakterizə etmək olar.
2) Məktəbdə psixoloji xidmətin əsas vəzifəsi - şagirdlərin təlim və tərbiyəsi sahəsindəki çətinlikləri, onların şəxsi və intellektual inkişafındakı qüsurları aradan qaldırmaq, bununla da təlim-tərbiyə sahəsində məktəbdə aparılan işin səmərəliliyini yüksəltmək, sosial cəhətdən fəal yüksək ideya inamına malik şəxsiyyətin formalaşdırılmasında pedaqoji kollektivə köməklik göstərməkdən ibarətdir.
Psixoloji ədəbiyyatda məktəbdə psixoloji xidmət fəaliyyətinin iki istiqaməti qeyd olunur: aktual və perspektiv (S.V.Dubrovina).
məktəbdə psixoloji xidmət,psixoloq və şagirdlərMəktəbə psixoloji xidmət fəaliyyətinin aktual istiqaməti şagirdlərin təlim və tərbiyəsindəki bu və digər çətinlikləri, onların davranışlarında, ünsiyyətlərində, şəxsiyyətinin formalaşmasındakı qüsurlarla bağlı bugünkü problemlərin həllinə yönəldilmiş istiqamətdir. Məktəbin gündəlik həyatında həmişə bir sıra problemlərə rast gəlmək olur və müəllim, şagird, valideynlərə konkret kömək göstərməyə ehtiyac duyulur ki, bunlar məktəbdə psixoloji xidmətin bugünkü mühüm vəzifəsi hesab olunur.
Məktəbdə psixoloji xidmət fəaliyyətinin perspektiv istiqaməti hər bir şagirdin inkişafı, cəmiyyətdə yaradıcı həyata onun psixoloji hazırlığının formalaşması məqsədinin həyata keçirilməsinə yönəldilmiş istiqamətdir, psixoloq pedaqoji kollektivin fəaliyyətində əsas psixoloji ideya olan hər bir "şagirdin şəxsiyyətinin ahəngdar inkişafı imkanı" ideyasını daxil edir və onu praktik işdə yönəldən mürəkkəb hisslərdir. Həmin hisslər təlim prosesində elmi axtarışlar, eləcə də incəsənətin müxtəlif növləri üzrə yaradıcı fəaliyyəti zamanı meydana çıxır. Zehni hisslər insanın zehni, idrak fəaliyyəti prosesində yaranır və onun vasitəsilə törədilir. İnsanın təbiətin sirlərinə vaqif olmaq cəhdi, bilik əldə etmə meyli müxtəlif hisslər doğurur, həmin hisslər bu və ya digər nəzəri və əməli məsələnin həlli ilə əlaqədar olur.
Hər hansı bir məsələni həll etmək üçün insan düşündükdə, onda bir sıra zehni hisslər əmələ gəlir. Şübhə, təəccüb, inam, fəhm, yenilik, heyrət hissləri zehni hisslər hesab olunur. Həmin hisslər insanın zehni fəaliyyəti zamanı əmələ gəlməklə onu daha geniş miqyasda axtarışlar aparmağa, obyektiv aləmin qanunauyğunluqlarını kəşf etməyə, cisim və hadisələr arasında az nəzərə çarpan əlaqələri aşkar etməyə təhrik edir.
Platon və Aristotelin fikrincə, hər cür fəlsəfənin başlanğıcı təəccübdür.

