Çağına qurban

Xaliqdən əlvandır Vətənin bağı,
Nə gözəl xəlq edib, bağına qurban.
Cənnətdir meşəsi, aranı, dağı,
Aranına qurban, dağına qurban.

Asan görsənməsin qorumaq onu.
Heç bilmək olmur ki, fələk oynunu.
Nəfsini salmışdır çox qaradonlu.
Şəhidin cənnətdə tağına qurban.

Dərdinə dağ dözməz, dağılar, ana.
Oğlundan qaçdılar yağılar, ana.
Qəlbində kirimir ağılar, ana.
Başını dik saxla, ağına qurban.

Xaliqdən əlvandır Vətənin bağı.
Xarı bir bülbülü qayıdıb, axır.
Dadsan, zəmzəmdir lap hər bir bulağı.
Vətənlə yaşanan çağına qurban.

Cavidan Hacıyev
 

0 şərh