Vətənin səsinin çağırışı

Üsyan (poema)
Şəhidlərin xatirəsinə həsr olunur...

Giriş
“Hoydu, dəlilərim, hoydu!”

Biri vardı, biri yoxu,
Yoxu sənin varı mənim.
Azərbaycan torpaqları
əzəlindən parçalandı
yarı sənin, yarı mənim.
Bu nə paydı, bu nə bölüm?
Bu nə dərddir, bu nə zülüm?
Nə vaxtacan dözməliyik
dəhşətlərə, zülümlərə?
Nə qədər göz yummalıyıq
bu cür haqsız bölümlərə?
Xan Qazanım, bir baş qaldır
çat düşmənin üstünə sən!
Oyan Çoban!
Əyil yerdən bir daş qaldır
qoy sapanda at düşmənin üstünə sən.
Qana qan vaxtı çatıb,
Gəl düşmənin iç qanını.
Cana can vaxtı çatıb
Bir cana al üç canını,
beş canını,
on canını.
Çıx düşmənin axırına,
Al düşmənin son canını.

Ər igidlər!
Nər igidlər!
Sinəsi sipər igidlər!
Haydı, haydı irəliyə,
Xəbər salaq Koroğluya,
Yeddi yüz yetmiş dəliyə.
Koroğludan Nəbiyəcən,
Kiçiyindən böyüyəcən,
Ağıllıdan dəliyəcən,
Son nəfəsdə ölənəcən,
Gedəyin düşmən üstünə,
Sinə gərək boran qara,
gedək duman çən üstünə.

Azad edək özümüzü
başımızdan dırnağacan,
Geri alaq torpağımı
kiçik təpədən dağacan,
bircə ovuc torpağacan.
Geri alaq, azad edək,
Yurdu batmış elimizi
biz şad edək,
abad edək.
Çiçəklənsin hər dağ-dərə,
Minalanmış torpaqlarım
olsun gözəl bir mənzərə
Rahat edək!
Azad olsun torpağımız,
Toy eyləyək o torpaqda.
Dalğalansın bayrağımız,
Qoy ucalsın Qarabağda.

Od vurdular, taladılar,
Elim, obam qaldı viran.
Sinəndə od qaladılar,
Nələr çəkdin Azərbaycan!?
Anam, bacım yoldu saçın,
Tapdandı qürur şərəfim.
Əldən getdi Şuşa, Laçın
Düşmən oldu hər tərəfim.
Amansızca qətl edildi,
Neçə körpə, neçə yaşlı.
Yad ellərdə əsir qaldı,
Neçə-neçə qələm qaşlı.
Ana öldü bala qaldı,
Bala öldü ana qaldı.
Gəlin öldü bətnindəki körpəsiylə
Ürək yana-yana qaldı.
Od vurdular, taladılar,
Elim, obam qaldı viran.
Sinəndə od qaladılar,
Odlar yurdum, AZƏRBAYCAN!

1-ci söz

Qarabağım qaldı ağlar,
Mərd analar sinə dağlar.
Gözəl qızlar qara bağlar,
Xoş günümdə yasdı mənim.

Dərd üstə dərd gəlir yenə,
Sıxır məni bu məngənə.
Düşmənim od vurdu mənə,
Bağrıma daş basdı mənim.

Hanı təpəm, hanı dağım?
Düşmən oldu solum, sağım.
Arxayın ol, Qarabağım
Tək fikrim qisasdı mənim.

2-ci söz

Yazammasam qəmimdi,
Köməyim qələmimdi.
Göz yaşın məlhəmimdi
Ağla mənim qələmim.

Sən et məni qüdrətli,
Sevgili, məhəbbətli.
Cəbrayıl təbiətli
Çağla mənim qələmim.

Yenə artsın həvəsin,
Şuşadan gəlsin səsin.
Qubadlının sinəsin
Dağla mənim qələmim.

 

3-cü söz

Yolunda olsun qurban,
Neçə ürək, neçə can.
Damarlarda axan qan,
Çırpan ürəkdi vətən.

Uğrunda get sonadək,
Axır damla qanadək.
Sev vətəni ana tək
Ana deməkdi vətən.

Son söz

Bizimdi vətənin hər qarış yeri,
Bizimdi torpaqlar, çaylar, yosunlar.
Vətən torpağını sevməyənləri,
Vətən torpağında basdırmasınlar...

Saleh Seyfullayev (Füzuli, Horadiz, 2008-ci il) 

 

2 şərh

pascal
Qələminizə sağlıq. Amma day belə şeirlərin yazılmasını istəmirəm. Noola bundan sonra ancaq qələbədən, xoş ovqatlı sözlərdən ibarət olsun şeirlərimiz. 
Son bəndi də gözəldi:
Vətən torpağını sevməyənləri, 
Vətən torpağında basdırmasınlar!
Allah şəhidlərimizə rəhmət eləsin! 
salehs
Allah şəhidlərimizi rəhmət eləsin. Hər an şəhid olmağa hazır olan torpaqlarımızı canları qanları bahasına qorumaqa hazır olan əsgərlərimizə də kömək olsun…