3-cü sual. Məktəbdə psixoloji xidmətin əsas istiqamətlərini, sahələrini aşağıdakı şəkildə müəyyənləşdirmək olar: psixoprofilaktik işlər, konsultativ işlər, diaqnostik işlər, korreksiya işləri, yardımçı işlər. Bu işlər bir növ məktəbə psixoloji xidmətin, o cümlədən məktəb psixologiyasının funksiyalarını təşkil edir. Həmin fəaliyyət sahələrini ayrı-ayrılıqda nəzərdən keçirək.
Psixoloji tədqiqatlar artıq çoxdan sübut etmişdir ki, şagirdin psixi inkişafında baş verən bu və ya digər qüsuru aradan qaldırmaq, əvvəlcədən həmin qüsurun baş verməsinin qarşısını almaqdan qat-qat çətindir. Buradan isə psixoprofilaktik işlərin əhəmiyyəti xüsusi olaraq diqqəti cəlb edir. Həmin cəhət məktəbə psixoloji xidmət zamanı da nəzərə alınmalıdır. Bəs bu işlərin mahiyyəti nədən ibarət olmalıdır.
Psixoprofilaktik işlər başlıca olaraq məktəb təlimi prosesində uşaqların psixi inkişafında baş verə biləcək qüsurların qarşısını almaq məqsədilə həmin inkişafın gedişi üzərində nəzarətin təşkilindən ibarətdir. Müəllimlə birlikdə psixoloq şagirdin əqli inkişafında və şəxsiyyətinin inkişafında müəyyən qüsurların, yayınma hallarının baş verməsinə səbəb ola biləcək xüsusiyyətləri aşkara çıxarmağa cəhd göstərir və müvafiq tədbirlər həyata keçirir. Bu zaman birinci növbədə uşağın həyatının keçid mərhələləri, məsələn, onun əsas fəaliyyət növünün kəskin şəkildə dəyişməsi ilə nəticələnən məktəbə daxil olma dövrü, yaxud yeniyetməlik dövrünün başlanması və s. üzərində nəzarətə xüsusi yer verilməsi lazım gəlir. Ona görə də məktəb psixoloqu uşaqların birinci sinfə qəbulunda iştirak etməli və bu zaman onların zəif, normalara uyğun gəlməyən cəhətlərini aşkara çıxarmalı, onların nail olduqları səviyyə ilə yanaşı müvəffəqiyyətlə oxumalarına müsbət və mənfi təsir göstərə biləcək idrak fəallığının, məktəbə motivləşmə, emosional-iradi cəhətdən hazırlığın inkişaf xüsusiyyətlərinə xüsusi diqqət yetirməlidir.
Məktəb psixologiyasının profilaktik fəaliyyətinin ən perspektiv formalarından biri - psixoloji-pedaqoji konsiliumun keçirilməsindən ibarətdir. Psixioloji-pedaqoji konsilium zamanı sinifdə dərs deyən müəllimlər psixoloqla birlikdə bu və ya digər şagird və ya bütövlükdə sinif haqqında fikirlərini birlikdə, kollektiv şəkildə müzakirə edir, çətinliyin və geridə qalmanın səbəblərini aşkara çıxarır, eyni zamanda bu və ya digər çətinliyin qarşısını almaq, onu aradan qaldırmaq üçün səmərəli yollar düşünürlər.

4-cü sual. Məktəbə psixoloji xidmət prosesində yerinə yetirilən məsləhət işləri (konsultativ işləri).
Məktəbə psixoloji xidmət fəaliyyətində müəllim şagird və valideynlərlə aparılan məsləhət işləri əsas yerlərdən birini tutur. Məktəb psixoloqlarının apardığı bu cür məsləhətlər fərdi və qrup halında keçirilə bilər. Hər ikisində əsas məqsəd bu və ya digər çətinliklərin mahiyyətini açmaq və onları aradan qaldırmaq üçün müvafiq psixoloji yollar göstərməkdən ibarətdir. Adətən psixoloq məktəb müəllimlərinə aşağıdakı hallarda məsləhət verməli olur: şagirdlərin tədris materiallarını mənimsəmələrindəki çətinliklər, oxumaq həvəsinin olmaması və oxuya bilməmələri ilə bağlı, müəllimlə sinif arasında münasibətləri nəticə vermədikdə, şagirdlərin peşə yönümü, peşə seçmələrinə istiqamət verməklə bağlı və s.
Adətən məktəb psixoloqu ilə məsləhətləşməyə valideynlər daha çox ehtiyac hiss edirlər.

