Bircə günüm olaydı...

BİRCƏ GÜNÜM OLAYDI...

 

Bircə günüm olaydı

Səhər tezdən yuxudan fikirsiz oyanaydım

Yenicə, təzə bir gün

Quşların sübh nəğməsi məni salamlayaydı

Günəş parıldayaydı dibçəkli pəncərəmdə

Oyadaydı sevinci kədərli gözlərimdə

Uca olaydı məqamım

Bir sürücüm olaydı

Ayaqqabıları tərtəmiz

Əynində uniforma

Bığları burma-burma

Səhər işə gedəndə bütün yollar mənimçün tamam boşaldılaydı

Mənə yol verəydilər

Cavanlar və qocalar

Qadınlar və uşaqlar

Məni salamlayaydı

Mənim ilk məhəbbətim onların arasından məni haraylayaydı

Bircə günüm olaydı...

O gün mənim xətrimə heç bir kəs dəyməyəydi

Qulağıma bəd ağızdan heç bir səs gəlməyəydi

Yuxu kimi gələydi mənə bütün məqamlar

Bu halımdan kim anlar

Sənin məndən uzaqlara qaçan şirin xəyalın

Səni mənə yasaqlar

O gün bütün işlərim mənim düz gətirəydi

Oyanaydı bu bəxtim birə yüz gətirəydi

Enməyəydim mən yerə

Doymayaydım uçmaqdan o mavi səmalarda

Çevriləydim mələyə

Şirin yuxu olaydım

Girəydim insanların həzin gecələrinə

Bircə günüm olaydı...

Ey mənim ölməz eşqim!

Qanadlanıb uçaydım bizim ulduzumuza

Qonaydım yolumuza

Axı de mənə hardasan?

Yoxsa sən də mənim kimi təkmisən

Bax burda mən gecikdim

Çünki sən bu yollardan artıq çoxdan keçmisən

Bircə günüm olaydı...

Günahsız ötüşəydim

Çoxdan görüşmədiyim ən əziz dostlarımın yadlarına düşəydim

Qayıdaydım o qəmsiz uşaqlıq çağlarıma

Anama gül verəydim, öpəydim yanağından

Yağaydı məhləmizə bəyaz qar gilələri

Yenə gələydi qulağıma qar topu oynayan dostlarımın səsləri

Sevincək tez geyinib ikibarmaq əlcəyimi

Qaçaydım məhləmizə

Qoşulaydım onlara

Keçən bütün günlərimi film tək izləyəydim

Məktəbin həyətində səni yenə gözləyəydim

Gələydin sən qarşıdan

Qəlbimdə eyni hisslər, yenə eyni həyəcan

Yenə də ana dili dəftərimin arxası

Dolaydı şeirlərlə

Mənə aid sirlərlə

Bircə günüm olaydı...

Mənim günüm olaydı

Ura deyib qaçaydım lalələrin içində sevincək uşaq kimi

Güləydi hey gözlərim

Həyat dediyin nədir ki?! Öləndə ağlayırlar

Doğulanda gülürlər

Amma, çox-çox heyf ki,

Mənə o bircə günü də nədənsə çox görürlər...

 

Müəllif: RƏFSAN

 

 

0 şərh