5-ci sual. Məktəbə psixoloji xidmət prosesində yerinə yetirilən diaqnostik işlər.
Psixoloji xidmətdə əsas yerlərdən birini diaqnostik işlər tutur. Bu işlərin əsas üstün cəhətləri ondan ibarətdir ki, psixoloqun köməyi ilə şagirdlərin həm əqli, həm də şəxsi imkanları aşkara çıxarılır. Bununla da şagirdlərin fəaliyyətini və inkişafını idarə etmək prosesi asanlaşır. Bunun üçün psixoloji xidməti təşkil edən şəxsdən xüsusi hazırlıq tələb olunur. Bu işin aparan adam düzgün sual verməyi, psixoloji problemi müəyyənləşdirməyi, lazımi məlumatı əldə etməyi, həmin məlumatları təhlil etməyi və bütün bunların əsasında zəruri nəticəyə gəlməyi bacarmalıdır.
Məktəbə psixoloji xidmətlə əlaqədar olaraq psixoloqlar aşağıdakı diaqnostik işləri həyata keçirilməlidir.
1.         Ümumiyyətlə, eləcə də ayrı-ayrı fənlər üzrə şagirdlərin mənimsəyə bilməmələrinin psixoloji səbəblərini aşkara çıxarmaq.
2.         Şagirdlərin intizamsızlıqlarının psixoloji səbəblərinin diaqnostikası.
3.         Şagirdlərin əqli inkişafının, şəxsiyyətinin və emosional-iradi xüsusiyyətlərinin diaqnostikası.
4.         Şagirdlərin sinif yoldaşları ilə qarşılıqlı münasibətlərinin pozulmasının, sinifdə şəxsiyyətlərarası münasibətlərin pozulmasının psixoloji səbəblərinin diaqnostikası.
5.         Şagird - müəllim, sinif - müəllim münasibətlərinin pozulmasının səbəblərinin psixoloji diaqnostikası.
6.         Uşağın məktəbə hazırlığının psixoloji diaqnostikası.
7.         Şagirdlərin ibtidai məktəbdən orta məktəbə keçməyə hazır olmalarının psixoloji diaqnostikası.
8.         Şagirdlərin yeniyetməlik dövründən ilk gəncliyə keçməyə hazır olmalarının psixoloji diaqnostikası və s.

6-cı sual. Məktəbdə psixoloji xidmət prosesində yerinə yetiriləcək korreksiya işləri.
Məktəbə psixoloji xidmət təkcə diaqnostik işləri həyata keçirməklə də başa çatmır. Bu və ya digər çətinliyi və onun səbəbini aşkara çıxarmaqla yanaşı (istər intellektual, istərsə də şəxsiyyət baxımından) psixoloji xidməti həyata keçirən mütəxəssis həmin çətinlikləri aradan qaldırmaq, təshih etmək üzrə də iş aparmalıdır.
Psixoloji xidmət zamanı aşağıdakı korreksiya işlərinin həyata keçirilməsi zəruridir.
Şagirdlərin şəxsiyyətində, əqli inkişafında, emosional iradi xüsusiyyətlərində özünü göstərən çətinliklərin aradan qaldırılması.
Şagirdlərin yaşlılar və həmyaşıdları ilə qarşılıqlı münasibətlərində özünü göstərən qüsurların aradan qaldırılması.

7-ci sual. Məktəbdə psixoloji xidmət prosesində yerinə yetiriləcək yardımçı işlər.
Məktəbdə psixoloji xidmətlə əlaqədar əsasnamədə yuxarıda qeyd olunanlarla yanaşı bir sıra yardımçı işlərin həyata keçirilməsi də nəzərdə tutulur. Psixoloji xidmət zamanı yerinə yetirilən həmin yardımçı işlərə aşağıdakıları aid etmək mümkündür.
1.             Məktəb psixoloqu şagirdlərin davranış və mənimsəmələrinin psixoloji təhlilini verir və burada onların şəxsiyyətlərinin və qabiliyyətlərinin fərdi psixi xüsusiyyətlərini daha dəqiq, ətraflı açmaq məqsədilə pedaqoji konsilist təşkil edir.
2.             Məktəb psixoloqu məktəbin pedaqoji şurasının işində iştirak edir.
3.             Psixologiya kabinəsi və məktəb kitabxanasının köməyi ilə müxtəlif yaşlı uşaqların təlim və tərbiyə problemlərinə dair psixoloji pedaqogika ədəbiyyatından və şagirdlər üçün psixoloji ədəbiyyatdan ibarət bölmə,
kitabxana yaradır.
Məktəbdə psixoloji xidmətin qeyd olunan istiqamətlərini müxtəlif konkret sahələrə tətbiq etmək mümkündür. Bunların ən əsaslarından bəzilərini nəzərdən keçirək.

8-ci sual. Məktəbdə psixoloji hazırlığın diaqnostikası.
Məktəbdə psixoloji xidmətdə əsas yerlərdən biri uşaqların məktəbə psixoloji hazırlığının diaqnostikasını verməkdən ibarətdir. Bu sahədə aparılan işin əhəmiyyəti öz-özünə aydındır. Uşağın məktəbə, məktəb təliminə psixoloji hazırlıq səviyyəsini müəyyənləşdirmək bir tərəfdən həmin sahədəki qüsurları aradan qaldırmaq, digər tərəfdən məktəbdə ilk gündən şagirdlərin imkanlarına uyğun iş aparmaq üçün şərait yaradır.
Uşağın məktəbə hazırlığının diaqnostikasını verərkən aşağıdakı üç mühüm göstəriciyə istinad etmək lazım gəlir.
1.  L.S.Viqotskinin bağça yaşı dövründə effektlərin intellektuallaşdırılmasının əsas yenidənyaranma halı olması barədə fikrinə istinad edərək ixtiyariliyi təlim fəaliyyətinin zəminlərindən biri - məktəbə hazırlığın mühüm göstəricisi kimi nəzərə almaq, xarakterizə etmək lazımdır. Bu bir də ona görə zəruridir ki, uşağın məktəbdə məşğul olacağı fəaliyyət növü - təlim fəaliyyəti ondan ixtiyari işlərin icrasını tələb edir.
2. Uşağın məktəbə hazırlığını xarakterizə edərkən nəzərə alınması zəruri olan ikinci mühüm göstərici əyani obrazlı təfəkkürün inkişaf səviyyəsindən ibarətdir.
3. Şəxsiyyət xarakteristikası üzrə göstəricilər. Burada şəxsiyyətin bütün cəhətlərinin inkişaf xüsusiyyətləri deyil, təlim fəaliyyətinin təşkilinə köməklik göstərən (və ya mane olan) şəxsiyyət göstəriciləri (emosional cəhət, ünsiyyətin xüsusiyyətləri, kollektiv fəaliyyətə daxil olmaq və s.) nəzərə alınmalıdır.

9-cu sual. Məktəb psixoloqu tərəfindən ailələrlə aparılan iş.
Yuxarıda qeyd etdiyimiz kimi məktəbə psixoloji xidmətin əsas istiqamətlərindən birini psixoloqun müəllimlərlə, valideynlərlə və şagirdlərlə apardığı konsultativ işlər təşkil edir. Məlum olduğu kimi təlim fəaliyyətinin müvəffəqiyyəti, şagird şəxsiyyətinin formalaşması və inkişafı, onun böyüklüyü və tərbiyə aldığı ailə mühitinin xüsusiyyətindən çox asılıdır. Ailə və məktəb iki əsas sosial institut kimi uşaqların təlim-tərbiyə və sosiallaşma prosesinə, şəxsiyyətinin inkişafına əsaslı təsir göstərir. Ona görə də ailə tərbiyəsindən çox şey asılıdır. Təcrübə göstərir ki, bəzi ailələrdə uşağın tərbiyəsi üçün zəruri olan psixoloji şərait yaradılmadığı, onun psixoloji xüsusiyyətləri nəzərə alınmadığına görə bir sıra psixi çətinliklər meydana gəlir. Bu cür çətinlikləri aradan qaldırmaqda ailəyə psixoloji xidmətin rolu böyükdür.
Digər tərəfdən maraqlı cəhət ondan ibarətdir ki, ticarət sahəsində bəzi psixoloji fenomenlər bütün aydınlığı ilə təzahür edir. Məsələn, qrupdaxili təlqin faktlarını xatırlayaq: adətən mağazada satışda olan, lakin satılmayan bir çox malların satışını küçədə təşkil etdikdə, onlar 3-4 nəfərin diqqətini cəlb edən kimi öz-özünə satılır. Bu zaman sonrakı alıcıların davranışı bilavasitə əvvəlkilərin davranışı ilə şərtlənir.
İstər alıcı, istər satıcı konvensial roldur. Onların funksional istiqaməti müəyyən sosial normalarla şərtlənir. «Alıcı-satıcı» münasibətlərinin bu istiqamətdə inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməlidir. Alıcı ilə satıcının ünsiyyəti vasitəsiz xarakter daşıyır. Burada onların yaşından, cinsindən və başqa xarakteristikalarından asılı olan emosional momentlər özünəməxsus rol oynamağa başlayır. Bu zəmində alıcı və satıcının bir-birini qavraması və anlaması problemləri tətbiqi xarakter daşıyır. Burada ünsiyyət mədəniyyəti vərdişlərinin rolunu da ayrıca qeyd etmək lazımdır. Ticarət xidməti sahəsində iş vaxtının böyük əksəriyyətinin ünsiyyətə sərf olunduğunu nəzərə alsaq, bu məsələnin praktik mənası aydın olar.
4.             Məktəbdə psixoloji xidmətin təşkili məsələsinə dair.
Məktəbdə psixoloji xidmətin ən məsul vəzifələrindən biri şagirdlərin əmək təlimi və peşəyönümü ilə bağlıdır. Şagirdlərə fərdi yanaşma, onların təlimdə çətinliklərinin aradan qaldırılması, uşaq şəxsiyyətinin inkişafındakı nöqsanları və intizamsızlığı hallarının psixoloji səbəblərinin diaqnostikası və onların aradan qaldırılması üçün tədbirlərin müəyyən edilməsi, şagirdlərin tərbiyə və təlimi prosesində meydana çıxan çətinliklərin psixoloji profilaktikası üzrə iş - bunların hamısı məktəbdə psixoloji xidmətin vəzifələrinə daxildir.
Məktəb psixoloqları 6 yaşlı uşaqların təlimi, şagirdlərin qabiliyyət və istedadının vaxtında düzgün müəyyənləşdirilməsinə, məktəb və ailə tərbiyəsində çətin və ziddiyyətli hallar meydana çıxarkən müəllim və valideynlər üçün psixoloji məsləhət və başqa məsələlərin uğurlu həllinə yaxından kömək göstərir.
5.             Ailə xidməti haqqında.
Müasir dövrdə ailə xidməti problemləri də xüsusi aktuallıq kəsb edir. Müxtəlif iqtisadi, demoqrafik, psixoloji, pedaqoji və s. dəlillərlə əlaqədar olaraq ailədə köklü dəyişikliklər baş vermişdir. Aliə-nigah münasibətlərində psixoloji amillərin rolu daha da artmışdır.
Hər bir ailə təkrar olunmazdır. Ailə xidməti üçün bu fakt prinsipial əhəmiyyətə malikdir. Həmin xidmət hər bir konkret ailəyə və onun ayrı-ayrı üzvlərinə fərdi yanaşır, geniş psixoprofilaktik iş aparır, ailənin dağılmasını, ailə üzvləri arasındakı uyğunsuzluğu, ailə üzvlərində alkoqolizmin, əsəb xəstəliklərinin əmələ gəlməsini şərtləndirən psixoloji səbəbləri müəyyən edib aradan qaldırır.Ailə xidmətlərinin əsas istiqamətlərdən birini də yeniyetmə və gənclərlə aparılan iş təşkil edir.

İstifadə olunmuş ədəbiyyat
1.       Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. Bakı,2002
2.       Немов Р.С . Психология. М: 2001
3.       Маклаков С.Я. Общая психология. М: 2006
4.       Майерс Д. Психология. Минск., 2001
5.       Психология личности. Тексты. М., 1982

 

0 şərh